Nəriman TOLIŞİ — Sənə yazmadığım şeir (yeni şeirlər)

10014693_643442815771315_4089607868846693524_n

Sənə yazmadığım şeir,
aktyorun oynadığı roldu.
Sənə yazmadığım şeir,
evimizə gəlməyən yoldu.

Sənə yazmadığım şeir,
çox sevdiyim qonşu uşağıdı.
Qonşunun alma ağacına atdığım daşdı
sənə yazmadığım şeir.

Sənə yazmadığım şeir,
Zərdüştün odu deyil.
Babəkimin qeyrəti,
Həzimin adı deyil.
İsgəndər zəfəridir,
Pirr qələbəsidir
sənə yazmadığım şeir.

Sənə yazmadığım şeir,
nə Bəzz qalasıdı,
nə Qız qalasıdı.
Misir ehramıdı,
Kolizeydi,
Çin səddidi
sənə yazmadığım şeir.

Sənə yazmadığım şeir
Lerik deyil,
Bakı deyil,
heç Təbriz də deyil.
Berlindi,
Parisdi,
Kopenhagendi
sənə yazmadığım şeir.

Sənə yazmadığım şeir,
gəzdiyim yad ölkə,
vurulduğum özgə qadınıdı.
Anamın dilində yazmadığım
bu
şeirimdi
sənə yazmadığım şeir.
Bağışla məni, bağışla!
Bağışlaya bilsən…

TORPAQ VƏ SU

Suyu çox sevdi torpaq,
Üzünə güldü su da.
Sağa axdı, sola axdı…
Göylərə baxdı su.
Səmaya aldanıb
sevindiyindən qanad açdı.
Uçdu, uçdu…
Vəfasızlıq yolunu seçdi.

Buxar-buxar qanadları əridikcə
anladı,
səhv etdiyini.
Ağlayıb yağış adıyla
üstünə qayıtmasını bağışlamadı
torpağın cadar dodaqları,

Sonuncu təsəllisi oldu suyun—
Torpağın bətnində dəfn olunurdu.

***
Qan, adam!
Günəş çıxmır,
Günəş batmır—
baban səhv etmiş.

Keşniş, vəzəri, şüyüt…
göyərti deyil,
yaşılərtidir—
nənən səhv etmiş.

Maddənin ruh halındakı,
sifarişin olmadan,
səni
özünə qul yaratmış.
Barı,
sən səhv etmə!

Yazıya 884 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.