Nərgiz Yaqublunun əziz xatirəsinə və özümə ithaf edirəm!
“Birazdan ağxalatlılar çoxaldı. Onlar tələsir, vurnuxur, onun ürəyini qaytarmaq üçün çalışırdılar. “Ürəyinə” iynə vurdular, döyündürmək üçün süni nəfəs verdilər açmadı gözlərini ürəyi. Onun bədənindən qopduğu, çıxarıldığı üçün ağlamadı, hayqırmadı ürəyi. Susdu… susdu!
Sonra isə onun bapbalaca ürəyini başqa yerə apardılar. O da yumdu gözlərini ürəyi kimi, o da susdu, ağlamadı, hayqırmadı, susdu… içində ürəyinin gözlərinə baxmaq, səsini eşitmək, nəfəsini duymaq, onu bağrına basmaq, ürəyini öz yerinə – köksünə qoymaq arzusu olsa da susdu…
Söyləmədi, heç kəsə demədi ağ xalatlıların onun ürəyini çıxarıb apardıqlarını. Yoxdu daha onun ürəyi. Ağrıların əlində qovrulan zaman göz yaşları altında, inildəyə-inildəyə çağırdığı, səslədiyi, amma səsinə səs verməyən anasına, onunla birgə o məşum gecəni yaşayan ömür-gün yoldaşına da demədi daha ürəyi olmadığını. Heç kəsə demədi, susdu…
Ürəyinin yeri göynədikcə ağlamaqdan gözləri şişmiş döşləri, bir də qan ağladı, bir də sızladı, bir də göynədi. O yer qan ağladıqca ürəyini gəzdi, ürəyini axtardı. Amma bilirdi… bilirdi ki, artıq ürəyi ondan çox uzaqlardadı. Bir də geri dönməyəcək. Onun bapbalaca ürəyi qocalmış, üzünə qırış düşmüş bapbalaca bir daş parçasının altında bapbalaca bir torpaq yığnağına dönüb. O bapbalaca torpaq yığnağından isə ürəyini alıb heç vaxt öz yerinə qoya bilməyəcək.”
Bu, mənim “Yetim laylalar” adlı hekayəmdən bir epizod idi. O epizod ki, burada baş verənlərin hamısını canlı olaraq yaşamışdım. Bəli, düz doqquz ay bətnimdə sığal çəkdiyim körpəni həkimlər öldürdülər. Yanlış anlamadınız, həkimlər öldürdülər!
Sonralar bildim ki, uşağı təbii olaraq dünyaya gətirməyə gücüm çatmayıb, həkimlər isə süni yollara əl atmadan gözləyiblər və nəticədə körpə boğularaq ölüb. Susdum! Axı atam da həkim idi. Atam istərdimi xəstəsinin başına bir iş gəlsin? Həm də atamı tanıyan həkimlər mənə pislik edərdilərmi? Taleyim beləymiş, deyib, susdum…
Beş il gözlədikdən sonra övladını itirib, yenidən həyata davam etmək çox çətin idi, lap çox. Mən bunlara dözdüm, özümü toparlaya bildim.
Aradan illər keçirdi… Ana olmaq arzusu da torpağa qarışan ilk balam kimi yerə gömülmüşdü.
…Özümü çox pis hiss edirdim. Ginekoloji problemlərim yaranmışdı. Həkimə getdim. Məni müayinə etdi və uzun bir resept yazdı. Reseptə baxdım, qeyri-ixtiyari dedim:
– Bəlkə aparatla da yoxlanım?
– Lazim deyil, əlimlə yoxladım.
– Həkim, ginekoloqlar deyir mənim heç bir problemim yoxdu, elə isə niyə hamilə olmuram?
– Sənin heç bir problemin yoxdu, sadəcə, bir az soyuqluğun var, bu isə gecikmələrə səbəb olur.
– Bəlkə UZİ-yə düşüm. Birdən uşaq olar (illər sonra belə bir ifadəmdən utansam da, demişdim. Bəlkə də Uca Yaradan bu sözü mənə pıçıldayırdı).
Dedi:
– Yox, mən yoxladım axı səni, get, müalicən bitəndə gələrsən. Və məni yanındakı tibb bacısı ilə tanış etdi ki, iynələri (və başqa ginekoloji vasitələr) bu tibb bacısına vurdurarsan. Başladım müalicəyə.
Hər gün damarıma sistem yeridilib, cürbəcür iynələr, dərmanlar və s. qəbul etsəm də, problemim həll olmurdu. O qədər zəifləmişdim ki, yeriməyə belə gücüm çatmırdı. Halımı görən tibb bacısı dedi:
– Sən bir testlə yoxla, bəlkə uşaq var bətnində ona görə müalicə nəticə vermir.
