Kultur.az Baş ədliyyə müşaviri Ələmdar Məmmədovun Azərbaycanın dövlət xadimi, Azərbaycan SSR Prokuroru və ölkəmizin müstəqillik dövrünün ilk Ədliyyə naziri vəzifəsində çalışmış, hüquq elmləri doktoru, professor, eks-millət vəkili, Ədalət Partiyasının sədri (2001–2025) İlyas Abbas oğlu İsmayılovun şərəfli ömür yolundan bəhs edən “Mən bu zamana sığmazam” adlı sənədli-publisistik kitabını (hissə-hissə) təqdim edir:
.
İkinzi hissə
İşdən çıxma…
Çaldıran savaşında Şah İsmayıl od püskürən ən böyük topa yaxınlaşaraq qılıncla elə bir zərbə vurur ki, çuqun topun lüləsində dərin iz açılır. Döyüşdən bir neçə ay sonra Sultan Səlim məktub yazıb qılıncı istəyir. Şah İsmayıl qılıncı göndərir. Sultan Səlimin ən tanınmış sərkərdələri qılıncla topun lüləsində yalnız cızıq aca bilirlər. Bunu görən Sultan məktub yazır ki, mən həmin qılıncı istəmişdim, Sən mənə başqa qılınc göndərmisən. Şah cavab verir ki, “Qılınc həmin qılıncdır, qol həmin qol deyil”.
1982-ci ilin noyabr ayında Heydər Əliyev Sov.İKP MKnın siyasi bürosunun üzvü seçilib, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsinə təyin edilib, SSRİ rəhbərlərindən biri olduqdan sonra Respublikada rəhbər kürsüsündə oturan şəxslər – Kamran Bağırov, Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov təbii ki, Hedər Əliyev yolunu davam etdirə bilmədilər. Kürsü həmin kürsü olsa da, şəxslər həmin şəxs deyildi (“Qılınc həmin qılıncdır, qol həmin qol deyil”). İlk əvvəllər bu açıq hiss olunmasa da, sonradan, xüsusi ilə, Yenidənqurma şəraitində idarəçilikdə boşluq daha qabarıq şəkildə özünü göstərirdi.
Məsələ burasındadır ki, Yenidənqurmanın imkan verdiyi müəyyən azadlıqlardan Respublikanın siyasi rəhbərliyi düzgün istifadə etmək əvəzinə inzibati amirlik üsulundan və “böyük qardaşa” güvənmək xislətindən qurtula bilmədilər.
SSRİ adlı nəhəng imperiyada istehsal münasibətlərinin yeni formaları yaranırdı. “Fərdi əmək fəaliyyəti haqqında” 19 noyabr 1986-cı il tarixli, “Kooperasiya haqqında” 30 iyun 1987-ci il tarixli, “Müəssisələr haqqında” 26 may 1988-ci il tarixli qanunlar yeni münasibətlər yaradır, yeni yanaşma tərzi tələb edirdi. İnzibati amirlik metodundan əl çəkmək istəməyən respublikanın “beyni” hesab edilən Mərkəzi Komitə və “partaparat” sərbəst düşünmək qabiliyyətinə malik deyildi. Millətin, xalqın fəlakət qarşısında qaldığı bir vaxtda, ən cüzi məsələnin həlli üçün mütləq yuxarıların razılığı olmalı idi. Heç kim üzərinə məsuliyyət götürmək istəmirdi. Az qala oturuş-duruş qaydalarını tənzimləyən “partaparat” aciz görünürdü.
Kamran Bağırovdan sonra respublika rəhbərliyinə gətirilən, ana dilində düzgün və səlis danışa bilməyən Ə.Vəzirovun Dağlıq Qarabağda baş verənləri vilayətdəki sosial iqtisadi gərginliklə əlaqələndirməsi (həmin dövrdə DQMV-də yaşayış səviyyəsi ümumazərbaycan göstəricisindən 1,4 dəfə çox idi), erməni separatizminə qarşı deyil, əvvəlki illərdə Azərbaycana rəhbərlik etmiş H.Əliyevə qarşı mübarizə aparması xalqda Vəzirova qarşı kəskin etiraz formalaşdırdı.
Bir əldə iki qarpız tutmaq istəyən Ə.Vəzirov ermənilərlə barışığın mümkünlüyünə inanır, bəzi məsələrdə onlara güzəştə gedirdi.
Məlumdur ki, DQMV-də separatçıların qarşısında dayanan əsas güc ağdamlılar və onların rəhbəri Sadıq Murtuzayev idi.
Sadıq Murtuzayev “İnsan amili, həyat və zaman” adlı kitabında çoxdan tanıdığı Ə. Vəzirovla Respublika rəhbəri olandan sonrakı görüşünü belə xatırlayır:
“Ə.Vəzirov rayonlara ilk səfərini Ağdamdan başlamışdı. Ertəsi gün Xankəndiyə gedəcəkdi. Bir neçə təsərrüfata baş çəkib qonaq evinə qayıtdıq. Səhər saat dördə kimi səmimi söhbət etdik. Tezdən onu xidməti maşınımla Xankəndiyə yola saldım. Axşam saat 17.00 radələrində qayıtdı. Maşından düşən kimi soruşdu:
– Neçə ildir rayonlardasan?
