PROFESSOR AKİF ABBASOV – 75
Redaksiyadan: 2010-cu ildə pedaqogika elmləri doktoru, professor, respublikanın əməkdar müəllimi, yazıçı, jurnalist, tərcüməçi Akif Nurağa oğlu Abbasovun 60 illiyi qeyd olunanda professor, əməkdar müəllim Zahid Qaralov da onun haqqında ürək sözlərini yazmış, həmin material Akif müəllimin həyat və fəaliyyətini işıqlıandıran “Alim və yazıçı ömrü” kitabıbda (Bakı: Mütərcim nəşriyyatı, 2010) çap olunmuşdur.
A.N. Abbasov 28 may 1950-ci ildə Əli Bayramlı (hazırda Şirvan) şəhərində müəllim ailəsində anadan olmuşdur. Mərhum professor Zahid Qaralov Akif müəllimin çalışdığı institutun direktoru, Maarif nazirinin müavini olmuş, iki çağırış Milli Məclisə deputat seçilmiş, Milli Məclisdə komissiya sədri vəzifəsini yerinə yetirmişdir.
Professor Zahid Qaralovun yazısını oxuculara təqdim edirik.
Zahid İbrahim oğlu Qaralov,
pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim
KƏND MƏKTƏBİ MÜƏLLİMLİYİNDƏN GƏLƏRƏK
ELMİN ZİRVƏZSİNƏ QALXAN ŞƏXS
Möhtərəm Akif müəllim!
Anadan olmağınızın 60 illiyi ilə əlaqədar Sizi, bütün ailə üzvlərinizi səmimi qəlbdən təbrik edirəm, həyatda, yaradıcılıq işlərinizdə yeni uğurlar diləyirəm!
Dünyada belə aksioma var: hər insan özünəməxsus, təkrarı olmayan bir dünyadır, onun ömrü bu mikrodünyanın həqiqi tarixidir. İnsan dünyasının qanun və qanunauyğunluqlarını, onun tarixinin inkişaf dinamikasını olduğu kimi öyrənmək, qiymətləndirmək, təqdim etmək bizim makrodünyamızın, bəşəriyyət tarixinin öyrənilməsi qədər çətin və mürəkkəbdir. Bunun nəticəsidir ki, şəxsiyyətlərin bir çoxunun tarixi öz həqiqi varlığı kimi təqdim olunmur, təhrif edilir. Belə vəziyyətin kütləviləşməsinin qarşısını almaq üçün ən asan və düzgün yol şəxsin tarixini onun özü və onunla birgə çalışan insanlar vaxtında yazsınlar.
Ömrünüzün 60 ilinin yarıdan çoxunu – 35 ilini eyni məkanda, eyni elmi mühitdə yaşayıb yaratmışıq. Bu müddətdə pedaqoji elmlərin yüksək pillələrinə tədricən yüksəlməyinizin bir neçə epizodunu xatırlamaqla, ömür yolunuzun əsas döngələrini olduğu kimi yığcam halda bildirməyi özümə borc bildim.
1975-ci ildə Maarif Nazirliyinin Pedaqogika İnstitutunda (indiki Təhsil Problemləri İnstitutu) elmi işlər üzrə direktor müavini, eyni zamanda institut ilk partiya təşkilatının katibi vəzifələrində işləyirdim, instituta işçilərin və aspirantların müsabiqə yolu ilə qəbulu komissiyalarına sədrlik edirdim.