Əlbəttə, inanmadım. Lakin yenə də dənəməyi qərara aldım və dənədim. İllərlə həsrət qaldığım “iki qırmızı xətt”. Sanki dünyaya yenidən gəlmişdim. Həm də içimdə bir qorxu var idi, bu boyda müalicə ilə o uşaq dünyaya sağlam gələcəkmi? Şənbə günü olduğundan iki gün həkimə getmədim və o iki günü gen-bol “mən hamiləyəm” sevincini yaşadım. Bilirsinizmi, ana ola bilməyən qadınları daha çox üzən nədir? İnsanların o qadınları başqalarından vicdansızcasına seçməsi, yazığı gəlmələr, müxtəlif pıçıldaşmalar və s.
Bazar ertəsi həkimə üz tutdum. UZİ-nin cavabı: “Yeddi həftəlik inkişafdan qalmış döl”. Həkimə ilk sözüm bu oldu: “Noolar, sənədi dəyişin, yazın ki, yeddi həftəlik uşaq”.
İnanın, hələ də bilmirəm niyə elə etdim. Həkimə elə yalvardim ki, sənədi dəyişdi, guya ki, uşağım sağlam idi… O gecə bətnimdəki ölü körpəmə tabut oldum.
Yenə illər keçdi. İnandığım gənc bir həkimin xəstəsi olaraq qeydiyyata düşdüm. O, məni əmin etdi ki, ana olmaq üçün heç bir problemim yoxdu, kiçik müalicəyə ehtiyacım var. Müalicə olundum…
…Keçirdiyim qəzadan sonra ildə bir dəfə – yaz vaxtı əsəblərim müalicə olunur. Yenə də özümü piss hiss edir, yerli-yersiz əsəbiləşirdim. Getdim nervipotoloqun yanına. Müayinə etdi və resept yazdi. Ginekoloji problemim də olduğu üçün UZİ-yə getdim. Həkimlə dialoqumu olduğu kimi yazıram:
-Sinirlərimlə bağlı müalicə olunmalıyam, həkim resept yazıb. Lakin müalicəyə başlamağa qorxuram. Hamilə olaram, uşaq ölər. Bir dəfə başıma gəlib, məşhur ginekoloq (adını da dedim, tanıyırdı) məni müayinə etdi, yeddi həftəlik hamilə ola-ola “uşaq yoxdu” dedi və müalicə uşağımı öldürdü. Xahiş edirəm, diqqətli olun.
Pərdənin o biri tərəfindən kişi səsi eşidildi: “İndi xəstələr həkimlərdən diqqətlidir. Bu nə diqqətsizlik imiş filankəs edib”. (Sonralar bildim ki, o kişi də həmin xəstəxanada həkimdir və UZİ-də işləyən qadının əridir.).
Aparatdakı qadın məni “dəqiq-dəqiq” yoxlayandan sonra dedi:
– Yox, uşaq-zad yoxdu.
Sənəd vermədi, tələb də etmədim. Geri dönüb müalicəyə başladım.
Yaman dəyişmişdim. Ürəkbulanma, qusma, baş hərlənmə, yatmağa meyllilik və s. yaranmışdı məndə. Üstəlik də ginekoloji gecikmə. Gecikmənin sinir sistemi ilə əlaqəli olduğunu düşünərək, müalicəyə bel bağlayırdım. Nəticə olmayınca, test aldım – “iki qırmızı xətt”!!! – yəni, pozitiv göstərici. Bir həftə işdəkilər başıma dolandı, evdəkilər nazımı çəkdi…
Həkimə getdim (öz həkimimə):
– Həkim, mən hamiləyəm. – İnanın, mənim qədər sevindi. UZİ-ylə baxdı. Mənə elə gəldi ki, sevinci üzündə dondu. Qorxumdan heç nə soruşmadım. Dedi:
– Səni aşağıdan yoxlamalıyam.
– Yox, həkim, axı uşağa ziyandı elə. Heç UZİ-yə də qoymurdular. Olmaz!
– Bu, mütləqdir.
Müayinə etdi. Nəticə: “9-10 həftəlik inkişafdan qalmış döl!”
O gecə yenə də ölü tabutu idim. Səhər içimdəki ölünü dəfn edəcəkdi həkimlər! Həm də mənim doğum günümdə – doğulduğum saatlarda – 15: 50 də olacaqdı “dəfn mərasimi”.
Dölün inkişafdan qalmasına isə etdirdiyim müalicə və iki aylıq hamiləliyə “yox” deyən UZİ həkimi səbəb olmuşdu…
P.S. Bunları yazmaqda məqsədim nə dərdimi paylaşmaq, nə acımı görüntüyə vermək idi. Onsuz da mənə vurulan fiziki və mənəvi zərbəni heç cür anlada bilməzdim. Sadəcə, məqsədim bu ki, özünüzü “həkimlərdən” qoruyun!
Yazıya 2180 dəfə baxılıb