“Mən bu zamana sığmazam” – XX əsrin XXI əsrə hədiyyəsi

Kultur.az Baş ədliyyə müşaviri Ələmdar Məmmədovun  Azərbaycanın dövlət xadimi, Azərbaycan SSR Prokuroru və ölkəmizin müstəqillik dövrünün ilk Ədliyyə naziri vəzifəsində çalışmış, hüquq elmləri doktoru, professor, eks-millət vəkili, Ədalət Partiyasının sədri (2001–2025) İlyas Abbas oğlu İsmayılovun şərəfli ömür yolundan bəhs edən  “Mən bu zamana sığmazam” adlı sənədli-publisistik kitabını (hissə-hissə) təqdim edir:

.

Birinci hissə

 

Zirvəyə doğru

İlyas – İlahi qüvvə, köməyə gələn

 

1938-ci il. Bahar gəlmişdi Tovuza. Hava yumşalmış, dərin qış yuxusundan oyanan torpaq qoynunda gizlətdiyi al-əlvan xalıları Novruzun ayaqları altına sərməyə tələsirdi. Oğuz yurdunun bayram adət-ənənəsinə sadiq Tovuz əhli Su çərşənbəsində bağ-bağ­çaların, əkin-biçinin hə­yat mənbəyi olan arxları qaydaya sal­mış,  gün doğmamışdan çay, bulaq üstünə getmiş, əl-üzlərini yuyaraq ağırlıqlarını su­ya axıtmış, axşam düşəndə qa­la­dıqları tonqaldan atlanaraq azar-bezarlarını oda atmışdılar.

İsmayılovlar ailəsi də axır çərşənbənin xoş niyyəti altında Novruzun gəlişini gözləyirdi. Qazanda plov dəmlənmiş, süfrədə səməni, bayram xonçaları sıraya düzülmüşdü.

…Novruz bu ailəyə hamıdan əvvəl qədəm basdı – 20 mart günü. Novruz Abbas atanın və Məleykə ananın ocağını hamıdan əvvəl işıqlandırdı. Novruz bu sevgi dolu ailəyə övlad müjdəsi, övlad sevinci gətirdi. Abbas ata Novruzun onlara gətirdiyi övlad payının, oğul payının adını İlyas qoydu. İlahi qüvvə, köməyə gələn mənasını verən bu adın sahibinin bir ocağın, bir obanın, bir elin dadına yetişəcəyinə inanırdı, güvənirdi ata…

Balaca İlyasın bir yaşı tamam olmamışdı. Hələ ayaqları yer tutmayan bu körpənin atası Abbas İsmayılovu xidməti vəzifəsinin icrası zamanı qətlə yetirdilər. Xalq yolunda, əhalinin rahat yaşaması üçün özünü fəda edən Abbas İsmayılovun ölümündən sonra tale İlyasa atasız böyüməyi nəsib etdi…

Abbas İsmayılov (solda) İ.İsmayılovun atası

Zaman gələcək, ata üzünə həsrət böyüyən İlyas İsmayılov atasızlığını belə xatırlayacaq: “Tale elə gətirib ki, mən uşaqlıqdan atamı görməmişəm. Atam polis işçisi olub. Mən 6 aylıq olanda qulluq vəzifəsinin icrasında həlak olub. Atasız uşaqda psixoliji proses daha tez böyüyür. Görəndə ki, atası həmyaşıdın olan uşağının üzündən öpdü, başını sığalladı, amma səninki yoxdu, niyə belə olduğu səni düşündürür. Odur ki, mən uşaqlıqdan çalışmışam müstəqil adam olum, kənar təsirlərə məruz qalmayım. Xatırlayıram ki, biz uşaq olarkən “döymə” dəbdə idi. Uşaqlar “döymə” ilə əllərinə, qollarına şəkil çəkdirirdilər, valideynlərə olan sevgilərini bildirmək üçün ana-ata yazdırırdılar. Mən belə şeylərdən uzaq oldum. Fikirləşirdim ki, kasıbın bir yolu var – oxu­maq, öyrənmək və qabağa getmək. Hüquqşünas olmaq istəyim görmədiyim atamdan qaynaqlanıb. Hələ o vaxt atamın ölümü ilə əlaqədar çoxlu söhbətlər gedirdi. Tərifləyirdilər ki, çox cəsarətli, qorxmaz idi. Mən anamın tərbiyəsini görmüşəm. O dövrlər hamı üçün ağır illər idi. Müharibədən sonrakı illər… Belə bir şəraitdə böyümüşük. Atasız böyüməyi də, yəqin, atasız böyüyən insanlar bilirlər ki, nə deməkdir”.

…Böyük Vətən Müharibəsi başlayanda İlyasın dayısı Hüseyni hərbi xidmətə çağırdılar. İlyasın anası Məleykə Rza qızı xəstə olan qardaşı arvadı və uşaqlarına baxmaq üçün kəndə – qardaşı evinə köçdü. Beləliklə, bu mərd və cəfakeş qadın müharibənin fəsadları zəminində öz uşaqları ilə birlikdə doqquz nəfər azyaşlıya baxmalı oldu. İki oğul, üç qız dünyaya gətirən çətin günlərin, müharibənin məhrumiyyətləri ucbatından üç qızını itirən Məleykə ana iki azyaşlı övladının əlindən tutaraq Tovuz şəhərinə – ər ocağına 1950-ci ildə döndü. Onda İlyasın cəmi 12 yaşı var idi…

Tovuz şəhər A.S.Puşkin adına tam orta məktəbdə təhsil alan İlyas İsmayılov uşaqlıq illərini xatırlayanda kövrəlir.  Çətinlik və ehtiyac içərisində olan ailənin hər iki övladı – İdris və İlyas təlim-tərbiyəsi, dərsə davamiyyətləri ilə seçilən, nümunəvi uşaqlar idi. Müəllimləri onları çox sevir, qəhrəman övladı olduqlarını daim xatırladırdılar.

1955-ci ildə orta məktəbi başa vuran İ.İsmayılov o illər barədə belə deyir: “Attestat qiymətlərim hamısı “5” və “4”dür. İki fəndən “3”üm var: bir rus dili, bir də alman dilindən”. Elə həmin il İsmayılov sənədlərini ADU-nun hüquq fakültəsinə verir.

Lakin müsa­biqədən keçə bilmir. Bu barədə özü belə deyir: “Orta məktəbi qurtarandan sonra iki il instituta girə bil­mə­dim, konkursa düşdüm. Getdim fəh­lə işlədim”…

Nəhayət, 1957-ci ildə yalnız üçüncü cəhddə hüquq fakültəsinin tələbəsi olur. Həmin dövrdə hüquq sahəsində Azərbaycan dilində de­mək olar ki, ədəbiyyat yox idi. Əsas bilik mənbəyi müəllimlərin müha­zi­rə­ləri idi. Ona görə də gənc tələbə rus dilini öyrənmək üzərində səylə çalışır.

İlyas müəllimin qrup yoldaşı, yarım əsrə yaxın hakim mantosu daşımış Mansur İbayev söhbət­lə­rin­də deyirdi ki, artıq 3-cü kursda oxuyarkən İlyas rus dilini mükəmməl bilirdi.

İlyas İsmayılov o illəri belə xatırlayır:  “Hüquqşünas olmaq istə­yir­dim. Ona görə də tarixə və ədə­­biyyata meylim çox güclü idi. Uşaq vaxtı dastan, hekayə, nağıl oxuyurduq. Sonradan hüquq fakültəsinə qəbul olduqda, yaxşı ixtisas almaq üçün hüquq ədəbiyyatını oxuyurdum. Üstəlik, daxili tələbatım artıq hüquqi ədəbiyyata, tarixi ədəbiyyata, siyasi fəlsəfi ədəbiyyata idi. O cür kitabları elə indi də oxuyuram”.

İlyas müəllim hüquq fakültəsini seçməkdə, ən əsası, atası, milis işçisi olmuş Abbas kişinin və xalası oğlu Bədrəddin Dadaşovun rolunun böyük olduğunu müsahibələrində daim vurğulayır: “Bəli atamla bağlı idi bu arzu. Həm də məndən böyük çox hörmət bəs­lə­diyim xalam oğlu var idi. Hüquqşünas idi. Mən də onun kimi hüquqşünas olmaq istəyirdim”.

İlyas müəllimin tələbə yoldaşı, uzun illər müxtəlif rayonlarda prokuror kimi fəaliyyət göstərmiş Çərkəz Musayev də söhbətlərində İlyas müəllimin nəinki savadlı olmasını, həm də bildiklərini hamı ilə bölüşməsini, hamıya kömək əlini uzatmaq cəhdini xüsusilə vurğulayırdı.

1962-ci ildə İlyas İsmayılov İnstitutu fərqlənmə diplomu ilə bitirir.

Gəlin, o illərə də İsmayılovun xatirələrinin gözü ilə boylanaq: “Maddi cəhətdən çətinliyimiz olsa da, çox xoşbəxt idik. Hamı eyni səviyyədə idi maddi cəhətdən. Bir-iki nəfərin maddi təminatı bizdən yaxşı idi. Ancaq böyük bir həvəslə oxuyurduq. Gələcəyə ümid var idi. İctimai işlərlə məşğul idik. Tələbə elmi cəmiyyətində çalışırdıq. Yadıma gəlir ki, hələ 1961-ci ildə dördüncü kursda oxu­yan­da Leninqrad şəhərində tələbələrin elmi konfransı keçirilirdi. Azərbaycandan cəmi iki nəfəri göndərmişdilər o konfransa, biri mən idim, biri də Daşdəmirov Sabir. Ora getdik məruzə ilə çıxış etdik. Bütün bunlar çox xoş, əlamətdar hadisələr idi bizdən ötrü. Mən universiteti qurtaranda həm rus, həm Azərbaycan böl­mə­lə­rin­də 50-dən artıq tələbə qurtarmışdı. Hamı da prokurorluğa işə getmək istəyirdi. Bizdən cəmi 5 nəfəri işə göndərdilər. Onların da biri mən idim. Artıq təyinatım gəlmişdi. O vaxt gənc mütəxəssisləri işə SSRİ Baş prokuroru təyin edirdi. Məni Göyçaya müstəntiq təyin etmişdilər. Ancaq ərizə verdim, prokurorluqdan getdim. Bu da yəqin prokurorluğun tarixində yeganə hadisədir ki, ora işə getməkdən kimsə könüllü imtina edib”.

Məlimdur ki, hüquq mühafizə orqanlarında ən nüfuzlu iş pro­ku­ror­luq olub. Təsadüfi deyil ki, el arasında hüquq fakültəsinə -“prokurorluq institutu” da deyirdilər. İnsan həyatında xarakterin ne­cə, harada və nə vaxt formalaşması həmişə mübahisə doğurub. Lakin bunun dəqiq düsturu yoxdur. İlyas müəllim sonralar ona şöhrət gətirəcək xarakterini ortaya qoyaraq prokurorluqda işlə­mək­dən imtina etdi.

Bu, Azərbaycan prokurorluğu tarixində bəlkə də yeganə hadisə idi. Çoxları hətta, qohum-əqrəba da onun bu hərəkətini başa düş­mür­dü. Fikirləşirdilər ki, yetim oğlandır, gedib işləsin, özünə gün-güzəran düzəltsin.

İlyas müəllim özünü elmə həsr etməyi qərara almışdı. Bir il Aka­de­miyanın Fəlsəfə İnstitutunda kiçik elmi işçi işlədikdən sonra Leninqrad Dövlət Universitetinin aspiranturasına qəbul olundu və iki il yarıma cinayət hüququ üzrə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, hüquq elmləri namizədi (hüquq üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi aldı.

O, aspirantura illərini belə xatırlayır: “Leninqradda təhsilimi da­vam etdirdim. Orda getdim, elmi mühiti gördüm. Qiyabi tanı­dı­ğı­mız bir çox alimlərlə şəxsən tanış oldum. Sonra da aspiranturaya daxil oldum, oxudum. 1966-cı ildə vaxtından qabaq müdafiə elədim. Qayıtdım Azərbaycana, Fəlsəfə və Hüquq İnsti­tu­tun­da əvvəl kiçik, sonra baş elmi işçi işlədim”.

Rusiya prokurorluq orqanları belə bir savadlı, məsuliyyətli, pe­şə­sinin incəliklərini dərindən bilən kadrı əldən vermək istəməzdi əlbəttə. Ona müxtəlif yerlərdən iş təklifi gəlməsinə rəğmən, İsma­yılov vətənə dönməyi qərara aldı. Bunun səbəbini isə özü belə izah edir: “Açığı özüm qalmaq istəyirdim və orda da məni saxlamaq istəyirdilər. Ancaq anam çox əziyyət çəkirdi burda. Məni də əziy­yətlə böyütmüşdü. Anama görə gəldim. Fəlsəfə və Hüquq institutunda işləyib getmişdim, qayıtdım, elə orda da işə başladım. Eyni zamanda, o vaxtlar hüquq elmləri namizədləri çox az idi. Barmaq­la göstərirdilər. Hüquq fakültəsinin axşam şöbəsində mən rus və Azər­baycan bölmələrində cinayət hüququndan dərs deyirdim. Eyni zamanda, Xalq Təsərrüfatı İnstitutunda fəlsəfədən dərs de­yir­dim”.

Burada bir haşiyə çıxmaq istəyirəm, İlyas müəllim anasına çox bağ­lı adam idi. O, yüksək vəzifələrdə – Mərkəzi Komitədə təlimatçı və Respublika prokuroru işləyərkən partiya tədbirləri ilə əlaqədar rayonlara getmək zərurəti yarananda anasını görmək arzusu ilə həmişə Tovuza yaxın rayonlara göndərilməsini xahiş edərdi. Xati­rim­­dədir, azsaylı məclislərimizin birində sabiq prokuroluq işçisi Sərdar Əliyev təzəcə çapdan çıxmış “Mən yandım, sən tü­kən­din” adlı kitabından ana haqqında bir neçə şeir oxudu.

 

Məleykə İsmayılova (solda). İ.İsmayılovun anası

Ölümünlə qorxuzma, fələk, sən məni,

Ölümlə anama qovuşacağam.

 

misrasını eşidəndə, İlyas müəllim kövrəldi və dedi:

– Bilsəm ki, anamı görəcəyəm, tez ölməyi arzulayardım.

Məleykə ana həqiqətən cəfakeş qadın idi. Onun atasız böyütdüyü iki oğluna düzgün tərbiyə verməyinin nəticəsidir ki, kiçik oğlu Res­pu­blika prokuroru, Ədliyyə naziri, böyük oğlu İdris Abbas oğlu isə uzun illər Tovuz RİK-nin sədri kimi məsul vəzifələrdə çalış­mış­dı.