– 30 ildən çoxdur, Əbdürrəhman Xəliloviç.
– Sənin mərkəzə gəlmək vaxtındır.
Bir neçə gündən sonra işləri yeni seçilmiş I katibə təhvil verib Bakıya getdim. Xeyli sonra məni Abşeron Rayon Partiya Komitəsinin I katibi seçdilər.
Moskvada XIX partiya konfransında DQMV-nin I katibi Poqosovla rastlaşarkən etiraf etdi ki, iş yerimin dəyişdirilməsini Ə.Vəzirovdan o xahiş edib.
Həmin dövrdə hakimiyyət boşluğunun əyani sübutu kimi bir hadisəni də danışmaq istəyirəm:
1989-cu ilin noyabr ayının axırları idi. Birinci katib Ələsgər Qocamanov məni yanına çağırdı. Cəbhənin lideri Miralim və Cəlilabad rayonunun Novoqolovka kəndindən gələn 10-15 nəfər də katibin kabinetində idi. Kənd Qızılağac qoruğu ilə sərhəd olduğundan tez-tez vəhşi heyvanların hücumuna məruz qalırdı. Camaat da yığılan ov tüfənglərinin qaytarılmasını xahiş edirdi. Birinci katib dərhal daxili işlər nazirinə zəng etdi. Nazir dedi ki, Mərkəzi Komitənin icazəsi olmasa milis tüfəngləri qaytara bilməz. Katib bizim yanımızda Azərbaycan KPMK-nin katibi Telman Orucova, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibova zəng etdi. Hər ikisi dedi ki, gərək Əbdürrəhman Vəzirovun razılığı olsun. Ələsgər müəllim öyrəndi ki, Vəzirov Moskvadadır. Çox əziyyətdən sonra onun Moskvadakı telefonunu tapıb Vəzirovla danışdı. Lakin, respublikanın birinci katibinin də bu problemi həll etməyə gücü çatmadı.
Hakimiyyət boşluğunu sadə insanlar da hiss edirdi. Gərginliyi ilə seçilən, insanların bir-birini ittiham etdiyi Ali Sovetin iclaslarının birində İlyas müəllim çıxış edərək təxminən aşağıdakıları dedi: – Hamımız bərəkətli torpaqlarımızdan, neftimizdən, pambığımızdan ağız dolusu danışırıq. Əsas məsələ insan amilidir. Gəlin belə ağır şəraitdə bir-birimizi ittiham etmək əvəzinə insanlarımızı, vətəndaşlarımızı qoruyaq, qüvvələrimizi birləşdirək, bir hədəf uğrunda mübarizə aparaq.
Aralarında xoş münasibət olmasına baxmayaraq, Ə.Vəzirovdan sonra Respublika rəhbəri olan A.Mütəllibov 1990-cı ilin Yanvar ayında Konstitusiya müddəti başa çatan İlyas müəllimin ikinci müddətə Respublika prokuroru təyinatı üçün təqdimat yazmadı. Yada salmaq yerinə düşərdi ki, əgər İlyas müəllim Moskvanın Azərbaycana girməsinin qarşısını almasaydı və bizdə də “Özbək işi” açılsaydı A.Mütəllibov və komandası məhbus həyatı yaşayardı.
Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılmasından sonra, arxasız və dayaqsız qalan Azərbaycanı bir çox bəlalardan xilas edən İlyas İsmayılova qarşı belə münasibətin səbəbi nə idi?
İlyas İsmayılovun ədalət çətirinin altında qorunanlar təhlükə sovuşan kimi nə üçün ona qarşı çıxdılar?
2-7 iyul 1953-cü ildə Sov.İ.K.P. MKnin rəyasət heyətinin üzvü, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini və Daxili İşlər Naziri 26 iyun 1953-cü ildə həbs olunmuş L.P.Beriyanın işi ilə əlaqədar keçirilən plenumun yekun qərarında partiya nomenklaturasının barəsində yuxarı partiya orqanının xüsusi icazəsi olmadan əməliyyat və istintaq tədbirləri həyata kecirilməsi qadağan edilmişdi. 30-cu illərdə olduğu kimi partiya xadimlərinin əsassız repressiyaya məruz qalmasının qarşısını almaq zərurətindən irəli gələn və ilk baxışda humanist addım kimi görünən bu qərar zaman keçdikcə öz mahiyyətini itirərək, toxunulmazlıq statusunda olan toplum əmələ gətirmişdi. Qanun üstündə olan bu insanları ən ağır hadisə və cinayətlərdə, hətta, şahid kimi dindirmək üçün xüsusi icazə tələb olunurdu.
Ona görə də partiya tədbirlərinin birində İlyas müəllimin ilk çıxışı bomba təsiri bağışlamışdı.
