Aytən QASIMQIZI — Son məktub (“Körpələr evindən məktub” layihəsi )

Kultur.az-ın media dəstəyi ilə  təqdim olunan “Körpələr evindən  məktub” layihəsi  daha çox cəmiyyətə,insanlara, valideynlərə, uşaqdan böyüyə hər kəsə  SOS-dur. Bütün iştirakçılara təşəkkür edir, yeni yaradıcılıq uğurları arzulayırıq!

Aytən QASIMQIZI –SON MƏKTUB

Hər zaman sonun nə olduğunu maraq etmişəm.Mənə görə son deyə bir şey yoxdu.Son olmamış yeni bir başlanğıc başlar. Bəlkə də, belə düşünərək özümü aldadıram…
Amma bu son. Sənə uşaq evindən yazdığım son məktubdu bu məktub, ana! Və sənə yazdığım ilk məktubdu ki, səni burda qınamayacam, ittiham etməyəcəm.Niyə məni atdığını da soruşmayacam.
Bu gün uşaq evində yazdığım, ünvanına yetişməyən məktublarıma baxdım. Bütün məktubları bircə-bircə oxudum. Düzdü, illər öncə yazdığım məktubları oxumaq çətindi. Amma heç oxumağıma da ehtiyac yoxdu. Hər məktubumda nə yazdığımı sətir-sətir əzbər bilirəm.Məsələn, mürəkkəbinin11042026_600520806751443_808270361_n rəngi qacmış bu məktub sənə yazdığım ilk məktub idi. Bu məktubu yazanda 1-ci sinifdə oxuyurdum. Düz-əməlli yazmağı da bilmirdim. Amma o gün olanlar heç vaxt ağlımdan çıxmır, hətta unutmaq istəsəm belə…
Mart ayı idi. Müəllim açıqca hazırlamağı tapşırmışdı. Mən də ilk açıqcamı sənə yazmışdım, ana. 8 Mart bayramını təbrik etmışdim o açıqcamda. Müəllimənin çox xoşuna gəldi. Sinifdə ən gözəl aşıqcanı mən hazırlamışdım axı. Müəllim məni təriflədi. Aydansa (o anasının kim olduğunu bilirdi) qalxib dedi ki, Bəstinin açıqcası nə qədər gözəl olsa da, verməyə ki bir anası yoxdu.Amma mən anam gələndə ona verəcəm aciqcami.
Otağıma çəkilib həmin gün səhərə qədər ağladım. İlk məktubumu da bələ yazdım sənə.Yalnız bircə cümlə: “Ana, sən kimsən?”
Bu da ikinci məktubum. Amma sənə yazmamışdım bu məktubu. Şaxtababaya yazmışdım.
Dekabrın 30-da uşaq evinə bir nəfər gəlmişdi. Usaqlari basina yigib dedi ki, səhər şaxtababa sizə hədiyyə gətirəcək. Kim nə istəyirsə, məktub yazsın şaxtababaya və bu qutuya salsın. Mən də səni istəmişdim şaxtababadan.Yenə də bir cümlə : ” Anamı gətir”.
Amma məktubu qutuya salmadım. Axı o gün bərk qar yağırdı. Hətta Lalə müəllimə də yıxılıb ayağını qırmışdı. İstəməmişdim, sən də yıxılasan, ana.
Səhər şaxtababa gəldi uşaq evinə. Həm də hədiyyələrlə. Gülgəzə arzuladığı papağı gətirmişdi. Raufa da çoxdan həsrətində olduğu isti əlcəkləri. Aydana isə şəklini çəkdiyi eyni ayaqqabıdan. Çox peşman oldum o gün. Sonra düşündüm ki, havalar isinsin, qar ərisin, şaxtababaya mən də məktub yazaram. Amma o gündən sonra daha şaxtababa da gəlmədi uşaq evinə…
Bu məktubu isə Novruz bayramında yazmışdım sənə. O bayram kimsəsiz olduğumu artıq anlamışdım. Bu mənim uşaq evində qeyd etdiyim ilk bayram da deyildi. Amma nədənsə yalnız bu bayram qalıb xatirimdə. Hər kəsi valideyni, qohum -əqrəbası bayramı qeyd etmək üçün evə aparmışdı. Uşaq evində yalnız Gülgəzlə mən qalmışdıq. O da mənim kimi doğulduğu ilk gündən atılmışdı. Səhərə qədər baş-başa verib ağlamışdıq o bayram. Gülgəz yuxuya gədən vaxt da bu mətbubu yazmışdım sənə.
Bu məktubu isə…
Bir ay əvvəl bura 5 yaşında bir qızcığaz gətiriblər. Anası gətirəndə dedi ki, səhər gələcəm. Yazıq qızcığaz da inanır anasının gələcəyinə. Səhər açılandan axşam düşənə qədər pəncərənin önündən kənara çəkilmir ki, anam bu gün gələcək. Artıq çarpayı olmadığından onunla bir çarpayını bölüşürük bir aydı. Hər gecə də “ana,anamı istəyirəm” deyə saatlarla ağlayır. Bəlkə də, yeri rahat olsa, tez yuxuya gedər, bu qədər də ağlamaz. Bu çarpayı əslində onun haqqıdı. Yəqin unutmamısan, axı dünən mənim 18 yaşım tamam oldu, ana.
Gedirəm ,ana. On səkkiz ildə itmış ümidlərimi axtarmağa gedirəm. Lalə müəllimənin nağılları kimi, bəlkə , mənim nağılımın da sonu yaxşı bitəcək. Nə bilmək olar. Bəlkə də, mənim nağılımın sonunda göydən heç 3 alma da düşməyəcək, hər şey elə başladığı yerdəcə bitəcək…
Qərarımı vermışəm ,ana. Gedirəm. Sonun bitdiyi başlanğıca gedirəm…

 

İmza: Məsuliyyətsiz ata-ananın həyatda kimsəsiz buraxdığı 18 yaşlı çarəsiz bir qız

Yazıya 913 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.