…Vətənə qayıdan İlyas İsmayılov Azərbaycan SSR Elmlər  Aka­de­miyasının Fəlsəfə və Hüquq institutunda kiçik və baş elmi işçi kimi çalışır, eyni zamanda, doktorluq dissertasiyası üzərində iş­lə­yirdi. Həmin zamanlar onu Ali Məhkəmənin sədri Abdulla İbrahimov yanına çağırır və yeni yaradılmış Nəsimi Rayon Məh­­kəməsinə hakim seçkilərində iştirak etməsini təklif edir. Lakin İlyas müəllim bu təklifə razı olmur və elmi işini davam etdirmək istədiyini bildirir. Onun bu ağayanalığı Abdulla müəllimin xoşuna gəlir. Tezliklə İsmayılovu Ali Məhkəmədə nəşr olunan “Sosialist qa­nun­çu­lu­ğu”jurnalının redaksiya heyətinin sədri vəzifəsinə təyin edir.

Jurnalda işlədiyi illəri İlyas müəllim belə xatırlayır: “Əslində re­dak­siya heyəti bir məndən ibarət idi. İki il o jurnalı təkcə çıxartmışam. Ali məhkəmənin ayrı-ayrı məhkəmə tədqiqat işlərini ümu­­miləşdirirdim, məqalələr yazırdım. Jurnalla əlaqədar olaraq bir çox hüquq-mühafizə orqanlarının rəhbərlərinin yanında olurdum. Və onlar da hər dəfə məni işə dəvət edirdilər. Mən də getmək istəmirdim. İstəyirdim gənc yaşlarımda elmlər doktoru olam”.

Akademiya ilə yanaşı, yurnalda işləyən İsmayılov oradan ayda 130 manat maaş alırdı. Bu, həmin dövrdə özünün dəfələrlə qeyd etdiyi kimi böyük kömək idi. Bundan sonra  o, Abdulla müəllimlə tez-tez görüşməli olur.

Nəhayət 1970-ci ildə İlyas müəllimi prokurorluqda işə dəvət edirlər. Amerikalı filosof  Levinin  “Həyat sənə nə təklif edirsə qə­bul et, son nəticədə razı qalacaqsan, çünki, həyat ədalətlidir” konsepsiyasının təsiri altında prokurorluqda işləməyə  razılıq verir.

İki il Respublika prokurorunun köməkçisi vəzifəsində işlədikdən sonra 1972-ci ildə Azərbaycan KP MKnin inzibati orqanlarla iş şö­bəsində təlimatçı vəzifəsinə təyin olunur. İşə qəbul olunmamışdan əvvəl onu Mərkəzi Komitənin 1-ci katibi Heydər Əliyev qəbul edir və xeyli söhbət edirlər. İlyas müəllim deyirdi ki, mən qapıdan çıxanda Heydər Əliyevin şöbə müdirinə: “Bizə belə kadrlar lazımdır”, –  dediyini eşitdim.

1978-ci ildə İ. İsmayılovu Respublika prokurorunun müavini vəzi­fəsinə təyin edirlər. O, həm də kadrlar şöbəsinin rəisi hesab edilirdi. Respublika Prokurorluğunun kadrlar şöbəsi işgüzarlığı və sanbalına görə digərlərindən fərqlənirdi

Şöbə rəisinin müavini – uzun illər hərbi tribunalda hakim iş­lə­dik­dən sonra təqaüdə çıxmış əqidəli hüquqşünas kimi tanınan, ha­mının böyük hörmətlə yanaşdığı qayğıkeş insan, Ədliyyə pol­kov­niki Fərrux Gəray oğlu Vəkilov idi. Şöbənin böyük prokuroru prokurorluq orqanlarına gəlməmişdən komsomol və partiya or­qan­­larında həyat yolu keçmiş  Fikrət Daşdəmirov, söbənin prokurorları Azər Köçərli və Bəhruz Mahmudov gənc olmalarına baxmayaraq, nüfuzlu prokurorluq işçiləri hesab olunurdular. Təsa­dü­fi deyil ki, Azər Köçərli Baş Prokurorun müavini vəzifəsinə qə­dər yüksəldi. Sonralar o, xidmətini SSRİ Baş prokurorluğu və Rusiya Federasiyası Baş prokurorluğunda davam etdirərək Azərbaycanımızı layiqincə təmsil etdi. Bəhruz Mahmudov bir neçə rayonda prokuror vəzifəsində işlədikdən sonra Baş prokurorluğun Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin edildi və uzun illər – təqaüdə çıxana qədər həmin vəzifədə çalışdı. Prezidentin sərəncamı ilə ona III dərəcəli Dövlət Ədliyyə Müşaviri rütbə dərəcəsi verildi.

İlyas müəllim Respublika Prokurorunun müavini vəzifəsində işləyərkən son söz sahibi olmasa da, kadrların seçilməsi, yerləşdirilməsi və qorunmasına xüsusi diqqət yetirirdi.

Keçən əsrin 80-ci illərinin əvvəllərində  DQMV prokurorluğunda baş müstəntiq işləyən Əli Ömərovu prinsipial mövqeyinə görə ermənilər cəzalandırmaq – Sov.İKP sıralarından çıxarmaq is­tə­yir­di­lər. Həmin dövrdə partiya sıralarından xaric olunma həm də pro­kurorluq orqanlarından qovulmaq demək idi. Hadisəni  bilən İlyas müəllim Əli Ömərovun iş yerinin dəyişdirilməsi barədə mə­sə­lə qaldırır və onun Gəncə Şəhər Prokurorluğuna baş müs­təntiq vəzifəsinə təyin olunmasına nail olur.

1983-cü ildə Əli Ömərov məhz İ.İsmayılovun dəstəyi ilə Gəncə Nəqliyyat prokuroru vəzifəsinə təyin edildi.

Əli Ömərov sonralar Respublikanın Baş prokuroru olarkən İlyas mü­əllimin bu yaxşılığını kollegiya iclasında xüsusi qeyd etmişdi.

 

Başqa bir misal: Prokurorluğun adının çəkmək istəmədiyim yüksək vəzifəli şəxslərindən biri haqqında imzasız məlumat daxil olur. Həmin məlumatda göstərilirdi ki, ”N” gənclik illərində talama cinayətinə görə məhkum olub və tərcümeyi-halında bu məsələni gizlədib. Məlumatın yoxlanması həmin vaxt Respublika pro­kurorunun müavini  işləyən İ.İsmayılova tapşırılır. İlyas müəllim həmin şəxsi dəvət edib söhbət edir. ”N” bərk həyəcanlanır və hər şeyi etiraf edir. Belə ki, atasız böyümüş ”N” 18 yaşında çoban işləyərkən, hesabında 2 baş qoyun əskik gəlir. Kolxoz sədrinin təkidi ilə həqiqətən həmin şəxsi məhkum (şərti) olunur. Sonradan o, hərbi xidmətə gedir, orada partiya sıralarına daxil olur və hərbi xidməti başa vurduqdan sonra  ADU-nun hüquq fakültəsinə daxil olub, sonda prokurorluq orqanlarına təyinat alır və yaxşı işçi kimi fəaliyyətini davam etdirir. İlyas müəllim ona kömək edir və bu fakt işıq üzü görmür. Halbuki həmin dövrün qaydalarına görə “N” ağır partiya cəzası almaqla, orqandan xaric edilməli idi. Lakin o, ömrünün sonuna kimi prokurorluq orqanlarında xidmətini müvəffəqiyyətlə davam etdirdi.

 

…Hələ Respublika Prokurorunun müavini olarkən İlyas müəllimin yüksək ranqlı bədxahları əmələ gəlmişdi. 1984-cü ilin əvvəllərində İlyas müəllimin kurasiyasında olan cəzaçəkmə mü­əs­sisələrində qanunların icra vəziyyəti SSRİ Baş Prokurorluğu tərəfindən yoxlanılır. Yoxlamanın nəticəsi SSRİ Baş Prokuroru Rekunkovun yanında müzakirə olunurdu. Qərəzli tərtib olunmuş arayışda bütün çatışmazlıqlar İlyas müəllimin adına yazılmış, ona şiddətli cəza verilməsi nəzərdə tutulmuşdu. İlyas müəllim faktlarla və məntiqin gücü ilə bu sahədə prokurorun yeri və vəzifələri barədə danışır, arayışdakı qərəzli fikirləri alt-üst edir. SSRİ Baş Prokuroru Rekunkov deyir: “İlyas İsmayılovu cəzalandırmaq lazım deyil!”.

Bir neçə aydan sonra Voronej şəhərində SSRİ Baş Prokuroru Rekunkovun iştirakı ilə müttəfiq və muxtar respublika prokurorları müavinlərinin  müaşavirəsi keçirilirdi. Rekunkov müşavirədə çıxış edənlərin demək olar ki, hamısına iradını bildirir və kəskin forma­da tənqid edirdi. Çıxışçılar siyahısında olmasa da, Baş Prokuror İl­yas müəllimi tribunaya dəvət edir. İlyas müəllimin çıxışından sonra ona heç bir irad tutulmur. Bu, onu göstərirdi ki,  Rekunkov yüksək səviyyəli hüquqşünas kimi İlyas müəllimə böyük rəğbət bəsləyirdi.

Həmin ilin sonunda İlyas müəllim ehtiyatda olan respublika prokurorlarının bir aylıq kursuna dəvət olunur. Kursda olarkən Rekunkov iki dəfə onu qəbul edir və nəhayət, 1985-ci ilin yanvar ayında İlyas İsmayılov Respublika Prokuroru vəzifəsinə təyin edilir.

Haşiyə: A.M.Rekunkov 1988-ci ildə vəzifədən çıxandan bir mü­d­dət sonra İlyas müəllim SSRİ Baş Prokurorluğunda işləyən Azər Köçərli ilə onu yoluxmağa gedir. Söhbət əsnasında Rekunkovun ona olan xoş münasibətinin səbəbini soruşur. Rekunkov belə ca­vab verir: “1939-1940-cı illərdə Tiflisdə Topçular məktəbində oxu­yarkən Allahverdiyev soyadlı azərbaycanlı dostum olub. Həmin vaxtdan mən azərbaycanlılara qarşı həmişə xüsusi rəğbət bəslə­mi­şəm”.

Qeyd etmək yerinə düşər ki, Qdlyanlar və İvanovların Respubli­kamıza gəlişinin qarşısının alınmasında A.M.Rekunkovun Azər­bay­cana və şəxsən Respublika prokuroru İ.İsmayılova olan səmimi münasibətinin rolu çox olmuşdur (bu barədə geniş söhbət açacağam. Ə.M).

İlyas müəllimin Respublika prokuroru vəzifəsinə təyinatı bir çox­la­rının ürəyincə deyildi. Belə ki, bu məsul və şərəfli vəzifəyə yeddi nəfərin namizədliyi var idi. Onların hamısı altmış yaş üstündə böyük həyat təcrübəsi olan insanlar idi. İlyas müəllimin üstünlüyü isə prokurorluqda iş təcrübəsi və savadlı olması idi. Bu təyinatla əlaqədar Azərbaycanın Əməkdar hüquqşünası, prokurorluq orqanlarında qırx yeddi il iş təcrübəsi olan və on iki  Baş pro­ku­ror­la işləmiş İdris Əsgərov  “Ömür salnaməmin acılı-şirinli sə­hi­­fələri” kitabında yazır: “Respublika prokuroru vəzifəsinə təyin edilmiş şəxslər arasında İlyas Abbas oğlu İsmayılovun üstünlüyü onunla şərtləşirdi ki, o, prokurorluq orqanlarında sıravi şöbə prokuroru vəzifəsindən başlayaraq, Respublika prokuroru vəzifə­si­nədək, elm sahəsində Elmlər Akademiyasının Fəlsəfə və Hüquq institutunun kiçik elmi işçisi vəzifəsindən hüquq elmləri doktoru alimlik dərəcəsinədək şərəfli bir yol keçmişdi. Bu yüksəliş yolla­rında o, praktiki işin bütün təfərrüatlarını, hüquq elminin bütün incəliklərini mənimsəyərək, kamil bir hüquqşünas kimi for­ma­laşmışdı. Praktiki səriştə və elmi hazırlıq İlyas İsmayılova xas olan ali insani keyfiyyətlərlə birlikdə ona Respublika prokuroru kimi məsul bir və­zi­fəni ləyaqətlə yerinə yetirməkdə təminatçı amillər olmuşdu. İstər pro­kurorluğun işinin təşkili, istərsə də cinayətkarlıqla mübarizə, cəmiyyətin maraqlarının, insanların hüquq və azadlıqlarının mü­da­fiəsi ilə bağlı məsələlər üzrə İ.İsmayılovun qəbul etdiyi qərarlar həm praktiki, həm də elmi baxımdan ədaləti təcəssüm etdirən vahid düzgün qərarlar olurdu.

İlyas İsmayılovun qanun və ədalət naminə fədakar fəaliyyəti, ciddi çətinliklərin olmasına baxmayaraq zəruri qərarların qəbul edilməsi və onların icrasının təmin edilməsi, qanunsuzluqlara qarşı barışmaz prinsipiallıq göstərməsi haqqında ətraflı məlumatlar bir qədər əvvəl, xüsusilə Respublikanın həyatında baş vermiş fövqəladə hadisələr, o cümlədən 20 yanvar qırğını, Sumqayıt fitnəkarlığı, Qarabağ hadisələri, cəmiyyətdə baş verən qarşıdurmalar haqqında yazılarda verilmişdir. Müşahidələrim göstərdi ki, I.İsmayılova xas olan vətənpərvərlik hissləri bu qanlı faciələrin tə­si­ri altında vətən yanğısına çevrilmişdi və onu bu cinayətlərin gü­nah­karlarına qarşı barışmaz və mübariz mövqe sahibi etmişdi”.

Əslində, İlyas müəllimi böyük çətinliklər gözləyirdi. Söhbət­lə­ri­nin birində etiraf etdi ki, ilk aylar təyinatına görə peşmançılıq ke­çi­rirmiş. Bunun səbəbləri var idi. İlyas müəllim “hamı necə mən də elə” prinsipi ilə yaşayıb işləyə bilməzdi. Onun daxili dünyası və ağlı “hamının qanun qarşısında bərabərliyi”ni həyat normasına çevirmək idi.

Xitam etməmək əl-ayağı təmizliyin, ciddi cəza istəmək prinsipi­al­lıq və partiyalılığın əlaməti hesab edildiyi, məhkəmələrin fə­aliy­yə­tinə həbs faizinə görə qiymət verildiyi bir vaxtda əlbəttə İlyas mü­əllimin hərəkətləri qıcıq doğurmaya bilməzdi.