Belə ki, əvvəlki prokurorların cinayətkarlığın vəziyyəti barədə statistik göstəriciləri dilə gətirib, çıxışlarını rəhbərliyə tərif yağdırmaqla tamamlamasına alışmış – partiyaya sədaqət ruhunda tərbiyə olunan, partiya daxili qaydaları əlində qılınc, verilmiş imtiyazları qalxan edən partnomeklatura birdən-birə hamının partiya qarşısında məsuliyyət daşımalı olmasından deyil, qanun qarşısında bərabər olmasından, qanunun aliliyindən danışan ciddi görkəmli, ötkəm prokurorla rastlaşmışdı. Özlərinə təskinlik verən, səksəkəyə düşmüş nomenklatura İlyas müəllimin bu çıxışını onun cavanlığı və təcrübəsizliyi ilə əlaqələndirirdilər. Onlar başa düşmürdilər ki, bu prokuror həmişə verdiyi sözü tutan, qatı cinayəkarlar və mafioz elementlərə qarşı amansız olan, az əhəmiyyətli xətalar törətmiş sadə insanlara qarşı humanistlik nümunəsi göstərən, ayrı-ayrı şəxslərə deyil, yalnız qanuna qulluq edən dönməz, sarsılmaz və qətiyyətli bir şəxsiyyət, yeni tipli rəhbərdir.
İlyas müəllimin partiya orqanlarını qane etməyən digər hərəkəti “təhkimçiliy” in aradan qaldırılması oldu. Prokuror kolxoz və yaxud sovxoza təhkim edilir, iclaslarda bəzən təsərrüfat işlərinin gedişi barədə sorğulanırdı. Məsələn: Ot yığımı mövsümü başlayanda hamı kimi prokurorluq əməkdaşları da səhər saat 05-də RPK-nin qarşısına gəlir, sonra təhkim olunduğu kolxoz və sovxoza gedir, formal olaraq yığımda iştirak edir və saat 09-da iş yerində olurdu.
Pambıq, üzüm və tərəvəz yığımı zamanı şahid ifadələri iş yerində deyil, sahələrdə alınırdı ki, bu da istintaq sirrinin yayılmasına, son nəticədə istintaqın effektivliyinin azalmasına səbəb olurdu. Bu hallar prokuror nüfuzuna büyük zərbə vururdu. Nüfuzu olmayan prokuror başqalarının hüquqlarını necə qoruya bilərdi? Ona görə də İlyas müəllim “təhkimçiliy” in ləğv olunması barədə Mərkəzi Komitə qarşısında məsələ qaldırdı və çətinliklərə baxmayaraq istəyinə nail oldu.
Haşiyə: 1997-ci ildə əvvəllər Goranboy Rayon Partiya Komitəsinin 1-ci katibi işləmiş Arif Cəfərov rayona gəlmişdi. RİH-in başçısı Ağa Əkbərovun yanında Arif müəllim mənim Cəlilabaddakı fəaliyyətimi tərifləyib, həmin dövrdə Qasım İsmayılov rayon prokurorunun zəif olmasını bildirəndə yarı zarafat, yarı ciddi dedim:
– Arif müəllim, siz hamınız bəli, baş üstə deyən prokurorlarla işləmək istəmisiniz. Nəticədə hüquq-mühafizə orqanları başıqapazlı olub. Mən Cəlilabadda təzə işə başlayanda 1-ci katib İ.Qurbanov sərbəstliyim və “özbaşınalığımla” razılaşmır və hər yerdə məni pisləyirdi. Lakin 1986-ci ilin iyul ayında ruslar rayona yoxlamağa gələndə əlimdəki faktlarla onların qarşısında dayandığımdan cinayət faktı tapa bilmədilər. Bu hadisədən sonra İ.Qurbanov, istəməsəm də, iclaslarda məni yanında oturdurdu və göstəriş vermişdi ki, rayona gələn bütün yoxlayıcılar əvvəl prokurorun yanına aparılmalıdır. Hətta rayona göndərilən hakimliyə namizəd Nəsir Məmmədovu qəbul etməyərək əvvəl mənim yanıma göndərmiş və müsbət fikrimi bildirdikdən sonra qəbul etmişdi. Prokuror işini elə görməlıdir ki, ən ağır cinayətlərin də istintaqını yuxarı prokurorluq ona etibar etsin. Prokuror işlədiyi rayonun bütün ağrı-acısını çiynində daşımağı bacarmalıdır.
…Məişət Xidməti Nazirinin əmri ilə bir nəfər işdən çıxarılır. Həmin şəxs Respublika Prokuroluğuna müraciət edir. Yoxlama zamanı şəxsin qanunsuz olaraq işdən çıxarılması müəyyən olunur və işə bərpa edilməsi barədə protest verilir. Lakin protestin baxılması gecikdirilir. Bir neçə gündən sonra MKnin 2-ci katibi Y.Konovalov İlyas müəllimi yanına dəvət edir. İlyas müəllim içəri girəndə nazir B.Alekseyenkonu da orada görür. Y.Konovalov yarı zarafat, yarı ciddi deyir:
– İlyas Abasoviç, nazir Sizdən narazılıq edir.
