Dan yeri qızarana yaxın atları yedəklərinə alıb yollarına davam etdilər. Gecəni çayın qırağında keçirmişdilər. Həm özləri, həm atlar, həm də ətəkləri az qala yernən sürünən üç seçmə erkək yatıb yol yorğunluğunu canlarından çıxartmişdılar. Əslində buna heç yatmaq da demək olmazdı. Çiyinlərinə atdıqları cürcənəyə bürünüb növbəylə mürgüləmiş, çıdarladıqları atlara, toxluqdan arabir işxırışıb, şirin-şirin kövşək çalan qoyunlara səhərə qədər keşik çəkmişdilər.
Ağsunun qənşərindəki dağın yamaclarında gül-gülü, çiçək-çiçəyi çağırırdı. Buralarda yazın əsil oğlan çağıydı. May ayının əvvələri olsa da, səhər mehinin sazağı adamı üşüdürdü. Yamacdakı qayanın çatlarından süzülən bulağa çatanda iricüssəli çoban çiynindəki üçatılanı iri daşa söykəyib dilləndi:
-Qoy, heyvanlar otlayıb qarınlarını doyusunlar, biz də bir az dincimizi alaq.
Başında qara quzu dərsindən papağı olan qayışbaldır kişi şehli otlarda islanan çarıqlarına işarə etdi.
Dağın döşündən üzüaşağı baxanda Şirvan düzü Padarçölün qurtaracağına qədər ovucun içi kimi görünürdü. Üfüqdən təzəcə boylanan günəşin zərrələri əlvan dağ çiçəklərinin üstünə düşdükcə, elə bil yamac alışıb yanırdı. Üzləşdikləri mənzərəylə elat yollarında dəfələrlə tanış olsalar da, heyrətlərini gizlədə bilmir, elə bil gördüklərini gözlərinə təpmək istəyirdilər…
Buz kimi bulaq suyunda əl-üzlərini yuyandan sonra qayışbaldır çoban qaşqa kəhərin belindəki heybədən dəstəxanı çıxarıb göy otların üstə süfrə açdı. Üzlü motal pendirini yuxanın arasına yaxıb dümək tutdular.
-Deyirəm, a Məhəmməd dayı, görəsən Hacının Şamaxıdakı qonağı kimdir ki, onun xətrinə biz iki gündür bu yollarda belə əsir-yesir olmuşuq?
Üç ildən bəri dağda-aranda yoldaşlıq elədiyi şivərək çobanın bir az yekəxana danışmağı Məhəmmədi açmadı:
-Əəə Nurəli, ay oğul, niyə əsir-yesir oluruq? Əvvala nökərin borcu ağanın buyurduğunu yerinə yetiməkdir, ikincisi də Hacı hər yetənlə oturub-duran kişi deyil. Özün məndən yaxşı bilirsən ki, Hacı Mərcanlı gəlladarlarının içərisində ən insaflı, səxavətli adamdır. Çoban-çoluğa, nökər-naibə öz övladları kimi baxır.
Cavan çoban əlüstü qəbaətini anlayıb üzürxahlıq etdi:
-Məhəmməd dayı, adamın başının üstə Allah var, mən Hacıdan yerdən-göyəcən razıyam. Haqqımızı vaxtlı-vaxtında ödəyir, nökərlə adam kimi davranır, qarındolusu çörək verir. Ancaq bilmək istəyirəm ki, Şamaxıda kimin qapısına gedirik, bu erkəkləri, xurcundakı yavanlığı kimdən ötəri aparırıq?
Məhəmməd kişi iri papağıını gözünün üstən geri itələyib, göy otların əhatəsində olan sal daşa dirsəkləndi:
-Oğul, mənim çoban olmağıma baxma, tükü-tükdən seçən adamam. Hacı adamı loxma ilə boğan varlılardan deyil. Mən eşitdiyimə görə onun Mirzə Cəlil adlı naxçıvanlı bir dostu var. Deyirlər o kişi çox dərrakəli, alim-mənsib bir adamdır. Ayda iki-üç kərə Hacıya ondan ismarıc gəlir. Tiflisdən ağamızın adına göndərilən baratların içərisində gülməli bir jurnal da olur. Deyəsn adına “Molla Nəsrəddin” deyirlər onun. Neçə dəfə gözümlə görmüşəm ki, Hacı mütəkkəyə dirsəklənib o jurnalı həvəslə oxuyur.
-Yəni Hacı belə savadlı adamdır ki?
-Hacının savadına söz ola bilməz, eşitmişəm uşaq vaxtı Çələbilər kəndindəki mədrəsədə oxuyub. Hə, oğul, o Mirzə Cəlil deyilən şəxs bildiyimə görə arada bir mollalara, pullu adamlara da sataşır. Ancaq buna baxmayaraq Hacı o kişi ilə əlaqəsini üzmür.