Qanunla heç bir yerli orqandan asılı olmasa da, partiyalılıq  deyi­­lən bir məsələ prokurorluğun tam fəaliyyət göstərməsinə mane olurdu. Fikrimi konkret misallarla izah etmək istəyirəm:

Kecən əsrin 60-cı illərinin əvvəllərində üç nəfər gənc vətəndaş “Valyuta əməliyyatı haqqında qaydaları pozma” ilə məsu­liy­yətə cəlb edilirlər. Həmin dövrdə bu əmələ görə 8 ilə qədər azad­lıq­dan məhrum cəzası tətbiq olunurdu. Bu məsələ sovet rəh­­bərliyini narahat etdiyindən, iş üzrə istintaq aparıldığı vaxt – 1961-ci ilin may və iyul aylarında RSFSR Cinayət Məcəlləsinin müvafiq maddə­sinin, o cümlədən, Azərbaycan SSR Cinayət Məcəlləsinin 81-ci maddəsinin sanksiyası artırılaraq əvvəlcə 15 il, daha sonra  ölüm cəzası həddinə çatdırıldı. Məhkəmədə dövlət ittihamını müdafiə edən SSRİ Baş prokuroru R.A.Rudenko hər üç müttəhimə ölüm cəzası təyin edilməsini xahiş etdi. Məhkəmənin hökmü ilə hər üç müttəhim ölüm cəzası ilə cəzalandırıldı və hökm icra olundu.

Ədalət mühakiməsinin “qızıl qaydası” sayılan və iki min il əv­vəl Qədim Roma dövlətində qanunvericiliklə öz təsbitini tapan “Ağırlaşdırıcı halda qanunun geriyə qüvvəsi yoxdur” prinsipi kobud şəkildə pozulmuşdu.

Başqa bir misal: Sov.İKP MK və SSRİ Nazirlər  Sovetinin hər hansı birgə qərarı, məsələn, “Möhtəkirliyə qarşı mübarizə təd­bir­lərini daha da gücləndirmək haqqında” elan olunan kimi SƏDM (Sosialist Əmlakının Dağıdılması ilə Mübarizə İdarəsi) əməkdaşları üç-beş ayaqqabı, on-on beş dəstə göyərti satanların hərəkətini protokollaşdırır, istintaq orqanı da məcbur qalıb cinayət işi başlamalı olurdu. Buradan o nəticə cıxır ki, hətta ən yüksək səlahiyyətlərə malik prokurorluq da sistemə qarşı çıxa bilmirdi.

“Toxunulmazlıq” mövqeyində olan yerli təşkilatların birində ümumi nəzarət qaydasında yoxlama aparılırdı. Yoxlama baş­la­yan­dan bir gün sonra Respublikanın rəhbəri, MK-nın 1-ci katibi K.Bağırov telefonla İlyas müəllimlə yüksək səslə danışır. İlyas müəllim işdən çıxması barədə ərizə ilə K.Bağırovun yanına gedir və ona izah edir ki, prokurorla belə danışmaq olmaz. Tezliklə Kamran Bağırov kimin-kim olduğunu bilir, İlyas İsmayılov şəx­siy­yə­tini dəyərləndirir, ona önəm verir və bu hissləri ömrünün sonuna qədər saxlayır.

 

Hər şeyi kadrlar həll edir…

 

İlyas İsmayılov Respublika prokuroru olarkən kadrların seçilib yerləşdirilməsində hansı meyarları əsas götürməsini 1981-ci ildə çapdan çıxmış “Prokurorluq işçilərinin mənəvi tərbiyəsi” adlı kitabçasında belə qeyd edirdi: “Dövlət orqanları sistemində prokurorluğun tutduğu yer, sosial təyinatı elədir ki, prokurorluq bütünlükdə qanunçuluğun vəziyyətinə görə məsuliyyət daşıyır…  Prokurorluq işçisi ədalətə dərindən inanıb, bu yolda heç bir çətinlikdən qorxmadan mübarizə apararsa, hadisələri şəxsi baxımdan deyil, xalqın nöqteyi nəzərindən araşdırarsa həmişə hamının nəzərində siyasi xadim səviyyəsində durmuş olar. Yerli təsirə qarşı durmaq qabiliyyətini itirən, prinsipsiz mövqe tutaraq qanunların pozulmasına göz yuman prokuror öz sosial təyinatının əley­hi­nə getmiş olur.”

İlyas müəllimin bütün fəaliyyəti dövründə kadrlara münasibəti məhz bu prinsiplər əsasında formalaşmışdı.

 

…1987-ci ildə SSRİ Baş prokuroru Rekunkov və SSRİ Təhsil na­ziri İlyuşinin birgə məktubu var idi. Həmin məktubda gələcəkdə prokurorluq orqanlarında işə qəbul ediləcək abituriyentlərin se­çil­məsi tövsiyə olunurdu. Azərbaycan Respublikası Prokurorlu­ğunda bu işə məsul həmin vaxt Ümumi nəzarət şöbəsinin rəisi İsaxan Vəliyev idi. Kadrların seçilməsinə xüsusi diqqət yetirən İlyas müəllim seçilmiş tələbələrlə görüşür, bilik səviyyəsi ilə tanış olub, tövsiyələrini verirdi.

Bundan başqa, İlyas müəllim həm də Dövlət İmtahan Komissi­ya­sının sədri kimi imtahanlarda iştirak edir və təyinatla prokurorluğa düşməsə də, ləyaqətli və savadlı məzunları işə qəbul edirdi.

Bu barədə hazırda təqaüddə olan baş ədliyyə müşaviri Abdulla Yusifov belə deyir:

“İ.İsmayılov 1988-ci ildə Dövlət İmtahan Komissiyasının sədri kimi imtahanlarda iştirak edirdi. Hiss edirdim ki, mənim danışığım onun xoşuna gəlir. Müəllimlər arada bir-biri ilə danışarkən mən fürsətdən istifa­də edərək, tələbə bicliyi işlədib, təkrarçılıq etmək istədim. İlyas mü­əllim elə birinci cümləmdə mənə iradını bildirdi. Sonra O, bir Şəki lətifəsi də danışdı. Mən imtahanda əla qiymət aldım. Hiss etdim ki, İlyas müəllim əlindəki dəftərə nə isə yazdı. Təyinatda mən Ədliyyə Nazirliyinə düşmüşdüm. Hətta Oğuz rayonunda vəkil olmalı idim. Əsas təyinat zamanı birinci prokurorluq orqanlarına düşənlərin adı oxunurdu. Mənim adım çıxanda hamı kimi mən də təəccüb etdim. Prokurorluqda işləməli olanları İlyas müəllim özü qəbul edirdi. Onun bütün danışığı və tövsiyələri ədalətli və humanist olmağa yönəlmişdi”.

Sonralar Abdulla Yusifov İlyas müəllimin etimadını tam doğruldanlardan biri oldu.

Rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, Bakı şəhər Prokurorluğununun Dövlət İttihamı İdarəsinin rəisi vəzi­fələrində işləyən Abdulla Yusifov bütün həyatı boyu ədalət axtarışında olub, bu yolda hədsiz məhrumiyyətlərə məruz qalaraq, hətta vəzifə kürsüsündən endirilməsi və sonradan öz xahişi ilə prokurorluq orqanlarından xaric olunması məgər İlyas İsma­yıl­ov­un ədalətli mövqeyinin  təsiri deyildimi?..

İlyas İsmayılov müsahibələrinin birində bu barədə belə deyir: “Mən hesab eləyirəm ki, ədalət bizim bütün ictimai və fərdi həya­tımızın əsas qanunu olmalıdır. Təbiətdə baş verən sunamiləri, zəlzələləri, vulkanları və digər kataklizmləri dəqiq elmlərin nüma­yən­­dələri günəş şüalarının yer üzərində ədalətsiz bölünməsiylə izah edirlər. Ədalətsiz cəmiyyətdə də həmişə siyasi təlatümlər olur. Odur ki, ədalət bizim əsas meyarımız olmalıdır. Biz həmişə əda­lətə yaxınlaşmağa çalışmalıyıq. Öz şəxsi maraqlarımız üçün ədaləti qurban verməli deyilik. Mən özümü belə tərbiyə eləmişəm. Həmişə yazılarımda da bunu deyirəm. Çünki mən ədalət hissinə inanıram. Sən bir dəfə həyatda yaşayırsan, onu da ləyaqətlə yaşamalısan. Bunun üçün Xeyir və Şərin mahiyyətini dərk edib Xe­yirin yanında olmalısan, vətən və vicdan borcunu unutmamalısan, fədakarlıq və ədalətlilik nümayiş et­dir­məlisən”.

 

Təqaüddə olan baş ədliyyə müşaviri Mircavan Kazımov da İl­yas İsmayılov ədalətini hiss edənlərdən biridir. M.Kazımovun de­dik­lərindən:

“İlyas müəlimlə mən ilk dəfə 1985-ci ildə hüquq fakültəsində dövlət imtahanı verərkən və diplom müdafiəsi zamanı qar­şı­laşmışam. İlyas müəllim dövlət imtahan komissiyasının sədri idi. Həmin dövrdə prokurorluq orqanlarına işə qəbul olunacaq əlaçı və digər müsbət keyfiyyətləri ilə fərqlənən tələbələrlə Respublika Prokurorluğunun əməkdaşları tərəfindən imtahandan əvvəl gö­rüş­lər olur, söhbətlər aparılır, kadrlar seçilir, Respublika Prokurorluğuna dəvət olunurdu. Orada da zəruri yoxlamalar aparılırdı və dövlət imtahanından sonra təyinatla prokurorluq orqanlarına qulluğa  qəbul olunurdular. Mən də dövlət imtahanına qədər bütün bu proseslərdən müvəffəqiyyətlə keçdim və həmin siyahıya daxil edildim. Dövlət imtahanlarının başlanmasından bir gün əvvəl mərhum dekan İsa Məmmədov məni yanına çağırıb bildirdi ki, adım prokurorluq orqanlarına təyinat alınması nəzərdə tutulan siyahıdən çıxarılıb, seçim etməliyəm, ədliyyə və ya daxili işlər orqanları və fikrimi bu gün bildirməliyəm. Əlaçı olduğuma görə mənə belə sərbəstlik verilmişdi. Mən ədliyyə orqanlarını seçdim. Səhərisi günü elmi kommunizm fənnindən dövlət imtahanı oldu. Təyinatda olan dəyişiklik mənə çox pis təsir etmişdi. Ona görə də dörd qiymət aldım. Dövlət hüquq nəzəriyyəsindən İlyas müəllimin sədrliyi ilə imtahan verdim, əla aldım. Hətta, yadımdadı, birinci suala cavab verdikdən sonra hörmətli professorumuz Məsmə xanım soruşdu ki, İlyas müəllim icazə verirsiz, tələbə ikinci suala keçsin, İlyas müəllim cavab verdi ki, keçsin, mən birinci suala əla yazmışam. İlyas müəllimin sədrliyi ilə ikinci imtahan cinayət hüququ fənnindən oldu. Həmin imtahandan da əla aldım. Sonun­cu diplom işinin müdafiəsi idi. Müdafiə zamanı dekanımız  İsa mü­əl­limlə mənim aramda məcmu cinayətlərin tövsifi və cəza təyini mə­sələlərinin izahı ilə əlaqədar fikir ayrılığı yarandı. İlyas müəllim müdaxilə etdi, mənim mövqeyimlə razılaşdı və mən müdafiədən də əla qiymət aldım.

Ona görə də İlyas müəllim mənim nəzərimdə, qəlbimdə obyektiv, savadlı, prinsipal bir şəxsiyyət kimi qalıb və qalacaq.

Təyinatla Ədliyyə Nazirliyinin Ekspertiza İnstitutuna gön­də­ril­dim. Bir il işləyəndən sonra İnstitutun direktoru mərhum İdris Əli­yev məni otağa çağırıb soruşdu ki, prokurorluq orqanlarında iş­ləmək istəyirsən? Cavab verdim ki, İdris müəllim, kimdi məni prokurorluğa qəbul edən. Cavabında İdris müəllim bildirdi ki, İlyas müəllim səninlə maraqlanır, mən  müsbət fikir bildirdim, yəqin ki səni qısa vaxt­da Respublika Prokurorluğuna dəvət edəcəklər. Elə də oldu, qısa müddətdə mən prokurorluq orqanlarında qulluğa qəbul edildim”.

Yuxarıdakı xoş xatirəni, səmimi ürək sözlərini bizimlə paylaşan Mircavan Kazımov işlədiyi bütün vəzifələrdə insanlarla səmimi rəftarı, ədalətli davranışı ilə həmişə ictimaiyyətin hörmətini qazanmışdır. Onun Masallı rayon prokuroru kimi beş illik Konstitusiya müd­dətinin başa çatması ilə əlaqədar rayon ictimaiyyətinin iştirakı ilə RİH-də iclas keçirildi. Qədirbilən masallılar prokurorun beşillik fəaliyyətini yüksək dəyərləndirib, hamılıqla ona yaxşı yol arzuladılar.

Haşiyə: Təvəzörkarlıqdan uzaq olsa da, özümlə əlaqədar bir hadisəni də nəql etmək istəyirəm. 1997-ci ilin aprel ayında 5 illik Kons­titusiya müddətimin başa çatması ilə əlaqədar Zaqatala rayon prokuroru vəzifəsindən azad edilib, Goranboy rayon pro­ku­roru vəzifəsinə təyin olundum. Həmin ilin oktyabr ayında Zaqa­tala rayon prokurorluğunun müstəntiqi Fərrux Babayev məni öz to­yuna dəvət etdi. Toya dörd nəfər yaxınımla birlikdə getdim. Düzü, yolboyu həyəcan keçirirdim. Prokuror vəzifəsi digərlərindən cox fərqlidir. Axı, beş ildə yüzlərlə adamın həbsini və axtarışını sanksiyalaşdırmışdım! Saat 20 radələrində Zaqatalaya çatdıq. Mən şadlıq sarayına daxil olan kimi musiqi səsi kəsildi. Aparıcı gəldiyimi elan etdi. Hansı masanın yanından keçirdimsə, hamı ayağa qalxıb, mənimlə görüşüb öpüşürdü. Bizim üçün ayrılmış masaya 15 dəqiqəyə çata bildim. Göstərilən münasibətin həyəcanından məni tər basmışdı. Buna baxmayaraq, həmin anları həyatımın ən xoşbəxt günlərindən hesab edirəm.

Əziz oxucular, budur, İlyas İsmayılovun ədalət məktəbinin nəti­cəsi! O böyük insan, ziyalı, hüquq-mühafizə orqanlarının işıqlı adamı, ədalət carçısı İ.İsmayılov barədə söylənilən xoş xatirələr, işıqlı arzular, sağlığında qazanılan rəhmətlər bitib-tükənmir.

Peşə yollarındakı işıqda, nurda, uğurda İsmayılovun əməyinin bö­yük olduğunu qürurla danışanlardan biri də bir neçə rayonda pro­kuror vəzifəsində işləmiş, hazırda təqaüddə olan baş ədliyyə mü­şaviri Afər Nəsirovdur.