İnstitutun ştatı az olduğundan, elmi işçilərin seçimində keyfiyyətə, məhsuldarlığa xüsusi əhəmiyyət verirdik. Müsabiqədə iştirak edənlər arasında ixtisası üzrə savadlılar çox olsa da, yazı və tədqiqatçılıq qabiliyyətləri zəif olurdu, bunların müstəqil tədqiqat aparmaq səviyyəsinə çatdırılmasına çox vaxt sərf edilirdi. Ona görə də istəyirdik ki, həm yüksək biliyi, müəllimlik təcrübəsi olan, eyni zamanda tədqiqat aparmağa tez yiyələnə bilən kadrları seçək. Akif müəllimi instituta elmi işçi qəbul etdiyimiz il – 1975-ci ildə məktəblilərin tərbiyəsi problemi son dərəcə aktuallaşmışdı. Səbəbi Moskva, Leninqrad, Rostov və digər iri şəhər məktəblərində pozğunluğun getdikcə artması idi. Mənəvi, əxlaq, əmək, hüquq tərbiyəsi gözlənilən nəticəni vermirdi.
Akif müəllim institutda tələb olunan əsas keyfiyyətləri – tədqiqata dərin marağı, bu işi aparmaq və yazmaq bacarığı ilə seçildiyindən işçi yerini tuta bildi. Əmək qabiliyyəti, intizamlılığı və səliqəliliyi ilə seçildi, məktəblərlə əlaqələrini genişləndirdi, elmi işləri yüksək səviyyədə yerinə yetirdi.
1980-ci illərin əvvəllərində SSRİ rəhbərliyində ailə tərbiyəsindəki faciəli vəziyyət barədə ciddi narahatlıq yaranmışdı. Sov.İKP MK Siyasi Büronun qərarı ilə “Ailə” adında fənn orta ümumtəhsil məktəblərinin tədris planına daxil edilmişdi. SSRİ Pedaqoji Elmlər Akademiyası və SSRİ Təhsil Nazirliyi müttəfiq respublikaların müvafiq qurumlarını da cəlb etməklə, qərarın yerinə yetirilməsi üzrə kompleks tədbirlər planı hazırlayıb həyata keçirməyə başladı. İlk növbədə fənn proqramı və dərslik tərtib edildi. Göstəriş verildi ki, “Ailə” fənni üzrə proqram və dərslik milli dillərə tərcümə edilərək, 1985-ci ildən tədrisə başlanılsın.
O vaxt mən Maarif nazirinin müavini işləyir və bütün tədris-tərbiyə işlərinin təşkili məsələlərinə məsuliyyət daşıyırdım. Çox böyük həcmli “Семья” dərsliyini oxudum. Milli tərbiyə məzmunundan çox uzaq olan, Azərbaycan ailələrinə xas olmayan faktlarla doldurulmuş bu kitabın respublika məktəblərinə verilməsinin qeyri-mümkünlüyü qərarına gəldim. Respublika rəhbərliyi ilə məsləhətləşdim. Bir variant meydana çıxdı ki, həmin dərsliyin müəllifi ilə razılaşaq, kitabı yerli şəraitə uyğunlaşdıraq. Bu məqsədlə, respublika variantında bizdən də həmmüəlliflər olsun. Dərsliyin moskvalı müəllifi təklifimizdən qəti imtina etdi. Onda özümüzün müstəqil proqram və dərsliyimizin, metodik ədəbiyyatımızın hazırlanmasını vacib bildik. Sual meydana çıxdı: bu işi kimlər görə bilər?
Şəxsiyyətinə, elmi yaradıcılığına dərin hörmət bəslədiyim psixoloqumuz, professor Əbdül Əlizadə ilə Akif Abbasovun birgə müəllifliyi əsasında işimiz ləyaqətlə yerinə yetirildi. Baltikyanı respublikalar: Latviya, Litva və Estoniya da belə hərəkət etmişdi.
İnstitutumuzda o qədər də elmi əsası olmayan belə bir mövqe var idi ki, doktorluq dissertasiyası mövzusu o zaman təsdiq edilsin ki, elmlər namizədinin ən azı 10 il tədqiqat stajı olsun. Mən 1976-cı ildə direktor təyin olunan kimi ilk tədbirim bu zərərli çəpəri dağıtmaq oldu. Gənclərin elmlər namizədi diplomu alan vaxtdan doktorluq dissertasiyası üzərində işləmələrinə şərait yaradıldı. Bu tədbir gənc milli kadrların inkişafına güclü təsir göstərdi. Oqtay Rəcəbov, Fərahim Sadıxov və başqaları kimi Akif müəllim də yeni şəraitdən səmərəli istifadə etdi.