İlyas müəllim sərt şəkildə cavab verir:
– Mən bu naziri qanunlara hörmət etməyə vadar edəcəyəm.
Y.Konovalov:
– Gedə bilərsiniz, İlyas Abasoviç,- deyə, onu yola salır.
Səhəri günü protest təmin edilir və həmin şəxs əvvəllki işinə bərpa olunur. Bakı şəhər prokuroru Əliş Əliyevin prokurorluq müddəti 1989-cu ilin may ayında tamam olurdu. Əliş müəllimin xahişinə əsasən İlyas müəllim onu sentyabr ayına kimi vəzifədə saxlamaq qərarına gəlmişdi. MK-nin 1-ci katibi Ə.Vəzirov büro iclasında bu məsələyə sərt reaksiya verir. İlyas müəllimlə yüksək səslə danışır. İlyas müəllim ona kəskin cavab qaytararaq, iclas zalını tərk edir.
Qeyd: Təəssüf ki, 1990-cı ilin avqust ayında yeni Baş prokuror İsmət Qayıbovun təqdimatı ilə əlaqədar keçirilən kollegiya iclasında İlyas müəllimin ünvanına söz deyənlər sırasında Ə.Əliyev də var idi…
1989-cu il, dekabrın 29-da Cəlilabadda qanlı qarşıdurma baş verdi. Raykomun və Milis şöbəsinin binası dağıdıldı. Münaqişədə 131 nəfər, o cümlədən, Rayon Partiya Komitəsinin I katibi Xeyrulla Əliyev xəsarət aldı. Onlardan biri iki gündən sonra dünyasını dəyişdi. Bir milis əməkdaşı da bir neçə aydan sonra aldığı xəsarətlərdən xəstəxanada vəfat etdi. Həmin gün axşam Dövlət Təhlükəsizlik Komitəsinin Biləsuvar Rayon Şöbəsinin binasında müşavirə keçirildi. Müşavirədə Mərkəzi Komitənin katibi Telman Orucov, Daxili İşlər naziri Aydın Məmmədov, Respublika prokuroru İlyas İsmayılov, DTK sədri Vaqif Hüseynov iştirak edirdi. Müşavirədən sonra Telman Orucovdan məni ayrıca qəbul etməsini istədim. Xahişimi nəzərə alan MK katibi 15 dəqiqədən sonra məni qəbul etdi. Söhbətimiz çox gərgin keçdi.Onun amiranə danışıq tərzi kütləvi ixtişaşın şahidi və iştirakçısı olmuş insan kimi məni çılğınlıq etməyə vadar etdi. T.Orucov məni dinləmək istəməyib otaqdan çıxaranda İlyas İsmayılov ona sərt reaksiya verərək dedi:
– Telman Xəliloviç, bəsdirin, Sizin “bezdarnı” partiya işçilərinizin səhvi ucbatından rayon prokuroru dörd aydır səngərdədir. Siz isə onu dinləmək istəmirsiniz.
Əlbəttə, İlyas müəllimin bu cəsarətli hərəkəti inzibati amirlik üsulu ilə işləməyə öyrənmiş partiya nomenklaturasını qıcıqlandırmaya bilməzdi. O, əslində məni deyil, ədaləti müdafiə edirdi.
Səhərisi gün Cəlilabadda görüşərkən,”Məni pis vəziyyətdə qoydun”, – deyə, yüngül iradını bildirdi.
1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi ictimai hərəkat kimi o vaxtki Nazirlər Sovetində dövlət qeydiyyatına alınanda Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovla AXCnin sədri Əbülfəz Eçibəy arasında 8 bənddən ibarət bir saziş bağlanmışdı. Sonralar həm respublikanın siyasi rəhbərliyi, həm də Moskvadan gəlmiş İttifaq rəhbərləri Primakov və Girenko, habelə bunların təsiri ilə SSRİ Baş Prokurorunun Bakıya gəlmiş müavini Abramov Respublika prokuroru İ.İsmayılovdan tələb edirdilər ki, AXC qeydiyyat zamanı A.Mütəllibovla bağladığı sazişi pozduğuna görə onun dövlət qeydiyyatının ləğv olunmasına dair Nazirlər Sovetinə təqdimat göndərsin. İlyas müəllim həmin sazişin qanun və digər normativ akt statusunda olmadığına görə prokuror nəzatəti təsiri altına düşməməsi əsası ilə onların tələbini rədd etmişdi. İlyas müəllimdən narazı qalan Moskvadan gələn yüksək ranqlı məmurlar və Respublika rəhbərliyi SSRİ Baş prokuroru A.Suxarevə şikayət etmişdilər ki, İ.İsmayılov bizə kömək etmir, AXC-ni müdafiə edir.
…Mərkəzi Komitə katiblərindən biri bacısı oğlunun prokurorluqda işə qəbul edilməsi barədə xahiş etmişdi. İlyas müəllim namizədi qəbul edir və sorğu-sualdan sonra deyir:
– Sən biliklərini artırmalısan. Bir il hazırlaş gələn il baxarıq.
