Akif ABBASOV – “NAKAM MƏHƏBBƏT”

akif abbasov(hekayə)

Tədris ili təzəcə başlamışdı. Qalib qaranəfəs sinif otağına gəlib:
-Uşaqlar, heç xəbəriniz var? – deyə soruşdu.
Natiq söz atdı:
-Lo xəbər, yenə nə eşitmisən?
Qalib hər şeylə maraqlanan idi. Yaxşı oxumasa da, məlumat toplamaqda mahir idi. Ən yeni xəbərlər onda olurdu. Oradan-buradan, haradan gəldi nəsə öyrənir, əlüstü yoldaşlarına çatdırırdı. Tez onun başına yığıldılar:
-Hə, de görək nə eşitmisən?
Qabil tələsmədi. Adəti üzrə onları intizarda saxladı. Yer-yerdən:
-Daha ürəyimizi üzmə, nə bilirsən de, dincəl. Bildiyini deməsən, sənin də ürəyin partlayar.
Qalib köynəyinin üst düyməsini açdı. Tələsik gəldiyindən nəfəsi daralmış, onu tər basmışdı. Gülnara ona sataşdı:
-Qan-tərə batmısan ki. Bu istidən deyil, gətirdiyin xəbərdəndir yəqin. Səni tərlədib. Qalib cib dəsmalını çıxartdı:
-İnsafınız olsun, qoyun özümə gəlim.
Sara acıqlı halda dedi:
-Qurtar da. Bir söz deyəcəksən. Özünü çəkib dağın başına qoymusan.
-İndi zəng vurulacaq, sözün də boğazında qalacaq. Ondan sonra gərək boğaz həkiminin yanına gedəsən ki, çəkib boğazından çıxarsın sözlərini.
Bunu Afət dedi. Qalib uşaqların artıq hücuma keçdiklərini görüb tez:
-Yaxşı, yaxşı, deyirəm. Məsələ burasındadır ki, ingilis dili müəllimimiz Sevil xanım daha olmayacaq. Hamı bir ağızdan:
-Niyə? – deyə soruşdu.
-Başqa məktəbə gedib.
Uşaqlar içlərini çəkdilər:
-Bir bax ha. Necə yəni başqa məktəbə gedib? Səbəbini öyrənmədin?
Zaur dilləndi:
-Küsüb gedib, işdən çıxıb?
-Daha burasını bilmirəm.
Səmayə söhbətə qarışdı:
-Bə nə bilirsən? Özünü də hamıdan ağıllı və məlumatlı aparırsan. Özümüz sənsiz də bunu öyrənəcəkdik. İkinci dərsimiz ingilis dilidir.
Afət dilləndi:
-Qalibçik, Sevil xanımın yerinə kimin gəldiyini desəydin, onda yaxşı oğlan olardın.
Qalib tez dedi:
-Narahat olma, bu barədə də məlumatım var.
Şagirdlər bir qədər də Qalibə yaxın gəldilər. Yenə Afət soruşdu:
-Kişi müəllimdir, yoxsa qadın?
Xalidə tez dilləndi:
-Kişi müəllimin olmağı yaxşıdır.
Xatirə əlini yellədi:
-Doğru deyirsən. Bu qadın müəllimlər adamın canını boğazına yığır. Evdə anamız, məktəbdə də qadın müəllimlər. Günümüzü göy əskiyə büküblər. Bunu geyinmə, çox gülmə, dişlərini ağartma, yüngül olma, özünü yığışdır, ağır otur, batman gəl, sir-sifətini bəzəmə… Hansını deyəsən?
Nazənin də sözsüz qalmadı:
-Məktəblərdə kişi müəllim qalmayıb. Maraqsızdır
Rəsul etirazını bildirdi:
-Elə niyə deyirsən? Qadın müəllimlər daha həssas, mehriban və qayğıkeş olurlar. Ətirləri, bəri-bəzəyi, oturuşu-duruşu, hərəkətləri, ədaları adama ləzzət edir. Sizə iradları çox olsa da, biz oğlanlarla daha mülayim rəftar edirlər. Mənciyəz istərdim ki, ingilis dili müəllimimiz qadın olsun.
Gülsüm də öz növbəsində:
-Yox, kişi müəllim olsun, – dedi.
-Baxarsınız, qadın müəllim olacaq.
Bunu Kamran dedi.
-Yox, kişi müəllim, özü də cavan.
Bunu da Afət dedi. Qalibi unutmuşdular. Birdən yada düşdü. Tez üzlərini ona tutdular:
-Sevil xanımı kim əvəz edəcək? Deyə bilərsən?
