Qafar Əsgərzadə–70 ilin sevinci və ya Məhərrəm Bədirzadə “geriyə baxma…”

qafar-askarzada-musahiba (1)

Əlimdə qələm. Heç bilmirəm, nədən başlayım. Ürəyimdə söz o qədər çoxdur ki….. Nəhayət Məhərrəm müəllim, öncə Sizi bu şanlı yubilleyiniz münasibətilə təbrik edirəm. 70 il şərəfli, qibtə olunası ömür yolunuzla fəxr etməyə dəyər….

Bəli, bu yubilyar, şəxsiyyətinə, insanlığına çox hörmət etdiyim, sənətini, insanlığını sevdiyim Məhərrəm müəllimdir. Əməkdar incəsənət xadimi, sevilən rejissor  Məhərrəm  Bədirzadə.

70-ci illər Azərbaycan televiziyasında maraqlı verilişlər gedirdi. “Səhər görüşləri”, “Komediyalar aləminə səyahət”, “Yeni il” şənlikləri, sonradan “Novruz” şənlikləri və s. Hər dəfə sonda subtitrdə oxuyurdum: “Rejissoru Məhərrəm Bədirzadə”. Həmişə diqqətimi çəkirdi bu ad. Sonralar Rabitə Nazirliyi sistemində çalışdığım zaman mənim şöbə müdirim olmuş mərhum Əkrəm Rəhimov qohumu, televiziyada çalışan rejissor Məhərrəm Bədirzadə haqqında ağız dolusu söz  açardı. Bir sözlə, qiyabı olaraq bu şəxsi tanıyırdım, əsərləri də ki, göz qabağında idi….
Ötən əsrin 90-cı illərinin əvvəlində həyatımda, deyərdim ki, ən xoşbəxt hal baş verdi. Xətrini dünyalar qədər sevdiyim, adını bu gün də ehtiramla yad etdiyim əməkdar jurnalist, Prezident təqaüdçüsü Mailə Muradxanlı televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasına  baş redaktor təyin olunduqdan sonra məni redaksiyaya  dəvət etdi. O zamandan etibarən, televiziya jurnalisti kimi verilişlər hazırlamağa başladım. Günlərin birində, rejissor Əlizaman Şirvanlı ilə veriliş çəkilişinə gedirdik. Özüm də, çox tələsirdim. Vədəm vardı. Bu zaman çox səliqə ilə geyinmiş, əlində diplomat çanta olan bir nəfər nəzakətlə Əlizamana yaxınlaşdı  və 1 saatlıq operatorun onunla başqa bir çəkilişə getməsini xahiş etdi. Əlizaman etiraz etmədən razılıq verdi. O aralanandan sonra narazı halda, əsəb içində Əlizamana dedim ki, bu adam kimdir e, operatoru onla göndərdin Əlizaman: “Qafar, məgər tanımırsan? Bu bizim  hörmətli rejissorumuz, ağsaqqalımız Bədirdir, yəni Məhərrəm Bədirzadə”. İnanın, dediyim sözlərdən  o qədər peşiman oldum. Amma “sən saydığını say, gör fələk nə sayırr”-yaxşı el deyimi var. O gündən mən Məhərrəm Bədirzadə ilə tanış oldum. Əlizaman məni ona xeyli təriflədi. O gün Məhərrəm müəllim mənə əməkdaşlıq təklif elədi. Dostluğumuzun təməli də məhz həmin gündən başladı. Düz 21 ildir, davam edir.

Mən Məhərrəm müəllimləyaradıcıezamiyyətdə oldum,  çox sayda televiziya verilişi hazırladım. “Cəfər təbiətin möcüzəsidir”(C.Cabbarlı), “Qəlbində yaran varsa da” (S.Rüstəm), “Qoca dünya qalandır” (M.Rahim), “Şeirdən başqa dünya bilmirəm” (Vl. Qafarov), “Rənglərin sehri”(H.Nəzərli), “Nə vaxtdır dostların gözü yoldadır” (T.Hacıyev), “Bir ürək çırpınsa şeirlərimdə” (Ə. Ziyatay)“Dünya fikir dünyasıdır” (H.Arif), “Qılsa bu ömrüm vəfa” (D.Aslan) kimi verilişlər bizim birgə əməyimizin məhsuludur. Bu verilişlər hazırda AzTV-nin  fondunda saxlanılır.