İlyas İsmayılovla bağlı xoş xatirələrini Afər müəllimin özündən eşidək:

“İlyas müəllim mənim üçün  böyük şəxsiyyət, əsil ədalət və kişilik nümunəsidir. Mən Qax rayonunun ucqar dağ – Saribaş kən­din­də kasib bir ailədə anadan olmusam. Həqiqi hərbi xidməti başa vurduqdan  sonra  1979-cu ildə ADU-nun hüquq fakültəsinin ax­şam şöbəsinə  daxil oldum. 1985-ci ildə Dovlət İmtahan Komissiyasının sədri həmin ilin Yanvar ayında Respublika prokuroru vəzifəsinə təyin edilmiş İ.İsmajilov idi. O, Komissiyaya çox ədalətli rəhbərlik edirdi və mənim cavablarımdan xoşu gəlmişdi. İmtahan biletindəki sualları cavablandırdıqdan sonra harada işləməyimi soruşdu. Fəhlə işlədiyimi biləndə dəftərinə nə isə qeyd etdi. Bir neçə aydan sonra Respublika Prokurorluğundan gələn məktubla 212-ci kabinetə dəvət olundum. Kadrlar idarəsinin rəisi Fərrux Vəkilov mənimlə 40-45 dəqiqə söhbət etdikdən sonra Respublika prokurorunun müavini Mirağa Cəfərquliyevin yanına apardı. Mira­ğa müəllim də təxminən yarım saat söhbət etdikdən sonra məni prokurorluq orqanlarına işə qəbul etmək istədiklərini, lakin təklif edilən rayon və vəzifəylə razılaşmalı olduğumu bildirdi.

Biz birlikdə Respublika prokuroru İlyas İsmayılovun qəbuluna getdik. İlyas müəllim yaraşıqlı ağ kostyumda möhtəşəm gö­rü­nür­dü. O, məni görən kimi imtahan anlarını yada salıb, ailə vəziyyətimlə maraqlandı və soruşdu:

– Harda vakant yerimiz var?

Mirağa müəlim dedi:

– Naxçıvan və Kürdəmirdə boş yerimiz var.

İlyas müəllim bir qədər fikirləşib dedi:

– Zaqatala Rayon Prokurorluğuna stajyor-müstəntiq vəzifəsinə təyin edilməsi barədə əmr hazırlayın ki, ailəsinə yaxın olsun.

13 iyun 1985-ci ildə İlyas müəllimin əmri ilə Zaqatala Rayon Pro­kurorluğuna stajyor-müstəntiq vəzifəsinə təyin edildim.

Həyəcandan sifətim ağarmışdı. İlyas müəllim soruşdu ki, xəstə deyilsən ki? Mən cavabında:

– Həyatımın ən xoş gününü yaşayıram, İlyas Abasoviç, – dedim.

İlyas müəllim Fərrux Vəkilova müraciətlə dedi:

– Fərrux Gərayeviç, bir taksi çağır, Nəsirovu Zaqatalaya yola sal.

Beləliklə, taksi maşını ilə Zaqatala rayonuna gəlib işimə baş­la­dım.

Mən həmişə özümü İlyas İsmayılovun kadrı hesab etmişəm. Xa­tirimdədir, əmri imzalayandan sonra İlyas müəllim məndən soruşdu:

– Prokurorluqda işləyəcəyini ağlına gətirirdinmi?

Cavabında:

– İlyas Abasoviç, əvvəllər inanmırdım, lakin Sizin dövlət imtahanında ədalətli mövqeyinizi görəndən ümidim yaranmışdı, – dedim.

O, xəfifcə gülümsəyib mənə müvəffəqiyyətlər arzuladı. Beləlik­lə, mən 10 il Zaqatala Rayon Prokurorluğunda müstəntiq və üç ra­yonda  prokuror vəzifəsində işlədim. İlyas müəllimin öyüd və nəsihətlərini heç vaxt unutmadım, Onun kadrı olmağımla fəxr etdim.”

Əliyev Əli Cəmil oğlu atasız böyümüşdü. Beş il yataqxana hə­ya­tı yaşayan Əli Əliyev təyinatla Tovuz Rayon Prokurorluğunda müstəntiq işləyirdi. Xarakteri və insansevərliyi ilə tezliklə Tovuz camaatının hüsn-rəğbətini qazanmışdı. Hətta tovuzlular  onu “İn­san Əli” ayaması ilə tanıtmışdılar.

Əslən tovuzlu olan İlyas müəllim onun iş və mənəvi keyfiyyətləri barədə yerli əhalidən eşidir  və özünün  xəbəri olmadan Tovuz rayon prokurorunun müavini vəzifəsinə təyin etdirir. Bir müddətdən sonra İlyas müəllim Respublika Prokuroru olarkən Əlini Şamxor (indiki Şəmkir) rayon prokurorunun Konstitusiya müddətini yoxlayan komissiyanın tərkibinə daxil edir. Bir neçə aydan sonra Əli Əliyev Şamxor rayon prokuroru vəzifəsinə təyin edilir.

İlyas müəllimin tələbə yoldaşı Mansur İbayevin dediklərindən:

“Qubadlı rayon prokurorluğunun müstəntiqi Arif Həsənovun CM-nin 88-1 maddəsi ilə (xüsusilə külli miqdarda talama) istintaqını apardığı çoxepizodlu, mürəkkəb cinayət işinin məhkəmə baxışında müstəntiqin peşəkarlığı və insani keyfiyyətləri diqqətimi cəlb etmişdi. İşi yekunlaşdırıb Bakıya qayıdan kimi Res­publika prokurorunun müavini İlyas İsmayılova zəng edərək dedim:

– İlyas, kadr çatışmazlığından gileylənirsiniz. Arif Həsənov kimi müstəntiq ucqar rayonda qalıb passivləşə bilər.

Danışığımızda O, konkret söz demədi. Bir ildən sonra Respubli­ka prokuroru olan kimi mənə telefon açaraq müstəntiqin ad və soyadını soruşdu. Tezliklə Arif Həsənov rayonların birinə pro­ku­ro­run müavini və bir müddətdən sonra İmişli rayon prokuroru vəzi­fəsinə təyin edildi”.

 

…İlyas müəllim bütün ciddiyyəti ilə bərabər, digər sahələrdə olduğu kimi, kadr məsələlərində də  qanunlara və qaydalara əməl etmək nümunəsi göstərirdi. Bir misal çəkəcəyəm, hər il yanımda staj­yor olurdu. Stajyorluq müddəti qurtardıqdan sonra prokuror xasiyyətnamə yazır və hansı işə yararlı olduğunu göstərirdi. Mən stajyorları bütün sahələrdə çalışdırır və xasiyyətnamə yazarkən prokuror köməkçisi vəzifəsinə tövsiyə edirdim (Mircavan Kazımov, Fəxrəddin Qəhrəmanov, Şakir Səmədov və s.).

1989-cu ildə Əhməd Abdullayevin stajyorluq müddəti başa çatdı. Onu da prokuror köməkçisi vəzifəsinə tövsiyə etdim. Kadrlar İdarəsinin prokuroru telefonla zəng edərək bildirdi ki, Əhməd Abdullayevi müstəntiq vəsifəsinə təyin etmək istəyirik. Mən etira­zımı bildirdim. Səhərisi günü bu məsələ ilə əlaqədar  Kadrlar İdarəsinin rəisi zəng etdi. Mən yenə etirazımı bildirdim. Ax­şam­üstü Respublika Prokurorunun müavini Mirağa Cəfərquliyev mənə telefon açdı və dedi ki, biz İlyas müəllimlə qərara gəlmişik ki, Əhməd Abdullayevi müstəntiq vəzifəsinə təyin edək. Sən nə üçün etiraz edirsən?

Dedim:

– Mirağa müəllim, mən onu prokuror köməkçisi kimi yetiş­dir­mi­şəm. Onun müstəntiq təyin olunmasını məsləhət bilmirəm.

Mirağa müəllim bir az əsəbi formada:

– Hamımız ağızdolusu Qarabağ-Qarabağ deyirik. Biz Əhməd Abdullayevi Şuşa Rayon Prokurorluğuna müstəntiq təyin etmək istəyirik. Yalnız bundan sonra razılığımı bildirdim və Əhməd Ab­dul­layev həmin gün Şuşa Rayon Prokurorluğunun müstəntiqi vəzi­fəsinə təyin edildi.

Təyinat məsələsi Respublika prokurorunun müstəsna sə­la­hiy­yə­­tinə aid olsa da, İlyas müəllim qəbul edilmiş qaydalardan kəna­ra çıxmırdı.

 

O, işçilərini kənar müdaxilələrdən qoruyan rəhbər idi…

Gənc yaşlarından rayon prokuroru vəzifəsində işləyən İlham Abbasov, səhv etmirəmsə, xidməti işi ilə əlaqədar töhmət almışdı. Töhməti götürülməmiş işlədiyi rayonun Partiya Komitəsinin büro qərarı ilə şəxsi uçot vərəqəsinə yazılmaqla, ona şiddətli töhmət elan olunmuş və vəzifədə qalıb-qalmaması məsələsini müzakirə etmək üçün Respublika Prokurorluğu qarşısında vəsatət qal­dı­rıl­mış­dı. Hamı düşünürdü ki, İlhamı vəzifəsindən çıxaracaqlar. Hətta Mərkəzi Komitənin 1-ci katibi Ə.Vəzirovun da tələbinə baxmaya­raq, İlyas müəllim onu qorudu. Bir müddət sonra iş yerini dəyişib qon­şu rayona prokuror vəzifəsinə təyin etdi.

Uzun illər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cüm­lə­dən 11 il Bərdə rayon prokuroru işləmiş Hüseyn Hüseynovun dediklərindən: “Bərdə RPK-nın 1-ci katibi Rüstəm Səfərəliyev mənim Bərdə rayonundan dəyişilməyim barədə İnzibati Orqanlarla İş şöbəsinin müdiri Sabir Hüseynovdan xahiş edir. Sabir Hüseynov bu məsələ ilə əlaqədar Respublika prokuroru İlyas İs­ma­yılova müraciət etməsini məsləhət bilir. Rüstəm Səfərəliyev İlyas müəllimin yanında olarkən, İdris Əsgərov orada iştirak edir. Katib mənim rayondan dəyişilməyim barədə İlyas müəllim qarşısında məsələ qaldıranda, o, səbəbini soruşur. Qəbahət kimi Rüstəm Səfərəliyev mənim yerli qəzetin redaktoru ilə dostluq münasibətində olmağımı göstərir.

İlyas müəllim deyir:

– Qəzet RPK-nın orqanıdır. Həmin redaktoru birinci katib kimi vəzifəyə Siz təyin etmisiniz. Əgər redaktor, doğrudan da, pis adam­dırsa, onu nə üçün vəzifədə saxlayırsınız?

Rüstəm Səfərəliyev xahişinin yerinə yetirilməməsinə görə na­ra­zı görkəmdə ayrılarkən, İlyas müəllim ona müraciətlə deyir:

– Rüstəm müəllim, ola bilər ki, prokuroru müzakirə edib partiya cəzası verəsiniz. Biləsiniz ki, mən onu müdafiə edəcəyəm.

…Erməni separatizminin xaç atası Manuçarov haqqında CM-nin 88-1 maddəsi ilə başlanmış cinayət işinin istintaqına rəhbərlik edən Respublika Prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Vladimir Boqomolovun prinsipial mövqeyi Moskvadakı ermə­ni­pə­rəst qüvvələri qıcıqlandırırdı. Digər tərəfdən 1989-cu ildə Şüvəlan təcridxanasının bir hissəsini Azərbaycanın yurisdiksiyasından çı­xa­rıb, özləri ilə gətirdikləri çox sayda agentlərin xidmətindən istifa­də etməklə, vətəndaşlarımızdan yolverilməz üsullarla istədikləri ifa­dəni alan SSRİ Daxili İşlər Nazirliyi əməkdaşlarının qanunsuz hərəkətləri barədə İlyas İsmayılov tərəfindən CM-nin 167-ci mad­də­si ilə (vəzifədən sui-istifadə etmə) başlanmış cinayət işinin istintaqı da V.Boqomolovun icraatında idi. Bu vəziyyətlə barışmayan “Mərkəz” V.Boqomolovu cəzalandırmaq, prokurorluq or­qan­larından xaric etmək, hətta onun haqqında cinayət işi baş­lamaq istəyirdi.

Məzuniyyətini yarımçıq qoyan İlyas İsmayılov SSRİ Baş pro­ku­rorluğunda keçirilən kollegiya iclasında çıxış edərək V.Boqomo­lo­va qarşı irəli sürülən ittihamları alt-üst etdi. İlyas müəllim çı­­xışında və Baş prokurora ünvanladığı məktubda işçisinə qarşı qərəzli qəbul edilmiş hər-hansı qərarı özünə qarşı yönəlmiş hərəkət kimi qiymətləndirəcəyini və  istefa verəcəyini bəyan etmişdi.

Fitnəkarları mat vəziyyətinə qoyan İlyas müəllimin cəsarəti və fə­dakarlığı sayəsində repressiyadan qurtulan V.Boqomolov öz fə­a­liy­yətini müvəffəqiyyətlə davam etdirdi.

 

O, işçilərini həm də yalan və böhtanlardan qoruyan rəhbər idi…

 

Özümlə əlaqədar baş vermiş bir hadisəni də oxucuların diq­qə­ti­nə çatdırmaq istəyirəm: Cəlilabad rayon prokuroru kimi fə­aliy­yəti­min ilk aylarında bir çox fitnəkarlıqla üzləşməli oldum. Yaşlı bir qadın oğlunun həbsdən buraxılması tələbi ilə iş otağımda özünü yandırmaq səhnəsi düzəldir, məhkəməyə göndərdiyim qanuni hökm çıxarılmalı işlər əlavə istintaqa qaytarılmaq təhdidi ilə rastla­şır, işçilərim haqqında əsassız şikayətlər edilir və s. və ilaxır…

1985-ci ildə Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş vermiş­di. Lənkəran-Bakı istiqamətində hərəkət edən “Vaz-2106” markalı ma­şının sürücüsü Cəlilabad şəhərinin dördyol deyilən ərazisində yol nişanlarına məhəl qoymadan, hərəkətin əks istiqaməti ilə  sür­ətlə maşını idarə edərkən, Novoqolovka-Cəlilabad istiqamətində hərəkətdə olan “Vaz-2101” markalı maşınla toqquşmuş, nəticədə “Vaz-2101” markalı maşının sürücüsü hadisə yerində ölmüş, maşında olan qardaşı və digər yaxın qohumu ağır xəsarət almışdı. Hadisə yeri müayinə olunub, CM-nin 208-ci maddəsinin 2-ci hissəsi ilə başlanmış cinayət işi üzrə avto-texniki ekspertiza təyin edilmişdi (yol-nəqliyyat hadisə­lərində ekspertizanın rəyi ol­ma­dan qərar qəbul etmək mümkün deyil). Qəza törətmiş sü­rü­cü­nün yol hərəkət qaydalarını aşkar, kobud şəkildə pozması, məni bir məsələ ətrafında düşünməyə vadar edirdi. Keçən əsrin 70-ci illərində sovet cinayət qanunvericiliyini silkələyən bir hadisə baş vermişdi, yük avtomobilinin sürücüsü sərxoş vəziyyətdə maşını idarə edərkən milis əməkdaşları onu saxlamaq istəyirlər. O, milis işçilərinin qanuni tələbinə məhəl qoymadan, təqibdən qurtarmaq üçün, sürəti da­ha da artırıb, məktəb zonasına daxil olur və maşını saxlaya bil­mədiyindən ərtrafda oynayan bir dəstə uşağa çarpılır. Uşaqlardan 3-ü ölür, bir neçəsi də xəsarət alır. Həmin şəxsin əməlini istintaq orqanı RSFSR CM-nin 15,102-ci maddəsinə (ağırlaşdırıcı halda qəsdən adam öldürməyə sui-qəsd) tövsif etmişdi. Bu məsələ hüquq aləmində çoxlu mübahisələrə səbəb olmuş, iş SSRİ Ali Məhkəməsinin Plenumuna qədər gedib çıxmışdı. Mən də lənkəranlı sürücünün əməlini CM-nin 15,94-cü maddəsi­nə (ağırlaşdırıcı halda qəsdən adam öldürməyə sui-qəsd”) tövsif etmək fikrinə düşmüşdüm.

