Ədalət Partiyasının Ali Məclisinin növbəti iclası keçirilib

Bu gün Ədalət Partiyasının qərargahında Ali Məclisin növbəti iclası keçirilib. İclas həm əyani, həm də onlayn formatda təşkil olunub. Bakı şəhəri və ətraf rayonlardan nümayəndələr iclasa qatılsalar da, digər rayon təşkilatları onlayn qoşulublar.
İclasda partiyanın IX qurultayından sonrakı bir il ərzində gördüyü işlər müzakirə olunub. Partiyanın sədri Mütəllim Rəhimli məruzə ilə çıxış edərək son bir ildə görülən işlər və mövcud çətinliklər barədə məlumat verib. O bildirib ki, bir il ərzində Partiyanın siyasi və ictimai fəaliyyəti ümumilikdə müsbət qiymətləndirilir. Bir sıra rayon təşkilatları, Gənclər Təşkilatı və Qadınlar Təşkilatı formalaşdırılıb. Eyni zamanda partiyanın ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyi, beynəlxalq və yerli proseslərə dair mövqeyinin Azərbaycan mətbuatında işıqlandırıldığını vurğulayıb. Partiyanın sosial media platformaları, rəsmi saytı və YouTube kanalı vasitəsilə ictimaiyyətlə əlaqələrini daha da gücləndirdiyi qeyd olunub. Sədr mövcud çətinliklərə baxmayaraq, gələcəkdə bütün problemlərin həll ediləcəyinə əminliyini ifadə edib.
İclasın ikinci hissəsi təşkilati məsələlərə həsr olunub. Bu barədə Ali Məclisin sədri Rahim Nuriyev geniş məlumat verərək bir neçə məsələnin müzakirəyə çıxarıldığını bildirib.
İlkin olaraq yenidən təşkil olunmuş rayon və şəhər təşkilatlarının Ali Məclisə seçilmiş nümayəndələrinin səlahiyyətləri təsdiq olunub.
Sonra partiya sədrinin təqdimatı əsasında Nurəddin Muğanlının Siyasi Şuraya üzvlüyü təsdiq edilib.
Daha sonra Ali Məclisin rəhbər strukturu və komissiyalarının formalaşdırılması ilə bağlı məsələlər müzakirə olunub. Qərara əsasən, Ali Məclis sədrinin müavini və katibi vəzifələrinə, eləcə də komissiya sədrliklərinə seçkilər keçirilib.
Sədr müavini vəzifəsinə kimya üzrə fəlsəfə doktoru, dosent Firuzə Yunusova; Ali Məclisin katibi vəzifəsinə Vəfa Əliyeva; İdeoloji Təbliğat və Hüquq Siyasəti Komissiyasının sədri vəzifəsinə Nəsimi Kərimov; Təhsil, Elm, Din və Mədəniyyət Komissiyasının sədri vəzifəsinə Nurəddin Muğanlı; İdman, Turizm və Gənclər Siyasəti Komissiyasının sədri vəzifəsinə isə Abdulla Abdullazadə seçilib.

Yazıya 12 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.