Məni tək qoymusan, qayğım çoxalıb – Nəsir Əhmədlinin şeirləri…

Bu gün Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru. Azərbaycan Respublikasının Əməkdar jurnalisti. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurasının üzvü Nəsir Əhmədlinin doğum günüdür.

Çox sayda mükafat, elmi və bədii əsərlərinn müəllifi Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə ADU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə “Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966–1975-ci illərdə dərc olunmuş materiallar əsasında)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə “Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

7 iyun 2022-ci ildə uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib, 8 iyun 2022-ci ildə anadan olduğu Tovuz rayonunun Alakol kəndində dəfn olunub.

Ziyalımızı sevgi və sayğıyla anır və Onun manera.az-da yayımlanan şeirlərini təqdim edirik.

Ən böyük şair də borcludur ona,
Məhəbbət şeirə bir zinət olur.
Uşaq dil açanda ilk sözü “ana”,
Şair dil açanda – “məhəbbət” olur.

Sevgi şairliyin əlifbasıdır,
Məhəbbət yoxdursa, şeir də yoxdur.
Məhəbbətsiz bir ev qəm dəryasıdır,
O evdə bərəkət, xeyir də yoxdur.

Sevgi dünyasıdır şair ürəyi,
Sevgidir hər bəndin əvvəli, sonu.
Sevgidir şairin ilham mənbəyi,
Böyük Füzulidə görmüşəm onu.

Bir sevgi naminə zəhər yesəm də,
Qəlbimə yatmayan balı yemərəm.
Ürəksiz insana insan desəm də,
Sevgisiz şairə şair demərəm.

Bilmirəm, heç necə yaranıb torpaq,
Hansı bir qüvvədir, xəlq edib yeri.
Beş barmağım kimi bilirəm ancaq,
Məhəbbət, məhəbbət yaradıb şeri.

Bilinmir

Başdan-başa müəmmadır bu dünya,
Gizlisi nə, agahı nə, bilinmir.
Çox şeyləri uzaqdadır, əl çatmır,
Əl çatanın izahı nə, bilinmir.

Keçmişi görünmür – duman içində,
İndisi yox olur bir an içində,
Gələcəyi şübhə, güman içində,
Sabahının sabahı nə, bilinmir.

Səması nə, Günəşi nə, Ayı nə,
Dəryası nə, dənizi nə, çayı nə,
Payızı nə, baharı nə, yayı nə,
Leylü nahar , dügahı nə, bilinmir

Düşünürəm kainatı bir xanə,
Günəş şamdır, səyyarələr pərvanə.
Yenə yoxdur idrakından nişanə,
Sakini kim, dərgahı nə, bilinmir.

Bəlli deyil, neçə milyon yaşı var,
Yer üzünün qurusu var, yaşı var.
Canlılardan tək insanın huşu var,
Bədəni nə, ərvahı nə, bilinmir.

Görən, kimdir nizamlayan cahanı?
Bir kimsəyə bəlli deyil ünvanı.
Həm yaradır, həm öldürür insanı,
Hikməti nə, silahı nə, bilinmir.

Bu dünyaya anlamadan gəlirik,
Zaman-zaman ağlayırıq, gülürük,
Vədə tamam olan kimi ölürük,
Yaşamı nə, təbahı nə, bilinmir.

Axşam yatıb səhər çağı dururuq,
Qolumuzu, zehnimizi yoruruq.
Bax beləcə, ömrü başa vururuq,
Bəyazı nə, siyahı nə, bilinmir.

İdraksızlıq taleyidir bəşərin,
Açımı yox nə xeyirin, nə şərin.
Gördüyümüz yaxşı-yaman işlərin
Savabı nə, günahı nə, bilinmir.

İnsan ömrü ani izdir qar üstə,
Günlər keçir cansıxıcı qəfəsdə.
Savaş gedir dövlət üstə, var üstə,
Sərdarlarin tamahı nə, bilinmir.

Bu dünyanı dərk eləmək – boş xülya,
Nəsir Dalğın duyammadı, kim duya?
Anlaşılmaz bir bazardır bu dünya,
Satanı kim, mətahı nə, bilinmir.

Tovuza gəlsin

Cənnət varlığına şübhəli baxan,
Onu var istəyən Tovuza gəlsin.
Nəğməsiz, bülbülsüz dura bilməyən,
İlk bahar istəyən Tovuza gəlsin.

Azaflı tərəfə edək səfəri,
Ustad Mikayıldan alaq sözləri,
İlhama gətirək Aşıq Əkbəri,
Toy-mağar istəyən Tovuza gəlsin.

