VƏTƏN PƏRVANƏSİ – QƏNİRSİZ QƏNİRƏ

                          Qənirə Paşayevanın əziz və işıqlı xatirəsinə…

(esse)

 “Oxunacaq ən böyük kitab insandır.” Bu kəlam böyük sufi şeyxi, övliya Hacı Bektaş Vəliyə məxsusdur. “Yaxşı kitabı ilk dəfə oxuyanda bizə elə gəlir ki, yeni dost qazanmışıq. Həmin kitabı təkrar oxumaq isə köhnə dostu yenidən görməkdir.” Bu fikir də Avropa ədəbiyyatının ən böyük simalarından olan Volterə məxsusdur. Bu mənada “Tanrım, yaxşılara tən gətir məni” diləyi ilə TURAN yolçuluğuna çıxan, yoruldum demədən TÜRKÜN pərvanəsinə dönüb, yeni-yeni ÜMİDLƏRİN qanadında pərvazlanaraq dünyanı gəzib-dolaşmış Qənirə xanım qısa ömür sürsə də, təkrar-təkrar oxunulası  maraqlı KİTABA bənzəyir.

Eramızdan əvvəl yaşamış çin filosofu Lao Szı Min kilometr uzunluğunda olan yol sadəcə bir addımla başlayır” – demişdi. Amma bizim müasirimiz, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva deyirdi ki, Böyük Yol ilk olaraq insanın özünə yolçuluğundan başlayır. Məsafəsindən asılı olmayaraq dünyanın hansı qütbünə getsəydi, oradan VətənəOdlar Yurduna sarı boylanırdı Qənirə xanım. Vətən pərvanəsinin bir qibləsi də gözəl Qarabağ idi:

 

Harda olsaq fərqi yoxdur

Qibləmizsən, xan Qarabağ!

Harda olsaq fərqi yoxdur,

Səninləyik, can Qarabağ!

Sən canımız, sən qanımız,

Sən ən qutsal amalımız,

Sən ən böyük sevdamızsan,

can Qarabağ!

 

DUA kimi səslənən bu misralar Qənirə xanımın kövrək duyğularından cilalansa da, zamanın üst qatında adını tarixə yazan Azərbaycan qadınının əqidəsini, Vətən məhəbbətini, milli ləyaqət çalarlarını obrazlı şəkildə ifadə edirdi.

Ali məqsədinə, amalına körpü salan YOL(lar)la dünyaya Azərbaycan ab-havası aparan Qənirə xanımı həmisə VƏTƏN sevgisi mətin əsgər kimi müşayiət edirdi. Ən yüksək kürsülərdə Vətənimizin dərdini – XX əsrin ən dəhşətli bəşəri faciəsinin – Xocalı soyqırımının iztirablarını dilə gətirirdi. O, bu  “dünyanı” tanıyıb kəşf etdikcə onun köhnəlməyən “yeni” Azərbaycan sevgisinə yaxından bələd olurdu. Görüb, duyub, dərk edirdi ki, öz işığını, nurunu dünyadan əsirgəməyən Azərbaycanın başına dünya da elə pərvanəsayağı fırlanır. Elə bu həqiqətin işığında şair könlü ona bu misraları pıçıldamışdı:

 

Yoruldum deməyi sevməyən könül,

Artıq anlayır ki, bu dünya nədir.

Hərlənir, fırlanır, dönür başıma,

Dünyanın özü də bir pərvanədir!

 