Ali Attestasiya Komissiyasında pedaqoji-psixoloji elmlər üzrə ekspert komissiyasında Akif müəllimin doktorluq dissertasiyasına baxılarkən komissiya üzvlərindən biri təklif etdi ki, mənim bəzi suallarım var, mümkünsə müəllif özü müzakirədə iştirak etsin. Buna ciddi ehtiyacın olmamasına baxmayaraq məsələnin başqa məcraya düşə biləcəyi ehtimalını nəzərə alaraq, komissiya sədri kimi təklifi nəzərə aldım. Akif müəllimin komissiyadakı təmkinli cavabları, onun doktorluq elmi dərəcəsi alması işini xeyli sürətləndirdi.
Belə nümunələrin sayını artırmaq olar. Bunların hamısından ümumi bir nəticəyə gəlirik ki, Akif müəllimin elmi yaradıcılığı son 35 (hazırda 50 – kürsiv redaksiyanındır) ildə yüksələn xətt üzrə gedib, hər dövrün tələbinə uyğun olan aktual problemləri tədqiq edib. Yaradıcılığını şaxələndirərək elm-mədəniyyətin bir-biri ilə əlaqəli sahələri üzrə dəyərli əsərlər yazıb.
1975-ci ildə kənd məktəbi müəllimliyindən gələrək, 1931-ci ildən fəaliyyətə başlamış pedaqoji-psixoloji elmlər mərkəzində kiçik elmi işçi vəzifəsinə başlamış, bu gün pedaqoji elmlər doktoru, professor, Beynəlxalq Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvlüyü səviyyəsinə qədər yüksəlmiş bir milli ziyalı həyatı, həqiqətən inkişafda olan bir canlı tarixdir. 35 (50 il– kursiv redaksiyanındır) il əvvəl müəllimlərindən müstəqil elm yoluna çıxmaq köməyi diləyən və bu yolu öyrənib inamla irəliləyən azərbaycanlı ziyalısının bu gün elmə həvəsli insanların öz səviyyəsinə yüksəlməyə köməkçi-müəllim olan Akif Nurağa oğlu Abbasovdan yeni-yeni, dəyərli əsərlər gözləmək haqqını özümüzdə saxlayırıq!
Müstəqil, suveren Azərbaycanın yüksək ixtisaslı, mərifətli, həqiqi elm yaradıcılığı ilə məşğul olan milli kadrlara olan ehtiyac bu gün daha da artmışdır.
Dərin hörmətlə, Zahid Qaralov,
pedaqoji elmlər doktoru, professor,
Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü,
respublikanin əməkdar müəllimi
Bakı şəhəri, 15 dekabr 2010-ci i,
Redaksiyadan: Akif Nurağa oğlu Abbasov Şirvan (keçmiş Əli Bayramlı) şəhər 1 və 2 nömrəli məktəblərində, keçmiş Azərbaycan Pedaqoji Dillər İnstitutunda (hazırda ADU) təhsil almış, Əli Bayramlıda çıxan “İşıq” qəzeti redaksiyasında müxbir, Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd məktəblərində ingilis dili müəllimi, Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (hazırda Təhsil İnstitutu) kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri; Bakı Qızlar Universitetində elmi işlər üzrə prorektor vəzifələrində işləmişdir. Hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibidir.
Professor A.N. Abbasovun yaradıcılığı çoxsahəlidir. İlk növbədə o, müəllimdir, orta məktəbdə ingilis dilindən dərs deyib, ali məktəbdə pedaqogika fənnindən mühazirələr oxuyub.
Onun fəaliyyətinin ikinci istiqaməti elmi fəaliyyəti ilə bağlıdır. Elmlər doktoru, professor olmaqla bərabər onun elmi rəhbərliyi və elmi məsləhətçiliyi ilə 40 nəfər elmlər doktoru və fəlsəfə doktoru diplomu almışdır.