Qalib özündən razı halda dedi:
-Bax bu, mənlikdir. Əlbəttə, bilirəm. Özünüzü yaxşı aparsanız deyərəm. Xanlar müəllim.
-Xanlar müəllim?
Aynur soruşdu:
-Yaşlıdır, yoxsa cavan?
Qalib:
-Bu da mənlikdir. Cavan oğlandır. Özü də sovremenni, yəni müasir. Görməmişəm, belə eşitmişəm. Qədd-qamətlidir. Deyirlər lap avropalılara oxşayır. Özü də burada yox, universiteti SanktPeterburqda bitirib.
Afət dodaqlarını büzdü:
-Rus dili müəllimidir?
-Rus dili niyə? İngilis dili. Orada oxuyub, amma ingilis dili müəllimi ixtisası üzrə.
-Maraqlıdır. Görəsən evlidir, yoxsa subay?
Bunu Gülşən soruşdu. Qalib dilləndi:
-Bu da mənlikdir. Subaydır, subay. Qızlardan kimisə xoşbəxt edəcək.
Onun sözləri qızların ürəyincə olsa da, ona təpindilər:
-Sən də yaxşı bir. Ağzına nə gəldi tullayırsan.
Zəng vuruldu. Hamı yerinə keçdi. Kimya dərsi idi. Kimya idi, fizika idi, riyaziyyat idi – şagirdlərin bir çoxu xoşlamırdı bu fənləri. Təbliğat aparılsa da, xeyri olmurdu. Bu günkü dərsə maraq sönmüşdü. Qalibin tərifli müəllimini görmək istəyirdilər. Kimya müəllimi şagirdləri fikri dağınıq görüb:
-Ay uşaqlar, sizə nə olub? – deyə xəbər aldı. -Dərs ili təzə başlayıb. Belə əhvalla məktəbə gələrlər?
Müəllimin sualı cavabsız qaldı. Hamının, xüsusən qızların fikri cavan ingilis dili müəlliminin yanında idi. Afət öz-özünə: “Qalibin dediyindən belə çıxır ki, müasir adamdır, cazibədardır. Yaraşıqlıdır. Görəsən xasiyyəti necədir? Sevil xanıma üz-gözümüz öyrəşmişdi. Çəmini tapmışdıq. Nəyi xoşladığını, nəyi xoşlamadığını bilirdik. İndi gəl buna öyrəş, görüm necə öyrəşirsən. Onuncu sinifdə oxuyuruq. Doqquz aydan sonra məktəbi qurtaracağıq. Mən də ingilis dilini fərli bilmirəm. Sevil xanım məni yola verirdi. Başqalarını bilmirəm, indi mənimçin çətin olacaq”.
Gülçöhrə öz fikrində qalmışdı: “İngilis dili müəlliminin kişi olmağı, həm də cavan olmağı həm yaxşıdır, həm də maraqlı. Bizim sinfin oğlanları özlərini hələ də uşaq kimi aparırlar. Bunların kişi olmaqlarına çox var. Evdə atamızın üzünü az görürük. Bütün günü anamızlayıq. O da ancaq buyurur, irad tutur. Məktəbə gəlirik, yenə qadın müəllimlər. Bu kişi müəllimlərsiz maraqlı deyil. Deyirlər qabaqlar məktəbdə bir neçə qadın müəllim işləyirdi, qalanları kişi idi. İndi tərsinədir. İşin tərsliyindən, məktəb direktoru da, müavinləri də, sinif rəhbərləri də qadınlardır”.
Nəhayət, tənəffüsə çıxdılar. Müəllimlər otağının qarşısından o yana, bu yana keçirdilər ki, bəlkə Xanlar müəllimi görələr. Fəqət səyləri əbəs idi. Həmin anlarda o, direktorun yanında imiş. Zəng çalındı. Onuncu sinfin şagirdləri tez yerlərini tutdular. Məktəb direktoru yanında gənc bir müəllim içəri girdi. İlk baxışdan hamı Xanlar müəllimi bəyəndi. Direktor sözə başladı:
-Salam, uşaqlar. Bundan belə ingilis dili dərslərini sizə Xanlar müəllim deyəcək.
Sonra üzünü Xanlar müəllimə tutaraq:
-Bu sinifdən razıyıq. Səylidirlər. Yaxşı və əla qiymətlərlə oxuyanlar çoxdur. Təbii ki, bir-iki tənbəli nəzərə almasaq. Davranışları da nümunəvidir.
