Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan Mikayıl Müşfiqin doğum günü və 16-cı Şairlər Günü münasibətilə tədbir təşkil olundu. Tədbirdə Azərbaycan ziyalıları, media nümayəndələri və müşfiqsevərlər iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan AYB Mətbuat katibi Xəyal Rza şairin həyat və yaradıcılığı barədə geniş məlumat verərək qeyd etdi ki, cəmi 29 il ömür sürməsinə baxmayaraq, Müşfiq Azərbaycan ədəbiyyatında silinməz iz qoymuş sənətkarlardandır. Onun poeziyası həyat eşqi, azadlıq duyğusu, təbiətə və insana sevgi ilə seçilir.
Daha sonra çıxış edən AYB sədri, Xalq yazıçısı Anar Mikayıl Müşfiq yaradıcılığının ədəbi dəyərindən bəhs etdi. O bildirdi ki, şairin poeziyasında həm romantik duyğular, həm də dövrün ictimai ağrıları öz əksini tapıb.
Çıxışdan sonra Anar iştirakçıların xahişi ilə özünün “Ədəbiyyat çabalayır” şeirini səsləndirdi:
Ədəbiyyat çabalayır
Kəndlə şəhər arasında…
Yazır, yazır, hey yazırlar
Axşam səhər arasında
Mətbuat zəhərlədikcə
Artır qanımda şəkərim
Böylə keçdi ömrüm mənim
Şəkər-zəhər arasında…
Şeir böyük alqışlarla qarşılandı.
Tədbirdə çıxış edən AYB sədrinin katibi Çingiz Abdullayev, müavin Rəşad Məcid Müşfiqin doğum gününün ədəbi əhəmiyyətindən danışaraq iştirakçıları təbrik etdilər.
Türkiyənin tanınmış şairi, yazıçısı, pedaqoqu və Türk Ədəbiyyatı Vəqfi İdarə Heyətinin sədri Sərhəd Kabaklı Azərbaycan ədəbiyyatına və Müşfiq irsinə hörmətini ifadə edərək, Qarabağ müharibəsi dönəmində Azərbaycanda çox məşhur olan “Gəl, oğlum” şeirini səsləndirdi.
AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir Mikayıl Müşfiq və Vaqif Səmədoğluna ithaf etdiyi “İki şair” adlı mənsur şeirini təqdim etdi. Eyni zamanda Seyran Səxavət, Əli Çağla, Həmid Herisçi, Ramil Əhməd, Narıngül Nadir və digər söz adamları öz şeirlərini səsləndirdilər. Banu Muharrem isə Mikayıl Müşfiqin məşhur “Yenə o bağ olaydı” şeirini ifa etdi.
Tədbir zamanı VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında fəal iştiraklarına görə Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rzanın rəhbərliyi ilə təsis olunan sertifikatlar iştirakçılara təqdim olundu. İlk sertifikat ədəbiyyatşünas Əsəd Cahangirin iştirakı ilə “Müəllif, kitab, nəşriyyat” mövzusunda keçirilən maraqlı müzakirəyə görə Ə.Cahangirə təqdim edildi.
Festivalın media dəstəkçiləri – AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin saytı “kultur.az”ın baş redaktoru İradə Aytel, Mədəniyyət kanalının nümayəndəsi Gülarə xanım, “Bizim Media”nın nümayəndəsi Şəfiqə Şəfa, “İnam” mühafizə şirkəti, eləcə də bir sıra şair və yazıçılar, ASAN könüllüləri və Bakı–İstanbul liseyinin şagirdləri sertifikatlarla təltif olundular.
Sonda mərasim iştirakçıları repressiya qurbanı olan nakam şair Mikayıl Müşfiqin xatirəsini anaraq onun rəmzi məzarı sayılan Xəzər dənizinə gül və çiçəklər səpdilər.
P.S. Xatırladaq ki, hər il Mikayıl Müşfiqin doğum günü münasibətilə Şairlər Günü keçirilir. Bu il Şairlər Günü 16-cı dəfə təşkil olundu.
Yazıya 21 dəfə baxılıb



