Ayrı-ayrı sənət adamlarının yubiley tədbirlərini  də birgə hazırlamışıq. Mən bu fədakar, xeyirxah, sözün əsl mənasında sənətkarla, sənət fədaisi ilə işləməkdən daim zövq alırdım. Bu insanda zərrə qədər də olsa paxıllıq görmədim. Həmişə üzü gülər, zarafatcıl idı. Mənə inanırdı. Hər bir işdə mənlə məsləhətləşərdi. Montaj zamanı çəkiliş prosesində mənim fikirlərimə hörmətlə yanaşardı.

Məhərrəm  müəllimin sayəsində mən bir çox böyük sənətkarla, incəsənət xadimi, aktyor, müğənni ilə tanış oldum. Bir hadisə isə heç bir zaman xatirəmdən silinməz…

1994-cü il idi. Süleyman Rüstəm və Ələkbər Ziyataya həsr olunmuş veriliş hazırlayırdıq. Qərara alınmışdı ki, verilişlərdə SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın çıxışını çəkək. Bu məqəsədlə evinə yollandıq. Məhərrəm müəlim çox yaxşı bilirdi ki, mən Zeynəb xanımın fanatıyam. Bu verilişlərin həm ssenari müəllifi, həm də aparıcısı olduğumdan çəkilişdə hökmən özüm olmalı idim. Nəhayət, Zeynəb xanımın mənzilinə gəldik. Çəkiliş apardıq. Sonra çay süfrəsində Zeynəb xanımla çox doğma, isti söhbət etdim. Hər iki müəllifin Zeynəb xanıma həsr etdiyi şeiri əzbərdən söylədim. İşimizi bitirib qapıdan çıxanda Zeynəb xanım qapıda bizimlə sağollaşırdı, mən də pilləkənlərin önündə ayaq saxlayıb Zeynəb xanımın ifa etdiyi mahnısının (“Doğmasan mənə”) əvvəlki misralarını avazla oxumağa başlayanda o da mənə qoşulub oxumağa başladı. Beləliklə, bizim belə demək mümkünsə, qısa bir duetimiz alındı. Bunu görən  Zeynəb Xanlarova üzünü tutub dedi: ”Ay Məhərrəm, sən Qafarı haradan tapdın? Nə gözəl oldu. O, bundan sonra mənim üçün ən əziz adam olaraq qalacaq”. Bununla da mənim Zeynəb xanımla isti, doğma münasibətimiz yarandı və bu günə qədər dostluq əlaqələri davam etməkdədir.

Məhərrəm Bədirzadə ilə çəkilişlə əlaqəli uzaq yola səfərə də çıxmışıq. Özünü səfərdə də çox nəzakətli, nəcib insan olaraq aparardı. Ümumiyyətlə, onun həyat leksikonunda “pislik”, “paxıllıq”, “balta vurmaq”, “ara qızışdırmaq”, “ayaq çəkmək”, “söz aparıb-gətirmək” sözləri yoxdur. Heç kimə pislik etməz, qəlbinə toxunmaz, könül sındırmaz. Onun qəzəblənib, hirslənməsi ilə gülməsi, barışması 1-2 dəqiqə çəkər. Bunu hər dəfə çəkiliş zamanı müşahidə edirdim. Mən həm də demək olar ki, əksər müğənni, aktyor, digər sənət adamlarının Məhərrəm müəllimə isti, doğma münasibətinin şahidi olmuşam. Ona həmişə hörmət, izzətlə yanaşırlar. Hamı onun xətrini çox istəyir, həmişə söyləyirlər ki, Məhərrəm müəllim dedi, demək ona əməl etmək lazımdır.