Məktəb direktoru sinfə müraciət etdi:
-Uşaqlar, yaxşı oxumaqda davam edin. Xanlar müəllim də görsün ki, bizim necə gözəl şagirdlərimiz var. Yadınızda saxlayın: dünya təzələnib. Bizim ingilis dilli ölkələrlə əlaqələrimiz genişlənib. Vaxtilə rus dilini öyrənmək daha vacib idisə, indi həmin dildən başqa ingilis dilini də bilməliyik, özü də əla. Nə qədər çox dil bilsəniz, sizin üçün yaxşıdır. Nə isə, uğurlar!
Məktəb direktoru getdi. Uşaqların maraq dolu baxışları Xanlar müəllimə zillənmişdi. Xanlar müəllim ağır-ağır sözə başladı:
-Gəlin belə şərtləşək. Biz müəllim-şagirdlər, öyrədən və öyrənənlər olmaqdan daha çox bir-birimizi başa düşən, etibar edən, bir-birimizə inanan, bir-birimizə hörmətlə yanaşan, bir-birimizin nüfuzunu, məktəbimizin şərəfini qoruyan dostlar, həmkarlar olacağıq. Aramızda quru rəsmiyyətçilik olmayacaq. İlk növbədə vəzifələrimizi bilək. Mən öyrədəcəyəm, siz də öyrənəcəksiniz. Vəssalam. Görün necə sadə və asan işimiz var! Bax bütün bunlar olduqda, anlaşılmazlığa yer qalmayacaq. Danışdıq?
Şagirdlər əl çaldılar. Xanlar müəllim razı qaldı:
-Çox gözəl. Deməli, məni qəbul etdiniz. Elə isə dərsimizə başlayırıq.
Xanlar müəllim az müddətdə uşaqların sevimlisi oldu. Onun oturuşu, duruşu, müraciət tərzi, ingilis dilini yaxşı bilməsi və bu dildə sərbəst danışması, təmkinli olması Afətin xoşuna gəlmişdi. Onun ingilis dili dərslərinə marağı artmışdı. Çalışırdı ki, Xanlar müəllimin gözündən düşməsin. Dərsdə diqqətli idi, ciddi olmuşdu. Evdə ingilis dili dərsliyi əlindən düşmürdü. Eyni zamanda Afət hiss edirdi ki, bu maraq ingilis dilini öyrənməyə həvəsdən daha çox, Xanlar müəllimə göstərdiyi maraqdan irəli gəlir. Bu nə hiss idi, onu tərk etmək bilmirdi?
Xanlar müəllim məktəbdə də, evdə də, qonaqlıqda, ad günlərinə gedəndə də Afətin gözləri önündə idi. Bir şeyə əl uzadanda: “Görəsən Xanlar müəllim bunu necə götürərdi? Yemək yeyəndə: görəsən Xanlar müəllim stolun arxasında necə oturur, çəngəli, qaşığı, bıçağı necə tutur, çəngəllə salatı necə götürür, yemək yeyə-yeyə maye qəbul edirmi, suyu, şirəni, kompotu yeməkdən əvvəl, yoxsa yeməkdən sonra içir?” – deyə öz-özünə fikirləşir, özünə Xanlar müəllimin gözləri ilə baxırdı. Bəzən xeyli müddət bədənnüma güzgünün qarşısında dayanır, saçlarını darayır, sonra dağıdır, yenidən darayırdı. Geyiminə, yerişinə fikir verir, paltarının birini çıxarıb, o birini geyir, daha gözəl görünmək istəyirdi. Əslində onun buna ehtiyacı yox idi. Bəzənib-düzənməsə də, cəlbedici və gözəl idi. Allah-taala onu sanki ən xoş günlərində yaratmışdı.
O zamanlar məktəbdə vahid məktəbli forması tətbiq olunmurdu. Kim nə gəldi geyinirdi. Sadəcə açıq-saçıq geyinmək olmazdı. Afət yatağa uzananda uzun müddət yuxulaya bilmirdi. Yuxusu ərşə çəkilirdi. Gözlərini tavana zilləyərək, düşüncələrə qərq olurdu: “Görəsən Xanlar müəllim yatıb? Maraqlıdır, kürəyi üstə yatır, yoxsa sağ, ya sol böyrü üstə? Xoruldamır ki? Yox, inanmıram. Elə mədəni və tərbiyəli adam xoruldayıb başqalarının rahatlığını əlindən almaz. Görəsən, o tək yaşayır, yoxsa valideynləri ilə? Anasının xasiyyəti necədir? Yataq otağı görəsən necə bəzənib? Divar kağızı vurulub, yoxsa rəng? Divar kağızı, ya da boya hansı rəngdədir? İnsan xarakterinin rənglərlə də bağlılığı var. Atamdan eşitmişəm”.