O günlərdə Respublika prokuroru İlyas İsmayılov məni yanına dəvət etmişdi. Bir qədər söhbət etdikdən sonra:

– Sizdə bir yol nəqliyyat hadisəsi olub, iş hansı mərhələdədir? – deyə, soruşdu.

Mən yuxarıdakı fikirlərimi İlyas müəllimlə bölüşdükdən sonra ekspertizanın rəyi alınan kimi sürücünün barəsində həbs qətim­kan tədbiri secəcəyimi və əməlini CM-nin 15,94-cü maddəsinə töv­sif edəcəyimi bildirdim. İlyas müəllim sürücünün əməlini CM-nin 208-ci maddəsinin 2-ci hissəsi ilə tövsif edilməli olduğunu bildirdi və hökumət telefonunun dəstəyini qaldıraraq harasa zəng etdi. Salamlaşdıqdan sonra  “Sizin dediyiniz məsələ ilə əlaqədar araş­dır­ma apardım, prokurorun mövqeyini düzgün hesab edirəm”, – de­di. Xəttin o başındakı adam nə dedisə, İlyas müəllim “Hər yazı­la­na inanmaq olmaz, prokurorla söhbət etmişəm, hətta, o, cavan­lı­ğına salıb sürücünün əməlini qəsdən adam öldürməyə sui-qəsd kimi qiymətləndirmək istəyirdi” – deyə cavab verdi. Həmin şəxs ye­­nə nə dedisə, İlyas müəllim yüksək səslə:

– Ziya Mamedoviç (DTK-nın sədri) mən də, işçilərim də, şi­ka­yət­lərə həssas yanaşırıq. Ərizə provokasiya xarakterlidir. Gön­də­rin, özümüz araşdırarıq, – deyərək, dəstəyi asdı.

Sonra İlyas müəllim mənə bildirdi ki, zərərçəkmiş şəxs səndən şikayət edib, ərizə sənə göndəriləcək, amma cinayət işinə əlavə etmə.

Bir neçə gündən sonra avto-texniki ekspertizanın rəyi alındı. Sü­rücüyə CM-nin 208-ci maddəsinin 2-ci hissəsi ilə ittiham elan olunmaqla, barəsində həbs qətimkan tədbiri seçildi. Məhkəmənin hökmü ilə sürücü 9 il müddətinə azadlıqdan məhrum edildi.

Ərizəni “məxfi qriflə” mənə göndərdilər. Oxuyarkən çox həyə­can­landım. Zərərçəkmiş  DTK-nın sədri Z.Yusifzadəyə ünvanla­dı­ğı ərizədə göstərirdi ki, rayon prokuroru Ə.Məmmədov əvvəllər Lənkəranda işlədiyinə görə sürücünü yaxından tanıyır və onu cinayət məsuliyyətindən qurtarmaq istəyir. Prokuror heç kimi saymır, hər yerdə deyir ki, “30 il kolxoz sədri işləmiş atam MK-nın birinci katibi Kamran Bağırovla yaxın dostdur. Mən nə istəsəm, onu da edərəm. Heç kim mənə toxuna bilməz” (illər sonra ərizənin təşkilatçısının kimliyini öyrəndim).

Bu şikayət məni və atamı çox narahat etdi. Məsələ burasında­dır ki, atam artıq əlaqələri olmasa da, K.Bağırovun böyük qardaşı Faiq Bağırzadə ilə 50-ci illərdə dostluq etmişdi. Təbii ki, K.Ba­ğıro­vu və digər ailə üzvlərini də yaxından tanıyırdı. Narahat­çı­lı­ğı­mı­zın əsl səbəbi o idi ki, onlar milçəyini qoruyan adam idilər. Bu cə­fəngiyyata inanıb, alternativ tədbir görə bilərdilər…

Haşiyə: Təəsüf ki, İlyas müəllimdən sonrakı dövrdə Baş prokurorların bəzisi prokurorluq işçiləri haqqında gələn şikayətlərə belə həssaslıqla yanaşmır, rədd və xitam qərarının ləğvinə, bəraət hökmünün çıxarılmasına görə müstəntiq və prokurorlar məşhər ayağına çəkilir, ən cüzi xətaya görə (məsələn, etibarnamə olma­dan nəqliyyat vasitəsini idarə etmə) prokurorluq əməkdaşı qanun­da nəzərdə tutulmayan ağır cəza alır və yaxud, guya iş yol­­­­daş­ından uzaq qohumunun şikayətinə ədalətli baxması xahişinə görə bir məmurun tapşırığı ilə idarə prokuroru barəsində xidmət yoxlama aparılıb vəzifəsindən çıxarılır, qanunla qadağan olunma­sı­na baxmayaraq, anonim məlumat əsasında rayon prokuroru haqqında xidməti yoxlama aparılır, kollegiya iclaslarında cəza alanların və orqandan xaric olunanların sayı ən böyük müvəffə­qiy­yət kimi xüsusi pafosla qeyd edilirdi.

 

O,  gənclərin gücündən səmərəli istifadə edir, onları yüksək vəzifələrə təyin edirdi…

 

Hələ 30 yaşı tamam olmamış gənclərin rayon prokuroru vəzi­fəsinə təyin edilməsi bir çoxlarının təəccübünə səbəb olmuşdu. Kirovabad şəhəri (indiki Gəncə) Gəncə rayon prokuroru Nəbiyev Mahmud Yusif oğlu və Masallı rayon prokuroru vəzifəsinə təyin edi­lən Həsənov Əzizağa Səlim oğlunun 30 yaşı tamam olma­mış­dı.

Bakı şəhəri Əzizbəyov rayon (indiki Xəzər rayonu) prokuroru Əliyev Əli Mahmud oğlu, Qaradağ rayon prokuroru Şirinov İxtiyar Əlibala oğlu, Orconikidze (indiki Suraxanı rayonu) rayon pro­kuroru Əliyev Sərdar Zöhrab oğlu, Naxçıvan şəhər prokuroru İmamquliyev Əhməd Novruz oğlu, İliç rayon (indiki Şərur rayonu) prokuroru Həsənov Rəşid Cəmşid oğlu, Ordubad rayon prokuroru Cavadov Mirqəni Qəvvam oğlu, Şuşa rayon prokuroru Ələsgərov Ələddin Heydər oğlu, Kirovabad (indiki Gəncə) nəqliyyat pro­ku­ro­ru Ömərov Əli Ömər oğlu, Mingəçevir şəhər prokuroru Mahmudov Bəhruz Rəşid oğlu, Ağdam rayon prokuroru Məmmədov Zakir Qələndər oğlu, Ağcabədi rayon prokuroru Ağayev Kazım Bala­oğlan oğlu, Ağsu rayon prokuroru Şiriyev Zakir Məhi oğlu, Cəlila­bad rayon prokuroru Məmmədov Ələmdar Məmməd oğlu, Dəvəçi rayon prokuroru Tağıyev Zahid Muxtar oğlu, İmişli rayon prokuroru Həsənov Arif  Xızır oğlu, Quba rayon prokuroru Eyvazov Əli Xan­çoban oğlu, Mirbəşir rayon (indiki Tərtər rayonu) prokuroru Quliyev Yusif Ağalar oğlu, Puşkin rayon (indiki Biləsuvar rayonu) prokuroru Əmirov Yəhya Cəmo oğlu, Saatlı rayon prokuroru Allah­ver­diyev Fəxrəddin Məmmədalı oğlu, Füzuli rayon prokuroru Məcidov Eldar İbrahim oğlu, Xanlar rayon (indiki Göygöl rayonu) prokuroru Səmədov Rauf Emin oğlu, Şamxor rayon (indiki Şəmkir rayon) prokuroru Əliyev Əli Cəmil oğlu, Şamaxı rayon prokuroru Zahidov Bəhram Səffan oğlu, Yardımlı rayon prokuroru vəzifəsinə təyin edilmiş Bəkirov Əsgər Lətif oğlu və digərləri 30-35 yaşında gənclər idi.

İsaxan Vəliyev 30 yaşında Respublika Prokurorluğunun Təşk­i­lat analitik şöbəsinə rəis, 32 yaşında Bakı şəhər prokuroru vəzi­fəsinə təyin edilmişdi.

Elmira Mirzəzadə Respublika Prokurorluğunun Mülki şöbəsinə rəis təyin ediləndə 30 yaşı təzə tamam olmuşdu.

Əlbəttə, gənclərin kütləvi şəkildə irəli çəkilməsi zamanı İlyas mü­əllimin özünün də etitaf etdiyi kimi, səhvlər və yanlışlıqlar da olmuşdu.

 

İlyas müəllimin Rusiya federasiyasında və digər bölgələrdə yaşayıb-işləyən prokurorluq əməkdaşlarının Republikaya gətiril­məsində xüsusi rolunu qeyd etməmək insafsızlıq olardı.

Təqaüddə olan kiçik ədliyyə müşaviri Rzayev Ələkbər Rəcəb oğlunun dediklərindən: “1984-cü ildə Kemerovo Dövlət Universitetinin hüquq fakültəsini bitirib,  təyinatla Baltik Dəniz donanma­sı­nın Leninqrad Hərbi Dəniz Prokurorluğunda müstəntiq və­zi­­fəsində işləyirdim. İşimdən razı olsam da, vətəndən uzaq düşmək məni sıxırdı. Təzə təyin edilmiş Respublika prokuroru İlyas İsmayılovun fəaliyyəti barədə müəyyən təsəvvürüm var idi. Odur ki, Azərbaycan SSR prokurorluğuna ərizə yazaraq vətənə gəlmək arzumu bildirdim. Heç xəyalıma belə gətirə bilməzdim ki, qısa müddətdən sonra  hər hansı bir şəxsin xahişi, vasitəsi olmadan məni Bakıya – Respublika Prokurorluğuna dəvət edəcəklər. Sözlərim nağıla bənzəsə də, bu, real həqiqət idi. Həmin dövrdə Kadrlar İdarəsinin rəisi Fərrux Gəray oğlu Vəkilov məni qəbul edib, 2 saata yaxın su­­al-cavab edərək, peşə bacarığımı, biliyimi, psixoloji dü­şün­cə­lə­rimi yoxladı. Daha sonra məni İlyas müəllimə təqdim edərək, “Xidmətə yaralıdır” fikrini söylədi. İlyas müəllimin zəhmli və çox cid­di bir şəxs olması barədə söhbətlər  eşitdiyimə görə, Respubli­ka prokurorluğunun kiçik xidməti otağına daxil olarkən həyəcanlı idim. İlyas müəllim həyəcanımı hiss edib, mənimlə sözlə ifadə olu­na bilməyən qaydada, elə tərzdə söhbət qurdu ki, daxilimdə olan hə­yəcanım bir göz qırpımında yox oldu.

Səxsi işimlə tanış olduğunu, Leninqrad Hərbi Dəniz Prokurorunun mənim barəmdə yüksək fikir söylədiyini bildirib, Bakı şəhər Prokurorluğuna baş müstəntiq təyin olunmağım barədə əmrin hazırlanmasına göstəriş verdi. Və mənə qanunlara düzgün riayət edib, heç kimdən heç nədən çəkinməməyi, ədalətli olmağı tövsiyə etdi”.

Ayət Həsənovun Azərbaycana gətirilməsi ilə əlaqədar tanınmış hüquqşünas Aslan İsmayılovun dediklərindən: “1989-cu ilin payız ayları idi. Mənimlə Krasnodar Dövlət Universitetində oxumuş rəh­mət­lik Şaiq Salmanov (o vaxtlar Yasamal Rayon Prokurorluğunda işləyirdi) mənə zəng edib birgə nahar etməyi xahiş etdi. Nahara gələndə yanında çox arıq, eynəkli, nimdaş geyimdə, təxminən bizim yaşda biri var idi. Mənə təqdim edib onunla Özbəkistanda pambıq işləri ilə bağlı olan Qdlyan qrupunda işlədiyini bildirdi. Söhbət əsnasında bildim ki, Ayət Həsənov vaxtilə Özbəkistanda indi yadımdan çıxmış vilayətlərin birinin prokurorluğunda müstəntiq işləyib və ahısqa türklərinə qarşı iğtişaş olanda bunun da həyat yoldaşı ahısqa türkü olduğundan evlərini yandırıblar və indi qaçqın kimi Azərbaycana gəlib. Nahardan sonra eşitdiklərimdən çox üzgün halda işə qayıtdım və Respublika Prokurorluğunun giri­şin­də qapıdan çıxan İlyas müəllimlə üz-üzə gəldik. Mənimlə salamlaşıb nə üçün üzgün olduğumu soruşdu, heç nə olmadığını bildirdim. İlyas müəllim mənim Bakıda heç kimim olmadığını bilirdi və zənnimcə elə ona görə evdə hansısa problem olub olmadığını soruşduqda Ayətlə bağlı eşitdiklərimi danışdım və imkanı varsa onu, heç olmasa, polisə ən kiçik bir işə düzəlməsində yardımçı ol­ma­­sını xahiş etdim. “Mən prokurorluqda ola-ola niyə kimdənsə xahiş edim” deyərək 2-3 saatdan sonra qəbuluna gəlməsini tap­şırdı.

Təxminən saat 17 radələrində İlyas müəllimin qəbuluna gəldim. Bir daha onunla maraqlandı və “əgər onu elə sən işlədiyin məhkəmələrə nəzarət şöbəsinə işə götürsəm, ona işi mənimsəmə­si­nə kömək edərsənmi” deyə məndən soruşdu. Müsbət cavabımı eşidən kimi “onu tap sabah səhər saat 9-da kadrlar şö­bəsində olsun” dedi. Rəhmətlik Şaiq Ayəti tapıb səhər 9-da kadrlar şöbəsinə gətirdi və həmin gün onun Respublika Prokrorluğuna işə gö­tü­rül­mə­si barədə əmr verildi və artıq səhəri gün Ayət işə çıxdı.”

