20 YANVAR ŞEİRLƏRİ–Ən müxtəlif müəlliflər

maarif Soltan10858520_608986555895846_4626484814826098158_n Maarif Soltan

SƏSİMİZ HAQQINDA MONOLOQ

Səsimiz boğulur içimizdəcə…
Boğulur Bakının baş meydanında.
Boğulur Bakının küçələrində.
Boğulur Bakının gündüzlərində,
Boğulur Bakının gecələrində.
Səsimiz boğulur içimizdəcə…
Doğulur – boğulur körpə səsimiz,
Təmiz, süd qoxulu fidan səsimiz
Doğulub boğulur içimizdəcə.

Hava verin, qan verin, can verin səsimizə!
Hay verin səsimizə!
Hava verdik, qan verdik, can verdik səsimizə,
Hay verən tapılmadı.
Ölüm-zülüm böyütdük,
Ölüm-zülüm bəslədik,
Sısqa, fidan səsimiz
Böyüdü buğda boyu,
Bərkidi qanadları.
Qanadlandı səsimiz –
Uçdu Dərbəndə sarı,
Uçdu min bəndə sarı…
Çatdı Kremlin divarlarına.
Gördülər, bir səs uçur
Hündür divarların böyür-başında.
Bu necə səsdi belə?
Bu səs heç tanış deyil,
Bu səs hansı dildədir,
Bu dil nə dildi belə?!
Tankları yeritdilər,
Topları tuşladılar səsimiz gələn səmtə,
Gülləbaran etdilər səsimiz gələn səmti…
Qulağımız batdı öz səsimizdən –
Bu necə səsdi belə?!
Tanrıdımı qışqıran?
Bu püskürən, fışqıran
Qandı, nalədi, nədi?
Bu nə sayaq sitəmdi?
Bu necə səsdi belə?
Ahıl iniltisimi,
Qadın naləsidirmi?
Uşaq çığırtısımı,
Çavan hıçqırtısımı?
Bu necə səsdi belə?
Əkin yerinə döndü səsimiz gələn tərəf –
Tanklarla şumladılar,
Güllə – toxum səpdilər səsimiz gələn səmtə.
Başladı yaz yağışı –
Gözyaşları çilədik,
Gözyaşıyla suvardıq qurğuşun toxumları.
Qan-qırmızı
Azadlıq rəmzləri -
ŞƏHİD MƏZARLARI bitdi səsimiz gələn səmtdə!

20-21 yanvar 1990.

Elşən Əzim

ŞƏHİDLƏRİMİZİN XATİRƏSİNƏelşənəzim30

Eşitmişəm, bir məqam var,
Atam, dünyadan yuxarı.
Nə sirdi, torpağn altda,
yatan dünyadan yuxarı.

Ucuzdur beş arşın ağı,
Bazar günahdan aşağı.
Alan Allahdan aşağı,
Satan dünyadan yuxarı.

“Bildiyimiz bilməcədi,”
Dağlar fələkdən qocadı.
Vətən behişdən ucadı-
Vətən dünyadan yuxarı!

Əfrahim Hüseynli

BU ZÜLÜM DƏ VARMIŞ BƏXTİNDƏ YURDUNƏfrahim 44_6996902998632317129_n

“Qardaş” sandığımız bir tələ qurdu,
Çağrıldı “xilaskar”, o “şanlı ordu”.
Al qana boyadı bu doğma yurdu,-
Bu doğma şəhəri, kəndi… xəbərsiz.

Tanrı dönmüşdüsə aman yerinə,
Bəndə yer qoymadə güman yerinə.
Bu yurdun üstünə duman yerinə
Güllərər ələndi, endi xəbərsiz.

Nahaqq “haqq”a dönüb yolunu azdı,-
İnsafın, mürvətin qəbrini qazdı.
Namərdlər bu yurdu adına yazdı;
Sel yuyub apardı bəndi xəbərsiz.

Nə bilək, körpülər uça, bölünə,-
Yollar bağlı qala gedib-gələnə.
Üz tutub gedirdik “işıqgələn”ə,
Görünən işıqlar söndü xəbərsiz.