Burada lirik MƏN Azərbaycanın özüdür. Dünya Azərbaycanın başına nəyə görə dönür məlumdur. Amma Odlar yurdunun yeraltı sərvətlərini santimetrinəcən görən dünya sanki onun yer üstündəki Qarabağ boyda ağrısını-itkisini illərlə “görmədi.” Şairlik iddiasıyla şeir yazmasa da Qənirə xanım Tanrıdan gələn işığı şövqlə səsə, sözə çevirirdi. Onun poetik fikirləri kimi kürsülərdən bəlağətli nitqi adamda xüsusi bir fərəh, iftixar hissi oyadırdı. O, harda türk görürdüsə, ona qürurla, ərklə ucadan “Biz Yunis İmrənin nəvələriyik” – deyirdi. Qəlbindəki sevgi dolu fikirləri, duyğuları türkün döyüş atı kimi şahə qalxırdı. İçindən şölələnən türkçülük məşəli dünyanın ən soyuq güşəsində də qədim oğuz boylarından olan insanların içini qızdırırdı. O, haqsızlıq və ədalətsizliklərin daha da artdığı bu dünyada özümüzü qoruya bilməyin yolunun güclü olmaqdan, birlik və bərabərlikdən keçdiyini bəyan edirdi… Qənirə xanım Türk dünyasına Türkçülüyün “Böyük şərə qarşı böyük xeyir” düsturunun məntiqini izah edirdi. Kitabları qardaş Türkiyədə, Özbəkistanda, Azərbaycanın qədim paytaxtı Təbrizdə nəşr olunmuşdu. Səsi İsraildən, Amerikadan, Qərbi Avropadan, eləcə də qədim türk ellərindən, oymaqlarından gəlirdi. Bir də baxıb görürürdün ki, o, əsgər qiyafəsində dogma Tovuzdadı… İstər-istəməz onun daxili enerjisinə adam mat qalardı! Görəsən onda bu qədər enerji hardandı? İstər-istəməz düşünürsən ki, bu gün ölkəmizi onun hüdudlarından kənarda Qənirə xanım kimi təmsil edən və ölkə daxilində öz seçicilərinin (hətta seçicisi olmayanların) maraqlarını nəzərə alıb, onların rifahı  üçün çalışan neçə millət vəkili var? Əgər bunu o, bacarırdısa, onda başqaları niyə  bacarmasın?!

Deyirlər, insanda sevgi və mərhəmət duyğusu Tanrıdan, kin və ədavət isə şeytandan qaynaqlanır. Yer üzünü Bəni-Adəm üçün beşik halına gətirən uca Yaradanı hamımız eyni cür sevirikmi? Axı dünyada Yaradanı, eləcə də yaradılanı sevməyənlər şeytan xislətli, faşist ruhu daşıyan adamcığazlar həmişə olub. Bu gün də var! “Dəmir xanım” ləqəbi qazanmış Qənirə Paşayeva belələrinə qarşı partizancasına mübarizə aparan ictimai – siyasi xadim idi. O, tarixi dəlillərlə Türkiyənin tanınmış Show TV kanalının “Siyasət meydanı” proqramında erməni araşdırmaçı Harutyun Filyanı təkbətək “döyüşdə” susdurmuşdu. Eləcə də Azərbaycan nümayəndə heyətinin üzvü olanda AŞPA-da Zori Balayanın ermənilərin Xocalıda törətdikləri soyqırımından bəhs edən “Ruhumuzun dirçəlişi” kitabı barədə çıxışı terrorçu erməni müəllifin kürkünə möhkəm birə salmışdı… “İztirab insanı yaşlandırır”- deyirlər. Bəlkə də, İZTİRAB insanda mübarizlik ruhunu dirçəldir, deyilsəydi daha doğru olardı. Uşaqlıq çağlarında Janna Darkı özünə ideal seçən Qanirə xanımla söhbət edən adam öz aləmindən ani uzaqlaşırdı, bir növü sufiləşirdi:

 

Mən Yunusu, Mevlananı anladım,

Mən Şəms adlı o günəşdən od aldım.

Səni bulan Aşiqlərdən yol aldım,

Qapını aç bu quluna, ey Rəbbim!.

 