Xınnadan adlayıb Şamlığa keçək,
Lalə qədəhləri doldurub içək,
Qışın ortasında təzə-tər çiçək,
Yayda qar istəyən Tovuza gəlsin.

Səhər-səhər bir səs gəlsə qayadan,
Bilsin ki, kəklikdir onu oyadan.
Zirvələr zirvəsi Haçaqayadan
Xoş vüqar istəyən Tovuza gəlsin.

Kimin Nəsirgilə düşərsə yolu,
Doğma kəndi bilsin qoy Alakolu,
Məhəbbət gətirib ürəyi dolu
Etibar istəyən Tovuza gəlsin.

***
Dağ istərəm, ətəyində gül-çiçək,
Zirvəsində neçə illik qar ola.
Havasından müşki-ənbər süzülə,
Çeşməsindən abi-kövsər car ola.

Meh tərpədə, çimildəşə göy meşə,
Hər tərəfə ətir saça bənövşə.
Yamaclarda qoyun-quzu mələşə,
El-obada dövlət ola, var ola.

Dostlarım cəm ola, neçə ki varam,
Hər bulaq başında bir məclis quram,
Şirin-şirin şeir deyə Ehtiram,
Saz çalıb oxuyan Şəhriyar ola.

***
Dünyanın işindən baş açmaq olmur, –
Ev yıxan, ev tikən əllər düzəldir.
Bir yanda ilanlar mələşən səhra,
Bir yanda məhsullu çöllər düzəldir.

Çirkin sifət verir qəlbi gözələ,
Ağıl qismıət olmur göyçək üz, ələ,
Dünyanı xaraba qoyan zəlzələ
Bəzən Göy göl kimi göllər düzəldir.

Qiymətli daşları salır dərinə,
Tüstünü qaldırır göy üzərinə,
Dahilər ömründən kəsir qərinə,
Nadan yaşatmağa illər düzəldir.

Ələsgər

Heç vaxt baş əymədin özgə bir şaha,
Hər əmri ürəkdən aldın, Ələsgər!
Sənət aləmində dönüb Allaha
Əlçatmaz zirvətək qaldın, Ələsgər!

Verdin qiymətini əyrinin, düzün,
Qaranlıq gecənin, parlaq gündüzün.
Çaldığın havanın, dediyin sözün
Yolunu ürəkdən saldın, Ələsgər!

Nə xana üz tutdun, nə də ki bəyə,
Ürəyə sığınıb ucaldın göyə.
Ürəkdən aralı düşməsin deyə
Sazı da solaxay çaldın, Ələsgər!

***
Desəm ki, topalam, heç kəs inanmaz,
Çünki ayağım da, əlim də sağdır.
Amma möhürlü bir arayış versəm,
Deyərlər: “Tez tutun, yıxılacaqdır”.

Bir yalan danışsam, quyruqlu yalan,
Gözlər hiddətindən alışıb yanar.
Əvvəl-əvvəl heç kəs inanmasa da,
And içəndən sonra çoxu inanar.

Doğru söz andsız da çatır mənzilə,
Özü yeriyənə nə lazım kömək?!
Nə lazım müqəddəs sayılan andı
Saxta sənəd üstə möhür eləmək?!

***
Qayğılı, qayğısız günlər yaşadıq,
İllər gəlib keçdi bircə an kimi.
Qəmi də, dəmi də birgə daşıdıq,
Yaşadıq bir ürək, iki can kimi.

Bir cüt gül balamız dolsa da yaşa,
Heyif, toylarında süzmədik qoşa,
Nənə olmaq arzun varmadı başa,
Köçdün bar dərməyən bir bağban kimi.

Məni tək qoymusan, qayğım çoxalıb,
Gözlərim yaşarıb, qəlbim yuxalıb.
Əlimdə yarımçıq işlərim qalıb,
Gözlə, gələcəyəm qurtaran kimi.

***
Nəfəsim təngiyib tükənən yerdə
Havasız dünyama hava sən oldun!
Mən dözə bilməzdim o boyda dərdə,
Dözülməz dərdimə dəva sən oldun!

Yaxşı ki zər qismət oldu zərgərə,
Qoymadın Məcnuntək düşəm düzlərə.
Qələmimdən çıxan bütün sözlərə
Yaraşıq sən oldun, məna sən oldun!

Talenin hökmünnən düşmüşdüm taxtdan,
Bir ömür yaşayıb ölmüşdüm çoxdan.
Tək sənin eşqinlə var oldum yoxdan,
İkinci ömrümə ana sən oldun!

Tural Adışirinin təqdimatında

manera.az

Yazıya 6 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.