15 Sentyabr – Bakının azad edilməsi günü Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. 1918-ci ilin bu günündə Qafqaz İslam Ordusu və Azərbaycan korpusu Bakını bolşevik-daşnak qüvvələrinin işğalından azad edərək milli dövlətçiliyimizin taleyində mühüm dönüş yaratdılar. Bu tarixi qələbə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına qovuşmasını təmin etməklə yanaşı, xalqımızın milli istiqlal mübarizəsinin ən mühüm mərhələlərindən birinə çevrildi. Bu qələbə yalnız bir şəhərin azad edilməsi deyil, Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına qovuşması, milli istiqlal ideyasının daha möhkəm təməl üzərində dayanması demək idi.
Bu tarixi hadisə mənim üçün yalnız milli yaddaşımızın mühüm səhifəsi deyil, həm də ailə tariximlə bağlı xüsusi məna daşıyır. Çünki 1918-ci ilin istiqlal mübarizəsi mənim ailə yaddaşımda babam Namaz Nazarlının həyat yolu ilə yaşayır.
Bu tarixi mənim üçün daha da doğmalaşdıran bir ailə yaddaşı var. Babam Namaz Nazarlı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun tərkibində könüllü olaraq xidmət edib və mübarizənin sonuna qədər bu ordunun sıralarında olub. Dərbənd-Xaçmaz istiqamətində aparılan hərbi əməliyyatlarda iştirak edib. Babam 106 yaşında, 1991-ci ilin aprelində, görkəmli Azərbaycan dilçisi, türkoloq, tənqidçi və siyasətçi Aydın Məmmədovla eyni gündə dünyasını dəyişib. Bu təsadüf mənim üçün həmin tarixi daha da yaddaqalan edir. Çünki 1918-ci ilin istiqlal mübarizəsinin şahidi olmuş bir nəslin nümayəndəsi olan babamın həyatı Azərbaycan dövlətçiliyinin mürəkkəb və şərəfli tarixinin canlı bir parçası idi.
Bu gün həmin hadisələrə nəzər salarkən tariximizin müxtəlif mərhələləri arasında mənəvi bir bağ görürük. 1918-ci ildə Azərbaycan uğrunda canından keçənlərin arzusu müstəqil və suveren dövlət görmək idi. Bu arzu sonrakı nəsillərin mübarizəsi ilə yaşadıldı və bu gün biz həmin müstəqil Azərbaycanın və azad torpaqlarımızın sevincini yaşayırıq. Qarabağın azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası 1918-ci ilin istiqlal ruhunun davamı kimi tariximizdə xüsusi yer tutur.
Bu baxımdan 15 Sentyabr yalnız keçmişi xatırlamaq günü deyil. Bu tarix milli dövlətçiliyimizin hansı çətinliklərdən keçərək formalaşdığını dərk etmək, müstəqilliyin qiymətini bilmək və onu qorumağın məsuliyyətini xatırlamaq günüdür.
Ədalət Partiyasının üzvləri olaraq 15 Sentyabr – Bakının işğaldan azad edilməsi günü münasibətilə Qafqaz İslam Ordusunun və Azərbaycan hərbi qüvvələrinin qəhrəman şəhidlərini dərin ehtiram və minnətdarlıq hissi ilə yad edirik. Onların müqəddəs xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.
Bu gün Azərbaycan müstəqildir, suverendir və torpaqlarımız azaddır. Biz bu tarixi reallıqdan böyük qürur və sevinc duyuruq. 1918-ci ildə Bakının azadlığı uğrunda canından keçənlərin və Azərbaycan Vətən müharibəsində şəhid olanların ruhu qarşısında baş əyir, Azərbaycanımızın müstəqilliyinin, ərazi bütövlüyünün və dövlətçiliyinin əbədi olmasını arzulayırıq.
15 Sentyabr – Bakının azadlığı mübarək!
Çingiz Abbasov
Ədalət Partiyası sədrinin müşaviri, “Tərəqqi” medalı laureatı
Yazıya 19 dəfə baxılıb