-İndicə dediyin Mirzə Cəlil Şamaxıda yaşayır?
-Yox, Şamaxıda yaşayan onun dostudur, deyirlər bir az ağır xəstədir. Hacı bu sovqatı onun adına göndərib.
-Yəqin Şamaxının məşhur bəylərindəndir o kişi?
-Yox, bəy-zad deyil, Hacıdan eşitdiyimə görə şairdir, dələduz adamların onu görən gözü yoxdur.
-Məhəmməd dayı, şair nəmənə olan şeydir?
-Niyə yalan danışım, a bala, orasını heç özüm də düz-əməlli bilmirəm. Di qalx, yolumuza davam eləyək. Atalar demişkən,- “danışıq dananı qurda verər”…
Meşənin içərisindən keçən cığırla gedəndə bir dəstə yaraqlı atlıyla qarşılaşdılar. Qiyafələrindən qaçağa oxşayırdılar. Dəstədən qabaqda gələn adam çobanları başdan-ayağa süzüb köntöy-köntöy dilləndi:
– Bu erkəkləri bizə satarsınızmı?
-Yox, qardaş, satlıq bir şeyimiz yoxdur, xəstə üçün pay aparırıq.
-Kimdir o xəstə?
-Mirzə Ələkbər adlı bir şairdir.
-Hə tanıyıram, Sabir kimi bir şairin payına göz dikmək olmaz…
Bayaqdan bəri köklükdən güclə nəfəs alan erkəkləri zorla da olsa ələ keçirməyi özü-özlüyündə qət eləyən qaçağın üzü bir az mülayimləşdi:
-Kim göndəribsə, Allah dayağında dursun! Ağır küfət sahibidir, keçən həftə mən də Şamaxı bazarından bir çuval un alıb göndərmişəm, yazıq kişi xeylaq vaxtdır ki, yataq xəstəsidir…
-Allah şəfa versin!
Qaçaqbaşı bu dəfə canıyananlıqla dilləndi:
-Yaxşı, bəs burdan niyə gedirsiniz, Şamaxıya qalxan kəsə yolu tanımırsınızmı?
Çoban Məhəmməd dilləndi:
-Yox, bu yerlərə nabələdik.
-Onda dalımızca gəlin!
Qaçaqbaşı atını məhmizləyib qabağa düşdü. Bir az sola burulub yoxuşu dırmanmağa başladılar. Xeyli gedəndən sonra qaçaq atın başını çəkib, əlindəki şallağı qabağa tuşladı:
-Bax, o bələni aşandan sonra Şamaxı görünəcək. Bayaqkı yol xeyli uzaq idi. Hə, di yolunuzdan qalmayın! Sizə öcəşən olsa deyin qaçaq Ələmdarın dostlarıyıq…
Gün əyilənə yaxın Şamaxıya çatdılar. Qayışbaldır çobanın nəzərləri iri tikililərə sataşanda heyrətdən gözləri bərələ qaldı:
-Vay, dədəə, nə yekə evlərlər varmış burda!..
***
Soraqlaşa-soraqlaşa kasıb bir məhəlləyə çatdırlar. Doqqazlardan birinin ağzında onları bir dəstə oğlan uşağı qarşıladı.
Qoyunların hürküşüb aradan çıxacağından ehtiyatlanan çobanlar tez atlardan aşağı düşdülər. Uşaqlar ilk dəfə gördükləri bu qəribə qiyafətli adamlara maraqla tamaşa edə-edə yerbəyerdən dilləndilər:
-Əmi, bu qoyunları hara aparırsınız?
-Kimi axtarırsınız?
-Bizi də ata mindirin!
-Qoyunun yekəliyinə bax!
Çoban Məhəmməd atın başını çəkə-çəkə heyvanların qabağına keçdi.
-A bala, Mirzə Ələkbərin evi hansıdır?
Sualı eşidən kimi uşaqlar yoldaşlarından birinə tərəf döndülər.
-Məmmədsəlim, sənin atanı soruşurlar.
Məmmədsəlim deyilən uşaq qaça-qaça kiçik həyət qapısını açıb evə təfər yüyürdü.
İçəridən ağzı yaşmaqlı bir qadın, kiçik bir qız uşağı və geyim-geçimindən oxumuş adam olduğu bilinən bir kişi çıxdı. Kişi çobanlarla görüşəndən sonra dedi:
-Mirzə Ələkbəri soruşmaqda xeyirdimi?