İlk dəfə mən incə ruhlu Qənirə xanımın “Hər nə ararsan özündə ara…” essesini oxuyanda onun daxilində sufilik çeşməsinin çağladığını hiss etmişdim. Bir müsahibəsində Şəms Təbrizinin aşiqi olduğunu dilə gətirən Qənirə xanım özü də etiraf edirdi ki, içində bir dərvişlik, sufilik var… Qənirə xanım yazırdı: “Sevgilərin ən alilərindən olan Vətən sevgisi hər bir şəxsə kiçik yaşlarından aşılanmalı, kimliyi, özünüdərki, dünyaya, olaylara, insanlığa baxışı bu sevginin fonunda təcəlla etməli, formalaşmalıdır.”  Onun fikrincə, ruh hər şeydən yuxarı, eşq ağıldan üstündür, dünyaya gərək eşqin gözüylə baxasan… Eləcə də bütün dünya Yaradanın sevgisidirsə, demək, bundan böyük sevgi yoxdur… Sevgidən yazmağın vacibliyini izhar edən Qənirə xanım “Onun Sevgi məktubları” kitabında özünün də qeyd etdiyi kimi, sevginin insanı necə ucaltdığını göstərirdi:“Çox istərdim ki, gənclər bu kitabı iki insanın bir-birinə olan sevgisi kimi yox, onun içərisindəki daha dərin mənaları kəşf edərək oxusunlar.” Qənirə xanım bəşəri müstəvidə sevginin öz aktuallığını qoruyub saxladığına, təravətini itirmədiyinə inanırdı, “Dünyanın itirdiyi böyük insan” kitabını Türk dünyasının qüdrətli dövlət xadimi Mustafa Kamal Paşaya heyranlıq hissləri ilə qələmə almışdı… Qardaş Türkiyə xalqının sevgisini qazanmaq nə taleyin işidir, nə də qismətin… Bu sevgini, bu məhəbbəti Qənirə xanım öz zəhməti, yorulmaz fəaliyyəti sayəsində qazanmışdı!

Hər birimiz layiq olduq, ya olmadıq, çox qazanc əldə etmək, gəzmək, yaxşı istirahət etmək, gözəl geyinmək, bir sözlə firavan yaşamaq istəyirik. Amma əlimizdə olana qane olub, Allaha şükür etmirik. Və möcüzə gözləyə-gözləyə əlçatmaz xəyallara düşürük. Qənirə xanım “İnsan nə istəyir?..” essesində belə bir insanın obrazını yaradır. Çörəyi daşdan çıxan kasıbı göydən gələn mələk hər arzusuna çatdırır. Hətta onu kral edir. Kral özündən də güclü Günəşə dönür, amma yerlə onun arasını bulud kəsir. Mələk onu arzuladığı kimi, bu dəfə də buluda döndərir, bulud yağışa çevrilir, yağışlar torpağa axır, evləri, tarlaları sel basır. İnsanlar pərişan olur. Amma onun qayalara gücü ərişmir. Bu dəfə bulud qaya olmaq istəyir, mələk dərhal onu arzusuna çatdırır. Bu zaman bir adam gəlib əlindəki çəkiclə ondan parçalar qoparmağa başlayır. Adamdan zəif olduğunu düşünən qaya peşmanlıqla hayqırır: “İnsan olmaq istəyirəm!” Mələk onun dilədiyini yerinə yetirir. İnsan yenə də qayalardan daşları qoparmağa davam edir, işi ağır, qazancı az olsa da həyatı sevir və xoşbəxt olur. Qənirə xanım oxucuya həyatın qədrini bilməyi, hər anın dəyərini bilərək yaşamağı və hər zaman Allaha şükr etməyi tövsiyə edirdi. Şəms Təbrizinin təbircə desək, istədiyini əldə edincə şükr etmək asandır. Sufi, diləyi həyata keçməyəndə də şükr edə biləndir.

