Sabir Rüstəmxanlı – “Külqabı” – (hekayə)

sabir rQəzetdə işə başlayanda cəmi 21 yaşım vardı və ilk günlər zindana düşmüş kimi darıxırdım, redaksiyada mənə uyğun birisi yoxdu, kimlə oturub duracağımı bilmirdim, iş yoldaşlarım mənə çox yaşlı, az qala qoca görünürdülər. Elə bilirdim ələkləri ələnib, xəlbirləri göydə fırlanır. Ancaq çox keçmədi isinişdik, daha doğrusu, özləri mənim dəstədən kənarda qalmağıma imkan vermədilər, məclislərinə qatıb öz yaşıdları elədilər. Bu “məclislər” də çox nadir bir iş deyildi. Mətbəənin havası ağırdı; əlini ağdan qaraya vurmasan da axşama kimi əldən düşürdün. Köhnə üsulla linotip maşınlarında sətir-sətir yığılıb özəl masaların üstündə səhifələrə yerləşdirilən yazılar, neçə cür əməliyyatdan sonra qurğuşun təbəqələrdə hazırlanan şəkillər, hər hərf səhvindən ötrü yenidən isti-isti tökülən sətirlər, korrektura üçün verilən səhifələrin əlinə-qoluna çıxan qara rəngi, yığım sexinin nəfəsi daraldan qoxusu haqlı olaraq mətbəələri ağır şəraiti olan müəssisələr siyahısına sılmışdı. İşcilərə hər gün içməyə süd verilirdi.

Ancaq onlar həftəlik qəzetdə işləyirdilər və mətbəədəki işlərini iki günə bitirirdilər. Cümə axşamı və cümə günləri səhifələri oxuyub çap sexinə verirdilər, şənbə günü qəzet çıxırdı.

Əllərini yuyub getməyə hazırlaşanda publisistika şöbəsinin müdiri Rasim elə-belə sözarası “qurğuşunun tozu bizi öldürər, mətbəə işçisi də olmadıq ki, bizə də süd versinlər boğazımızı təmizləyək. – Sonra birdən səsinin ahəngini dəyişib – Hara gedirik?” – dedi.

Bu qurğuşun, süd söhbəti təzə deyildi. Onsuz da hər mətbəə günü bir bəhanə tapılırdı. “Canımızı qızdırmasaq bu hava bizi qırar!”, “Bu gün Arifin ad günüdür”, “İsa yaxşı Qarayazı çaxırı gətirib…”, “Telmanın tut arağından içmisiniz? Arağ deyil e, bombadır”. Bir sözlə, bəhanə qurtaran deyildi. Kiminsə ad günü, kiminsə ailəsinə yeni körpənin gəlişi, bayramlar, toylar… Əsas, ustad Vidadi demiş: bu dünyanın əzablarını kefə çevirməkdir…

Tələbəlikdən sonra çox canlı bir həyat başlanmışdı.

Bu həftə təklif İsadan gəldi. Bir gün öncə mənim yanımda olmuşdu və kənddən göndərilmiş sovqatı görmüşdü. “Altayın qaldığı yer bura yaxındır, yemək-içməyi də boldur. Bəlkə ora gedək?”. Baxışlar mənə doğru çevrildi. Aralarında yeniydim, hələ xasiyyətimi və İsanın təklifinə necə yanaşacağımı bilmirdilər. Söz yox, bu cür hörmətli adamların və iş yoldaşlarımın mənim kirayə qaldığım mənzilə yığışmalarını böyük etimad sayırdım və İsanın sözündən yapışıb əl çəkmədim. “Gözəl təklifdir”. Sonra zarafatla əlavə etdim: “Hər halda qəbiristanlıqdan yaxşı olar”.  Gülüşdülər, nəyə işarə etdiyimi bilirdilər. Çünki mətbəədən sonra bazarlıq edib sakit yer axtaranda bir neçə dəfə mətbəənin böyründəki yəhudi qəbiristanına getmişdik. Səliqəli, yaşıllıqlar arasında gizlənmiş məzarlardan birini tapıb, yanındakı masanı, oturacağı təmizləyib süfrə açırdıq. Yoldaşlardan kimsə “indi bizi yalnız vertolyotla tapmaq olar”, – deyə seçdiyimiz yerin məclis üçün nə qədər uyğunluğuna işarə vurmuşdu.

