İsmayıl İmanzadə – “SEVİNDİM” (şeirlər)

IMG_3638ALLAH

 

Ülvi duyğularım dəhnədir, dəhnə

Ürəyim şeirlə dolu bir təhnə.

Nə bir az təzəyəm, nə də ki, köhnə,

Sənin “ol” dediyin gündənəm, Allah!

 

Qəribəm, heç nəyə gəlmir gümanım,

Sevgindir əbədi dinim-imanım.

Saflıq-halallıqır andım-amanım,

Yoğurub-yapdığın kündənəm, Allah!

 

Sənsən tacidarı göyün, yerin də,

Heç vaxt açılmayan sirrin dərində.

Əgər ismim yoxsa “can dəftəri”ində,

Deyim,-  İsmayıl adlı bəndənəm Allah!

                                        19.05.2020

 

Deyirdim bəs, məndən küsüb getmisən,

Dönük eşqin zülmətində itmisən.

Nə yaxşı ki, harayıma yetmisən,

Gözləmirdim… gəlişinə sevindim.

 

Əzəlkitək təmtəzədir naxışın,

Kipriyini islatmayıb “yağışın”.

Bulanmayan göl kimidir baxışın,

Dəyişməyən yerişinə sevindim.

 

Hər sirrini “vərəqləyib” danışdın,

Nə yaxşı ki, nə kükrədin, nə daşdın.

Közərdikcə şölə saçıb alışdın,

Qəlb oxşayan hər işinə sevindim.

 

Demə, ürək nə daş imiş, nə dəmir,

Hər yetəni bəxt sevinclə “bələmir”.

Sona çatcaq umu-küsü, səs-səmir,

Qönçələnən gülüşünə sevindim.

                                   02.06.2020

 

GƏLDİM

 

A dünya, sərt üzündən

Olmadm halı, gəldim.

Nə atlı, nə dəvəli,

Nə barxanalı gəldim.

 

Şaxtalı qışı gördüm,

Qarı-yağışı gördüm.

Eniş-yoxuşu gördüm,

Dolandım yalı, gəldim.

 

Təzə arzu-həvəsdim,

Yaşamağa tələsdim.

Zülmət qarşımı kəsdi,

Azmadım yolu, gəldim.

 

Üstümə yağanda daş,

Bildim nədir cəng-savaş.

Mən sənə əlləri boş,

Ürəyi dolu gəldim.

        03.06.2020

 

HANI BU EVİN YİYƏSİ…

 

Ölübdümü-itibdimi,

Uzaqlara gedibdimi?

Dərd içində keçən ömrün

Zülmətində batıbdımı -

Hanı bu evin yiyəsi?

 

Bu evin qapısı bağlı,

Bu evin yarısı uçuq.

Həyətindən qəm boylanır,

Çəpəri, barısı uçuq -

Hanı bu evin yiyəsi?

 

Bu evin arxı qupquru,

Suyu dəhnədən quruyub.

Bu evin çörək ağacı,

Bilən yox, nədən quruyub -

Hanı bu evin yiyəsi?

 

Bəlkə yurddan perik düşüb,

Yollar bağlanıb üzünə?

Sığınmayıbsa qürbətin

Gecəsinə-gündüzünə -

Hanı bu evin yiyəsi?

 

Bu evin sükutu qərib,

Gələni yox, gedəni yox.

Od tutub yansa da belə,

Harayına yetəni yox.

Çəhlimi, cığırı itib,

Əzəli, axırı itib -

Hanı bu evin yiyəsi?

 

Unudulan məzar kimi,

Həsrətdi ayaq səsinə.

Tənhalıqdan təngə gəlib

Boylanır yan-yörəsinə.

Bilən yoxdur günahını,

Gizlədə bilmir ahını -

Hanı bu evin yiyəsi?

 

Bəlkə dərdə əsir düşüb,

Bəlkə qürbətdə sızlayır?

Bəlkə Vətən həsrətiylə

Əlçatmayan bir şəhərdə,

Uzaq bir kənddə sızlayır?

 

Bu evin baş dikəldəni,

Bu evin uşağı hanı?

Kim bağlayıb bu qapını,

Kim dağıdıb bu yuvanı?

Niyə uçuq komaların

Gündən-günə artır sayı?

Heç belə bölgümü olar,

Bəs, kasıbın hanı payı?

 

Bəlkə qorxub, yurddan qaçıb,

Arxalı it-qurddan qaçıb?

Bəlkə hardasa gizlənib,

Ya qəfil qeybə çəkilib?

Qurtara bilsə də canın,

Yəqin ki, xəbərsiz deyil,

“Torbası”  çoxdan tikilib…

 

Hələ də beli bükülü

Bir sual cavabsız qalır.

Axı, niyə gündən-günə

Haqqı tapdanan çoxalır?..

Niyə eşidilməz olub

Əzilən insanın səsi?

Bilmirik kimdən soruşaq -

Hanı bu elin yiyəsi?..

                            1987

ÖZÜN DE …

 

Üstələyib bəxtini qəm,

Ta dinə bilmirsən bu dəm.