Çoban Məhəmməd qabağa keçib ədəblə dilləndi:
-Qapınıza xeyirliyə gəlmişik, ağa! Bu qoyunları və yavanlığı ağamız Mirzə Ələkbərə sovqat göndəribdir.
-Qonaq qardaş, soruşmaq ayıb olmasın hardan gəlmisiniz?
-Qalaqayından! Bizim Mərcanlı elatının qışlağı Muğandadır. İki həftədən sonra köçüb Dərələyəzdəki yaylaqlarımıza gedəsiyik.
Uşaqların dövrəyə aldıqları qoyunları həyətə salandan sonra, çobanlar qaşqa kəhərin belindəki xurcunu da yerə qoydular. Xurcunun gözünün birindən pendir motalını, o birisindən isə əmcək yağı ilə dolu qarını həyət qapısından içəri keçirdilər.
Ağzı yaşmaqlı qadın utana-utana dilləndi:
– Çox sağ olun, ay qardaşlar, göndərənin də, gətirənlərin də Allah canlarını sağ eləsin.
Sonra da yanındakı kişiyə tərəf yönəlib pıçıltıyla söylədi:
-Abbasqulu qardaş, qonaqları içəriyə dəvət elə, yol gəliblər!
Qadının dediklərini eşidən çoban Məhəmməd üzüxahlıqlıqla dilləndi:
– Zəhmət çəkməyin, bircə Mirzə Ələkbərə çatası kağız var, icazə verin onu verib çıxım.
Çoban Nurəlidən başqa hamı içəri keçdi. Balaca otağın baş tərəfindəki taxtın üstündə uzanmış qarasaqqallı bir kişi gələnlərin hənirini eşitcək gözlərini açdı. Balınca dirsəklənmək istəsə də, çəlimsiz qolları sözünə baxmadı. Çoban Məhəmməd irəli keçib:
– Allah yastığınızı yüngül eləsin-deyəndən sonra çuxasının qoltuq cibindən dörd yerə qatlanmış bir kağız parçasını çıxararaq xəstəyə uzatdı və əllərini sinəsinin üstə çarpazlayıb geriyə çəkildi.
Mirzə Ələkbər kağızı öləziməkdə olan gözlərinə tərəf yaxınlaşdırıb oxuyandan sonra asta-asta dilləndi:
-Billurnisə, qonaqlara çay-çörək verin, qoymayın ac-susuz getsinlər!
Hacının məktubunu taxtın böyründəki kətilin üstünə qoyub dərindən köksünü ötürdü:
– Çox sağ olun, əziyyət çəkibsiniz. Hacıya salamımı çatdırıb deyin ki, Allah damazlığına bərəkət versin…
Həyətdəki tut ağacının altındakı palazın üstə bardaş qurub oturan çobanlar süfrə yığışdırılandan sonra Abbas Səhhətin (Abbasqulunun) və Billurnisə xanımın Şamaxıda gecələmək istəklərinə razı olmadılar:
-Ağsuda tanışımız var, axşam orda qalacağıq ki, qışlağa özümüzü vaxtında yerirək- deyərək yola düzəldilər.
***
İki həftədən sonra Mərcanlı elatında sabahkı köçə hazırlıq görülür, ağır-yüngül nə vardısa fərməş və xurcunlara qablaşdırılırdı. Günortaya yaxın cavan nökər Qalaqayındakı poçtdan göndərilən zərfi alaçıqda mütəkkiyə dirsəklənib çay içən Hacıya verib çölə çıxdı. Hacı Tiflisdən gələn məktubun ağzını ehtiyyatla açıb, iki yerə qatlanmış “Molla Nəsrəddin” jurnalının əvvəlcə üz qabığına nəzər saldı. “24 may 1911-ci il” sözlərinə gözucu baxandan sonra, şəkillərə tamaşa edə-edə jurnalı axıra kimi vərəqlədi. Axırıncıdan əvvəlki səhifədə iri şiriftlərlə yığılıb haşiyəyə alınan “Mirzə Ələkbər Sabirin adına ianə göndərənlərin siyahısı” adlı elana nəzərləri dikiləndə, orada özünün də adına rast gəldi: “Cəbrayıl qəzasının Böyük Mərcanlı elatından Hacı Göyüş Usub oğlu üç baş erkək, bir motal endir və bir qarın yağ…”
Özünü bir az narahat hiss etdiyindən yazını axıra kimi oxumağa hövsələsi çatmadı. Ürəyində Mirzə Cəlilin ünvanına gileyləndi: “Ay saqqalı ağarmış, məgər mən Mirzə Ələkbərə sovqatı ona görə göndərmişəm ki, aləmə car çəkəsən?…”
29 iyul 2002-ci il
Yazıya 7 dəfə baxılıb