Qənirə Paşayeva “Səni Allaha Eşq götürür” kitabının imza günündə əldə olunan bütün gəliri imkansız bir ailənin ağır cərrahiyə əməliyyatına ehtiyacı olan 11 yaşlı xəstə qızına bağışlamışdı. Müxtəlif vaxtlarda yazdığı məqalələrin, esselərin, bəzi şeirlərin, üzləşdiyi, yaşadığı, şahidi olduğu bir sıra həyat hekayələrinin və fikirlərinin (seçmə deyimləri) toplandığı  bu kitabda  da oxucunu  maddi dəyərlərə marağın getdikcə artdığı bu dünyada  həyatın mənasını daha geniş düşünməyə, anlamağa çağırırdı. Ön söz yazdığı və “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovanın rəhbərliyi ilə ərsəyə gələn “Vətən, Bayraq, Millət” şeirlər antologiyası da Qənirə xanımın xeyirxahlığından soraq verirdi. Gənclərimizə vətənpərvərlik ruhu aşılayan – Vətən andı, torpaq məhəbbəti, həyat-tale və başqa ictimai mövzularda yazılmış ən gözəl 100 şeirin toplandığı həmin kitab diaspor təşkilatlarına, universitetlərə, kitabxanalara və gənclər mərkəzlərinə hədiyyə edilmişdir. Mən hələ onun həyat yolundan yazmaq, imkanı az olan ailənin uşağını mənəvi övladlığa qəbul edib, atasız-anasız uşaqları qəyyumluğa götürdüyündən söz açmaq istəmirəm. Çünki cəmiyyətə verdiyi töhfələri ilə seçilən bu xanım özü barəsində belə deyirdi:

 

Yoruldum deməyi sevməyən məni,

Həyat elə yordu, yorğun yolçuyam.

Nə yaxşı içimdə heç yorulmayan,

İnsanlıq adında İNSANLIQ qalıb!..

 

 Qənirə xanımın “Möcüzələrə inanırsınızmı?” adlı bədii – publisistik, həm də sufiyana ovqatla qələmə aldığı gerçək həyat hekayəsi əslində, böyük romanın mövzusudur. “Dünya qəlbində sabaha ümidi bol olanlarındı… Dünya qara gələn qaranlığa şam ola bilənlərindi” deyən müəllif əlil arabasına möhtac olan Aybəniz adlı bir xanımın iç dünyasına işıq salır. Onun yeriyən ayaqları, gülən gözləri olmaq istəyən Bəynəzər və sairə epizodlar qəmli bir filmin epizodları kimi göz önündə canlanır. Özü də necə? Müəllifin düşündüyü müsiqinin müşayiətilə: “Burada, məhz bu məqamda mən bir neçə sətrin, cümlənin yerini boş qoymaq istəyirəm. Çünki o sətrin, cümlənin yerini sözlə yox, səslə – məhz İlahidən gələn səslə, tar mizrabı, kaman qələmçəsi ilə demək, söyləmək olar. Bu boş cümlənin, sətrin yeri qoy “Bayatı-Şiraz”a, “Bayatı-İsfahan”a, “Zabul-Segah”a qalsın.” Nəhayət, Aybənizin gözlərində “Yusif peyğəmbərin düşdüyü quyuya dönmüş dünya”da möcüzə baş verir. Bəynəzərlə ailə quran Aybənizin hamiləliyinin dördüncü ayında ayaqları açılır. Qısası, bu gerçək həyat hekayəsi kreativ film üçün mükəmməl ssenari mənbəyidir. Tanınmış türk şairi Tofiq Fikrətin: “Qadınlar bəşəriyyətin tərbiyəsinə filosoflardan daha çox xidmət göstərmişlər.” fikrini həm Qənirə xanıma, həm də onun qəhrəmanı – sarsılmaz iradə sahibi olan Aybəniz xanıma şamil etmək olar.

