Tanışlıq
Sözündə özümü gördüm,
Özümdə Akif Səmədi.
Zülümdə fani dünyanı,
Dözümdə Akif Səmədi.
İlk tanışlığımız Tusi adına pedaqoji Universitetdə Tələbə dostum Sultan Ateyivin otağında oldu.Sultan:
-Məmməd bu İncəli balasıyla tanışsınızmı?-deyib divanda oturmuş 50-55 yaşlı,(əslin də isə 30-35 yaşı olardı) lopa bığlı, çal saçlı ,gülər üzlü Akifi göstərdi. O ayağa durub mənimlə görüşdü. Təzəcə çapdan çıxmış “Uzaqlardan gəlirik” kitabını ”Ən əsası İncəli olduğu üçün Məmməd bəyə”avtoqrafıyla mənə bağışladı və elə o gündən bağlandıq bir-birimizə.
Ağamalı Sadiq itgisiylə necə barışıb, Ağamalısız illəri necə yaşayacağım bir müəmma kimi hər an ürəyimi parça-parça etdiyi bir zamanda tapmışdım Akif Səmədi.Bax beləcə, Ağamalıya olan ,Ağamalıdan qalan bütün həsrət və sevgilərimin ünvanı, səbr və dözüm yerim oldu arkadaşım Akif. Bir birimizə müraciət idi “Arkadaş”sözü.
Şeir yazmağımdan xəbəri yox idi. Ancaq bütün yazdığı şeirləri ilk dəfə mənə oxuyurdu. Sözə münasibəti, sözə sevgilərimi görüb ,”Vallah sən ki sözü belə duyursan, sən bizdən böyük şairsən”-deyərdi. Sonrala, yəni 2004 cü ildə ”Dəmircioğlunu dindir” adli ilk kitabım nəşrə hazirlanan ərəfələrdə sirrimi açıb:-Kitaba da “Dəmirçioğlunu dindirmə”adını qoymuşuq, xoşuna gəlirmi? –dedim .O isə heç düşünmədən ,”Arkadaş ,dindirmə ni dindir eləsən yaxşıdır. Qoy kitabı açan səni dindirsin “-deyib xeyir -dua vermişdi.
2 ETÜD.
Gözümün qabağında yazılan şeirlər.
Evimizə dəvət etmişdim. İşlədiyim portretlərə baxmaq üçün gəlmişdi .Öz portretini görüb xeyli tamaşa etdi:
– Ayə,a qıvlasız, məni məndən gözəl işləmisən, bu nədid belə?-deyib, bütün portretləri nəzərdən keçirdi:
-Sən bu portretləri cəm halında “İnsan mənzərələri” adlı kitaba topla.-deyib”İnsan mənzərələri” kitabına həm ad qoydu, həm də ilk xeyir duanı verdi. Bunu da əlavə eylədi ki, kitabın ön sözündə Hazim Hikmətə bir rəhmət oxuyub, ondan üzr diləyəsən . Çün ki,bu ad ona məxzusdur-deyib tövsiyyəsini də əsirgəmədi. Sonra süfrə arxasına oturduq .Yemək arası birdən dayanıb, Məmməd,arkadaş, tez mənə bir kağız,bir qələm ver – deyiib məni tələsdirdi. Dərhal məsələni başa düşdüm. Belə hallarla çox rastlaşmışdım. Söz gələndə qaçırmazdı,yerindəcə tutub saxlamağı varıydı. Bu dəfə zarafata salıb, bir vaxtlar Ağamalı Sadiqin,”sən rəssamsan,lazımın olar”-deyib bağışladığı nazik,qəzet boyda olan ag vərəqlərdən birini gətirib bir neçə yerə qatladım. Cib dəftərçəsinə oxşayan kağızı ona uzadıb:- al,nəqədər istəyirsən yaz –dedim. Bığ altı qımışdı, kağıza nəsə yazıb cibinə qoydu:
-Sən zarafat elə birdə görüşəndə görəcəksən bütün vərəqləri doldurmuşam deyib, zarafatımdan xeyli xoşhal oldu .Beş – üç gün keçməmişdi zəng vrdu:
-Məmməd,gözəl kişilərlə oturmuşuq. Qonaqlığı mən verirəm. Onlarla tanış olmaq stiyirsənsə gəl şotu ver, səninlə tanış edim -deyib mənə görüş yerini dedi. Məsələ aydin idi. Cibində pulu az olanda məni köməyə çağırardı.