Bir ildən sonra İlyas müəllim təkrar namizədi qəbul edir və hüquq elmindən xəbəri olmadığının şahidi olub, həmin şəxsi prokurorluğa qəbul etmir. Müstəqillik dövründə də yüksək vəzifələr tutan “dayı” qohumunun işə qəbul edilməməmsini heç vaxt unutmadı!!
Bu, o demək deyil ki, İlyas müəllim vəzifəli şəxslərin uşaqlarının prokurorluğa götürülməsinin əleyhinə olmuşdur. İlyas müəllimin kadr seçimində kimin adamı olması deyil, kim olması əsas idi.
Rayon prokuroru vəzifəsinə bir qayda olaraq təyinat 1-ci katiblərin razılığından sonra baş tuturdu. Odur ki, işçinin peşə keyfiyyətləri ilə yanaşı, qanunda nəzərdə tutulmasa da, “yola getmək”qabiliyyəti də nəzərə alınırdı.
Məsələn, Prokuror nəzarətinin bütün sahələri üzrə püxtələşmiş Lənkəran rayon prokurorunun böyük köməkçisi Paşa Tahirzadənin 1981-ci ildə rayon prokuroru vəzifəsinə irəli çəkilməsi an məsələsi olanda, istəməyən qüvvələr onun guya partiya sovet orqanları ilə dil tapa bilməməsi iddiasını irəli sürmüşdülər. Bu əsasla P.Tahirzadənin layiq olduğu rayon prokuroru vəzifəsinə təyinatı gerçəkləşmədi.
Tanınmış prokurorluq işçilərindən biri xatirələrində yazır: “Lənkəran ŞPK-nin 1-ci katibi İ.Məmmədov 15 namizədin arasından tanımaza, bilməzə məni seçmişdi”…
Rayonların birinə prokuror təyinatından sonra katib İlyas müəllimə zəng edir. Onların arasında belə dialoq baş verir.
Katib:
– Yoldaş İsmayılov, bizə prokuror göndərmisiniz, lakin biz onu tanımırıq. Belə adamla necə işləyəcəyik?
İ.İsmayılov:
– Yoldaş katib, mən Sizə kolxoz sədri və yaxud sovxoz direktoru deyil, qanunların icrasına nəzarət edən prokuror göndərmişəm. Siz partiya işçisi kimi bilməlisiniz ki, prokuror Mərkəzi Komitənin katibliyinin nomenklaturasıdır, raykomun yox. Mən Mərkəzi Komitə ilə razılaşdırmışam.
İlyas müəllim burada da qanun və qaydalara əməl edilməsini ön plana çəkməklə, əvvəlki təsəvvürləri alt-üst etmişdi.
Və yaxud, cox yerlərdə partiya cəzası alıb işdən çıxarılan vəzifəli şəxslərin barəsində materiallar prokurorluğa göndərilir, prokurorlar da katiblə münasibəti korlamamaq üçün, ən cüzi xətaya görə cinayət işi başlayıb məhkəməyə göndərir və insanlar məhkum edilirdilər. Lakin İlyas müəllimin prokurorluğunun ilk aylarından az əhəmiyyətli xətalara görə insanların məhkum edilməsinin əleyhinə çıxdığına görə, yerlərdə də prokurorlar katiblərin çaldığı ilə oynamır və təbii ki, belə hallar nomenklaturanı İlyas müəllimdən narazı salırdı.
İlyas müəllim mafioz qüvvələrə qarşı mübarizədə ağlasığmaz çətinlik və məhrumiyyətlərlə rastlaşmalı olurdu. Məsələn, Çox nüfuzlu mafioz bir şəxsin – ”X”, xüsusilə külli miqdarda dövlət əmlakını talaması ilə əlaqədar aparılmış istintaq nəticəsində onun təqsiri sübut olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdi. Respublikanın ən yüksək vəzifə sahibləri bu məsələdə İlyas müəllimə təsir etməyə başladılar. İlyas müəllimin geri çəkilməməsini görən həmin qüvvələr “X”-i psixi xəstə çıxartdılar. Əlavə ekspertiza keçirildi və rəyin saxta olduğu müəyyən edildi. Saxta rəy vermiş məşhur professorun haqqında cinayət işi başlandı. Professorun müdafiəçiləri onun “repressiyaya məruz qalması” barədə ölkənin baş mətbuat orqanı olan “Pravda” qəzetində geniş yazı dərc etdirdilər. İlyas müəllim Moskvaya gedərək “Pravda” qəzetinin redaktoru olə görüşüb yazıdakı bütün müddəaları alt-üst etdi.
1990-cı ilin fevral ayında Respublika prokurorluğunda keçirilən kollegiya iclasında MKnın inzibati orqanlarla iş şöbəsinin müdiri Yasif Nəsirli çıxışında çoxlu sayda mitinqçilərin həbsdən azad olunması barədə İlyas müəllimə birbaşa ittiham irəli sürərkən, o, özünəməxsus ötkəm formada dedi:
– Biz hamımız bu xalqın övladlarıyıq. Hər küçəyə çıxanı həbsə alıb, mühakimə etməliyik?! (Kollegiyanın işində SSRİ Baş Prokurorunun 1-ci müavini iştirak etdiyi üçün onlar rus dilində danışırdılar).