Nərgiz xanım da Afətin oxuduğu məktəbdə çalışırdı. Nərgiz xanım Afətin anası idi. Bazar günləri darıxdırıcı olurdu. Afət həmin gün Xanlar müəllimi görə bilmirdi. Bu idi səbəb. Yoxsa əvvəllər bazar günlərinin gəlməsini səbirsizliklə gözlərdi. İngilis dili dərslərinin olmadığı günlər də Afət üçün cansıxıcı keçirdi. Özünə yer tapmırdı. Tənəffüslərdə anasına baş çəkmək bəhanəsi ilə müəllimlər otağına qaçır, müəllimlərlə salamlaşıb, anasının yanında əyləşir, ondan nəsə soruşurdu. Amma fikri Xanlar müəllimdə olardı. 3-5 dəqiqə də olsa. Sonra zəng çalınır, müəllimlər də, Afət də sinif otağına tələsirdi. Həftənin ikinci və dördüncü günləri anasının dərsləri günorta saat birdə qurtarırdı.
İş elə gətirmişdi ki, Xanlar müəllim də həmin saatda dərsdən çıxır, evə gedirdi. Məktəbin həyətinə düşəndə Nərgiz xanımla Xanlar müəllim qarşılaşır, söhbət edə-edə dayanacağı sarı gedirdilər. Orada onların yolları ayrılırdı. Bu, Afəti çox sevindirmişdi. O, özünü anası ilə Xanlar müəllimə çatdırır, onlarla addımlayır, gözlərini Xanlar müəllimdən çəkmirdi. Halbuki Xanlar müəllim işə başlayana qədər Afət anasının: “Qızım, mən evə gedirəm, gəl birlikdə gedək” – təklifinə “Yox, ay ana, sən get, mən də qızlarla söhbət edə-edə yavaş-yavaş gələrəm” – cavabını verirdi.
İlk əvvəllər Nərgiz xanım Afətin qızlardan ayrılıb Xanlar müəllimlə ona qoşulmasına fikir vermirdi. Bir müddət bunun təsadüfi olmadığını hiss etdi. Nərgiz müəllim onların yanınca gedən Afətə baxaraq:
-Afət, əvvəllər ingilis dili dərslərinə bir elə fikir vermirdi. İndi dərslik əlindən düşmür. Bu marağı siz yaratmısınız, – dedi.
Xanlar müəllim:
-Afətdən razıyam. Ağıllı qızdır.
Xanlar müəllim onu tərifləyirdi. Afət özünü göyün yeddinci qatında gördü. Sanki dünyanı ona bağışlamışdılar. Eyni zamanda qızardığını hiss etdi.
Xanlar müəllim sözünə davam etdi:
-İngilis dilində oxuyub, tərcümə etməyi, tapşırıqları yerinə yetirməyi bacarır, şifahi nitqi kamildir.
Nərgiz xanım dönüb qürur və iftixar hissi ilə qızına baxdı. O, şıltaq, ərköyün qızında son zamanlar baş verən dəyişikliyi görür, “daha uşaq deyil ki, bu gün-sabah məktəbi bitirəcək, ona görə təmkinli və ağır olub, geyiminə, hərəkətlərinə fikir verir” – deyə düşünür, başqa məna vermir, əsl həqiqət barədə fikirləşmək ağlına belə gəlmirdi. Sonra hər şeyi başa düşdü. Xanlar müəllimi harada görmək mümkün idisə, qızı ora can atırdı. Fikirləşdi ki, Afətlə danışsın. Danışdı da:
-Qızım, birdən Xanlar müəllimə vurularsan ha. Görürəm ona yaman maraq göstərirsən. O sənin tayın deyil. Səndən yaşca böyükdür. Mənim iş yoldaşımdır. Müəllimlər, sizin qızlar bilsələr, həngamə qopar. Qoy oturmuşuq. Səni başa düşürəm. Bu olsa-olsa ötəri bir hissdir. Ötüb keçəcək. Sənin öz qismətin var. Gələr inşallah.
Afət başını aşağı saldı. Nərgiz xanım bir daha bu məsələyə qayıtmadı. Sözünü demişdi. Bilirdi ki, qızı hökmən nəticə çıxaracaq. Onun xoşbəxtliyi üçün demişdi axı. Afət ağıllı qız idi. O qədər istəyəni vardı ki. Birinə könül verib ona ərə gedəcəkdi.
Afət anasına “Yaxşı” desə də, ürəyi ilə bacara bilmirdi. O, özündəki dəyişikliklərə təəccüb qalmışdı. Niyə fikri-zikri Xanlar müəllimin yanındadır? Niyə yatanda da, duranda da yadına o düşür. Afət gözəl qız idi. Çox gözəl.
