Qulu Ağsəsin “Saat 6-nı gözləyirəm” kitabının təqdimatı keçirildi

İyunun 10-da  “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəsin yeni nəşr olunmuş “Saat 6-nı gözləyirəm” kitabının təqdimatı  keçirildi. Litera Books & Coffee-nin təşkilatçılığı ilə baş tutan tədbirdə yazıçılar, şairlər, Qulu Ağsəs poeziyasını sevənlər, ziyalılar və media nümayəndələri iştirak edirdi.

Tədbirin aparıcısı, jurnalist Leyla Səmədova Qulu Ağsəsin yaradıcılığı və yeni kitabı barədə qısa məlumat verdikdən sonra çıxış üçün sözü Xalq yazıçısı Çingiz Abdullayevə verdi. Ç.Abdullayev Qulu Ağsəsi uzun illərdir tanıdığını bildirərək şairin həm yaradıcılığı, həm də şəxsiyyəti haqqında fikirlərini bölüşdü.

Tədbirdə millət vəkili Aqil Abbas, “Yol” qəzetinin baş redaktoru Məti Osmanoğlu, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, “MİMTA Yayımlar Evi”nin direktoru Şaiq Rüstəmov və digər qonaqlar çıxış edərək Qulu Ağsəsin Azərbaycan ədəbiyyatındakı yeri və poeziyasının özünəməxsusluğu barədə danışdılar.

Azərbaycanın Əməkdar jurnalisti Elçin Mirzəbəyli şairə həsr etdiyi şeiri səsləndirdi, Əməkdar artist Nazir Rüstəmov isə Qulu Ağsəsin məşhur “Ağdam” şeirini bədii qiraətlə təqdim etdi.

Tədbir çərçivəsində rəssam Qərənfil Tofiqli Qulu Ağsəsə həsr etdiyi portreti müəllifə hədiyyə etdi.

Təqdimat mərasimi iştirakçıların müəlliflə xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.

AYB Bədii Tərcümə və ədəbi Əlaqələr Mərkəzi

Yazıya 10 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.