Bu misallarla hesab edirəm ki, yeni rəhbərlik üçün İlyas müəllimin, necə deyərlər, arzuolunmaz şəxs olmasının səbəblərini oxucuya izah edə bildim.
İlyas İsmayılovun respublikanın yeni rəhbərliyi tərəfindən haqsız təzyiqə məruz qalmasını görən Azərbaycan ziyalıları və hüquq ictimaiyyəti onun müdafiəsinə qalxmışdı. Mətni undulmaz müəllimimiz Məmməd Xələfov tərəfindən yazılmış bir teleqramı oxucuların nəzərinə çatdırıram:
“Hörmətli yoldaşlar! Bağban bağının ətirli meyvəsi ilə öyündüyü kimi, müəllim də savadlı, ləyaqətli tələbələri ilə fəxr edir. Bunlar çox təbii və pak hisslərdir. Respublikamızın prokuroru İlyas İsmaylov bizim gərgin, uğurlu əməyimizin parlaq ulduzudur. O, xalqımızın savadlı, ağıllı, obyektiv, insaflı, büllur kimi təmiz, ortalığa çıxarıla bilən işgüzar övladıdır. Xalqımızın belə övladları, təəssüf ki, çox azdır. Onların taleyinə diqqətlə yanaşılmalıdır, əks halı zaman bizə bağışlamaz.
Xalqımızın düçar olduğu bu bəlada hamımızın – həm bizim hər birimizin və həm də böyük umur sahiblərinin günahı vardır. Zaman hər kəsin payını verəcəkdir, buna şübhə olmamalıdır. İlyas İsmayılov haqqı müdafiə olunmağa layiq övladdır, onun barəsində ədalətsizliyə yol verilməməlidir”
Hörmətlə:
Məmməd Xələfov – h.e.d professor
Murtuz Ələsgərov – h.e.d. professor
Məsumə Məlikova – h.e.d. professor
Qasım Manayev – h.e.d. professor
Əziz Əsədov – h.e.d. professor
Tofiq Qafarov – h.e.d. professor
Əyyub Əsgərov – h.e.d. professor
Cəfər Mövsümov – h.e.d. professor
Kəmalə Sarıcalinskaya – h.e.n. dosent
Məmmədxan Rəsulov – h.e.n. dosent
Yusif Mehdiyev – h.e.n. dosent
13 mart 1990-ci il
* * *
SSRİ Baş Prokurorluğu da müttəfiq respublika prokurorları arasında ən sanballı və savadlı hesab edilən İlyas İsmayılovun təkrar müddətə Respublika prokuroru vəzifəsində qalmasında maraqlı idi. Təsadüfi deyil ki, İlyas müəllimin 5 illik Konstitusiya müddəti 1990-cı ilin Yanvar ayında tamam olduğu halda, əvəzçi kimi Onu avqust ayına kimi saxlamışdılar.
SSRİ Baş prokurorunun 1-ci müavini, prezident A.Mütəllibovun qəbulunda olarkən o, İlyas müəlimdən şəxsi narazılığı olmadığını, Onun yüksək səviyyəli hüquqşünas olmasını deməklə bərabər bildirmişdi ki, mən İlyas İsmayılovun qaydaları ilə işləyə bilmərəm…
Nəhayət, İlyas İsmayılov 1990-cı ilin avqust ayında Konstitusiya müddətinin başa çatması ilə əlaqədar Azərbaycan SSR Respublika prokuroru vəzifəsindən azad edilərək, SSRİ Baş Prokurorluğunun idarə hüquqlu şöbə rəisi vəzifəsinə təyin edildi.
1990-cı ildə xain qüvvələr İlyas müəllimin Nardaranda yerləşən bağ evini yandırdılar. İş dalınca şəhərə gələn altı nəfər fəhlə həyatını itirdi. Cinayətkarlar güman etmişdilər ki, İlyas müəllimin böyük oğlu Etimad dostları ilə bağ evindədir.
Mən həmin günlərdə Moskvaya – İlyas İsmayılova zəng etdim. Məsləhət bildim ki, Bakıya gəlməsin. İlyas müəllim cavabında dedi:
– Mən fatalistəm. Ölümdən qorxmuram və iki gündən sonra Bakıya gəldi.
Bağ evinin kimlər tərəfindən yandırılması müəyyən edilmədiyiinə görə başlanmış cinayət işinin icraatı dayandırıldı. Lakin bəlanın hansı istiqamətdən gəldiyini təxmin eləmək çətin deyildi. Boynu qoltuq görməmiş, İlyas İsmayılov ədalətinin pəncəsindən qurtula bilməyən bir çox insan İlyas müəllimə düşmən kəsilmişdi.