Mütənasib əndamlı, uzun kirpikli, qəşəng biçimi sifətə malik. İri gözləri, dolu dodaqları vardı. Qızlar bulağından su içirdi. Həyatının ən fərəhli günləri idi. Günü-gündən gözəlliyini artırırdı. Xanlar müəllim hündür boylu, enli kürəkli, qarınsız idi. Üz cizgiləri cəlbediciydi. Kostyumuna uyğun və onu tamamlayan köynək geyər, qalstuk taxar, ayaqqabı geyinərdi. Kəmərini, corabını da geyiminə uyğunlaşdırırdı.
Axır ki, Afət başa düşdü və öz-özünə etiraf etdi: o, Xanlar müəllimə vurulub. Məhəbbəti xoş bir duyğu kimi salamlayır. Onun həyatını dəyişən odur – Xanlar müəllim. Sevgi onun – Afətin könül dünyasını fəth edib.
Dərsdə uzun müddət gözlərini Xanlar müəllimə dikərdi. Onunla danışanda səsi titrəyir, üzbəüz gələndə özünü itirir, görməyəndə darıxırdı. Xanlar müəllim də uşaq deyil. Qızın həsrət dolu baxışlarını öz üzərində hiss edir, fəqət bunu büruzə vermirdi. Bu yaşda olan qızların öz sevimli cavan və hətta orta yaşlı müəllimlərinə vurulmaları nadir hadisə deyildi. Hətta bundan istifadə edən bəzi üzdəniraq müəllimlər qızların hissləri ilə oynayır, cəzalarına çatırdılar.
Xanlar müəllim isə kamil şəxsiyyət idi. Afət xəlvəti mobil telefonla Xanlar müəllimin şəkillərini də çəkmişdi, aparıb şəkillərin üzünü çıxarmışdı. Otağına çəkiləndə saatlarla onlara baxar, göz yaşlarını sinəsinə tökərdi.
Məhəbbət, sevgi öz işində idi. Qalmışdı əli bağlı. Dərdini heç kimə, hətta anasına da açmır, ayıb bilirdi. Başqasına deyil, öz müəlliminə vurulmuşdu. Eşidib-bilən onu qınayacaqdı. Öz sevgisini Xanlar müəllimə də çatdıra bilmirdi. Ona nə desin, necə desin? Nə cavab alacaq? Bu da məlum deyildi. Həm də yaxşı alınmaz. Dilə-dişə düşər. Anası da həmin məktəbdə çalışır. Onu da pis vəziyyətdə qoyar. Bir dəfə Xanlar müəllim şagirdlərə ingilis dilində nağıl kitabı paylamışdı. Tapşırmışdı ki, oxuyub, məzmununu ingilis dilində danışsınlar. Qısa və asan başa düşülən nağıllar idi.
Sevginin odunda-alovunda yanmaqda olan Afət bir kağıza: “Səbri-qərarım tükənib. Sevirəm sizi. Afət” sözlərini yazıb kitabın arasına qoydu və müəllimə uzatdı. Amma yerinə keçəndə çox narahat oldu.
Tutduğu işin peşmançılığını çəkdi. Özünə heç cür haqq qazandıra və yer tapa bilmirdi. Sifəti qızarıb pörtmüşdü. Ətrafına baxdı. Ona elə gəldi ki, hamı ona göz qoyur, qızlar onu qınayır: “Nə olsun? Xanlar müəllimi biz də sevirik. Adam müəllimini sevər də. Amma biz sənin kimi ağılsız deyilik. Özünə gəl, qız uşağısan, özünü biabır edərsən. Bəlkə onun nişanlısı, ya da gözaltısı var. Həm də yaşca səndən böyükdür. Məgər bu qədər acizsən ki, hisslərini cilovlaya bilmirsən?”
Afət yerindən qalxdı. Xanlar müəllim dönüb baxdı:
-Nə isə lazımdır?
Afət dinmədi. Xanlar müəllim, sözsüz, onu başa düşürdü. Afətin bərk təşviş keçirdiyini görüb:
-Qızım, özünü yaxşı hiss etmirsən? – deyə soruşdu.
Uşaqlar da dönüb ona baxdılar. Afəti sanki ildırım vurdu: “Qızım!” dedi mənə. Məni qızı gözündə görür. Mən isə gör hansı xəyala dalmışam!”
Afət özünə gəldi. Səsi titrəyə-titrəyə dedi:
-Xeyr, müəllim, bir kağız vardı, onu axtarırdım. Çox vacib kağızdır. Tapa bilmədim. Unudub kitabın arasında qoymuşam. Olar götürüm? – deyib müəllimin cavabını gözləmədən irəli yeridi.
Xanlar müəllim kitabı ona uzatdı. Afət kağızı götürüb ovcunda əzdi və kitabı qaytardı.