 

Ümumiyyətlə İlyas müəllimin prokurorluğu dövründə SSRİ-nin müxtəlif yerlərində işləyən qırxa yaxın əməkdaş Azərbaycan Prokurorluğuna gətirilmişdi.

Bunlardan Nazir Bayramov, Vaqif İsgəndərov, Aleksey Abbasov, Ələkbər Rzayev, Layiq Mehdiyev, Rüstəm Usubov, Aslan Əzizov, İsrafil Məmmədbəyov, Azad Əliyev, Aslan İsmayılov, Eldar Mikayılov, İlham Məmmədov, Tofiq Ağacanov, Namiq Həsənov, Aslan Mirzəyev, Vaqif Abdullayev, Faiq Rzayev, Fərman Rzayev, Ayət Həsənov və başqalarını göstərmək olar. Həmin əməkdaşlar əsasən İlyas müəllimin etimadını doğruldaraq vəzifə pilləsində irəliləyişə nail oldular. Nazir Bayramov, Namiq Həsənov, Layiq Mehdiyev idarə və şöbə rəisi vəzifəsində, İlham Məmmədov Res­publika Hərbi Prokurorunun 1-ci müavini, Rüstəm Usubov isə Baş Prokurorun 1-ci müavini vəzifəsinədək yüksəldilər.

 

Buzlar  əriyir

İlyas müəllim ilk kollegiya iclasında bir neçə ilkə imza atdı…

 

Məsələn: Sovet dönəmində vəzifədən çıxarılanın, partiya cəzası alanın kölgəsini qılınclamaq bir növ adət halını almışdı. İlk kollegiya iclasında bir nəfər əvvəlki Respublika prokuroru A.Zamanovun ünvanına xoşagəlməz söz deyərkən İlyas müəllim onun çıxışını kəsdi və dedi:

– Nöqsanları vaxtında və üzə demək lazımdır ki, cəmiyyətə xeyri dəysin. Sizin bu tənqidi çıxışınızın heç bir mənası yoxdur. Bir də xalqımızın dilində belə bir deyim var, “gedənin dalınca danışmaq namərdlikdir!”

Bunula da, bu iyrənc ənənəyə son qoyuldu.

Haşiyə: Təəssüf ki, sonradan bu ənənə bərpa olundu. Belə ki, 1990-cı ilin avqust ayında Azərbaycan Respublikasının Baş Prokuroru təyin edilmiş İsmət Qayıbovun təqdimatı ilə əlaqədar SSRİ Baş Prokurorunun 1-ci müavinin də iştirak etdiyi kollegiya iclasında əlində “şpalqalka” tutmuş bir dəstə yüksək rütbəli, yaşlı-başlı vəzifəli şəxslər əvvəlki prokuror İyas İsmayılovu pisləyib, yeni təyin edilmiş İsmət Qayıbovu  tərifləmək üçün növbəyə durmuşdular. Bir neçə bayağı və insanda ikrah hissi doğuran qərəzli və yaltaq çıxışlardan sonra prokurorluq əməkdaşlarından Ağabala Quliyev  və Xanlar Ələkbərov cəsarətli çıxışları ilə etirazlarını bildirdilər.

Əvvəlki çıxışçılardan fərqli olaraq təmiz Azərbaycan dilində danışan Ağabala Quliyev  İlyas İsmayılovun xidmətlərini dilə gətirərək, gedənin dalınca danışmağın əxlaq qaydalarına zidd olduğunu deməklə, yarınanları kəskin tənqid edib, Baş Prokuror İsmət Qayıbova müraciətlə dedi:

– Hörmətli İsmət müəllim, Sizə şərəfli və məsuliyyətli işinizdə müvəffəqiyyətlər arzu edirəm. Bilin ki, nə vaxtsa işdən çıxanda bu insanlar eyni sözləri Sizin haqqınızda da deyəcəklər.

“Mülki şöbə”də prokuror işləyən, birinci Qarabağ savaşında “Topçu Ağabala” kimi ad çıxardacaq  A.Quliev yaşda, vəzifədə və rütbədə özündən çox-çox böyüklərə əxlaq və mənəviyyat  dərsi keçərək, hamının gözündə bir anda böyüdü.

İlk kollegiya iclasında İlyas müəllim çox mühüm bir məsələyə də nöqtə qoydu.

Məlumdur ki, hüquq-mühafizə orqanlarının özünəməxsus hesabat göstəriciləri vardır. Bunlardan biri də xitam olunmuş cinayət işləri idi. Yoxlayıcılar istənilən cinayət işində nöqsan tapır, xitam qərarı ləğv olunur,  işin icraatı təzələnirdi. Bu, prokuror və müstəntiqlər üçün böyük nöqsan sayılırdı. Ona görə də müstəntiq və prokurorlar xitamdan qaçır, son nəticədə, sadə insanların hüquqları pozulurdu. İlyas müəllim çıxışında bu eybəcərliyi kəskin tənqid etdi və dedi: “Mən xitama görə yüksək tələbkarlıq göstərməyəcəyəm”.

Məhz onun bu çıxışından sonra Respublikada xitamların sayı artdı. Süni göstəricilərə son qoyuldu.

İlyas İsmayılovun yeniliklərindən biri də az əhəmiyyətli qanun pozuntularına görə cinayət işləri başlanmasına və ağır cəzalar verilməsinə qarşı ardıcıl mübarizəsi oldu.

İlyas müəllim   kollegiya iclaslarının birində iki rayonun prokurorunu ciddi tənqid edərək, adi bir hadisəyə görə, insanları məsuliyyətə cəlb etmələrini də qınamışdı.

Hadisə belə olmuşdu: Rayon prokurorlarından biri ot tayasına od düşdüyü üçün kolxoz sədrinin barəsində cinayət işi başlayıb, həmin şəxsin məhkum olunmasına nail olmuşdu. İlyas müəllim bu cür yanaşma tərzinin yersiz olduğunu, bununla da, adi bir səhlənkarlığa görə təkcə kolxoz sədrinə deyil, həm də onun övladlarına zərbə vurulduğunu bildirmişdi. Çünki o dövrün kadr siyasəti ənənəsinə görə, valideyni, yaxın qohumu məhkum olmuş istənilən şəxsin karyerası bitir, onun rəhbər vəzifələrə təyin edilməsi, bəzən hətta kiçik dövlət işində çalışması mümkünsüz hala gəlirdi. Dəyəri, deyək ki, 30-40 manat olan bir ot tayası üçün təkcə kolxoz sədrinin deyil, həm də onun övladlarının gələcəyinin ləkələnməsi İlyas müəllimi ciddi narahat etmişdi.

Praktiki işdə belə bir qayda var idi ki, prokuror adətən yüksək cəza istəyir, məhkəmə “humanistlik” göstərərək qismən yüngül cəza təyin edirdi. Məhkəmələrin prokurorun tələbindən yüksək cəza verməsi təcrübəsi yox idi. Prokurorlar bir qayda olaraq cəzanın yüngüllüyündən protest verirdilər. İlyas müəllim bu təsəvvürləri də alt-üst etdi.

Məsələn: Qaradağ Rayon Məhkəməsinin hökmü ilə vətəndaş CM-nin 214-1 maddəsilə (qanunsuz tikinti materialları əldə etmə) üç il müddətinə azadlıqdan məhrum edilmişdi. İlyas müəllim cəzanın ağırlığından Azərbaycan SSR Ali Məhkəməsinə protest verdi. Ali Məhkəmənin rəyasət heyəti və daha sonra Plenumu “prinsipiallıq”  göstərərək protesti təmin etmədi. Həmin dövrün qaydalarına uyğun olaraq İlyas müəllim SSRİ Baş Prokurorluğuna təqdimat göndərdi. SSRİ Baş Prokurorunun SSRİ Ali məhkəməsi­nə verdiyi protest əsasında vətəndaşın cəzası şərti hesab edildi və həbsdən azad edildi. Qanunun aliliyinin pozulması nəticəsində həmin şəxs bir il məhbus həyatı yaşamalı olmuşdu.

Ümumiyyətlə, İlyas müəllim praktiki işdə də elmi yanaşmanın tərəfdarı idi. Xatirimdədir, bir cinayət işinin istintaqı ilə əlaqədar Masallı rayon prokuroru  Əzizağa Həsənovu və məni qəbul etmişdi. İlyas müəllim söhbətə Əzizağaya yüngülvari iradla başladı:

– O qadına həm ağır cəza vermisiniz, həm də əməlini düzgün tövsif etməmisiniz. Əməlin düzgün tövsif edilməməsi və cəzanın ağırlığından protest vermişəm.

Biz hər ikimiz təəccüblə İlyas müəllimə baxdıq.

Həmin cinayət işinin qısa məzmunu:

Masallının kəndlərindən birində yaşayan Nənəxanım adlı qadın cindarlıq edərək, müxtəlif üsullarla camaatı aldadıb külli miqdarda pul əldə etmişdi. Qadın haqqında CM-nin 147-ci maddəsinin 3-cü hissəsi ilə (dələduzluq) cinayət işi başlanmış, ona həmin maddə ilə ittiham elan olunmaqla, iş məhkəməyə göndərilmişdi. İşin məh­kə­mə araşdırmasında dövlət ittihamını Əzizağa Həsənov özü müdafiə etmişdi. Məhkəmənin gedişi televiziyanın “İnsan və qa­nun “verilişi ilə bütün respublikaya yayınlanmış, hətta tama­şa­çı­la­rın xahişi ilə təkrar göstərilmişdi. Məhkəmənin hökmü ilə Nə­nə­xanım 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bizim baxışlarımızdakı sual işarələrini görən İlyas müəllim mə­sə­ləyə bir az da aydınlıq gətirdi:

– Keyfiyyətli iş aparmısınız. Məhkəmədəki çıxışın da yaxşı idi. La­kin qadının əməli CM-nin 147-ci maddəsi ilə deyil, 142-1 mad­də­si ilə (dini xurafatdan tamah məqsədi ilə istifadə etmə)  tövsif edilməlidir. Xüsusi norma həmişə ümumi normanı üstələyir. Ona gö­rə də protest vermişəm.

Bir neçə aydan  sonra Ali Məhkəmə protestə baxaraq təmin etdi və qadın azadlığa çıxdı.

Nəzəri biliklərin təcrübədə düzgün tətbiqinə dair rayonların birində baş vermiş hadisəni nəql etmək istəyirəm:

Kişi üçtəkərli motoskletlə arvadı ilə qonşu kənddən evlərinə gəlir. Həyətdə  motoskletdən düşərkən, arvadının tərpənmədiyini görür. Məlum olur ki, qadının kəlağayısının ucu kardana iliş­di­yi­n­dən o, boğulub ölüb.

Avto-texniki ekspertizanın rəyinə əsasən sürücü təqsirli bilinirdi, ona görə ki, motoskletdə sərnişin başına kaska qoymalı idi. Meyit da­xili müayinə olunmadığına görə, işin istintaqını tamamlamaq mümkün olmamış, bu səbəbdən də  CM-nin 208 m. 2-ci hissəsi ilə başlanmış cinayət işinin icraatı dayandırılmışdı. Müstəntiq həmin iş üzrə meyidin eksqumasiyası (meyidi qəbirdən çıxarma) barədə qərar qəbul etmişdi. Üç-dörd aydan bir milis işçiləri kəndə gəlib meyidi çıxartmaq istəsələr də, mərhumun ailə üzvləri və qo­hum­ları imkan vermirdilər. Həmin sürücü İlyas müəllimə şikayət edir. İşlə tanış olan İlyas müəllim “Sürücünün hərəkəti ilə baş vermiş hadisə arasında cinayətkarcasına səbəbli əlaqə olmaması” motivi ilə cinayət işinin icraatına xitam verilməsi barədə göstəriş verir.

 

Başqa bir misal:

Neft Daşlarının fəhləsi həm də doğma  kəndində,  sovxozda manqa başçısı işləyirdi. Ayın 15 gününü Neft Daşlarında, digər 15 gününü isə sovxozda çalışırdı. Neft Daşlarında olduğu zaman sov­xozdakı işini əmisi oğlu görür və sənədləşdirməni birgə apa­rır­dılar. Hüquq-mühafizə orqanları həmin manqa başçısının fəa­liy­yətini yoxlayıb, guya 450 manat mənimsəmə tapmışdılar. Əmək hüquq münasibətlərinə aid olan hadisə ilə əlaqədar vətəndaş barəsində CM-nin 86-cı maddəsinin 2-ci hissəsi ilə (təkrar mənim­sə­mə) cinayət işi başlanmışdı. Məhkəmə cinayət işini əlavə istintaqa qaytarmışdı. Prokuror işi yenidən məhkəməyə verib hökm çıxartdırdı. İlyas müəllim o zaman Respublika prokurorunun müa­vi­ni idi. Bu işdən xəbər tutan kimi hökmdən Ali Məhkəməyə pro­test verərək, işin əlavə istintaqa qaytarılmasına nail oldu. Nə­ha­yət, prokuror hesabat göstəriciləri pozulmasın deyə, həmin şəxsi 80 manat mənimsəmə ilə məhkəməyə verdi. İlyas müəllim Res­pu­blika prokuroru vəzifəsinə təyin olunanda ilk qərarlarından biri pro­kuroru işdən çıxartmaq oldu. Baxmayaraq ki, prokurorun güclü arxası vardı, amma İlyas müəllimin sərtliyi öz sözünü demişdi.

 

O, əsil Azərbaycan kişisi idi…

 

İlyas müəllimin beynəlmiləlçilik ideyalarının ön plana çəkildiyi ittifaq dövlətində əsl Azərbaycan kişisi kimi milli mənəvi dəyərlərin daşıyıcısı olmasını, müvafiq olaraq hansı tədbirləri görməsini konkret misallarla oxucuların diqqətinə çatdıracağam:

Birlikdə işlədiyimiz uzun illər ərzində İlyas müəllimi bir dəfə qəzəbli görmüşəm. Zəngilan rayonunda 17 yaşlı qız dayısının evindən külli miqdarda qızıl-ziynət əşyaları oğurlamışdı. Qızın barəsində cinayət işi başlanmış və prokuror onun haqqında həbs qətimkan tədbiri seçmişdi. İlyas müəllim həmin prokuroru işdən çıxartdı, ona görə ki, həbsxana həyatı yaşamış  qızla gələcəkdə heç kim  ailə həyatı qurmayacaqdı. Kollegiya iclasında məsələ müzakirə olunarkən, bu sərt  görünüşlü insanın üzündəki can yanğısını görüb,  hiss etməmək mümkün deyildi.

Rayonların birində çağırışa gəlməyən qız uşağını sahə müvəkkili, müstəntiqin qərarına əsasən, motosikletlə milis şöbəsi­nə gətirmişdi. İlyas müəllim həmin rayonun prokurorunu yerli adət-ənənə və milli mentalitetimizə hörmətsizlikdə, gənc qızın gələcək həyatına biganəlikdə təqsirləndirərək, xeyli məzəmmət etdi.