Ulduzlar üzünə tutdu buludu,
Çöllər, biçənəklər soldu, qurudu…
Bu zülüm də varmış bəxtində yurdun,-
Daşlar, qayalar da dindi xəbərsiz.

Tanrı dönmüşdüsə aman yerinə,
Bəndə yer qoymadə güman yerinə.
Bu yurdun üstünə duman yerinə
Güllərər ələndi, endi xəbərsiz.

22 yanvar 1990.

Məmməd Hacızadə

Məmməd Hacızadə

Məmməd Hacızadə

O gecə qaranlıq çökmüşdü yerə,
Tarix milyon kərə təkrarlanırdı..!
Bulud yaşmağını örtdü göylərə
Ulduz utanırdı,ay utanırdı.


Körpələr üstünə tank yeriyirdi,
Qanlı gölməçələr addımbaşıydı..
O soyuq gecədə buz əriyirdi,
Donan gözlərdəki acı yaşıydı!


Elə bil göylərdən od ələnirdi
O qorxunc gecədə,qorxunc axşamda.
Yardımçı həkimlər güllələnirdi
Yaralı dadına çatan məqamda.


Ərşə ucalmışdı ana fəryadı,
Hər yan dəhşət idi,hər yan ah-fəğan..
Bir namus sözüydü şəhidlik adı
Oğullar vətənçün keçirdi candan!


Azadlıq bayrağı yüksəltmək üçün
İçdilər ağını şəhidlərimiz.
Öz şəhid qanıyla suvardı o gün
Vətən torpağını şəhidlərimiz.


Xalqımın qəddini əydilər o gün,
Qıra bilmədilər iradəsini!
Xalq üçün vətəndir canından üstün,
Kimsə boğa bilməz haqqın səsini!!!

Yaver hesenov  Yavər Həsən

Yoxdur bu elin dərdinə bir çarə, qərənfil,
Qəbr üstə qoyuldun yenə, biçarə qərənfil.

Millət üzülüb dərd ilə, dərman eləyən yox,
Gün qarə, ömür qarə, həyat qarə, qərənfil.

Qəbr üstdə ölür gözlərinin arzu-murazı,
Hər an səni bir qüssə çəkir darə, qərənfil.

Qan eylədi gül bağrını qan olmuş ürəklər,
Heç kim səni vermir daha dildarə, qərənfil.

Hər an bir ana saçlarını yolmada, ey vay!
Olmuş ürəyin dərd ilə sədparə, qərənfil.

Doxsanda bu yanvarda Bakı qan dəniziydi,
Qanın səpilir ildə bu yanvarə, qərənfil.

Yavər Həsənin də qələmindən süzülür qan,
Ey vay sənə, ey vay sənə dübarə, qərənfil.

Zakir Məmməd

Zakir Məmməd

Zakir Məmməd

QƏLƏM ƏHLİNƏ

(1990-cı il 20 yanvarda şəhid olmuş məktəblinin dilindən)

Mən daha məktəbə dərsə getmirəm,
Gedirəm ölümün əlindən tutub.
Yaza bilmirsiniz, yazmayın daha
sizi and verirəm böyük Allaha.

Amanın günüdür, daha yazmayın,
Dünyanın özünə qəbir qazmayın!
Yazmaq istəmirsiz, yazmayın, anam.
Daha külüng ilə qəbir qazılmır.
Əli qələmlilər – əli qanlılar
gün-gündən çoxalır, artır, azalmır.
Jurnalist dayılar, şair əmilər,
qoy yazı yazmasın sizin kimilər.
İndi yazılanı pozan da pozmur.
İndi heç qurğuşun, barıt da pozmur.
Nə qədər xəlbirlə, arıtda, pozmur.

Mən topdan, tüfəngdən qorxmuram daha.
Tankla pulemyotla qırılmamışdan
kağızın üstündə qırılır millət.
Bakıda, Şəkidə vurulmamışdan
əvvəl “Vremya”da vurulur millət.
Əvvəl “Pravda”da vurulur millət.
Əvvəl “Izvestiya”da qırılır millət…
Nə olar, yazmayın, kasıb ölkədə
gedin, əkin əkin, dana saxlayın.
Yaza bilmirsiniz, yazmayın, atam,
Yüz yerə, min yerə yozmayın atam.