Orda baş verən bir əhvalat isə lətifəyə çevrilmişdi. Belə məclislərin dəyişilməz masabəyi ustad şair Qabildi. Bir dəfə yenə hündürdə, yaşıllıqların içində gizlənmiş bir qəbir tapıb yanındakı masada süfrə açmışdıq. Qabil də eyni yüksək məcls ilhamı ilə söz deyir, hamını danışdırırdı. Beş və ya altı nəfər idik. Məclisn axırında Qabil müəllim ilhamla, xoş ovqatla məclisi yekunlaşdırmaq istəyəndə birdən aşağıdan, yerin altından səs gəldi. Kimsə onu çağırdı: “Qabil müəllim”. Qabilin rəngi ağardı, sağlığı yarıda kəsib ətrafa boylandı, sonra bizim sakitliyimizi görüb sakitləşdi və sağlığını davam etdirdi. Bir azdan aşağıdan yenə səs gəldi: “Qabil müəllim!”.

Bu dəfə Qabil həyəcanını gizlədə bilmədi, bizə baxıb Bakı ləhcəsi ilə “Alə, siz də eşidürsüz?”, – deyə soruşdu.

Əlbəttə, eşitmişdik. Bunu gizlətmək mümkün deyildir. Təəccüblə bir-birimizin üzünə baxdığımız anda qəbri dövrələyən hasarın qapısı açıldı və bir nəfər iş paltarında, üstü toz-torpaqlı içəri girdi. Üzünü Qabil müəllimə tutub bizi görmürmüş kimi ona müraciət elədi.

- Salam əleyküm, Qabil müəllim. Həyəcanımız dağılmışdı, bayaq səs yerin altından gəlmişdisə də indi qarşımızda kəfənli birisi yox, canlı adam dayanmışdı. Qabil müəllimin cavabını gözləmədən:

- Mən sənin qonşunam da, Qabil müəllim, tanımadın? Qəbir qazanam. Dedilər təcili qazılmalı, sabah səhər tezdənə hazır olmalıdır. Ona görə qaranlığa düşsəm də, dedim qurtarım sonra gedim. Bilirsən, mən də şeir yazıram. İstəyirsən birini sənə oxuyum?

Bayaqdan susub qəzəblə ona baxan Qabil, birdən tapança kimi açıldı.

- Rəhmətliyin oğlu, gecənin bu vaxtı qəbiristanlıq şeir oxumaq yeridi? Bayaqdan ürək-göbəyimi yemişəm, deyirəm görən yerin altından kimdi məni çağırır. Bunun dalınca məclis əhlinin qəhqəhəsi də ölülərin sükutunu pozmuşdur.

Mübahisəyə yer qalmamışdı.Yolüstü xırda bazarlıqdan sonra mənim yaşadığım mənzilə gəldik. İnşaatçılar prospektində Qağayı adlı kooperativ ev şəhərin ən gözəl binalarından biriydi və kirayənişin olduğum mənzildə oturub yeyib-içməyə və dincəlməyə hər cür şərait vardı. Gecədən xeyli keçənədək oturduq və iş yoldaşlarım bir neçə dəfə mənim haqqımda badə qaldırdılar. Düzü, qısa müddətdə özümü onların dediyi şəkildə tanıtmağım ürəyimi sevinclə doldururdu.

Gecə saat on birdə ayrılarkən redaksiyanın ən sayğılı əməkdaşlarından olan və əsərləri çoxdan oxucular arasında şöhrətlənmiş Qorxmaz müəllim ayaq saxladı. “Sən burada tək qalırsan?”. Elə bildim “burada tək necə qalırsan?”- demək istəyir…

Qorxmaz müəllim saçlarına yenicə dən düşmüş, səliqəli geyim-kecimiylə seçilən, çox danışmağı sevməyən, zahirən sərt və soyuqqanlı bir adam idi. Lakin dostları arasında olanda zarafatları, atmacaları uc-uca calanırdı. Şuxluğu onu yaşından gənc və ucaboylu göstərirdi.