Yaxın dostlar və ilyassevərlər baş verə biləcək bədbəxt hadisələrin ola biləcəyini əvvəlcədən sezib İlyas müəllimin ən şox hörməti keçmiş insanlara müəyyən siqnallar ötürmüşdülər. Lakin təəssüf ki, həmin şəxslər süstlük göstərdilər…
Qeyd edildiyi kimi, İlyas İsmayılov SSRİ Baş Prokurorluğunun Cəzaçəkmə Müəssisələrində Qanunların İcrasına Nəzarət Şöbəsinin rəisi təyin edildi. Bu vəzifədə də o, milli qeyrətini ortaya qoydu. Belə ki, Azərbaycanda ağır cinayətlərə görə məhkum olmuş şəxsləri RSFSR-in müxtəlif bölgələrində ağır işlərə cəlb edirdilər. İlyas müəllim özünün təşəbbüsü ilə həmin məhbusların cəzalarının qalan hissəsinin Azərbaycanda çəkməsinə nail oldu. O, SSRİ Baş prokuroruna yazdığı xidməti məktubunda bunu belə əsaslandırmışdı ki, məhbus ailəsinə yaxın yerdə cəza çəkərkən daha tez islah olunur.
Müstəqillik illərində
SSRİ dağıldıqdan sonra Rusiya Baş prokurorluğunda iş təklif olunsa da O, vətənə qayıtdı.
Haşiyə: Bəzi qaragüruhçular İlyas müəllimi Moskvanın adamı hesab edirlər. Görkəmli partiya işçisi Sabir Hüseynovun “Biz hamımız Moskvanın adamı olmuşuq” sözləri ilə razılaşmamaq mümkün deyil. Belə ki, bütün hakimiyyət strukturları idarə və müəssisələr, o cümlədən, prokurorluq əsasları Moskvada hazırlanan qanun və qərarlarla işləyir, vəzifə təyinatları Moskvada təsdiq olunurdu. Məsələn, Yardımlı rayon prokuroru vəzifəsinə əməkdaşı Respublika prokuroru təyin edir, SSRİ Baş pokuroru təsdiq edirdi.
Lakin Moskvanın əleyhinə hər rəhbər gedə biməzdi. İlyas müəllim qanun və vətən naminə, kitabın əvvəlində qeyd edildiyi kimi, Moskvanın iradəsi əleyhinə gedən nadir kişilərdən olub.
İlyas müəllimin öz sözləri ilə desək, Moskvada nə qədər çox adam işləsə, bir o qədər Azərbaycanımıza xeyri olardı.
Vətənə döndükdən sonra həmin vaxt Prezident səlahiyyətlərini icra edən Ali Sovetin sədri Yaqub Məmmədovun Sərəncamı ilə İlyas İsmayılov müstəqil Azərbaycan Respublikasının ilk Ədliyyə Naziri oldu.
Hakimlər korpusu İlyas müəllimin təyinatını sevinclə qarşıladı. Daha hakimlərin işinə həbs faizinə görə qiymət verilmir, lüzumsuz yoxlamalar keçirilmir, yuxarıların deyil, qanunun tələbi əsas götürülürdü. Bu barədə uzun illər hakim mantosu daşımış Tofiq Quliyevin fikirləri maraqlıdır: “İlyas İsmayılov yeganə Ədliyyə naziridir ki, həm özündən əvvəlki, həm də özündən sonrakı bütün Ədliyyə nazirlərindən peşəkarlıq və insani keyfiyyətlərinə görə üstündür”.
Nazir işlədiyi dövrdə yüksək ranqlı məmurlardan biri İlyas müəllimə deyir:
– Sizin iqtidara və dövlətçiliyə köməyiniz nədən ibarətdir?
İlyas müəllim cavabında:
– Rüşvət almıram.Bundan artıq nə kömək olar…
Burada böyük alimimiz Şirməmməd Hüseynovun mühazirələrində tez-tez təkrar etdiyi sözlər yada düşür: “Mənim bu xalqa xidmətim ən azı odur ki, 45 il dərs dediyim Universitetdə bir qəpik də rüşvət almamışam”
1994-cü illdə Prezident Heydər Əliyevin sərəncamı ilə İlyas İsmayılov Ədliyyə naziri vəzifəsindən azad edildi.
Məlimdur ki, Ulu Öndər ictimai rəyə xüsusi diqqət yetirirdi. Vəzifədən çıxarılan şəxslərin fəaliyyəti müzakirə olunur, televiziya ekranlarında minlərlə tamaşaçı müzakirənin gedişini izləyirdi.İqtidarda olan şou həvəskarları İ.İsmayılovu da müzakirə mövzusuna çevirmək istəsələr də, müdrik insan olan Heydər Əliyev buna imkan verməmişdi.
30 mart 1996-cı ildə sabiq Ədliyyə naziri İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyası və Azərbaycan Demokrat Partiyası III Növbədənkənar (Birləşdirici) Qurultayda birləşdilər. Birləşmiş partiyanın sədri İlyas İsmayılov seçildi.
29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşdi. Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.
