Çikaqoda səyyar satıcılıqla məşğul olan xanım Henson qırx yaşlarında solğun bənizli bir qadın idi. O, korset, kəmər satırdı. Gəzdiyi ərazilər Toledo, Lima, Sprinqfild, Kolumb, İndiana, Fort Ueyn həndəvərində dəyişirdi. Orta qərb ştatları İovo-Kansas-Missuriyə göndərilməyi isə işlədiyi firmanın genişləndiyinin müjdəsi idi. Firma getdikcə Ohayonun qərbində də möhkəmlənməyə başlayırdı.
Şərqdəki (Ohayoda – tərc.) alıcıları onu söhbətcil adam kimi tanıyır, sövdələşmə bitdikdən sonra ofislərində tez-tez çaya, ya da siqaretə qonaq edirdilər. Təzə gəldiyi şəhərlərdə isə vəziyyət başqa idi. Ona nəinki siqaret təklif etmir, hətta “Siqaret çəkməyimə etiraz etmirsiniz?” sualına narazılıqla: “Sizin siqaret çəkmək ehtiyacınızı anlayırıq, amma işçilərimizə pis təsir edir” – cavabını verirdilər. O da: “Hə, əlbəttə, başa düşürəm”, – deyib siqareti cibinə qoymağa məcbur olurdu.
Bir siqaret hərdən onun üçün çox şey demək idi. İşi daim başından aşırdı deyə, dincəlmək, fikrini bircə anlıq da olsa işdən ayırmaq üçün siqaret əvəzsiz vasitəydi.
Dul xanım Hensonun danışmağa-dərdləşməyə elə bir yaxın qohumu yox idi. Gözü zəif gördüyündən kinoteatra həftədə bir dəfədən çox gedə bilmirdi. Ona görə də siqaret yollarda keçən ağır və yorucu günləri üçün ən ideal rahatlıq idi.
İlk səyahətinin sonuncu həftəsində yeni müştəriləri gəldi. Avqustun ortaları idi. Xanım Henson qəflətən özünü bu yeni tanışları arasında çox tənha hiss elədi. Xoşbəxtlikdən Çikaqodan çoxdan tanıdığı bir qadınla rastlaşdı. Növbəti alıcısı barədə köhnə tanışından soruşdu:
– Görəsən, mənim siqaret çəkməyimə etiraz eləməz ki?
– Nə? Ay Allah! Əlbəttə edər, – deyə rəfiqəsi cavab verdi. – O, siqaret çəkməyi qadağan edən qanunun qəbul olunması üçün külli miqdarda pul xərcləyənlərdəndir.
– Başa düşdüm. Məsləhət üçün sağ ol, – bunu bilməyim yaxşı oldu.
– Çalış burda çəkməzdən qabaq hər yerdə icazə alasan, – dostu davam elədi – Xüsusən, 50 yaşlı kişilərlə ehtiyatlı ol. Onların əksəriyyəti müharibə görməyib. Müharibə görən adam siqaretin qadağan olunmasını istəməz.
Ancaq xanım Henson elə ilk görüşündə istisna ilə üzləşdi. Qarşısındakı gənc mülayim birinə oxşayırdı, amma gözünü siqaret qutusuna düşmən kimi elə dikmişdi ki, xanım Henson qutunu gizlətməyə məcbur oldu. Bu hərəkəti mükafatsız qalmadı; alıcı onu həm yeməyə dəvət etdi, həm də sifarişlərin sayını artırdı. Gənc oğlan yeməkdən sonra onu növbəti ünvana çatdıracağını israrla təklif etdi.
Xanım Henson boş vaxtından istifadə edib yaxınlıqdakı hotelin tualetində siqaret çəkmək haqda düşünsə də, gəncin təklifinə razı oldu.
Hamının məşğul olduğu, hamının harasa gecikdiyi günlərdən idi. Sifarişçilər hərəsi bir cür idi – bəziləri başqasının nə düşündüyüylə maraqlanmayan sərt baxışlı kişilər, bəziləri də bu cür ideyaların ya könüllü, ya məcburi qurbanı olan qadınlar…
Xanım Henson səhər yeməyindən bəri siqaret çəkmədiyinin fərqinə vardı və nəticəsindən asılı olmayaraq, etdiyi bütün zənglərdən, görüşlərdən niyə bu qədər narazı qaldığını anladı. Alıcılarına belə deyirdi:
– – Biz işimizə fərqli yanaşırıq. Bunun materialı rezin və kətandır, amma biz onları başqa cür birləşdiririk. Bir ilə satışın 30 faiz artımı az şey deyil.