Professor ümumtəhsil məktəbləri üçün 5 dərslik və dərs vəsaitinin [“Ailə”, “Ailə həyatının etika və psixologiyası”, ”Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat” (prof. Ə. Əlizadə ilə); “ABC Book”: I sinif üçün ingilis dili dərs vəsaiti (M. Məmmədova ilə); “İngilis dilindən imla və ifadə mətnləri məcmuəsi” (V-XI siniflər üçün)]; ali məktəblər üçün 5 dərsliyin [“Pedaqogika”, “Ailə pedaqogikası”, “Milli əxlaq və ailə etikası”, “Pedaqogika nəzəriyyəsi və tarixi”, “Ailə dəyərləri”, “Pedaqogika” (prof. H.Ə. Əlizadə ilə)] və 4 dərs vəsaitinin [“Pedaqogika: müxtəsər konspekt və sxemlər”, “İxtisasa giriş”, “Ailə pedaqogikası: Müntəxəbat”, “Pedaqogika: Müntəxəbat”], xüsusi məktəblər üçün 4 dərsliyin (“Oxu-2”, “Oxu-3”, “Oxu-4”, “Oxu-5”)], kolleclər üçün “Milli əxlaq və ailə etikası” və “Pedaqogika” dərsliklərinin, 40-dan artıq kitab və kitabçanın, 250-dən artıq elmi məqalənin müəllifidir.
Akif Abbasov lüğətçilik sahəsində də səmərəli fəaliyyət göstərir. “İngiliscə-azərbaycanca pedaqoji-psixoloji lüğət” və “Azərbaycanca-ingiliscə pedaqoji-psixoloji terminlər lüğəti” hazırlayaraq nəşr etdirmişdir.
Bədii yaradıcılıqla məşğuldur. “Aldanma sözlərə”, “Samsundan başlanan yol”, “Acı xatirələr”, “Sultan II Murad” və “Fateh Sultan Məhmət” romanlarını, “Atatürk” “Yaxşı dost” pyeslərini qələmə alıb. Hazırda “Allahın bəlası – Atilla” və “Artıq adam” romanları üzərində işləyir. “Ananın ürəyinə gedən yol”, “Yaxşı yoldaş”, “Əliş və Anna dastanı” povestlərinin müəllifidir.
Bundan başqa, “Qız gəlin köçür”, “Lələşin ayaqqabısı”, “Qaş düzəltdiyi yerdə”, “Xəyanət”, “Dədəmə oxşayırsan”, “Xallı kəpənək”, “Gəl Məliyin dovğasına”, “Bir qıçlı öz atasıdır”, “Gəlin”, “Müdirin ayağı”, “Dar günün dostu”, “Geydirmə araq”, “Banu və babası”, “Atilla və babası”, “Pyeslər”, “Əsərləri. 10 cilddə. 1-10-cu cildlər”, “Böyük türk”, “Atatürk haqqında hekayələr” (I-II kitablar), “Roman, povest və hekayələr”, “Yumruq”, “Yumurta”, “Sənə quzu kəsim”, “Pensiya pulu”, “Ananın ürəyinə gedən yol”, “Hekayələr”, “Uşaqlar üçün hekayələr”, “Töhmət”, “Taxta qaşıq”, “Qızıləhməd almaları”, “Zoğal mürəbbəsi və başqa hekayələr” kimi bədii kitabların müəllifidir.
Kinorejissor Babək Abbaszadə Akif Abbasovun “Atatürk” pyesi əsasında libretto yazmış, bəstəkar Oqtay Rəcəbov “Atatürk” operasını bəstələmişdir.
Yazıçı Akif Abbasovun “Atatürk” pyesi türk dilinə çevrilmiş, Ankarada nəşr edilmişdir.