1995-ci ildə İlyas müəllim parlament seçkilərində iştirak etdi. Eyni dairədən tanınmış hüquqşünas, uzun illər prokurorluq orqanlarında müstəntiq, rayon prokuroru, Respublika Prokurorluğunda şöbə rəisi və Respublika prokurorunun müavini vəzifəsinədək yüksəlmiş, hüquq elmləri namizədi alimlik dərəcəsi almış, İlyas müəllimin həmyerlisi və qrup yoldaşı Zakir Zeynalovun da namizədliyi irəli sürülmüşdü. Seçki Z.Zeynalovun qələbəsi ilə başa çatsa da, bu, onu sevindirməmişdi.
5 noyabr 2000-ci il parlament seçkilərində həm majoritar, həm proporsional seçki sistemi üzrə seçkilərə qatılmış Azərbaycan Demokrat Partiyası uğur qazana bilmədi. Çoxdan fikir ayrılığına baxmayaraq, İlyas müəllim siyasi ədəb göstərərək 1 gün sonra, yəni 6 noyabr 2000-ci ildə partiyanın həmsədri kimi Azərbaycan Demokrat Partiyasından istefa verdi. İlyas İsmayılov tərəfdarları ilə Ədalət Partiyasının bərpası üçün müvafiq orqanlara müraciət etmiş və 2 iyul 2001-ci ildə bərpa qurultayı ilə partiyanı yenidən təsis etmişdi.
İlyas İsmayılov 2006-cı il mayın 13-də 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputat seçildi. Milli Məclisin İnsan Hüquqları Daimi Komissiyasının, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-İtaliya, Azərbaycan-Latviya, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarınının və Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü olmuşdur.
…Ilyas müəllim partiya sədri və millət vəkili kimi özünəməxsus ağıllı və sanballı davranışı ilə ölkəmizdən kənarda da hörmət və nüfuz qazanmışdır.
Məsələn, 2000-ci ildə Türkiyədə səfərdə olan zaman doqquz nazirlə, o cümlədən, Daxili İşlər naziri Sadətdin Tantan və Müdafiə Naziri Səbahəddin Çoxmaqoğlu, Milliyyətçi Hərəkat Partiyasının sədri, Baş nazirin müavini Dövlət Baxçalı ilə görüşməsi və TQRT televiziyası ilə bir saatlıq çıxışının təşkil olunması, Türkiyə Böyük Millət Məclisinin 80 illik yubileyinə isə Azərbaycan müxalifətindən yalnız onun rəsmi dəvət alması, İ.İsmayılov şəxsiyyətinə olan maraq və hörmətin təzahürüdür.
İran Islam Respublikasına səfərində Təbrizdə olmağı şərt kimi irəli sürən İ.İsmayılov görüşlərin birində Heydər Əliyev haqqında sualı cavablandırarkan, Onu türk-müsəlman dünyasının ən görkəmli şəxsiyyəti kimi xarakterizə etmişdi.
Şəxsiyyət kimi hamı tərəfindən qəbul edilən İlyas müəllim müxalifət olaraq da öz müdrikliyini nümayiş etdirirdi.
İlyas müəllim müsahibələrinin birində müxalifət iqtidar münasibətlərində öz arzusunu dilə gətirərək deyir: “Biz müxalifət partiyası olsaq da, cəmiyyətdəki mövcud problemlərin zor, qarşıdurma müstəvisində deyil, sivil qaydada, danışıqlar, dialoqlar vasitəsilə həll olunmasının tərəfdarıyıq. Çünki dialoq, vaxtilə Sokratın çox sərrastlıqla dediyi kimi, “mərifətin inkişaf yolu”, həm də müxtəlif fikirliliyə hörmət deməkdir. Bütün müşkül, mübahisəli məsələlər həqiqətən də masa ətrafında, dialoq vasitəsilə müzakirə olunmalıdır ki, hərtərəfli götür-qoy etmək, ortaq nəticəyə gəlmək mümkün olsun. Üstəlik nəzərə alsaq ki, dialoq həm də ölkədəki gərginliyi azaltmaq və bununla cəmiyyətə barışıq və əmin-amanlıq gətirmək yoludur, deməli, onun baş tutmasında və əməli nəticə verməsində hamımız maraqlı olmalıyıq”.
…İlyas İsmayılov hüquq alimi kimi daim öz üzərində çalışır, yeni-yeni fikir və mülahizələri ilə elmə böyük töhfə verirdi. Onun 9 monoqrafiyası, 200 dən artıq elmi və publisistik məqalələri işıq üzü görmüşdür.
İlyas müəllim xüsusi qürur və fərəh hissi ilə qeyd edirdi ki, o yeganə azərbaycanlıdır ki, keçmiş SSRİ-nin bütün hüquq təhsili sistemində əsas dərsliklər sırasında yer alan “Основы уголовного законодательства СССР» (SSRİ nin Cinayət qanunvericiliyinin əsasları) adlı kitabda Leninqrad Universitetinin hüquq fakültəsində aspirant olarkən yazdığı elmi əsərlərindən birinə istinad edilmişdir.
Yazıya 6 dəfə baxılıb