Kəmalə Mirzəyevanın “Öz qəbrini qazan” kitabının təqdimatı keçirilib

9 fevral 2026-cı il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında tanınmış nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü Kəmalə Mirzəyevanın “Öz qəbrini qazan” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə tanınmış ziyalılar, ədəbiyyat və mədəniyyət xadimləri, media nümayəndələri, eləcə də yazıçının valideynləri və doğmaları iştirak ediblər.

Təqdimat mərasimini Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, kitabın ön söz müəllifi Çingiz Abdullayev açıq elan edərək əsər haqqında fikirlərini bölüşüb. O, kitabda insan təcrübəsinin, düşüncələrinin və emosiyalarının böyük ustalıqla əks olunduğunu qeyd edərək deyib: “Kəmalə xanımın qələmində danışmayan heç nə yoxdur. O, daşı da, ağacı da, uşağı da, böyüyü də, iti də, pişiyi də eyni məhəbbətlə dinləməyi və danışdırmağı bacarır.”

Daha sonra mərasimi aparmaq üçün söz tanınmış ədəbiyyat tənqidçisi, sənətşünas Əsəd Cahangirə verilib. Əsəd Cahangir çıxışında Kəmalə Mirzəyevanın sayca ikinci kitabı olan “Öz qəbrini qazan” əsəri barədə geniş məlumat verərək, müəllifin yaradıcılığına ümumi nəzər salıb. O, müəllifin nəsrində mövzuların zənginliyini, bədii düşüncəsinin artıq formalaşmış və ardıcıl bir xətt üzrə inkişaf etdiyini, eləcə də əsərlərində milli-mənəvi dəyərlərə söykənən dərin məzmunun xüsusi yer tutduğunu vurğulayıb.

Ardınca söz tədbir iştirakçılarına verilib. Yazıçı-dramaturq Hüseynbala Mirələmov, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, kitabın rəyçisi Bəxtiyar Qaraca, tarix üzrə fəlsəfə doktoru İradə Əlili, modelyer-dizayner Aygün Ağamalı, ictimai xadim Xəyyam Nəsiboğlu, yazıçı Hacı Qəni Camalzadə, Milli Olimpiya Komitəsinin “Ədalətli oyunlar” komissiyasının sədri Xəzər İsayev, Əməkdar jurnalistlər Rüstəm Rüstəmov, Şəmsiyyə Kərimova və digər çıxışçılar kitabda yer alan povest, hekayə və pyeslərdə həyat, ölüm və insanın mənəvi axtarışları mövzularının dərin bədii şəkildə təqdim olunduğunu bildiriblər. Çıxış edənlər əsərin Azərbaycan ədəbiyyatında özünə layiqli yer tutacağına əmin olduqlarını qeyd ediblər.

Tədbirin sonunda Kəmalə Mirzəyeva iştirakçılara təşəkkürünü bildirib, imzalı kitablarını oxuculara hədiyyə edib.

Yazıya 12 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.