İlyas müəllimin qəzəbinə səbəb olan digər məsələ bir başqa ra­yon­da istintaq olunan cinayət işi ilə bağlı idi. Rayon məktəbində təs­sərrüfat müdiri işləyən bir xanıma prokuror  CM-nin 86-cı maddəsinin 3-cü hissəsi ilə (külli miqdarda talama) çinayət işi başlamışdı. Həmin xanım isə yetim bir qız idi. Himayəsində üç bacı-qardaşı vardı. İlyas müəllim kollegiya iclasında bu valideynsiz qıza ağır cəza vermək təşəbbüsündə olan prokuroru çox sərt şəkildə tənbeh elədi, ciddi arxası olmasına baxmayaraq, üstündən heç bir il belə keçməmiş onu işdən çıxartdı.

1985-ci ilin yay ayları idi. Ağstafa rayonunun sərhəd kəndində ermənilər qəbiristanlıqda ədəbsizlik etmişdilər. Kənd sakinləri erməniləri möhkəm döyüb əzişdirmişdi. Ermənistan SSR-nin prokuroru Suren Avanesov cinayət işi başlayaraq türmə maşını göndərmişdi. Hadisəni eşidən İlyas müəllim digər rəsmi şəxslərlə hadisə yerinə gələrək vəziyyətlə yerində tanış olmuş və qəbirlərə hörmətsizlik edən ermənilərin haqqında cinayət işi başlatmışdı. Kompromis variant kimi hər iki cinayət işinin istintaqının aparılması SSRİ Baş Prokuroru yanında mühüm işlər üzrə müstəntiqə tapşırıldı və bir müddətdən sonra cinayət işləri xitam olundu.

 

O, ədalətli və humanist birisi idi…

Bir çoxları onun ciddiliyindən və sərtliyindən də danışır. Amma bu ciddilik və sərtliyin altında böyük ədalət hissi dayanırdı. İlyas İs­mayılov ağır cinayətlərə, vəhşiliklərə qarşı amansız, qəza nə­ti­cə­sində törənən hadisələrə qarşı isə humanist idi.

Mənim iştirak etdiyim ilk kollegiya iclasında İlyas müəllimin nitqi hə­lə də qulağımdan getməyib. “Toplardan sərçələrə atəş açmayın!”- səhv etmirəmsə, Qorbaçovun bu sözlərini İlyas müəllim öz çıxışında o qədər gözəl şərh etmişdi ki, həmin nitq hüquq tari­xinə düşə biləcək səviyyədə idi. İlyas müəllimin bizə tələbi, təx­mi­nən, belə idi: “Kimliyindən asılı olmayaraq, dövlətə, xalqa, millətə qarşı qudurğanlıq edənlərin burnunu əzmək lazımdır! Yazıq insanlarla  işiniz olmasın!”

İlyas müəllimin bu gün də aktual olan bu tələbi hüququn aliliyi prinsipinin təməlini təşkil edir. Ədalət – hər kəsə eyni gözlə baxmağı, vəzifəsindən asılı olmayaraq, hamının əməlinə qanunun tələbinə uyğun layiqli qiymət verməyi tələb edir. Cinayətin araşdırılması səthi olmamalı, icraçılardan çox, onları qanunsuz­lu­ğa sürükləyənlər cəzalanmalıdırlar.

Məhz bu anlayışın nəticəsidir ki, İlyas İsmayılovun prokurorluğu dövründə Azərbaycan hüquq sistemində materiallar üzrə cinayət işi başlanmasının rədd edilməsi, cinayət işlərinə xitam veril­mə­si­nin sayı da artmışdı. Halbuki o dövrlərə qədər, demək olar ki, bu hallar fövqəladə hadisə sayılırdı. Rusiyada cinayət işlərininin xitam edilməsi iyirmi faizi keçdiyi halda, bizdə buna yol verilmirdi.

10 min, 20 min rüşvət alanlar “Rüşvətxorluqla mübarizə” pərdəsi altında 10 manat, 20 manat rüşvət alanları həbs edib, məhkum edirdilər. Kiçik məbləğlərə görə insanlar istintaqa cəlb olunur, gülünc məhkəmə prosesləri keçirilir, təəccüb doğuran qərarlar qəbul edilirdi.

Astara rayonunda tərəvəz tədarükçüsü işləyən bir vətəndaş 14 min manat mənimsəməyə görə  Ali Məhkəmənin hökmü ilə CM-nin 88-1 maddəsi ilə (xüsusilə külli miqdarda talama) təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Tədarükçünün şi­ka­yətləri əsasında Ali Məhkəmənin Plenumu cinayət işini araşdırarkən şəxsin 14 min deyil, 4 min manat mənimsədiyini müəyyən edərək, onun əməlini CM-nin 86-cı maddəsinin 3-cü hissəsinə (külli miqdarda talama) tövsif edir, lakin cəzasını dəyiş­dir­mədən gücündə saxlayır. Vətəndaş Qurultaya ünvanladığı şikayətində ittiham olunduğu cinayət əməlinin daha yüngül maddə ilə əvəz olunmasına görə təşəkkürünü bidirməklə yanaşı, haqlı ola­­raq cəzasının dəyişdirilməməsinin məntiqə uyğun olmadığını dilə gətirirdi.

Və yaxud başqa bir misal:

Sosializm cəmiyyətinin təbiətindən irəli gələn rəzil qanunlardan biri də, CM-nin154-cü maddəsində (alıcıları və sifarişçiləri aldat­ma) nəzərdə tutulan cinayət əməli idi. Ən xırda məbləğə görə, cinayətkarlıqla mübarizə adı altında insanlar məhkum edilir, inci­di­lirdilər. İlyas İsmayılov dövrünə qədər baş tutan belə işlərdən birini oxucuların müzakirəsinə verirəm:

Masallı şəhərində ikimərtəbəli mehmanxananın 1-ci mərtə­bə­sin­də 12 uşaq atası, Səfər adlı bərbər işləyirdi. Səfər kişi sakit tə­bi­ətli, yazıq görünüşlü, işinin ustası olan bir adam idi. Rayonun bütün böyüklərinin saç-saqqalına o qulluq edirdi. Bəzən evlərə də aparırdılar onu. Yeganə eybi, çox danışması idi.

Böyüklərdən kimin qəzəbinə düçar olduğunu deyə bilmərəm, bir gün xəbər yayıldı ki, SƏDM əməkdaşları dəllək Səfərin təsərrüfatını yoxlayırlar.

Masallının Qodman sovetliyindən bir nəfər saç-saqqalını səliqəyə saldırıb çıxarkən, SƏDM əməkdaşları onu saxlayıb, xidmətə görə  dəllək  Səfərin ondan nə qədər pul aldığını soruşduqda, – “Bir manat pul verdim, artığını da qaytarmadı”, – deyə cavab verir. Toplanmış material üzrə CM-nin 154-cü maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanır. Dəllək Səfər zərərçəkmişi qiymətdə 35 qəpik aldatdığına görə, ona həmin maddə ilə ittiham elan olunmaqla, iş baxılması üçün məhkəməyə göndərilir və dəllək Səfərin qapısı bağlı qalır…

“Aktuallığı” nəzərə alınaraq dəllək Səfərin CM-nin 154-cü maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məh­kə­mə baxışında dövlət ittihamının müdafiəsi rayon prokurorunun köməkçisi kimi, mənə tapşırılmışdı.

Məhkəmə iclasındakı ifadələrdən:

SƏDM əməkdaşı:

– Daxil olmuş əməliyyat məlumatı əsasında Səfərin yanından çıxan zərərçəkmişi saxlayıb, xidmət üçün ondan nə qədər pul aldığını soruşduqda, 1 manat verdiyini bildirdi. Mütəxəssis rəyinə əsasən Səfər zərərçəkmişi qiymətdə 35 qəpik aldatmışdı.

Zərərçəkmiş:

– Mən saçıma və üzümə qulluğa görə Səfərə 1 manat pul ver­dim. O, pulun artığını qaytarmadı.

Müttəhim Səfər:                                                                                        – Mənim hesabım düz aparılmayıb. Zərərçəkmişin saçına və üzünə qulluq etdikdən sonra, onun bığını düzəldib, burun tüklə­ri­ni də almışam. Bu da 8 qəpik edir.

Zərərçəkmiş:

– Sən yalan danışırsan. Mən bığımı həmişə özüm düzəldirəm.

Müttəhim:

– Mən zərərçəkmişin üzünə “Krasnı Moskva” duxisi vurmuşam ki, bu da 6 qəpik edir.

Zərərçəkmiş:

– Yalan deyirsən, sən mənim üzümə 2 qəpiklik “Şipr” odekolonu vurmusan.

Müttəhim:

– Mən sənin üzünə və boynuna pudra da vurmuşam. Bu da 7 qəpik edir.

Zərərşəkmiş:

– Arvad deyiləm ki, üzümə pudra vurduram. Yalan deyirsən. Mən üzünə deyirəm ki, sən kiçik toylara da gedirsən və xidmət üçün pul alırsan.

Müttəhim:

– Doğrudur mən kiçik toylara gedirəm, lakin heç kimdən pul almıram.

Sədrlik edən:

– İttihama aidiyyatı olmadığına görə bu sual-cavab çıxarılsın.

Dəllək Səfərin bütün vəsatətləri təmin edildikdən sonra, üzə­rin­də 14 qəpik aldatma qaldı.

Mən çıxışımda, “humanistlik” göstərərək, dəllək Səfərin cəzası­nın şərti hesab edilməsini xahiş etdim.

Məhkəmə heyəti “humanistlikdə” daha irəli gedərək, Səfəri bir il müddətinə bərbərliklə məşğulolma hüququndan məhrum etdi.

Səfər hakimə minnətdarlıq etmək əvəzinə dedi:

– Sudya, bağanı öldür ya arxası üstə çevir, fərqi yoxdur. Mən dəlləklik etməsəm, balalarıma kim çörək verəcək? 6 ay həbs etsəydin bundan yaxşı olardı.

Bir aydan sonra dəllək Səfərə iş yerini dəyişib, oğlunun adına rəsmiləşdirməklə, bərbərlik etməsinə icazə verdilər. Səfər “islah olunmuşdu”. Az danışırdı. İşlədiyi yerdə bir torba xırda pul və “he­sa­bdar şötkəsi” var idi. Xidmət edib, qurtaran kimi, “şötkəyə” vurur və pulun artığını müştərilərə qaytarırdı. Təbii ki, heç kim ondan pu­lun qalığını almırdı.

Azərbaycan hüquq-mühafizə və məhkəmə orqanlarının bu ənə­nə­si Stalin repressiyasının davamını xatırladırdı.

İllər ötdü, İlyas İsmayılov Respublika Prokuroru olanda, belə utancverici işlərə son qoymağı fəaliyyətinin əsas prinsipi elan etdi və böyük ölçüdə məqsədinə nail oldu.

 

O,  kövrək qəlbli, canıyanan və qayğıkeş insan idi…

 

Xidməti işimlə əlaqədar Respublika Prokurorluğuna getmişdim. İkinci mərtəbədə qara paltarlı bir qadın diqqətimi cəlb etdi. Diq­qət­lə baxdıqda tanıdım – Səmayə xanım idi. Səmayə xanım biz­dən bir il sonra hüquq fakültəsini bitirmişdi. Qrup yoldaşı, ləyaqətli prokurorluq işçisi olan Yusif Muxtarovla ailə həyatı qurmuşdu. Üç uşaqları var idi. Yusif Muxtarov bir neçə ay əvvəl xidməti vəzifəsini icra edərkən avtomobil qəzası nəticəsində həlak olmuşdu. Səmayə xanım prokurorluqda işləmək üçün müraciət etdiyini dedi və “vakant yer yoxdur” – deyə, imtina edilməsi barədə kadrlar şöbəsi rəisinin imzası ilə olan məktubu mənə göstərdi. “İlyas müəllimə müraciət etmisənmi?”- deyə, soruşduqda, – “Ona müraciət etməmişəm”, – dedi.

Mən məsuliyyəti üzərimə alaraq Səmayə xanımı üçüncü mərtəbəyə, İlyas müəllimin qəbul otağına qaldırdım. “Burda gözlə”, dedim, – “İlyas müəllim çıxarkən səni görəcək və kimliyinlə maraqlanacaq”. Səmayə xanımı orada qoyub, tez uzaq­laş­dım. On beş gün sonra eşitdim ki, İlyas müəllim qapıdan çıxarkən Səmayə xanımı görmüş, kimliyi ilə maraqlanmış, onunla söhbət etmiş və bir neçə gün sonra Sumqayıt şəhərinə, prokuror köməkçisi vəzifəsinə təyin etmişdi. Sonradan eşitdim ki, İlyas müəllim Səmayə xanımın ev almasına da köməklik göstərib.

Qrup yoldaşım Əlizaman Dövlətov universiteti əla qiymətlərlə bitirmişdi. Rayonların birində müstəntiq işləyərkən, bir cinayət işinin istintaqı ilə əlaqədar ona şiddətli töhmət elan olunmuş və 6 ay sınaq müddəti təyin edilmiş, lakin 6 aydan sonra attesta­si­ya­dan keçməmişdi. Prokurorluq orqanlarından xaric olunmaq təhlükəsi var idi. Məsələ Respublika Prokurorunun  yanında mü­zakirə olunmalı idi. Mənə telefon açdı. Vəziyyəti bildirdi. Mən ona məs­ləhət bildim ki, mübahisə etməsin. Təhsil illərindəki durumunu İlyas müəllimə çatdırsın (Əlizaman atasız böyümüşdü, tələbəlik illərində təqaüdçü anası ona cüzi miqdarda pul göndərirdi, yalnız təqaüdlə dolanırdı). Bir neçə saatdan sonra Əlizaman Dövlətov mənə zəng vuraraq İlyas müəllimin onu orqanda saxladığını bildirdi.

Uzun illər rəhbər partiya vəzifələrində olmuş şəxsin faciəli vəfatından sonra prokurorluqda işləyən oğluna qarşı münasibət dəyi­şir, insanlar onunla bir yerdə olmaqdan belə çəkinirdilər. Yalnız Respublika prokurorunun müavini işləyən İlyas İsmayılov istisna təşkil edir, imkanı çatan səviyyədə ondan qayğısını əsirgəmir, ağır durumda olan əməkdaşa mənəvi dəstək olurdu. İlyas müəllim Res­publika prokuroru olandan sonra ona yüksək vəzifə verdi. Bu hadisə, başqaları kimi, həmin insanın özünü də təəccüb­lən­dir­mişdi.

