Səlim Babullaoğlu Moldova Respublikasının Mədəniyyət Nazirliyinin Fəxri diplomu ilə təltif olunub

18.09.2026 tarixində “Fairmont” otelinin “Nizami Gəncəvi” mərasim zalında Moldova Respublikasının müstəqilliyinin 35-ci ildönümü qeyd olundu. Tədbirdə Azərbaycan və Moldovanın dövlət, hökumət rəsmiləri, ölkəmizdə akkreditasiya olunmuş diplomatlar, KİV nümayəndələri iştirak edirdilər.
Azərbaycan və Moldovanın dövlət himni səsləndikdən sonra Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Aleksandr Esaulenko, Azərbaycan-Moldova hökumətlərarası komissiyanın sədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış etdilər.
Sonra isə səfir A.Esaulenko Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, esseist, tərcüməçi Səlim Babullaoğlunu səhnəyə dəvət etdi və ona Moldova Respublikası mədəniyyət nazirliyinin fəxri diplomunu təqdim etdi.
“Moldova ədəbiyyatı və mədəniyyətinin Azərbaycan Respublikasında təbliği işinə verdiyi görkəmli töhfəyə, habelə Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mədəni dialoqun və ədəbi əlaqələrin möhkəmləndirilməsində göstərdiyi xüsusi xidmətlərinə görə ehtiram olara” təqdimatı ilə mədəniyyət naziri Dan Suruçanun imzaladığı diploma qəbul edən Səlim Babullaoğlu mərasimdə çıxış etdi:

“Hörmətli, cənab nazir, hörmətli cənab səfir!
Xanımlar və cənablar!
İcazə verin, əvvəlcə Moldova Respublikasınınn Müstəqilliyinin 35-ci ildönümü münasibəti ilə həm öz adımdan, həm Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi adından hamınızı təbrik edim.
Eyni zamanda bu təltifə, diploma görə cənab səfir Sizə və Moldova Respublikasının mədəniyyət nazirliyinə təşəkkürümü bildirim.
Ötən 9 il ərzində biz Moldova və Rumıniya ədəbiyyatı ilə bağlı 16 nəşr hazırlamışıq, nəşr etmişik.
Bu nəşrlərin hazırlanmasında ən yaxın və ardıcıl dəstəyi bizə Azərbaycan və Moldovanın ortaq oğlu, tanınmış iş adamı və ictimai xadim Vüqar Novruzov göstərib.

Eyni zamanda, bir çox nəşrin hazırlanmasında mən həmkarlarım Jalə İsmayıl, Seyfəddin Hüseynli, Cavanşir Yusifli, Qismət Rüstəmov, Rəbiqə Nazimqızı, Azad Yaşar və digər tərcüməçilərlə bərabər çalışmışıq.
Hesab edirəm ki, bu təltif eyni zamanda həm də adlarını çəkdiyim insanlarındır.
Ədəbiyyat, poeziya, tərcümə işi xalqları bir-birinə yaxınlaşdıran, onları bir-birinə tanıtdıran ən yaxşı vasitədir. Bu işlər əlbəttə ki, gələcəkdə də davam edəcək.
Yaşasın Azərbaycan!
Yaşasın Moldova!
Yaşasın ədəbiyyat!

Trăiască Azerbaidjanul și Moldova!
Trăiască prietenia și literatura!”

Çıxışdan sonra Səlim Babullaoğlu səfir A. Esaulenko və nazir M.Məmmədova kitablar və xatirə hədiyyələri təqdim edib.

Yazıya 21 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.