Quba, 1990

İlqar Süleymanlı Bizəban

20 Yanvar şəhidlərinə  

Neçə aşiq yetirər vəslinə hicran bu gün,
Tələsər,ərşi-müəllayə uçar can,bu gün.

Zahirən sakit idi,batinin almışdı kədər,
Kimə izhar eləsin dərdini,-yatmışdı şəhər,
Qəzəbindən qaralıb inlədi biçarə Xəzər;
-Oyan,ey milləti-müslim,axacaq qan bu gün.

Bu gələn ordu kimindir ki belə qan eləyir?
Necə cür`ətlə gəlib ortada cövlan eləyir?
Səpərək qanımızı qarə al-əlvan eləyir,
Axı kim verdi bu qansızlara fərman bu gün.

Yezidin ordusudur bu,yenə tutmuş qəzəbi,
O da bey`ət tələbi-bunda da bey`ət tələbi,
O, lə`inin yenə var idi bir azca ədəbi,
Bu ədəbsizlər ədəbsizliyə heyran bu gün.

Neçə bir yandan hücum eylədilər üstümüzə,
Dayanıblar demə çoxdan bəridir qəsdimizə.
Bilmədik düsmənimiz kim,kim olub dust bizə,
Olaraq qəflətimizdən yenə giryan bu gün.

Qətliamı törədib,qoymadılar kimsəyə fərq,
Qız,gəlin,körpə,uşaq,pirü cavan qanına qərq,
Aç gözün,ey qoca qurd,ey qoca türk,ey qoca şərq,
Qapın ağzında at oynatmada üdvan bu gün.

Bu bitən yaş kimindir,bu kəsik baş kimin,
Hansı bədbəxt başına düşdü görən daş,kimin,
Bu ölən bacı kimindir,belə qardaş kimin,
Kimdir ol nalə çəkib eyləyən əfqan bu gün.

Təzə çəkmişdi siğal,bax bu gəlinin telinə,
Necə qıydın əlin ilə əri ölmüş gəlinə,
Hələ,az sonra kəmər dar gələcəkmiş belinə,
Olmasın bəs necə könlüm belə viran bu gün.

Dəhəni-qönçələri süd qoxuyur bunların,ah…
Bu gəlinciklə yatan qızcığaza,körpəyə bax,
Hansı bir üzlə bu zülmət doğacaq nurlu sabah,
Necə bu zülmə dözüb etmədi üsyan”bu gün”

Dilə gəl,Bizəban,ey bülbülü şeydayi-Vətən,
Şəhidəm,qanım ilən qüslumu ver,biçmə kəfən,
Ey Ata,başını dik tut,ey Ana,ağlama sən,
Yetib azadlığına,Azəribaycan bu gün.

Dəyanət Osmanlı
Deyanet Osmanlı
…Kasıb bir rəssam
boyalı tablosunu satır
o qırmızı günlərin.
O qara-qırmızı günlər
yağışın zümzüməsi altında
bayrağın boynuna bağlanmış
qara zolaqlı məktəbli bantıdır.

(1990)

İlham Kərbəlayı

 

Azadlıq alovu şəhid köksündə
qalandı o gün…Илхам Кербелайи
Üç rəngli bayrağın qırmızı rəngi
boyandı o gün…
Vətənin hər qarış torpağı qanla
sülandı o gün…
Igidlər bu ulu yurdun başına
dolandı o gün…

 

Əlləri xınalı, gözləri yaşlı
qaldı gəlinin…
Könlündən sevgisin o yağı düşmən
aldı gəlinin…
Xəyalı, arzusu, yazı, baharı
soldu gəlinin…
Yeri sevgisinin, eşqinin yanı
oldu gəlinin…

Məzarlar bəzəyən al qərənfillər,
güllər ağladı…
Baladan doymayan, yardan doymayan
dillər ağladı…
Yumruqlara dönüb qisas istəyən
əllər ağladı…
Şəhərlər ağladı, kəndlər ağladı,
ellər ağladı…

Azadlıq nəğməsin öz canlarıyla
yazdı şəhidlər..
Vətənin tarixin öz qanlarıyla
yazdı şəhidlər…
Ərənlik səhfəsin qurbanlarıyla
yazdı şəhidlər…
Dünəni, sabahı o anlarıyla
yazdı şəhidlər…
yazdı şəhidlər…

 

Ülkər Atəş

 

İyirmi yanvar!Ulker Atesh
Tarix kitablarında ən dəhşətli səhifə, ən acı bir səhifə,
Qoy gələcək nəsillər faciəli gün kimi
dönə-dönə bu günü xatırlasın hər dəfə.