-Sağ olun, müəllim.
Günlər, həftələr, aylar bir-birini qovmaqda idi. Nəhayət, dərs ili başa çatdı. Afət təhsilini başa vurdu. Məzunlardan kimsə istehsalatda işləməyə getdi, kimisi texnikuma, kimisi də institut və universitetlərə sənəd verdi. Afət pedaqoji təhsil aldı. Bu ərəfədə Xanlar müəllim də institutların birində ingilis dili müəllimi işləməyə başladı. Yolları aralanmışdı. Afət Xanlar müəllimi arayıb-axtarmağa utanırdı. Başı dərslərinə qarışmışdı. Çölə-bayıra da evdəkilərin biri ilə çıxırdı.
Qardaşı maşınla instituta aparıb-gətirdiyindən Xanlar müəllimdən xəbər tuta bilmirdi. Məhdudiyyətlər vardı. Yetkin qız olduğundan qorxurdular götürüb qaçarlar, ya da kiməsə, layiq olmadığının birinə ərə gedər. Geyiminə də fikir verirdilər. Bir dəfə instituta getmək üçün həyətə düşmüşdü. Maşına minmək istəyəndə qardaşı:
-Bir evə dəy, sonra gələrsən, -dedi.
Afət Ramizin üzünə baxa-baxa qaldı. Qardaşı bir daha sözlərini təkrar etdi. Afət çiyinlərini çəkərək beşinci mərtəbəyə qalxdı. Nərgiz xanım:
-Niyə qayıtdın? – deyə soruşdu.
Afət:
-Bilmirəm, – dedi.
– Ramizin buyruğudur. Dedi evə get.
Nərgiz xanın dərhal başa düşdü:
-Deyib ki, get, koftanı dəyiş.
-Koftama nə olub ki?
-Sinəni qabarıq göstərir.
Afət lal-dinməz əyinin dəyişib aşağı düşdü.
O vaxtdan Xanlar müəllimi görməmişdi. İllər keçdi. Xanlar müəllim evlənmiş, Afət ərə getmişdi. Afət Xanlar müəllimin nə düşündüyünü bilmirdi. Amma ona olan sevgi Afəti tərk etməmişdi. Əri ilə bir yastığa baş qoyanda gözlərini yumar, ona elə gələrdi ki, Xanlar müəllimlədir. Bu xəyallarla iki oğlan, bir qız dünyaya gətirdi. Qızını ərə verdi, oğlanlarını evləndirdi. Ona elə gəldi ki, onların atası Xanlar müəllimdir. Onların xeyir işlərində gözləri Xanlar müəllimi axtardı.
Təəccüb qaldı: “Bu niyə övladlarının toyuna gəlməyib? Axı xəyalında onu canlandıraraq bu uşaqları dünyaya gətirmişdi. Belə də insafsızlıq olar? Sonra xəyallarından ayrıldı və həqiqəti anladı. Reallıq başqa idi. Xanlar müəllimin öz uşaqları vardı – başqa arvaddan; onun da öz uşaqları vardı – başqa kişidən…
* * *
Afət qabaqcıl müəllim idi. Xanlar müəllim də müdafiə edib fəlsəfə doktoru olmuşdu. Günlərin birində təhsilin aktual problemlərinə həsr edilmiş respublika elmi konfransı keçirilirdi. Afət də təlim prosesinin aktual problemlərinə aid məruzə hazırlamışdı. Onun çıxışı konfransın gündəliyinə salınmışdı.
Konfrans Xanlar müəllimin işlədiyi institutda keçiriləcəkdi. Əslində onun konfransa qatılmaq fikri yox idi. Məktəb direktoru üzdən-gözdən salmışdı onu. Afət məruzəsini könülsüz hazırlamışdı. Xanlar müəllimlə üzləşmək istəmirdi. Direktor əl çəkməmiş: “Yaxşı iş təcrübən var, niyə də çıxış etməyəsən?” – demişdi. Afət zalda əyləşmişdi. Gözləri Xanlar müəllimi axtarırdı. Fəqət Xanlar müəllim görünmürdü. Bu qədər adamın arasında kimi isə tapmağın özü çətin idi.
Plenar iclasından sonra bölmə iclasları öz işinə başladı. Onların bölməsi 343-cü otaqda idi. İçəri girəndə az qaldı ürəyi yerindən oynasın.
Xanlar müəllim başda qoyulmuş stolun arxasında əyləşmişdi. Bölmə iclasının sədri idi. Afət salam verib oturdu. Xanlar müəllim sınayıcı nəzərlərlə Afətə baxdı. Xanlar müəllim bir qədər yaşa dolmuşdu. Şəvə kimi qara saçlarına və bığına dən düşmüşdü.
