Ömrüm qara dam içidi…
Qapım bağlı,
bacam bağlı,
çıraqsızam…
Kədərinin köynəyindən keçir məni,
oğlun olum, çılpaq ağac,
mən də daha yarpaqsızam…
***
Ağacların kölgəsiz vaxtıdı…
Başımın fikir məmləkətində
at oynadır
ağlımın divanəliyi…
Qanadsız quşdur ümidim…
Sahibi ölmüş evin
pəncərə şüşəsitək
soyuqdu hava.
Soyuq yağışlar yağır,
elə bilirəm,
yağan yağış deyil,
qardı…
Bir çiçək təbəssüm göndər,
deyim, –
bahardı…
***
Ağlımın ən ağıllı yeri də tutuldu
bu dəli sevgiyə…
İndən belə
Sən düşəcəyəm
baxdığım güzgüyə…
***
BURDA PAYIZ AYRIDI…
Burda payız ayrıdı,
burda payız qış kimi.
Başımdan fikir düşür
ürəyimə daş kimi.
Sağ əlimdən səs gəlmir
sol əlimin içinə.
Canımın hayındayam,
yaddan çıxsan, incimə.
Əsəblərim sim kimi
çəkilibdir tarıma.
Durna qatarı yoxdu,
düzəm misralarıma.
Bura qərib məmləkət,
bura qərib ölkədi.
Gecə qara kabusdu,
gündüz qara kölgədi.
Mən əynimə bu dəli
ömrü geyə bilmirəm.
Neynirəmsə, ağıllı
bir söz deyə bilmirəm.
Payız kəsib qapını
ağzında qar sazağı.
Alovu buz bağlayır,
neynirəm bu ocağı?
Bu qarabəxt ömürdən
indi necə Gün dərim?
Gül də tapa bilmirəm,
Sənə məktub göndərim.
Yazıya 721 dəfə baxılıb