Kultur.az-ın media dəstəyi ilə təqdim olunan “Körpələr evindən məktub” layihəsi daha çox cəmiyyətə,insanlara, valideynlərə, uşaqdan böyüyə hər kəsə SOS-dur. Bütün iştirakçılara təşəkkür edir, yeni yaradıcılıq uğurları arzulayırıq!
Səadət KAZIMOVA — ARZULARIMIN MƏLƏYİ
Salam, arzularımın mələyi. Necəsən? Bir neçə vaxtdır ki artıq səni də unutmuşam.Sənə belə məktub yazmağı,səninlə sevincimi və kədərimi paylaşmağı yadımdan çıxartmışam.Düşünmə ki, istəklərim azalıb, əsla! Əksinə, bundan sonra daha mübariz və qətiyyətli olacağıma söz verirəm. Bilirsən burada — uşaq evində yaşamaq nə qədər ağrılı və acılıdır. Allah heç kimsəyə burada yaşamağı nəsib etməsin.
Yox, düşünmə ki, məni burda incidən var,əsla! Əksinə, hələ gündən-günə bizə qarşı qayğı və diqqəti tərbiyəçilərimiz bir az da artırırlar. Mənim qəlbimi ağrıdan və göynədən hələ də televiziyanın müxtəlif kanallarında zibil yeşiklərinə atılan uşaqların acı taleyidir.Düşünürəm ki,mənim kimi,burdakı yoldaşlarım və rəfiqələrimin sayı bir nəfər də çoxaldı.Nə üçün hər bir valideyn bizim kimi günahsız körpələri qayğı içində saxlamaq əvəzinə əksinə küçəyə atırlar.Nə üçün düşünmürlər bu günahsız körpənin gələcək aqıbəti necə olacaq. Ata-ana sevgisini kim ona verəcək.
Bilirsən yadıma nə düşür: hardasa üç və ya dörd yaşım olardı bir gecə qızdırma içində yatırdım.Bir yuxu gördüm,yuxumda mələk simalı gülümsəyən gözəl bir qadın:” mənim balam al bunu iç”- deyə mənə su uzatmışdı. Suyu içdim və o qadın mənim alnımdan öpdü. Bir anda xoşbəxtlikdən ana deyə qışqırdım.O an tez yatağımdan yerə düşdüm və bərkdən ana səslənərək ağlamağa başladım. Sən demə yatağıma yaxınlaşan və əlinə alnıma qoyan bzim tərbiyəçimiz olubmuş.Sağ olsun səhərədək yanımda oturub məni ovundurmağa çalışdı.Mənə gah kiminsə gələcəyini,məni övladlığa götürüb evinə aparacağını söyləyir və təsəlli edirdi.Mən isə o mələk simalı, gülərüzlü qadını-anamı istəyirdim.Bax, beləcə, anasız qalmaq, onun nəvazişindən, qayğısından məhrum olmaq bir bilsən ki nə acıdır,nə yandırıcıdır.
Bilmə ,bilmə ki sən də mən yaşayanı yaşamayasan… Mənim çəkdiklərimi görməyəsən.Bilirsən tərbiyəcimizin dediyi gerçək oldu.Bir gün həqiqətəndə körpələr evinə üşaq həsrətini çəkən,nə yolla olursa olsun övlad sahibi olmaq istəyən ailə gəlmişdi.Tez sevincək ümid bəsləməyə başladım ki məni aparmağa gəliblər.Mənim də gözəl geyimlərim, yumşaq mişkam,yelləncəyim, ən əsası isə atamla anam olacaqdı.Bir onu bilirəm ki,mən çox şən idim.Lakin bu çox çəkmədi onlar məni deyil,rəfiqəm Laləni seçdilər və bir neçə gündən sonra gəlib onu evlərinə apardılar.O an özümün nə qədər gücsüz və aciz olduğumu anladım.Lalənin yerinə sevinmək əvəzinə ona lap nifrət etməyə başladım.Nə üçün o,nə üçün mən deyil?Bilirsən bu sualımın cavabını artıq 10 yaşım olanda dərk etməyə başladım.Mən qarabuğdayı bir qız idim.Körpələr evində uşaqlıqdan məni Qaraca qız deyə çağırırdılar.Uşaq olarkən bu adla məni səsləyəndə çox öyünər və bir film qəhrəmanına bənzədiyim üçün şad olardım. Mən də onun kimi qıvrımsaç və bir az da doğulduğum zaman ağzımın kənarından zədə aldığım üçün çox eybəcər bir görünüşə sahib idim.Bax buna görə heç kim məni övladlığa götürmək istəmirdi.Kim istəyər ki, mənim kimi bir qızı olsun.