Ağlı-qara saçlar ona xüsusi yaraşıq verirdi. Xanlar müəllim Afəti tanıdığını büruzə vermədi. Bu, Afətə qaranlıq qaldı: “Görəsən məni tanıdı?”
Afət də xeyli dəyişmişdi. Gənclik illəri arxada qalmışdı. Təmkinli, ağır yerişli, qaraqabaq, bir qədər ətə-qana dolmuş qadın idi. Dolğun bədəni gözəlliyini bir az da artırmışdı. Xanlar müəllimin onu tanımaması Afəti bir qədər ürəkləndirdi, həyəcanını azaltdı. İllər öz işini görmüşdü. İndi onun ailəsi vardı. Sevimli əri, övladları vardı. Birdən Afətin nəfəsi qaraldı: “Adımı oxuyanda Xanlar müəllimin yadına düşəcəyəm. İşin tərsliyindən mənim adım nadir adlardandır. Amma soyadımı dəyişmişəm. Bəlkə bu məni xilas etdi”.
-Afət Hüseynli, buyurun. Onu çağırırdı. Məruzəsini götürüb qabağa çıxdı. Səsində titrəyiş danışmağa başladı. Xanlar müəllim də, iştirakçılar da suallar verdilər. Nəhayət, bölmə iclası başa çatdı.
Xanalar müəllim tədbiri yekunlaşdırdı. Yaxşı məruzələr sırasında onun da adını çəkdi. Dağılışdılar. Afət ağır addımlarla irəliləyirdi. Xanlar müəllimli xatirələr baş qaldırmışdı. Neçə illər idi ki, onu görmək istəyirdi.
Bu gün arzusuna çatmışdı. Fəqət onlar söhbət edə bilmədilər. Görünür, xatirələri dəfn etməyin vaxtı idi. Son dəfə Xanlar müəllimi görmək ümidi ilə dönüb arxaya baxdı. Xanlar müəllim onun ardınca tələsirdi.
-Afət xanım! Afət ayaq saxladı. Xanlar müəllimin səsi idi. Bu səsdən ötrü çox darıxmışdı.
-Xoş gördük. Necəsən?
Afət də öz növbəsində:
-Xoş gördük!
Afət fikirləşdi ki, bir də kim bilir nə zaman Xanlar müəllimlə qarşı-qarşıya gələcək. Odur ki, sözünü dedi:
-Bu illər mənimçin çox ağrılı, əzablı keçdi.
Xanlar müəllim təəccüblə ona baxdı:
-Niyə ki? Mən həmişə səninlə maraqlanmışam.
Afət özündə bir rahatlıq tapdı. Gözləri işıqlandı: “Mən də elə bilirdim, Xanlar müəllim mənə qarşı laqeyddir. Demə, məni yada salırmış, məndən xəbər tuturmuş”.
O, ürəyində Xanlar müəllimə minnətdarlıq elədi. Xanlar müəllim ondakı dəyişikliyi hiss etdi:
-Sənin yaxşı ailən, uşaqların, evinə-eşiyinə bağlı həyat yoldaşın var. Dolanışığınız, gün-güzəranınız da pis deyil.
Afət kövrəldi:
-Doğru buyursunuz, müəllim.
Afət özü də bilmədi ki, “müəllim” kəlməsi necə oldu ki, onun ağzından çıxdı:
-Bir arzum, istəyim vardı. Ona çata bilmədim. Bu günə kimi məni ağrıdır.
-Afət, yadında varmı? O zaman sən nağıllar kitabını məndən geri aldın ki, arasında vacib kağız var. Amma o necə lazımlı kağız idi ki, kitabı götürən kimi ovcunda əzdin?
Afətin gözləri doldu:
-O kağız deyildi, məktub idi. O məktubla da qəmli günlərim başlandı. Əslində onu kitabın arasından götürməməli idim, fəqət götürdüm.
-Nə yazılmışdı o məktubda?
Afət özünü birtəhər ələ alıb dedi:
-O məktub sizə ünvanlanmışdı.
Xanalar müəllim tutuldu və fikrə getdi: “Görəsən nə yazımmış?”
-Elə isə niyə qoymadın oxuyum?