Ağır adam olması, xırda söz-söhbətlərə qoşulmaması, redaksiyaya gətirilən əsərlərə tələbkarlığı hər bazar ertəsi sonuncu nömrənin müzakirəsi zamanı ölçülü, biçili rəyləri ilə əməkdaşların ümumi fikrini idarə etməsi , dürüstlüyü və prinsipiallığı onu qəzetin sevilən, nüfuzlu işçilərindən birinə çevirmişdi. Üstəlik, il yarımda, iki ildən bir ortaya çıxan hər yeni roman və ya povesti ədəbi mühitdə hadisəyə çevrilər, aylarla davam edən müzakirə mövzusu olardı.

İşin sonunda, daha doğrusu, məclissiz günlərimizin birində yığışıb otaqdan çıxanda yan otaqdan məni çağırdı:

- Sabah evdəsən?

- Bəli, evdə olacam.

- Qonaq-qara gözləmirsən?

- Yox! Heç kimi gözləmirəm.

Hələ ki suallarının mənasını başa düşmürdüm.

- Saat 3-də sənə qonaq gələcəm. – Sonra yumşaq bir təbəssümlə dəqiqləşdirdi, – gələcəyik.

Qocaman həmkarımız Məmməd Əkbər demiş, “donluğumuzu” iki gün öncə almışdıq.

- Yeməyə, içməyə nə hazırlayım? – deyə soruşdum…

- Yeyib gələcəyik, çay içərik.

- Gözləyəcəyəm.

İşçilərlə məsafəli dolanan bu sərt və hörmətli adamın mənim kirayə mənzilimə tək gəlməyəcəyi əvvəlcə məni təəccübləndirdi. Aydındır ki, o, gələcəyik deyəndə yanında qadın olacağını nəzərdə tuturdu, yoxsa kimlə gələcəyini adla deyərdi. İşdən sonrakı məclislərimizdə belə söhbətlər çox olurdu. Heç kim sirrini gizli saxlaya bilməzdi. Amma Qorxmaz müəllim içini açıb tökən adam deyil, xırda atmacalarla münasibətini bildirib bu söhbətlərdən yan keçərdi. Onu görəndə qadın söhbətini yığışdırırdılar, çəkinirdilər.

Yəqin, etibarını qazanmış yeganə iş yoldaşı idim; ya da yaşadığım yerin uyğunluğu burda rol oynamışdı.

Ertəsi gün deyilən vaxtda qapının zəngi çalındı.

Qara, uzun palto geyinmiş, başına ona uyğun şlyapa qoymuş Qorxmaz müəllim bu görkəmdə detektiv filmlərin qəhrəmanlarına bənzəyirdi. Yanında özü kimi ucaboylu, zərif bir xanım dayanmışdı.

- Buyurun! – deyib, onları içəri dəvət etdim. Paltolarını asmağa kömək elədim. Qonaq otağında, masanın ətrafında oturdular, çay süzüb gətirdim. Sonra Qorxmaz müəllimi mətbəxə dəvət etdim. Soyuducunu açıb “burada Allahın verdiyindən nə varsa istifadə edə bilərsiniz” dedim. “Sən narahat olma!” – dedi. Mən onun cavabını “bizi nə qədər tez tək buraxsan, o qədər yaxşıdır” kimi başa düşdüm.

Getməyə yer tapmayanda, dostlara möhtac olanda başımıza gələn işlərdi.

Yenidən masa arxasında, xanımın yanında oturdu. Gözümü yayındırmağa çalışsam da, iş yoldaşımın sevgilisinin gözəlliyini görməmək mümkün deyildi. Göz qamaşdıran təbəssümü və iri gözləri ilə eynilə Türkan Şoraya bənzəyirdi. Qorxmaz müəllimin hər sözü, hər hərəkətini gizlədilməsi mümkün olmayan bir ehtiram və sayğı ilə qarşılayırdı.

Paltomu geyinib çıxmaq istəyəndə Qorxmaz müəllim “külqabın varmı?” soruşdu.