Nə üçün məni dünyaya gətirdin ana,nə üçün?Məni küçəyəmi atmaq üçün?Bilirsən ki, getdiyim məktəbdə uşaqlar mənə valideyinlərindən,onların aldığı əşyalarından söz açarkən nə qədər məyus oluram.Elə bilirəm ki,məni və milyonlarla mənim kimi uşaqları barmaqla göstərirlər.Bilirsən ki,hamı qar yağarkən isti geyim geyərkən mən üşüyürəm,hamı yayada sərinlənərkən mən istidən qala bilmirəm?!Bax ana mənim üşümə səbəbim sənin yoxluğun,yay zamanı istidən yanma səbəbm isə sizin sevgisizliyinizdir.Heç bilirsənmi ilk dəfə nə zaman addaım atıb qaçmağa başlamışam,ilk dəfə nə zaman dil açıb nə söyləmişəm.Bilirsən bütün bunları mən də bilmirəm.Odur ki,hər zaman öz doğulduğum günü lənətləyirəm.
Bax illər nə tez keçir artıq 15 yaşım var.Amma sizin yoxluğunuzu heç nə əvəz etmir.Doğum günümü də heç qeyd edən,mənim şənimə təriflər söyləyən kimsəm yoxdur.Hardasan ana?Hardasan gəl,gəl bax qızına gör nə gözəl qızın var,nə ağıllı qızın var.Axı mən səni istəyirəm.Bilirəm,müəllimimiz deyib ki, meymun da öz balasını gözəl bilir.Sən də məni oxşayar ,mənə mənim gözəl balam deyərsən.O xəyalımda canlandırdığım üzünü görər və sənin ətrini ciyərlərimə çəkərəm.Sən məni qucaqlayar və oxşayarsan.Gəl.Anam gəl.Gəl…..
Bilirsən arzularımın mələyi artıq bir neçə ilə məndə bu yuvamızı tərk edəcəm.Hara gedərəm,harda yaşayaram heç düşünə bilmirəm.Bir onu bilirəm ki,mən gələcəkdə hüquqşünas olacam və bütün övladlarını atan valideyinləri körpələr evində işləməyə məhkum edəcəm.Qoy onlar bilsinlər ki bizim kimi atılmış üşüqlar nə çəkirlər.Nə arzumuzdan,nə böyüməyimizdən,nə də dərdlərimizdən xəbərləri olur.Bu məhkumluq onlara ən böyük cəza olar.Bir də çox istərdim ki,ümumiyyətlə körpələr evi bütün dünyada ləğv olunsun.Onda biz də öz evimizdə,isti, xoşbəxt ailəmizdə yaşayar və böyüyərik.Digər üşaqlar kimi əyləncə və istirahət məkanlarında atamın əlindən tutar ona mənim üçün müxtəlif oyuncaqlar almağı,mənimlə birgə karuselə minməyi xahiş edərdim.Mən yenə də ümüdimi itirmirəm və düşünürəm ki,atam və anam gələcək məni evimizə aparacaqlar.Bilirəm Allah mənim arzularımı gerçəkləşdirəcək,istədiklərimi verəcək.Müəllimimiz bizə hər zaman söyləyir ki,qəlbinizin səsinə qulaq asın o döyüntü Allahın adıdır.Odur mən hər qəlbimin döyüntüsü zamanı əvvəlcə Allaha şükr edir,sonra isə anamın və atamın gəlməsini istəyirəm.
Arzularımın mələyi! Mən bilirəm ki,sən mövcudsan,varsan və sən hər zaman mənim yazdıqlarımı oxuyursan.Sağ ol.Sən mənim ən gözəl sirdaşımsan.
İmza: sənin Qaraca qızın Ruhiyyə. 27.01.2015-ci il. Saat 23:20
Yazıya 1586 dəfə baxılıb