Brilyant Ramazanqızı – Müharibə

Uşaq vaxtlarımda müharibə mənim üçün dünyanın ən qorxulu nağılı idi. Yeniyetmə illərimdə isə müharibə filmlərinə böyük həvəslə baxır, baş qəhrəmanlarla fəxr edir, hətta onların yaşadığı “maraqlı anlara” qibtə edirdim. Rusların İkinci Dünya müharibəsinə həsr etdikləri filmlərin demək olar ki, hamısını izləmişdim.

Gəncliyimdə “düşmən”ə qarşı içimdə elə böyük nifrət vardı ki, hər an qisas almağa hazır idim. Qarabağda törədilən hər bir qəddarlığı öz əllərimlə qaytarmaq istəyirdim. Dəhşətlisi odur ki, mənim illərlə bəslədiyim bu qisas hissini dünyanın 99 faiz insanı eyni şəkildə yaşayır. Təsəvvür edin — Allahın yaratdığı insan övladı körpəliyindən bəri vəhşi heyvanlar kimi bir-birini parçalamaq instinkti ilə yaşayır. Və fürsət düşən kimi bu hisslərini məmnuniyyətlə həyata keçirir.

Ana olandan sonra müharibə haqqında düşüncələrim kökündən dəyişdi. İctimai mühəndis və futurist Jak Fresko deyir ki, insanlıq kamilliyə çatanda, öz əməllərinə baxıb utanacaq ki, niyə onların ümumi evi olan dünyanı müharibələrlə dağıdıblar.

Bu gün oğlum əsgərdir. Hazırda onun əsgər formasında portretini çəkirəm. Bu portret mənə bir həqiqəti anlatdı: övladım — mənim Vətənimdir. Və mən istəyirəm ki, dünyanın heç bir nöqtəsində, milliyyətindən, dinindən, irqindən asılı olmayaraq, heç bir övladın qanı tökülməsin.

Yazıya 38 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.