O, tərcüməçilik sahəsində də fəaliyyət göstərir. İngilis və rus dillərindən tərcümələri 11 kitabda [“Kristi Tökerin ölümü”, “Yağış altında pişik”, “Tiflissayağı boşanma”, “Küçə tinində hadisə”, “Andro və Sandro” (müəllif: G. Xuqayev), “Ali təhsilli arvad” (müəllif: T. Esenova), “Duel” (müəllif: M. Bayciyev), “Yolagəlməz qadın” (müəllif: U.S. Moem), “Yağış” (müəllif: U.S. Moem) və “Edvard Barnardın ruh düşkünlüyü” (müəllif: U.S. Moem) “Canlılar yaşayan otaq” (müəllif: Qrehem Qrin)] nəşr edilmişdir.
Professorun yaradıcılığında elmi redaktorluq fəaliyyəti də diqqətəlayiqdir. Təxminən 200 monoqrafiya, dərslik, dərs vəsaiti, kitab və kitabçanın, metodik vəsaitin, tədris proqramının elmi redaktoru, bir çox bədii əsərin redaktorudur. Onun fəaliyyətində kino yaradıcılığı da xüsusi yer tutur.“Canavar balası” (1997) və “Qırmızı qar” (1998) bədii filmlərinin redaktorudur.
Professor Akif Nurağa oğlu Abbasovu anadan olmasının 75 illiyi münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları və cansaölığı arzulayırıq!!!
Ədəbiyyat:
1.Alim və yazıçı ömrü: Professor Akif Abbasov – 60. Tərtib edənlər: L.A. Abbasova. Bakı: Mütərcim: 2010, 300 s.
- Akif Abbasov – 70: Biblioqrafiya. Tərtib edənlər: L.A. Məmmədli. Bakı: Mütərcim: 2020, 124 s.
- Professor Akif Abbasov – 75: Bibloqrafiya. Tərtib edənlər: L.A. Məmmədli. Bakı: Mütərcim: 2025, 164 s.
- Ə. Abbasov, Alim-pedaqoq. “Azərbaycan müəllimi” qəz., 1996, 6 fevral
- F .Rəhimov. Zəhmətin bəhrəsi (“Həmyerlimiz pedaqoji elmlər doktorudur” rubrikası ilə). ”İşıq” qəz., 1996, 19 mart
- “Abbasov Akif Nurağa oğlu”. bax: X.Fətəliyev. “Ailədə milli tərbiyə” kitabında. Bakı: ADPU, 1996, s. 59.
- “Akif Abbasov”. bax: S. Sailov. “Muğanın övladları” kitabında. Bakı: Gənclik, 1998, 185-186.
- З. Джаппаров. Учитель из Ширвана. Газета “Вышка”, 1998, 3 aprel
- “Akif Abbasov”. bax: Əjdər Ol. “Şirvana binə gəlləm…” kitabında. Bakı: Şirvannəşr, 1999, s. 173-174.
- “Alim, pedaqoq, yazıçı, jurnalist Akif Abbasov”. bax: F.B. Sadıqov. “Pedaqoji düşüncələr” kitabında. Bakı: Ünsiyyət, 1999, s. 157-165.
- “Ə.Y.Seyidov, M.M.Mehdizadə və M.Ə.Muradxanov məktəbinin davamçıları”. bax: Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 2000. – səh. 439-440.
- Bizim müsahibə. ETPEİ: ali və orta ixtisas təhsili şöbəsində işlər necə gedir? Müsahibəni apardı: Ş. Məmmədov. – “Azərbaycan müəllimi” qəz., 2000, 11-17 avqust
- V. Bəşirov. Elmi və bədii yaradıcılıqda. –“Azərbaycan müəllimi” qəz., 24-30 avqust 2000
- V. Bəşirov. Elmi və bədii yaradıcılıqda. ”İşıq” qəz., 2000
- H. Əliyev, V.Bəşirov. Mənalı ömrün səhifələri. “Təhsil” qəzeti, 1-15 iyun 2000
- H.Ə. Əlizadə, F.N.Rəhimov. 50 illik ömrün işığında. ”İşıq” qəz., 2000, 31 dekabr.