Mənim siqaret çəkmədiyimi bilirdi. Amma gəlib-gedən yoldaşların hamısı bu tüstünün tutqulusu idilər. Onlar dağılıb gedəndən sonra pəncərələri saatlarla açıq qoyurdum ki, zəhərin iyi dağılsın. Özümdən icad etdiyim bir xəbərdarlıq da kömək etməmişdi. Külqabının üstündə qoyduğum kağızda rəngli flomastrla “mən dostlarımın külünü görmək istəmirəm!” yazmışdım. Faciəli, eyni zamanda gülməli xəbərdarlıqdı… Ancaq gələn dostlar bu kağızı ehmalca götürüb kənara qoyur və külqabını küllə doldurmağa başlayırdılar. Çarəsiz qalıb nə vaxtsa mənə bağışlanmış bu ağır, büllur külqabını dolabda gizlətmişdim. Qorxmaz müəllimə bir söz demədən qabı çıxarıb masanın üstünə qoydum. O da siqaretini, kibritini külqabının yanına qoydu, sanki onlardan xilas olmaq istəyirdi, sonra qalxıb qapıdan məni yola saldı. “Açar qalsın sizdə, işdə verərsiz, mənim öz açarım var; yataqxanada görüşüm var, saat 9-da gələcəyəm” – dedim.

Gülümsədi.

- O vaxta biz gedərik.

Qorxmaz müəllimin səliqə-sahmanını bilirdim. Axşam evə qayıdanda bunun bir daha şahidi oldum. Hər şey mənim qoyub getdiyim kimi idi. Bircə külqabıda  iki siqaret söndürülmüşdü. Nəyə toxunmuşdularsa, yenə səliqəylə qaytarıb yerinə qoymuşdular.

Ertəsi gün açarı mənə qaytaranda üzü gülürdü. Bu minnətdarlığı əvəz edən bir ovqat idi. Hər sözünü, hər addımını ölçüb-biçən iş yoldaşım üçün dünənki görüşün nə qədər önəmli olduğunu baxışlarından sezmək çətin deyildi. Və bu ovqat günlərlə davam etdi. İki həftə sonra yenə “nə vaxt qonaq qəbul edə bilərsən?”, – deyə soruşanda cavab əvəzinə açarı ona uzatdım. Götürmədi.

- Yox, özün evdə olanda gələrik, – dedi.

Bir gün sonra gəldilər. Yeni eşqə düşmüş gənclər kimi üzlərində xoşbəxt bir ifadə vardı. Artıq bu mənzil onlara tanış idi və xüsusi dil-ağız eləməyə ehtiyac duymurdular. Yenə ortaya çay gətirdim və xudahafizləşib qapıdan çıxdım. Ancaq külqabını tapıb masanın üstünə qoymağı da unutmadım.  Axşam külqabını təmizləməyə ehtiyac qalmadı. Dostum siqaret çəkməmişdi. Öz dediyi kimi, siqaret məsələsinə payız xəzəllərindən başladığını və bu işə xüsusi bir mərasim kimi baxdığını bilirdim. Yarım saat siqaretsiz otura bilməzdi. Boş külqabının öz məntiqi var idi. Deməli, söhbətləri şirin olub və siqaret yada düşməyib.

Beləliklə, o gündən başlayaraq külqabı onların münasibətlərinin güzgüsünə çevrildi.

Bu münasibətlərin onun hansısa əsərinə mövzu olacağına şübhə etmirdim. Yəqin, yaşadığım bu mənzildə də bir rahatlıq bə xoşbəxtlik havası vardı. Bir gün Qorxmaz müəllim “niyə evlənmirsən, qaldığın mənzil yaxşıdır, kirayə qalanda nə olar?”.

Deyə bilmədim ki, evlənməsəm də xoşbəxtəm və o xoşbəxtlik hər gün sizin də gözünüzün qabağındadır.