Qənirə xanım canına-iliyinə uşaqlıq çağlarından hopmuş vaxtı məharətlə idarə etmək bacarığına yiyələnmişdi. Bəlkə elə ona görə də bir kitabına “Hesab vaxtı” adı vermişdi. Vaxtilə tele-jurnalist kimi qaynar nöqtələrə getdiyi vədələrdə “Dünyanı yalnız bir əl idarə edir, o da Tanrının əlidir” deyiminə inam hissi onu dəfələrlə ölümdən qurtarmışdı. Dünayanın qan çanağı, hər tərəfi ölüm qorxulu Əfqanstanda olmuşdu, Bağdadda qaldığı oteli tərk edəndən yarım saat sonra ora bombalanmışdı,Röyter”in jurnalisti Qənirənin gözü qabağında öldürülmüşdü. Çoxsahəli və çoxşaxəli fəaliyyəti ilə tanınan Qənirə xanım həkim işləməsə də, bu ixtisas üzrə aldığı bilik 2012-ci ildə Somalidə onun köməyinə çatmışdı. Dörd çağırış ardbaard Milli Məclisə deputat seçilən Qənirə xanımla ən dar məqamda – qısa vaxt çərçivəsində kəlmə kəsmək Allahın hər adama lütf eləmədiyi əsl sadəliklə tanış olmaq imkanıydı… O, həm Tanrının, həm də bəndələrin seçdiyi İNSAN taleyini yaşayırdı. Haqsızlıq görməkdən yorulan insanlarla həmsöhbət olmaq üçün Qənirə xanım əsl millət vəkili kimi, şəxsiyyət kimi yüksək insani keyfiyyətlərə malik idi.  Qənirə xanımla söhbət edən adamın daxilində sabaha İNAM hissi baş qaldırırdı. Mənə elə gəlirdi Qənirə xanım həmsöhbət olduğu adamın həm də ruhunu görürdü. Kövrək qəlblərin musiqisini eşidirdi. Axı o, həm də düz yeddi il musiqi təhsili almışdı. Musiqi ruha qida verir, vaxt isə ekranda-efirdə, divar saatının çıqqıltısında, meşin qapılar arxasında əriyirdi…

Qənirə Paşayevanın özbək dilində “Aç qapını” adlı kitabı çap olunub. Mən Özbəkistanda təqdimatı keçirilən o kitab haqqında yox, Milli Məclisdə Mədəniyyət komitəsinin sədri missiyasını yerinə yetirən Qənirə Paşayevanın hamının üzünə açıq olan qapısından söhbət açmaq istərdim. Günlərin bir günü bu qapıya təşrif gətirən balaca rəssamla Qənirə xanımın söhbətinə qulaq müsafiri oldum. “Biləsuvarda sərgini təşkil olunan gün mənə zəng elə, o sərgiyə deputat həmkarlarımı da dəvət edəcəyəm, qoy bəyəndikləri şəkillərindən alsınlar…” Sonra mən o balaca rəssamın daxilinə dolan işığı gördüm. O işığın zərrələrindən tuta-tuta çəkdiyi rəsm əsərlərindən birini Qənirə xanıma “hədiyyə” gətirmişdi. O balaca rəssamın içində vurnuxan ilahi musiqi fırçasında “gül” açmışdı. O gün illərlə meşin qapılar arxasında VAXT itirən, həmin qapılardan içəriyə nə özü, nə sözü keçən yaradıcı adamları göz önünə gətirdim. Sevindim ki, o balaca rəssamın üzünə açılan QAPI onun istedadına qol-qanad verəcək. O gün içimdə yorulmadan qaçan atın ayaq səslərini eşitdim. Oğuz elinin əfşar boyundan Böyük Yola çıxan atlı keçmişdən gələcəyə –Turan elinə gedirdi… O, əqidəsi naminə tonqala atılan Jannadan, Vətəni ugrunda Kirin başını kəsən Tomrisdən, İsgəndərə ədalət dərsi keçən Nüşabədən, sevgi şəhidi Leylidən çox yaşadığına, amma onlardan heç biri ola bilmədiyinə, gəncliyini, sevdanın dadını savaşlarda itirdiyini dilə gətirirdi, bir də  deyirdi ki, “Bəlkə 50 yaşa çatmadım…”   Çatmadı da…

 SON SÖZ YERİNƏ DUA:  “Allah göylərin və yerin nurudur!” (Nur surəsi, 35) İlahi, “Allah, sevən qəlblərdədir” deyən Qənirə xanımıın axirət həyatından RƏHMƏT nurunu əsirgəmə!.. İlahi eşq yolçularının mükafatı elə İlahi sevgi, İlahi nurdur…İlahi, Qənirə xanımın ruhunu ŞAD, məkanını CƏNNƏT elə.

    P.S: Və ya zəruri qeyd.  Qənirə xanımın ön sözü və xeyir-duası ilə 2022-ci ildə nəşr olunan “Sözün müharibə rəngi” kitabıma daxil etdiyim bu esse (səh355) yenidən – xüsusi olaraq “Kultur. az” internet dərgisi üçün işlənilib.

 

Nurəddin ƏDİLOĞLU

Yazıya 73 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.