 

İyirmi yanvar! – Azadlığa gedən yol,
İyirmi yanvar! – Qızıl hərflə yazılan, yaddaşlara həkk olan qəhrəmanlıq tarixi.
İyirmi yanvar! – Gecənin qaranlığı, vahiməli küçələr,
Baş götürüb, İlahi, gedir insan axını,
Bu millətin o gecə üstünə hücum çəkən
yaxınıydı, yaxını.
Bütün şəhər narahat, hamı yorğun, hüznlü,
Bakı həyəcanlıdır,
Kimə arxalanmışıq, kimə güvənmişik biz,
Qızıl Ordu gələcək, gözü yaman qanlıdır.
Vahiməli küçələr, əliyalın adamlar,
nə olacaq, bilmirik,
Birdən atəş açılır…

İlan dili çıxaran o zəhərli güllələr parçalayır gecəni,
Göyə alov saçılır…
Gecənin qaranlığı, vahiməli küçələr,
Öz haqqını istəyən, müstəqillik istəyən,
azadlığı istəyən aşiqlərin üstünə
budur, tanklar yeriyir,əzib tökür insanı,
Bu xalqın düşmənləri qana qəltan eləyir
indi Azərbaycanı.
Ölənləri daşıyıb dənizə tullayırlar,
Qatilimiz kimdi, kim? – Görənlər anlayırlar!
Xəbərləri gizlədib tərsinə söyləyirlər,
Qanımızı tökənlər bizə “qansız” deyirlər.
İyirmi yanvar! – azadlıq aşiqləri şəhid oldu o gecə,
Bu dəhşətə həmin gün xalqın oyaq gözləri
şahid oldu o gecə.
Bakı, tək sən bilirsən nələr çəkdi bu küçə!
Güllələrə bax, Allah, divarlara sancılıb,
Qoyun nişanə qalsın gələcək nəsillərə.
Əsir düşən torpaqlar hələ nicat gözləyir,
Şəhidlərin harayı yenə bizi məzardan
qələbəyə səsləyir.

İyirmi yanvar!
Tarix kitablarında ən dəhşətli səhifə, ən acı bir səhifə,
Qoy gələcək nəsillər faciəli gün kimi
dönə-dönə bu günü xatırlasın hər dəfə.

 

Pərvanə Seyidli

 

Ağla , Qərənfil, Ağla …
Neçə oğul şəhid oldu.
Cavan-qoca gültək soldu
Bu dəhşətdən gözüm doldu.

Ağla , qərənfil, ağla…
Ana , bacı ağı dedi.
Kədər bizi yaman əydi
Ağ günümüz qara gəldi.

Ağla ,qərənfil , ağla…
Ötən illər canlı əsər .
Seyr etdikcə ruhum əsər
Ahın dağı, daşı əzər .

Ağla, qərənfil , ağla…
Yaşlar töküb ağlayırıq.
Vətən deyib sızlayırıq
Dərddən sinə dağlayırıq ,
Ağla, qərənfil , ağla…

 

 


Aynur İsrafilova

Sükutu dinləyirəm.
Elə gözəl səslənir,
Notlar ard-arda
Lap sızlayan ömrüm kimi
Məni özüylə aparır sükut!

Səssizliyin dərinliyində
Bir xəyal görünür gözümə
Ağ libaslı bir qadın çıxır qarşıma.
Anamdır!

Başında çələng hörülmüş
Uzunsaçılı bir qız məni qarşılayır.
Dağılmış saçları üşüyür çiyinlərində
Uşaqlığımdır!