Bunları deməyinə deyir, ancaq fikrində başqa şey düşünürdü: “İndi üçcə qullab ala bilsəydim, lap dəbdən düşmüş modellərin ən yekə ölçülərini də satardım.
Görüşməli olduğu bircə sifarişçi qalmışdı, ancaq tələsməyə bilərdi, çünki görüşə hələ saat yarım vardı. Hotelə getmək vaxtı olsa da, taksi yox idi. Yola piyada davam elədi. Çarəsizlikdən siqareti tərgitmək fikrinə düşmüşdü. Öz-özünə “bu gedişlə narkoman olacam”, – deyirdi.
Birdən gözü katolik kilsəsinə sataşdı. Kilsə gözünə çox əzəmətli göründü. Ağlına bir fikir gəldi: “Bu kilsənin qülləsinə şamların nə qədər tüstü-dumanı qalxır, vestibüldə ikicə qullab alsam, dünya dağılmayacaq ki? Tanrı da götürməz mənim kimi yaşlı qadının bu əzabını”.
Katolik olmadığından ağlına gələn fikir onu narahat edirdi: “Bir siqaret, yəni bu qədər vacibdi görəsən? Axı nə qədər insana ziyan vururam…”
“Məncə, “O” etiraz eləməz. “O”nun vaxtında tütün hələ icad olunmamışdı…”
Kilsəyə girdi; vestibül qaranlıq idi, kibrit üçün çantasına sarı əyildi, amma bir şey tapmadı.
“Gedim, şamın oduna yandırım” – fikirləşdi.
Yarımdairəvi kilsə tavanının qaranlığını küncdəki balaca işıq yarırdı. Dəhlizdən keçib işığa sarı getdi, ancaq bunun şam yox, lampa olduğunu gördü. Sonra da yaşlı bir adam neft lampasını söndürdü.
– Bu, əhd edənlərin xahişidir, – dedi yaşlı adam. – Gecələr söndürüb səhər yandırırıq. Gecə boş-boş yanmaqdansa, qoy kilsəni bütün gün işıqlandırsın – əhd eləyənlər üçün də daha xoş olar…
– Anladım.
Lampanı söndürdü. İndi kilsədə qüllədən asılmış çilçıraqdan və lap qabaqda həmişə yanan şamlardan başqa işıq qalmamışdı.
– Gecəniz xeyrə qalsın, – qarovulçu dedi.
– Xeyrə qarşı.
– Yəqin, dua edəcəksiniz, eləmi?
– Hə, edəcəm.
O, müqəddəs təbərrüklərin qorunduğu otağa girdi. Xanım Henson isə dizlərini yerə qoyub dua etməyə başladı.
Neçə illərdi ki, dua etmirdi. Kimin üçün dua edəcəyini də bilmirdi. Des Moines və Kanzasdakı alıcıları, şirkətlərinin işçiləri üçün dua etdi. Dua bitən kimi də qalxdı. Yorğun halda özünü kilsə oturacağına atdı. Başını qaldıranda Məryəm ananın gözünü ona zillədiyini gördü. Elə bil Məryəm ana “Möcüzə” tamaşasındakı kimi yuxarıdan aşağı enib, onun əvəzinə bütün korsetlərini, gecəliklərini satıb qurtarmışdı, indi də elə xanım Hensonun özü qədər yorğun idi…
Bir neçə dəqiqə sonra xanım Hensonu yuxu apardı.
Ayılanda elə bil ətrafında nəsə dəyişmişdi – burnuna tanış tüstü qoxusu dəyir, iki barmağının ucu sızıldayırdı. Birdən əlindəki siqaretin tüstüləndiyini gördü.
Fikirləşmək üçün çox yuxulu idi, odur ki, iki qullab alıb siqareti sönməyə qoymadı. Yarıqaranlıq kilsədə başını qaldırıb Məryəm anaya baxdı.
– Atəş üçün sağ ol , – dedi.
Amma elə bil təşəkkür üçün bir bu söz kifayət deyildi; dizlərini yerə qoydu, barmaqlarında siqaret tüstüləyən əlini o biri ilə birləşdirdi:
– Atəş üçün çox sağ ol, – deyə, bir də dilləndi.
“Aydın YOL” qəzeti
Yazıya 786 dəfə baxılıb