Görüşdük. Şair dostumuz Kəmaləddin Qədimlə dostluğumuz elə o gündən başladı. Sonra əlini cibinə salıb:
-Ayə,kağızını da doldurmuşam-deyib,mənim qatlayıb düzəltdiyim “ kitabçanı “cibindən çıxarıb, o üzə çevirib bir şeir oxudu, bu üzə çevirib bir şeir oxudu, kağız bütün açıldı. İlahi, mən verən o kağız, bir az əl dəsmalına, bir az cib yaylığına, bir az da salfetkaya oxşayırdı. Yağ ləkəsi,tər ləkəsi içərisində qaralı-ağlı şeirləlr.
-Həə, kağız dolub, birin idə hazırla- deyib, bir şeirdə oxudu.
Yarəbb, adamam, adıma
Sanıma yazığım gəlsin.
Bu dünya xandı,mən qulu,
Xanına yazığın gəlsin.
Bir ulu,bir qədim səsdim,
Bilmirəm niyə tələsdim.
Qılıncam, qınımı kəsdim,
Qınıma yazığın gəlsin.
Ay qaranlıqdı, qar işıq,
Gecə gündüzə yaraşıq.
Qanım qanlara qarışıq,
Qanıma yazığın gəlsin.
Nə oxuyur bu saz, bu tar.
Canimda qoymadı tutar.
Canimdan canimi qurtar,
Canima yazığın gəlsin.
Yaz vaxtiydi. Hər yaz onunla səfərə çıxardıq. Son zamanlar xəstəliyi onu üstələyir, ayaqları şişir ,amansız öskürək amanını qırır, tənginəfəslik nəfəsini kəsirdi. Ağ su aşırımlarında hər döngə başı maşını saxladıb, ” o nərgizdən bir qom al, o qulançardan,o bənövşədən…Beləcə nazıyla oynayırdım. Hamımız bilirdik , elə özü də bilirdi bu dünyada onun vaxtına çox az idi.
İncəli səfərimizdən geri qayıdırdıq.Yolumuzu Qəbələ rayonundan saldıq. Qaradeyin kəndində, bacım gil yaşayırdılar. Onlara qonaq olmaq qərarına gəldik.
Yeznəmiz Rasim bəy, bizi həmişəki kimi çox səmimi qarşıladı, yemək içmək məclisi gecə yarıya qədər uzandı.Birdən Akif:
– A Rasim,buralarda bulaq yoxdumu, bir əl üzümüzü yuyardıq, bir az sərin su içərdik,-dedi. Rasim gecənin bu nisbində bulaqmı olar deyə düşünüb zarafatla:
– Niyə yoxdur Akif bəy.Qiblə bulağı elədir ki, buz kimi, çox uzaqda deyil. Xətrin istiyir, durun gedək. Akifə bu söz bənd imiş kimi:
– Durun! Ayə bulağınızın nə gözəl adı var. Durun gedək bir az sərinləyək- deyib , hamını ayağa qaldırdı. Gecə qaranlığında, əzəmətli bir ağacın altında yerləşən “Qiblə” bulağına adlamaq asan olmadı. Ayaqlarımız daşlardan sürüşüb, çeyilə-çamıra, batdı.
Akif ayaqlarını soyunub,yaxşıca yuyundu, sudan içib geri qayıtdıq.
Gecə öskürək bir an da aman vermədi yazığa. Demək olar ki, səhərə qədər arası kəsilmədən ösgürdü. Yuxudan çox erkən durquzdu bizi.
– Ayə durun, görün quşlar nə gözəl oxuyur, bir şehli çəməndə ayaqyalın gəzin, bəsdi yatdınız-deyib hamımızı oyatdı. Bacım mənə yaxınlaşıb:
– Qardaş, bu adam nə qəribə adamdı. Səhərə qədər öskürdü, bunun ciyəri partlamadımı? İndi də elə gülür, zarafat edir, mat qalmışıq-deyib təəcübünü gizləyə bilmədi.
Sonra da, iki uşaq gülə- gülə bizə yaxınlaşıb:- Akif dayı, nasqıların bulaq başında qalıbmış,- deyib islaq nasqıları Akifə uzatdılar. Qımışıb:
– A bala,məktəbinizə aparın, orada müzeyə qoyarlar- deyib,uşaqlarla zarafat etdi.
Eyni ovqatla üzünü məmə tutub:
– Arkadaş, siz yuxu bişirdiniz, mən də səhər-səhər bir şeir yazmışam,- deyib bu şeiri oxudu:
Uzanıb sübhə qədər,
Çəkirəm ah…Gecələr.
Gedir yenə qayıdır
Mənə sabah gecələr.
Gecəyə yiyə durmur,
Sabahın sağ sahibi.
Qaralar ağı yedi
Hardadı ağ sahibi.
Ulduzlar ulduz deyil,
Səbrim dara çəkilir.