Gözün yol çəkir, bilirəm –

Naxışı varmı bu yolun?

 

Qəlb qırmaq birinin işi,

Dəyişən deyil vərdişi…

Xəyalında sərt enişi –

Yoxuşu varmı bu yolun?

 

Eşqin səni edib “dəli”,

Qalmısan boynu bükülü.

Özün de, sevgi müjdəli –

Yağışı varmı bu yolun?

              31.03.2020

SANMAYIN YETƏN ÖLƏCƏK

 

Artıb-çoxaldıqca qiymət-qədir

Biləcəyik sevgi nədir.

Torpaq bir dolu təknədir,

Nə sünbül, nə dən öləcək.

 

Haqqın qatlanmaz dizi var,

Hər gecənin gündüzü var.

Taleyin min bir üzü var,

Kim bilir nədən öləcək?

 

Tanrının qadir əlləri

Qoruyacaq yenə yeri.

Ruhumuz qalacaq diri,

Ölsə də bədən öləcək.

 

Dərd nə bir, nə də ikidir,

Həyar hər şeyin ilkidir.

Ölüm haqqı bizimkidir,

Əcəli yetən öləcək…

                   04.04.2020

YAMANCA KÜR İMİŞSƏN HA…

 

Xoş sözdür yadında qalan,

Dilinə yatmayıb yalan.

Deyəsən dili lal olan

Gizli bir sirr imişsən ha!

 

Hələ bəxtin ötməz gendən,

Çəkinmirsən səsdən-ündən.

Xəyalında əzəl gündən

Sevgiylə bir imişsən ha!

 

Halallıq ismətin-həyan,

Yad baxışlar sənə ayan.

Yetənin əli çatmayan

Saf inci-dürr imişsən ha!

 

Axı, nədir ki, günahın,

Köksünə sığmayır ahın?

Bir dili yanmış bədxahin

Gözündə tir imişsən ha!

 

Çatmısan ömrün yazına,

Hər söz yatmır avazına.

Dözmək çətindir nazına,

Yamanca “kür” imişsən ha!..

                       05.04.2020

 

BİZ NİYƏ BELƏYİK…

 

Zəmanə üzünü qəfil bozartdı,

İtdik zülmətində “bəhsə-bəhs”lərin.

“Mənəm-mənəm” deyən çoxalıb artdı,

Kündəsi küt getdi halal kəslərin.

 

Namus da, qeyrət də kəsərdən düşdü,

Tanıya bilmədik niyə pisləri?

Dinmədik… tullanıb qabağa keçdi,

Sərvət düşkünləri, pul hərisləri.

 

Ağa qara dedik, qarayasa ağ,

“Dərs aldıq” alyanaq “manisə”lərdən.

Hönkürə-hönkürə qaldı Qarabağ,

Düşdü ovcumuza göz yaşı dən-dən.

 

Sırası seyrəldi mərd ərənlərin,

Torpaq həsrət qaldı alın tərinə.

Ucuz ad-sanıyla öyünənlərin

Züy tutub, əl çaldıq dediklərinə…

 

“Salam-sağollar”ın qalmadı dadı,

Aldanıb, güvəndik ağlı çaşlara.           .

Xilaskar zənn edib hər gələn yadı,

Bükdük yalanları al qumaşlara.

 

Niyə əllərimiz üzüldü haqdan,

Xoş söz dildən düşdü, barmaq tətikdən.

Sönmüş ocaqlara baxıb uzaqdan,

Öpdük yad ellərdə əldən-ətəkdən…

 

Bizdəki “hünərə” mat qalıb yağı,

Nə yurd yada düşür, nə künc-bucaqlar.

“Əlborcu vermişik” – dedik torpağı,

Lazım nə vaxt gəlsə qaytaracaqlar…

                                           21.04.2020

QOYMADILAR

 

Hər anım yarpaq tökümü,

Kəsdilər dibdən kökümü.

Öz əlimlə öz yükümü

Daşımağa qoymadılar.

 

Kəsdi qarşımı naşı da,

Gördüm cəngi-savaşı da.

Gücüm çatan bir daşı da,

Aşımağa qoymadılar.

 

Gah batırdılar səsimi,

Gah kəsdilər nəfəsimi.

Öldürdülər həvəsimi,

Yaşamağa qoymadılar.

       23.04.2020

AĞLASIN

 

Dərd bəxtin qara daşımı,

Qoymur girləyəm başımı.

Rəhmə gəlib göz yaşımı

Silən, ağlasa, ağlasın.

 

Qəribəm, sızlamaq peşəm,

Tanrım, qoyma gözdən düşəm.

Yaman günümdür, ölmüşəm,

Gələn, ağlasa, ağlasın.

 

Bir divanəyəm elə bil,

Gözərib ağzımdakı dil.

Eşqimlə birgə ötən il

Ölən, ağlasa, ağlasın…

 

Korazehin fəhmim olub,

Bağışlanmaz səhvim olub.

Çoxdan yasım, dəfnim olub,

Bilən, ağlasa, ağlasın.

                       03.05.2020

 

 

Yazıya 1557 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.