“Xəzan” dərgisinin yeni sayı Əsəd Cahangirin 60 illik yubileyinə həsr olundu

“Xəzan” ədəbi-bədii dərgisinin növbəti buraxılışı (may–iyun 2026, № 3/73) tanınmış ədəbi-tənqidçi, şair, esseist, publisist, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirin 60 illik yubileyinə həsr edilib.

Əli bəy Azərinin baş redaktorluğu ilə nəşr olunan dərgi Azərbaycan Respublikası Milli Məclisinin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafanın Ə.Cahangirə ünvanladığı yubiley təbriki ilə açılır.

Dərgidə Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının Əsəd Cahangirin yubileyi münasibətilə qələmə aldığı “Azadlıq meydanından söz meydanına” adlı geniş məqaləsi dərc olunub. Məqalədə tanınmış ədəbiyyatşünasın və esseistin Azərbaycan ədəbi fikir tarixindəki yeri, çoxşaxəli fəaliyyəti və milli-mənəvi dəyərlərin təbliğindəki xidmətləri yüksək dəyərləndirilir.

Nəşrdə, həmçinin, Əsəd Cahangirin “Sözümün canı” essesindən bir hissə oxuculara təqdim olunur.

“Xəzan”ın budəfəki sayında Azərbaycan ədəbi mühitinin tanınmış nümayəndələrinin şeir, hekayə, esse və publisistik yazıları da dərc edilib. Beləliklə, dərginin yeni nömrəsi təkcə yubiley nəşri kimi deyil, həm də müasir Azərbaycan ədəbi prosesinin müxtəlif istiqamətlərini əks etdirən zəngin bir ədəbi toplu kimi oxucuların ixtiyarına verilib.

Qeyd edək ki, “Xəzan” ədəbi-bədii dərgisi mütəmadi olaraq ölkənin tanınmış qələm adamlarının yaradıcılığına, ədəbi proseslərə və mədəni hadisələrə geniş yer ayırır. Bu baxımdan Əsəd Cahangirin 60 illik yubileyinə həsr olunmuş yeni buraxılış həm yubilyarın zəngin yaradıcılıq yoluna ehtiramın ifadəsi, həm də Azərbaycan ədəbi mühitində əlamətdar hadisə kimi diqqət çəkir.

Yazıya 9 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.