Əslində Xanalar müəllim də Afətə biganə deyildi. O da Afəti sevirdi. Xanalar müəllim də Afətli xatirələrlə yaşamışdı. Qızın ona vurulduğunu hiss etmişdi. Amma tərəddüd içərisində idi. Dilə-dişə düşməkdən qorxurdu. Həm də öz şagirdinə bənd olmağı nəinki özünə, heç başqa müəllimlərə də məsləhət bilmirdi, müəllim adına yaraşdırmırdı. Öz məsuliyyətini dərk edirdi. Amma onun səhvi onda idi ki, sonralar Afəti heç itirib-axtarmadı. Öz sevgisini ona açmadı. Özü də əzab çəkdi, Afəti da əzab çəkməyə məcbur etdi. Fəqət onunla görüşə və dərdləşə bilərdi. Axı daha biri müəllim, digəri şagird deyildi. Xanlar müəllim gözləmə mövqeyində dayanaraq, fürsəti əldən verdi. Afət ondan bir xəbər çıxmadığını görüb, ərə getdi. Xanlar müəllim də bunu eşidib ailə qurdu. Xanalar müəllim etiraf etdi:
-Afət, sözün düzü, sənin mənə olan məhəbbətindən xəbərim vardı. Əslində mən də səni sevirdim.
Afət qeyri-ixtiyari:
-Bəs niyə dayanıb durdun? – deyə soruşdu. -Mənə işgəncə verməkdən xoşun gəlirdi?
Xanlar müəllim son dərəcə üzgün halda:
-Sən şagird idin, mən də müəllim, – dedi. -Boynuma düşən məsuliyyət əl qolumu bağladı.
Afət xəyallarında yaşatdığı gözəl simalı, mədəni, savadlı, gülərüz, şıx geyinən Xanlar müəllimin bu qədər aciz, qorxaq, xudbin, özünüsevən, özünüdüşünən, qətiyyətsiz və iradəsiz olduğunu ağlına belə gətirə bilməzdi. Onunla bağlı təsəvvürləri birdən-birə alt-üst oldu: “Gör kimdən ötrü illərlə dəli-divanə olmuşam”.
Afət ürək ağrısı ilə:
-Nə isə. Olan olub, keçən keçib, – dedi.
Xanalar müəllim peşman:
-Biz eyni hiss və duyğularla özümüzə əzab vermişik. Mən özüm heç də səndən az iztirab çəkməmişəm. Fəqət artıq gecdir. Bizim hər birimizin öz ailəsi, uşaqları var. Onları düşünməliyik.
-Bəli.
Xanlar müəllim:
-Bundan belə biz yalnız dost ola bilərik , – dedi.
Afətin bütün ümidləri qırıldı. Öz-özünə: “Nağıl kitabının arasına qoyduğum məktubu geri götürdüyümə görə çox peşmançılıq çəkmişdim. Amma sən demə, düz hərəkət eləmişəm. o məktub ünvanına çatmamalı idi”.
Bunları fikirləşən Afət:
-Xanlar müəllim, biz hər ikimiz ailəliyik. Böyük uşaqlarımız var. Mən öz ailəmi sevirəm, sən öz ailəni.
Xanlar müəllim:
-Dost olaraq qalaq, -dedi. -Səmimi dost.
Artıq əvvəlki Afətdən əsər-əlamət qalmamışdı. İndi o, Xanlar müəllimdən daha güclü görünürdü. İnamlı və qətiyyətli olmuşdu. Üzünü Xanlar müəllimə tutaraq dedi:
-Yox, Xanlar müəllim. Biz artıq müstəqil adamlarıq. Sən müəllim, mən də sənin şagirdin deyiləm. Mənim vicdanlı, öz ailəsinə bağlı ərim var. O, qısqancdır. Biz dost ola bilmərik. Ərim ayrı şey fikirləşər. Bizim sadəcə görüşüb ayrılmağımız məsləhətdir.
Ayrıldılar.
Xanlar müəllim Afətin ardınca baxa-baxa qaldı. Onlar dərdləşib neçə illər ərzində daşıdıqları ağır yükü çiyinlərindən atıb yüngülləşdilər. Hərə öz ailəsinin yanına tələsdi. Afət mənzilinin qapısını açıb içəri girdi. Qızı Nəsibə öz qızı ilə onlarda idi. Əri Murad əyləşib televizora baxırdı. Afət tuflilərini soyunmadan qızının üstünə yüyürdü. Onu qucaqlayıb:
-Əla! Qorxurdum, çəkinirdim. Amma çıxışım yaxşı alındı. Yer də tutdum. Təbrik edin məni!
Sonra ərinin boynuna sarıldı:
-Murad, “sağ ol” sənə düşür. Məni ürəkləndirdin.
O, ərini öpüşlərə qərq etdi. Bəlkə də birinci dəfə idi ki, Muradı ürəkdən qucaqlayıb doyunca öpürdü. Murad onun gözlərində qat-qat ucalmışdı.
Şirvan şəhəri, 01 sentyabr 2017-ci il

Yazıya 1130 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.