- “Abbasov Akif Nurağa oğlu”. L.N. Qasımova, R. Mahmudova “Pedaqogika”: Ali məktəblər üçün dərs vəsaitində. Bakı: BDU-nun nəşri, 2003, s. 448.
- “Akif Abbasov” (1950). bax: Teymur Əhmədov. “XX əsr Azərbaycan yazıçıları” kitabında.
- “Abbasov Akif Nurağa oğlu”. “Azərbaycan milli izahlı ensiklopedik pedaqoji lüğət” kitabında. Bakı, 2005, с. 8-9.
- Ənvər Əhməd. Həyatın özü qədər gerçək nəsr. “525-ci qəzet, 2005, 26 noyabr
- Malik Rəcəb. Professor Akif Abbasov. “Təhsil problemləri” qəz., 2006, 1-10 may
- “Abbasov Akif Nurağa oğlu”. R. Əliyev, M. Mustafayev. “Azərbaycan psixologiya elminin inkişafı tarixindən” kitabında Bakı: Nərgiz, 2006, 2006, с. 33-42.
- Davud Dəmirli. Ata və oğulun uğurları. “Açıq söz” qəz., 2007, 20 sentyabr
- Prof. Abbas Hacıyev. Yeni mündəricəli alim, yazıçı-tərcüməçi. ”Mühakimə” qəz., 2008, 23-29 oktyabr, с. 12.
- “Abbasov Akif Nurağa oğlu”. “Azərbaycan Milli Ensiklopediyasl”nda. I cild. Bakı, 2009.
- “60 illik ömür yolu”: Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010, s. 235.
27.Abdulla Mehrabov. Xeyirxah insan, yenilikçi alim (Akif Abbasov – 60). “Azərbaycan müəllimi” qəz., 2010, 28 may
- Telman Vəlixanlı. Alim, yazıçı, tərcüməçi, jurnalist (Akif Abbasov – 60) // “Mütərcim”, 2010, № 1, s. 204-205
29.Piralı Əliyev. Xeyirxah və işgüzar alim (Akif Abbasov – 60) // Azərbaycan məktəbi, 2010, № 3, s. 108-110.
- “Akif Abbasov” (1950). bax: Teymur Əhmədov. “Azərbaycan yazıçıları XX-XXI yüzillikdə: Ensiklopedik məlumat kitabı”nda. Bakı: Nurlar. 2011, 1056 s., s. 48-49
- “İstedadın işığı, zəhmətin bəhrəsi…”. Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012, s. 107.
- Sevinc Əliyeva. Şərəfli bir ömür yolu // Pedaqoji aləm, 2019, № 1, s.
- Hümeyir Əhmədov. Arzularının qanadlarında (Prof. A. Abbasov- 69). “Azərbaycan Təhsil şurası” qəz., 2019, 28 may. http://tehsilshurasi.az/manset/259-arzularnn-qanadlarnda.html
- Ənvər Abbasov. Professor Akif Abbasova açıq məktub / “Azərbaycan müəllimi” qəzeti, 2020, 22 may, s 6
35.Bədii tərcümələr mədəni zənginlik kimi – Akif Abbasovun tərcümə əsərləri haqqında – Adilə NƏZƏROVA. “Ədəbiyyat qəzeti”, 2023, 28 yanvar
- Kamal Camalov. Akif Abbasov pedaqogika elminin yorulmaz təbliğatçısıdır. “Ziya” informasiya mərkəzi. http://zim.az/yeni-neshrler/5300-akf-abbasov-pedaqogka-elmnn-yorulmaz-tblatisidir.html
- Fərahim Sadıqov. Şirvandan başlanan yol Professor Akif Abbasov (Portret cizgiləri) – 70. https://sia.az/az/news/social/827836.html
Yazıya 22 dəfə baxılıb