Deyə bilmədim ki, bu mənzildə sizi təəccübləndirən səliqə-sahman mənim işim deyil. Bax elə indicə dəhlizdən ötüb keçən, sanki yeriməyən, uçan, uzun saçları kürəyini döyəcləyən gözəl qız, mənim kirayə qaldığım mənzilin yaraşığı, havası, suyudur. İşçilərlə kəlmə kəsməyən, üzünü çevirib kiməsə baxmayan bu qürurlu qız mənim otağıma gələn kimi dəyişilir, deyib-gülür, danışır, yığıb-yığışdırır, paltarlarımı yuyur, elə bil bu evin sahibi və mənim halalca arvadımdır. Deyə bilmədim ki, küçəyə çıxanda adamların boy-buxununa heyranlıqla baxdıqları bu gözəllik ilahəsi mənim ən yaxın sirdaşımdır. Kirayə mənzilimin açarlarından biri də ondadır. Məni yuxudan oyatmamaq üçün qapının zəngini çalmır. Hər gün sabah erkən işə getməzdən əvvəl evlərindən çıxıb öncə mənə baş çəkir. Səhərin şirin yuxusunda qapını nə vaxt açdığını, nə vaxt soyunduğunu hiss eləmirəm. Yorğanı qaldırıb yanıma uzanan və uzanan kimi də mənə sarılan qızın küçədən gətirdiyi soyuqluqdan diksinirəm. Ağzımı açmağa imkan vermədən qulağıma “donmuşam, isit məni”, – deyir. Bütün bunların hamısı bir yuxuya bənzəyir. Çünki iş yoldaşlarımın salamını belə minnətlə alan və Bakının nadir gözəllərindən olan bu qızın gözlənilmədən mənə aşiq olacağına və tərəddüd etmədən hər gün təklif gözləmədən qucağıma cuma biləcəyi özümə də inandırıcı görünmür. Amma bu belədir və az qala, qızın redaksiyaya gəldiyi ilk günlərdən başlayan bu münasibəti Allahdan başqa heç kim bilmir. Amma deyəsən, redaktorumuz şübhələnmişdi. Çünki nə qədər başqa məqalələr olsa da mənim yazımın hamıdan tez hazır olmasının məhz bu makinaçı qızla bağlı olduğunu hiss eləmişdi. Hətta ilk dəfə bizim şöbəyə aidiyyəti olmayan yazıları mənə verib “Çiçəyə tapşır, qoy bunları tez hazırlasın!” deyəndə təəccüblənmişdim. “Bunun mənə nə dəxli var?” demək istəyəndə onun üzündəki təbəssümü görmüş və qızın mənim bir sözümü iki eləmədiyini sezdiyini anlamışdım. Ancaq nə fərqi? Qoy bütün redaksiya bilsin. Çiçək mənim üçün bir gözəlik rəmzi və o illər uzunu arzusunda olduğum bir xanım idi. Qardaşı tutulandan sonra ehtiyac üzündən universiteti yarımçıq qoyub işləməyə məcbur olması onu öz zirvəsindən endirməmişdi. Yaza-yaza həmkarlarımın səhvlərini tutur və bəzilərinin yazılarındakı dayazlıqdan gileylənirdi. Lazım olsa bütün şəhərə car çəkib “baxın, bu qız mənim sevgilimdir” deyə bilərdim. Amma indi Qorxmaz müəllim bu münasibətlərdən xəbərsiz idi və mənzilimizdəki səliqəni mənim adıma yazırdı.

Onun sevdiyi xanımla ara-sıra bizə qonaq gəlməsinə vərdiş eləmişdim. Əvvəllər sıx-sıx görüşürdülər. Az qala hər həftə. Ailə məsələlərinə ciddi yanaşan, evinə, yoldaşına bağlı olan bip insanın, bu gizli eşqinin hardan qaynaqlandığını, hardan başladığını bilmirdim. Bizim evimizdə keçirdiyi günlərin ovqatını işdə müşahidə etmək çətin deyildi. Çünki həmin günlərdə o deyib-gülən, şən bir adama çevrilir, işdən sonrakı məclislərimizin əsas səbəbkarı olurdu. Sonra ya bu görüşlər seyrəldi, ya da onlar başqa yerdə görüşürdülər. Amma nədənsə, hər görüşlərindən sonra külqabıda söndürülən siqaretlər artırdı. Küldən nə gözləyəcəksən? Siqaret kötükləri çoxaldıqca dostumdan nigarançılığım da artırdı. Günlərin birində külqabını siqaret kötükləriylə dolu gördüm. Bundan sonra Qorxmaz müəllim məndən nə vaxt evdə olacağımı soruşmadı…

Yazıya 730 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.