Televiziya və teatr Məhərrəm müəllimin həyat kredosudur. O, həyatını bunlarsız əsla təsəvvür etmir.Onlarla yaşayır, yaradır. Məhərrəm müəllim yaratdığı səhnə və televiziya əsərlərini özünün övladları adlandırır. Hər bir zaman Məhərrəm müəllimdə yaratmaq həvəsi tükənmir. Indinin özündə də maraqlı verilişlər hazırlayır. Mən bəzilərində həvəslə iştirak edirəm. Son illər onun hüquq elmləri dokturu, hakim, yazıçı Ənvər Seyidovla iş birliyi nəticəsində M. Bədirzadənin quruluşunda çox gözəl, maraqlı, tam fərqli televiziya tamaşaları “Təlatüm”, “Gürzə”, “Sonuncu şahid”, “Dələduzlar” və s. hazırlanmış, tamaşaçıların istifadəsinə verilmişdir. Bu tamaşalar çoxlu sayda tamaşaçı rəğbətinə, marağına səbəb olmuşdur.

Tale elə gətirib ki, mən Məhərrəm müəllimin qardaşı Zakir (operator), dayısı oğlu Mübariz Əsgərzadə (rejissor) qohumu Həqiqət Əsgərzadə (direktor) ilə Milli Televiziyada birgə çalışmışam. AzTV ailəsində deyərdim ki, Məhərrəm Bədirzadə ailəsinin də öz xüsusi yeri vardır.

Məhərrəm müəllim həm də çox gözəl, qayğıkeş, mehriban, diqqətçil həyat yoldaşı, ata, baba, qardaşdır. Onun həyat yoldaşı Xuraman xanım da çox gözəl insan olmaqla yanaşı, Məhərrəm müəllimin təkcə ailədə yox, işdə və yaradıcılığında da işıq saçıb, ona yardımçı olub. Onunla uğurlara sevinib, problemlərə sinə gərib. Tamaşa və verilişlərinin ilk tamaşaçısı və tənqidçisi də məhz Xuraman xanımdır.

Mən xoşbəxtəm ki, mənim toy məclisimdə bu iki doğma insan yaxından iştirak edərək, sevincimi mənimlə bölüşüblər.

Mən xoşbəxtəm, həm də ona görə ki, AzTV-də Mailə Muradxanlı- Məhərrəm Bədirzadə -Qafar Əsgərzadə üçbucağında televiziya jurnalisti kimi püxtələşmiş, formalaşmış və tanınmışam. Bir-birindən maraqlı verilişlər hazırlamağa müvəffəq olmuşam. Bütün bunlar üçün Mailə Muradxanlıya rəhmət diləyir, Məhərrəm Bədirzadəyə isə çox sağ ol, deyirəm.

Məhərrəm Bədirzadə bu gün də əvvəlki tək yeni-yeni verilişlər hazırlayaraq, tamaşaçıların zövqünü oxşayır. Yeni, gənc rejissorlara yol, istiqamət göstərir. Tələbələrə bu sənətin rejissorluq sənətinin sirlərini aşılayır.

Hazırda çox istərdim ki, Məhərrəm Bədirzadə ilə birgə yeni-yeni verilişlər hazırlayım.

İnanıram ki, gənc sənətşünaslar-alimlər “M.Bədirzadə və Teatr”, “M.Bədirzadə və Televiziya” mövzusunda dissertasiyalar müdafiə edəcək, elmi iş yazacaqlar.

Məhərrəm müəllim, necə deyərlər efirlərdə, səhnələrdə səsin gəlsin! Uğurlarını bundan sonra da görək, sevinək.

Ömrünün bu gözəl 70 illik çağında Sizə möhkəm can sağlığı, yeni-yeni yadda qalan sənət sevincləri, ailə səadəti arzulayıram. Allah səni həmişə var eləsin!

Bilirəm ki, sevimli xalq şairimiz, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəmin təbiri ilə aşağıdakı misraları Sizi hər zaman sevən tamaşaçılara, pərəstişkarlarınıza söyləyəcəksiniz:

İllər öz işini görsə də nə qəm,
Yorulmaz yolçusu bu uzun yolun.
Bilirəm titrəməz əlimdə qələm,
Siz bu Məhərrəmdən arxayın olun.

Qocalıq sözü- yaraşmır mənə-
Rejissor adından, canından pozun.
Sizinlə əl-ələ yoldayam yenə
Sıfırı yeddinin yanından pozun!

Yubiley arzularını qələmə almaq isə mənə nəsib oldu.

Yazıya 1467 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.