Hincal ULUC — Kitab satışını öldürən pis tərcümələr

hincal-uluc_552e61d8841b4

Axır vaxtlar əvvəlki formasına qayıdan və maraqlı yazılar yazan Ayişəm (Türkiyənin məşhur köşə yazarı Ayişə Özyılmazel nəzərdə tutulur) yazıb: “Pis tərcümələri neyləyəcəyik?..” Nə qədər də haqlıdır. Nəşriyyatların xəsisliyi ucbatından insanlar, az qala, oxumağa nifrət eləyir. Dünyanı sarsıdan bir kitabı həyəcanla gözləyirsən, yayınlanan kimi mağazaya qaçıb alırsan, di gəl, üçüncü səhifədən zibilliyə atmalı olursan…

Ayişə də Stefan Kinqin son kitabını elə gözləyib. Adı “Yazmaq sənəti”dir. Üstəlik, adı da çəkicidir. Amma tərcüməsi çox pisdir. Ayişə yazıb: “Bir çox kitabda başıma belə şey gəlib”. Qədimlərdə deyiblər: “Pis qonşu adamı ev sahibi edər”. Pis tərcüməçi də adamı dil sahibi edər, Ayişə! Pis tərcümələr ingilis dilini öyrənməyimə səbəb oldu.

Universitetdə oxuyurdum. Yan Fleminqin Ceyms Bond haqqında romanları dünyanı bir-birinə vurmuşdu.  Birini aldım, ləzzət ala bilmədim. O birini aldım, yenə eyni vəziyyət. Onda öz-özümə: “Axı bu kitablar dünyanı necə silkələyir”, – deyə düşünmüşdüm.

Bir gün yatalaq xəstəliyinə tutuldum. Qəbri nurla dolsun, dövrünün  qatı kommunistlərindən olan Qurtxan Fişək mənə bir kitab gətirdi. “From Russia with love” (“Rusiyadan sevgilərlə”).  O vaxta kimi oyun kitablarından başqa ingiliscə kitab oxumamışdım.  Yataqda oxumağa başladım. İngilis dilini yarı-yarımçıq bilməyim belə Fleminqi oxuyub başa çıxmağıma bəs etdi. Öz-özümə söz verdim ki, bundan belə türkcəyə tərcümə olunmuş roman oxumayacağam. Sözümün üstündə durdum. Neçə illər sonra Holli ilə (yazarın amerikalı həyat yoldaşı) evləndik. Bir gün təəccüblə mənə dedi ki, sən ingilis dilini bu qədər yaxşı harda öyrənmisən?

Bacım Serpil kollec məzunuydu. Sonra dil, tarix, ingilis dili və ədəbiyyatı fakültəsində oxumuşdu. Dostum Kamal kollec məzunudur, Orta Doğu Texniki Üniversitetində ingilis dilində təhsil alıb. Mən liseydə oxuyanda ingilis dili dərslərinin yarıdan çoxu boş keçirdi. Dərslərə ancaq ingiliscə bilənlər gəlirdi.  Holli dili yaxşı bildiyimi düşünürdü. Yaxşı bilirdimsə, səbəb bu idi – inadla ingiliscə oxumağım. Həm də lüğətdən istifadə eləmədən! Lüğət  mütaliə zövqünü öldürür. Bilmədiyim sözü ilk dəfə başa düşmür, dördüncü, beşincidə təxmin edir, altıncıda öyrənirsən. Kitabda çox işlənmirsə, öyrənməyimə ehtiyac qalmır.

Lüğətə baxmaq öyrənmək deyil. Baxdığın söz lüğətdə də qalır. Hər dəfə təzədən baxırsan. Uşağın öyrəndiyi yolla öyrənsən, yalnız o zaman beynində qalar.

Biz uşaq olanda tərcümələri türk ədəbiyyatının ən böyük ustaları, türk dilini ən yaxşı  bilənlər eləyirdi. Məsələn, Nazım Hikmət öz adından istifadə etmədən tərcümələr eləyirdi. Kamal Tahirin F.M.İkinci imzası ilə Mike Hammerdən etdiyi çevirmələr yüz minlərlə nüsxə satılmışdı. O qədər satılmışdı ki, orijinal kitablar qurtaranda nəşriyyatın təklifi ilə bir kitab da özü yazmışdı.

Sabri Esat Siyavuşgilin dərhal xeyli hissəsini əzbərlədiyim Sirano de Berjerakdan tərcüməsi o dövrün mütəxəssislərinə görə, orijinalından yaxşıdır. Həmin əsər stolüstü kitabıma çevrildi. Bir başqa stolüstü kitabım olan “Balaca şahzadə”nin tərcüməçiləri görün kimlərdir: Ahmet Muhip Dranas, Azra Erhat, Cemal Süreya və Tomris Uyar! İndi gəl, bunu oxuma!

Əvvəlcə tərcümə işini verdiyin adamın ingilis, fransız dilini necə bilməsinə yox, türk dilini necə bilməsinə baxmaq lazımdır.

Tərcümə sənətdir. Tərcümə işlərini, pula bir qədər qıyıb türk dilində ən yaxşı  yazan adamlara verin. Yoxsa, ey kitab naşirləri, Ayişənin yazısı onsuz da get-gedə dəyişən dünyada mindiyiniz budağı kəsməyiniz barədə xəbərdarlıqdır.

 

Qeyd: Yazı Türkiyənin “Sabah” qəzetindən götürülüb.

Mənbə: AYDIN YOL qəzeti

Yazıya 794 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.