Müharibə apardı uşaqlığımı.
Çırpdı tanklara,
sonra da “20 Yanvar” məzarlığına söykədi,
“Şəhidlər Xiyabanı” qaraldı gözlərimdə.
Böyüdü, o qədər uzandı ki…

“Dərslərini yaxşı oxu, səni
“Şəhidlər”ə aparacağam”a döndü.
Xiyabanda gəzinti əyləncəmiz oldu.
Salatın, Çingiz də bura qoşuldu!
Bitdi uşaqlığım!

Kamilin qaboyunda,
Habilin kamanında itdi uşaqlığım…
Şəhidlər xiyabanıyla bərabər çörək növbələri də uzandı gecələrimdə.
Qucağı qərənfilli talon uşaqlığım!
Qapısı bağlı dükanlar, boş vitrinlər bəzədi küçələrimizi.
Əynimizdə 3-4 ölçü böyük paltarlar,
Anamızın tələbəliyi gəldi dəbə!
Uşaqlığım böyümədən öldü!
Oxuduğum məktəbin məzunu şəhid olanda özüm böyüdüm.

Qonşu Valya xala ağlaya-ağlaya vidalaşıb gedəndə
ruslara görə utananda
mən heyfsiləndim.
Toylarda öpüşən bəy-gəlin də getdi, ən azı…
Ömrünü sürmədən bitdi uşaqlığım.

İndi ən xoş anlarımda balaca qız xəyalı
gəlir gözümün qabağına.
Saçları güllü qız…
Məktəbə fotoqraf gəlmişdi.
Biz “selfie” görməmişik.
Ancaq onu görəndə elə sevinmişdik ki…
Bütün sinif şəkil çəkdirdik.
Xoşbəxt bir gün yaşadıq.
Evə gələn kimi anam danladı ki, haralardasan?
Nigaran qalmışam, dünya dağılır.
“Cəhənnəmə dağılsın dünya, bəs mənim dünyam dağılmır?”
Dövlət çevrilişi olmuşdu o gün.
Həmin o may idi! 92-də!
Son zəngimizi də bir həftə tez vurdular,
Məhərrəm ayı idi, həmin o may idi! 96-da!
Bu gün həyat başqadır!
Toy-büsat da başqadır!
Evə gec gəldiyi üçün daha heç kimi danlamırlar.
Nə olsun?!
Ey, MÜHARİBƏ, qaytar “90-lar”ın uşaqlığını!

***

Irade Aytel

QANLI YANVAR


Аğlаyırам,
аğlаyırsаn,
gözdən ахаn qürur yаşı,
İçiмizdə dərdlə sеvinc dоlаş düşüb, hеy sаvаşır,
Şəhid qаnı Bаyrаğıма, növrаğıма bах, yаrаşır,
Səndə böyük fəхаrət vаr,
rəşаdət vаr, аy “günаhkаr”,
Qаnlı Yаnvаr!

Əskik оlма üstüмüzdən Аli Bаyrаq, аllı Bаyrаq,
Sinəsində bаlа dаğı, köksü yаrа, хаllı Bаyrаq,
Еnişlərə sinə gərən, yохuşlаrа yоllu Bаyrаq,
Qürurundаn, qеyrətindən хəbər vеrdi bu оlаnlаr,
Qаnlı Yаnvаr!

Мilyоnlаrı həмrəylədin, səndə biziм birliyiмiz,
Sənələrdir hеy gəzirdik Ulu Türkdə birliyi biz.
İndi cоşsаq, yеr yаrılаr dаlğамızdаn biz ki, dəniz,
Çiçək аçdın küçələrdə, qəlbində yаz, sinəndə qаr,
Qаnlı Yаnvаr!


Önüмüzdə durа bilмəz yаğı düşмən əslа dаhа,
İgid bizdə, ərən bizdə, qеyrət bizdə, bizdə dühа,
Аzərbаycаn yоl üstdədi, аğ günlərə, аl sаbаhа,
Qоvuşdurdun qаnı-qаnа,
qоvuşdurdun, аy hаvаdаr,

Qamlı Yanvar!

 

 

 

Yazıya 52327 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.