Neçə bəyaz duyğunun
Üstündən qara çəkilir.
Görsəniz yoxam, deyin
Ay tək batmağa getdi.
Öldü deməyin, dostlar
Akif yatmağa getdi.
3ETÜD
Mən gələnə qalmadı
Alma-Ata şəhərinə işgüzar səfərə getməliydım. 2004-cü ilin əvvəlləri idi. Görüşmək üçün Akif gilə getdim. Xeyli söhbətləşdik.
-Məmməd, gecmi gələcəksən? Sənsiz heç bilmirəm necə duracam. Məmməd İlqarı da özümdən küsdürmüşəm. Tez gələrsən, bizi barışdırarsan…-deyib susdu. Ayrıldıq. Beş on addım gedib geri döndüm. Akif Arxamca mənə baxırdı.
– Məmməd, nə olaydı sən gələnə qədər ölməyəydim-deyib gülümsədi. Onu gözləri dolan görməmişdim. Üzümü çevirib, uzaqlaşdım, göz yaşımı gizləmək üçün…
İyul ayının 12-si billet alıb Bakıya qayıdırdım.Təyyarədə oturub bizə paylanan qəzet-jurnalları vərəqləyirdim. Qəzet səhifəsinin birində Akifin şəkilini gördüm. Yazını oxuyanda, elə bil damarlarımda qanım dondu. Bir xanim yazar ( adı yadımda qalmayıb ) . Akifə xatirə yazısı yazıb, ağılarla, laylalarla İncəliyə gedən karvana, “ Amandı, ay gedən əylən “ Qım-qımısıyla bağrımın başını oyuq-oyuq elədi. Hönkürtümə yaxınlaşan stuardessa, əlimdəki qəzetə-, qara haşiyəli şəkilə baxıb,kor- peşman geri qayıtdı…
Məni qarşılamağa oğlum Daşqın gəlmişdi.O, bu qara xəbəri mənə necə deyəcəyini bilmirdi. Bir-iki dəfə dili dolaşa-dolaşa nə isə demək istədi. Mən onu qabaqlayıb, – bilirəm, oğlum , bilirəm,- deyib, maşınına oturduq. Akif mən qayıdana qalmadı. Son anlarında yanında ola bilmədiyimə gorə heç özümü bağışlaya bilmirəm. Şair dostum Şəmsi Qoca, – görəsən Məmməd Akif ayrılığına necə dözəcək -deyibmiş. Sonra Akifə yazdığım qım-qımını oxuyub başını bulayıbmış.
Fil olan ağırdı,
Gül olan fağırdı
Dil olan çağırdı
Göz olan ağladı…
Çağırma fələyi,
Kəfəndi bələyi.
Çat verən ürəyi
Köz olan ağladı
Bu etüdlər, Akiflə keçən ömrümün çox tələsik cizgilərlə qələmə alınmış qısaca anları, xatirələridir. Bu xatipələrin isə sayı-hesabı yoxdur. Akif Səməd həm poeziyamızda, həm könüllərimizdə özünə bənzər,bənzərsiz bir iz ,bir yol qoyub gedənlərdəndir. “Amandır,ay gedən əylən” yaza bildi. Ancaq əylənə bilmədi .Çox tələsirdi. Cəmi dünya hesabı ilə 45 yaş yaşayıb, min illik, nə min il, düz Adəmdən Akif Səmədəcən yaşadı bu ağır taxtalı kişi.
Beləliklə, mənə həsr etdiyi bir şeirlə sizlərlə sağollaşıram möhtərəm oxucular.
DƏMİRÇİOĞLUYA.
Bütün yollar dolanıbdır dünyanı,
Kəndə dönür,kəndə dödür arxadaş.
Üz çevirməz bəndəsindən yaradan,
Bəndə dönür,bədə dönür arxadaş
Yanar ocaq bir dəfəlik ha sönmür,
Kül altında qor illərə ha sönmür,
Üzüdönük bircə dəfə ha dönmür,
Gündə dönür,gündə dönür arxadaş.
Qara qoçun sabahı yox, sabahı,
Qara acın pənahı yox, pənahı.
Qara saçın günahı yox,günahı,
Kündə dönür, kündə dönür arxadaş.
Səndən qabaq kimlər baxıb bu çaya,
Nə hesaba gələsidi,nə saya
Yer firlanmır nə günəşə,nə aya.
Səndə dönür,səndə dönür arxadaş.
Nə yatıbsan bu sərində,kölgədə,
Səni gəzir ağrı dağı bəlkədə,
Immanlısı Akif olan ölkədə.
Dində dönür-dində dönür arxadaş
Yazıya 1228 dəfə baxılıb