 

O, prokurorluğu bir ailə kimi görürdü…

 

İlyas İsmayılov insanlar arasında din, dil, irq, təbəqə, sosial status, vəzifə… kimi ayrıseçkiliyə heç vaxt yol vermirdi. Onun üçün yalnız Allahın yaratdığı ali varlıq – İnsan və həmin insanın həyata baxışı, yaşayış tərzi, qanuna riayəti, haqqı-ədaləti qoruması… və s. kimi yüksək mənəvi keyfiyyətləri önəmli idi. O, ətrafındakı insanlara özünün ailəsi – atası, anası, övladı kimi isti münasibət bəsləyir, onların qayğısına qalmaqdan çəkinmirdi.

Mənim fikirlərimə qoşulan Əmrulla Şirvanov belə deyir: “1986-cı ildə Sabirabad Rayon Prokurorluğunun müstəntiqi işləyərkən icraatımda olan cinayət işi İlyas müəllimin yanında müzakirəyə çıxarılmışdı. Məruzə edərkən səsimin xırıldaması onun diqqətini cəlb etdi. O, səhhətimlə maraqlandı. Səhiyyə Nazirliyindən göndəriş alıb məni Moskva şəhərindəki xüsusi xəstəxanaya yer­ləş­dirdi. Xəstəxanada qaldığım iki ay müddətində tez-tez zəng edib səhhətimlə maraqlanırdı. Hətta rayon prokuroru Kamo Fətə­li­yevə zəng edərək mənimlə əlaqəsinin olub-olmamasını soruşmuşdu”.

 

Başqa bir misal:

1986-cı ilin noyabr ayında Respublika Prokurorluğunun Təşkilat-nəzarət şöbəsinin rəisi İdris Əsgərov telefonla mənə bildirdi ki, həftənin Şənbə günü seminar müşavirə keçiriləcək. Sənin də çıxışın nəzərdə tutulub. Seminara 2 gün qalmış xəstələndim. Cümə günü İdris müəllimə zəng edərək bildirdim ki, xəstə olduğum üçün seminarda iştirak edə bilməyəcəm.

Bazar günü idi. Saat 11:00 radələrində, evdə yataqda olarkən, şəhərlərarası telefonla mənə bildirdilər ki, sizinlə Respublika Pro­ku­roru danışacaq. Düzü həyəcanlandım, fikirləşdim ki, seminar-müşavirədə iştirak etmədiyimə görə İlyas müəllim mənə irad tutacaq. Lakin gözlədiyimin əksinə olaraq, İlyas müəllim səhhətimlə maraqlandı. Mən təşəkkürümü bildirdim. Sonra dedi:

– On günlük icazə verirəm. Gəl Bakıda müayinə olun. Lazım ol­sa, Səhiyyə Nazirindən xahiş edərəm.

Mən çox mütəşəkkir oldum və dedim:

– İlyas müəllim, söz verirəm ki, bir daha xəstələnməyəcəyəm.

 

O, yerlibazlıq və qohumbazlıqdan uzaq idi…

 

Yuxarıda qeyd etdiyim “İlyas İsmayılov insanlar arasında din, dil, irq, təbəqə, sosial status, vəzifə… kimi ayrıseçkiliyə heç vaxt yol vermirdi” fikrini bir daha təkrarlayır və əlavə olaraq ziyalımızın nəcib bir keyfiyyətini də önə çıxarmaq istəyirəm. Bilirsiniz ki, əsrlər boyu ölkəmizin ən böyük bəlası sayılan yerliçilik və qohumbazlıq hissləri olub və daim də inkişaf edib. Bu hisslər, xüsusən də yüksək kürsülərdə əyləşənlərin sağalmaz mərəzinə çevrilib. Kürsü və söz sahibi olan kimi bəziləri ətrafına özünün yerlilərini, qohumlarını toplayır, o vəzifələri haqq edənlər bir yana, bütöv bir ölkənin haqqına girmiş olurlar. Nəticədə, “yarımçıq papaqçılar” (Kamil bir palançı olsa da insan, Yaxşıdır yarımçıq papaqçılıqdan. N.Gən­cəvi) yarımçıq müəllim, yarımçıq mühəndis, yarımçıq həkim, yarımçıq mühasiblər… yetişir və xalq, ölkə uçuruma yuvarlanır. İlyas İsmayılov Məhz bu yarımçıqların qarşısını almağa çalışır, yerlibazlıqdan, qohumbazlıqdan uzaq durur, ətrafını da bu mənfi xislətdən uzaq tutmağa çalışırdı. Onun bu yüksək insani keyfiyyəti barədə kitabboyu həm mənim, həm də başqalarının dilindən eşidəcəksiniz.

Bilirik ki,  İlyas müəllim Respublika prokuroru işlədiyi dövrlərdə ən yaxın ətrafının regional mənsubiyyəti çoxşaxəli idi. Heç bir zaman öz qohumları, yaxınları üçün (haqqı olmadığı halda) kiməsə ağız açmazdı, haqqı olan, savadlı, bacarıqlı kadr üçünsə əlindən gələni edərdi.

Bütün bu fikirlərimə dayaq kimi maraqlı bir hadisəni sizinlə bölüşürəm: Cəlilabad Rayon prokurorluğunun icraatında  “şpaler işi” (şpaler – üzüm sahələrində istifadə olunan beton dirəklər) vardı. Məndən əvvəl başlanılmış cinayət işi üzrə 1982-1984-cü illərdə onlarla sürücü dövlət əmlakını talamaya görə CM-nin 86, hətta 88-1 (külli və xüsusi ilə külli miqdarda) maddəsi ilə məhkum edilmişdi. Mən işə başlayarkən 30-40 “qurbanlıq” öz növbəsini gözləyirdi. Müstəntiq Kərimağa Tağıyevə tapşırdım ki, bu qədər insanı narahat etməyə dəyməz, hesabında  daha çox çatışmazlıq olan bir nəfəri məhkəməyə verib, digərlərinin haq­qında  cinayət işinin icraatına xitam versin. İş elə gətirdi ki, he­sa­bında ən çox (6500 manat) çatışmazlığı olan sürücü tovuzlu çıxdı. Ona CM-nin 86-cı maddəsinin 3-cü hissəsi ilə ittiham elan olunmalı idi (6 ildən 15 ilədək azadlıqdan məhrum). Həmin şəxslə gö­rü­şüb dedim ki, sovxoz direktoru da kömək etmək şərti ilə ziyanı ödəyin, sənə, necə deyərlər, məcburi əmək tələb edə bilim. Adam mənim yanımdan narazı ayrıldı. İstintaq zamanı ziyan ödəndi. Məhkəmədə sürücünün cəzası iki il məcburi əməyə cəlb edilməklə şərti hesab edildi.

Məhkəmədən sonra həmin adam yanıma gəldi. Bildirdi ki, həyat yoldaşı tərəfdən İlyas İsmayılovun yaxın qohumudur. Bu iş üçün İlyas müəllimin yanına gedərək, məndən şikayət edib. İlyas müəllim eynilə mən deyəni deyib. Adam xahiş edib ki, “bəlkə məni ona tapşırasınız”. İlyas müəllim isə buna ehtiyac olmadığını, mənim ədalətli mövqe tutacağıma, verdiyim sözə tapşırıqsız da əməl edəcəyimə inandığını bildirib.

Bəli, İlyas müəllim belə prokuror idi. O, yaxın qohumunu belə, öz işçisinə tapşırmamışdı.

 

O, həm qürurlu, həm də təmənnasız insan idi…

 

İlyas İsmayılovun Orconikidze (Suraxanı) rayon prokuroru vəzi­fəsinə təyin etdiyi, təqaüddə olan baş ədliyyə müşaviri Sərdar Əliyev xatirələrində yazır:  “Rayon prokuroru olduğum dövrdə, bir dəfə İlyas müəllim zəng edərək bir neftçinin iş telefonunu soruşdu. Mən telefon nömrəsini verdikdən sonra, həmin şəxsə (o, Quyuların Qazılması və Təmiri İdarəsinin rəisi idi) zəng edib, məsələ ilə əlaqədər mənə məlumat verməsini xahiş etdim. Aradan bir qədər keçdikdən sonra idarə rəisi bildirdi ki, narahat olmayın, vaxtı ilə müqavilə əsasında bağda su quyusu qazmışıq, quyuda nasaz­lıq olduğundan İlyas müəllim onu axtarıb. Şəxsi zəmində olan, çox adi bir məsələnin prokurorluğun rəhbəri tərəfindən rayon prokuroruna həvalə edilməməsi bu gün bəlkə də çoxuna təəccüblü və qəribə görünər. Amma həqiqət bundan ibarətdir ki, İlyas müəllim, özü ilə bağlı heç vaxt kimsəyə tapşırıq verməsini məqbul bilmirdi. Çünki bu cür hallar onun əqidəsinə, qüruruna müqabil deyildi.

O, həmişə düzgünlüyün, haqqın tərəfində olmuşdur. Sözün əsl mənasında ədalət fədaisi idi”.

 

Başqa bir misal:

İlyas müəllim Respublika Prokuroru vəzifəsindən çıxandan sonra SSRİ Baş Prokurorluğunda şöbə rəisi işləyirdi. 1990-cı ilin noyabr ayında əslən Qəbələ rayonunun Vəndam qəsəbəsindən olan, həkim kimi Moskvada yaşayıb fəaliyyət göstərən, uşaqlıq dostum Yaşar Hüseynovla İlyas müəllimin görüşünə getdim və bir neçə gündən sonra onun xidməti bağında məclis quruldu. Söz demək növbəsi mənə çatanda dedim:

– Mənə ilk dəfədir ki, İlyas müəllimlə bir süfrədə oturmaq nəsib olub…

Məclisdə iştirak edən İlyas müəllimin yerlisi və dostu sözümü kəsərək, dedi:

–  Ay İlyas, sən bu oğlan haqqında o qədər danışmısan ki, fikirləşirdim ki, yaxın dostsunuz. Bu isə deyir ki, mən İlyas müəllimlə ilk dəfədir çörək kəsirəm…

Cavabında İlyas müəllim dedi:

– Mən Respublika Prokuroru olmuşam. Ələmdar mənim etimadımı doğruldan yaxşı prokurorlardan biri olub.

Haşiyə: İlyas müəllim bu ağayanalığını və gözütoxluğunu ömrünün axırına kimi saxladı. Mən və onunla tez-tez əlaqəsi olan, görüşməyə can atan keçmiş əməkdaşların heç birinə siyasi fəa­liy­yətlə məşğul olmaq və yaxud qurucusu və sədri olduğu Ədalət Partiyasına hər-hansı bir formada dəstək vermək barədə təklif etmədi…

 

O, şəxsi ambisiyadan və eqoizmdən uzaq insan idi…

Bir neçə rayonda prokuror vəzifəsində işləmiş, hazırda tə­qa­üddə olan, baş ədliyyə müşaviri Adil Əsgərov İlyas müəllimdən danışır: “1989-cu ilin avqust ayında İlyas müəllim, səhv etmirəmsə, Tovuz rayonuna partiya konfransında iştirak etmək üçün gəlmişdi.  Bakı şəhərinə qayıdarkən, onu Gəncə aeroportundan yola salırdıq, ətraf rayonların birinci katibləri də onu yola salmaq üçün gəlmişdilər. Təyyarəyə minik başladı və uçuş hazırlandı. Bir qədər keçmiş təyyarə uçuş zolağından meydana qayıtdı. Biz elə bildik ki, təyyarədə nasazlıq var. Ancaq məlum oldu ki, təyyarədə Bakı şəhərinə sərnişin kimi uçan cavan bir oğlan uçmaq istəməyib düşürülməsini tələb edib. Belə hallarda qaydalara görə, həmin sərnişin digər sərnişinlərlə təyyarədən düşürülməli, Bakı şəhərindən mütəxəsislər dəvət olunub təyyarə yoxlandıqdan sonra uçuşa razılıq verilməlidir. Təyyarə boşalan vaxt məlum oldu ki, sərnişin cavan oğlan ağır dərəcədə sərxoşdur. Onu polisə təhvil verdilər, hadisə yerinə Gəncə Nəqliyyat prokuroru Əli Ömərov dəvət olundu. Burada olan əksər şəxslər, o cümlədən, polis işçiləri həmin sərnişin oğlanın xuliqanlıq etdiyini təsdiq­lə­yir­dilər. Lakin İlyas müəllim Əli Ömərova göstəriş verdi ki, araşdırma aparıb o oğlanı buraxsınlar. Ola bilsin ki, səhhətində, əhval-ruhiyyəsində nəsə problemi var. Ailəsi-uşaqları var, bu halda humanist olmaq lazımdır.

İlyas müəllim Bakı şəhərinə getmək üçün tələsirdi, 4-5 saat gecikməsinə, istidə digər sərnişinlərlə əziyyət çəkməsinə baxmayaraq, böyük humanistlik göstərdi. Bu fakt onu təsdiq edir ki, İlyas müəllim xırda hadisələri şişirtmədən təmkinli münasibət bəsləyir. Bu, onun böyüklüyünün və humanistliyinin göstəricisidir”.

 

Sərdar Əliyev İlyas müəllimin 80 illik yubileyi münasibəti ilə qələmə  aldığı “Gözəl söz, zəka və əməl sahibi” başlıqlı mə­qa­lə­sində yazır: “…Yadımdadır, başqa bir rayonda trikotaj istehsal edən müəssisənin direktoru barəsində başlanmış cinayət işi, istintaqın davam etdirilməsi üçün xüsusi tapşırıq qaydasında Suraxanı Rayon Prokurorluğuna göndərilmişdi. İlkin araşdırma səthi aparılmaqla, bir xeyli müddət keçmişdi. Müəssisənin direktoru çox mö­tə­bər şəxslər tərəfindən müdafiə olunurdu. Respublika Prokuroru cinayət işini nəzarətə götürmüşdü.

Tərəfimizdən çoxsaylı və hərtərəfli istintaq hərəkətləri aparılmasına baxmayaraq, ittiham vermək üçün sübutlar kifayət qədər deyildi. Rayon prokuroru olaraq istintaqın gedişini və nəticələrini Bakı şəhər prokuroruna, daha sonra Respublika prokuroru İlyas İsmayılova məruzə etdim. Həmin şəxsin cinayət məsuliyyətinə alınması üçün kifayət qədər əsaslar olmadığını bildirdim. Məruzə vaxtı bir anlıq sükut yarandı. Sonra çox çəkinə-çəkinə soruşdum ki, İlyas müəllim, bütün hallardamı həmin şəxs məsuliyyətə cəlb olunmalıdır?

Sualın belə qoyuluşu bəlkə də bir qədər düzgün deyildi. O vaxt İl­yas müəllim ciddi tərzdə mənə baxıb, bildirdi ki, qanunun tələblərinə uyğun və kifayət qədər əsaslar olduğu təqdirdə, həmin şəxsin məsuliyyətə cəlb olunması məsələsinə baxılmalıdır.

Məsələnin ciddiliyinə, həmin şəxsin cəzalanmağa layiq olmasına baxmayaraq, sonradan cinayət işinin icraatına xitam verildi. Belə bir qərarın qəbul edilməsinin təməlində ədalətlilik və qanunun aliliyi dururdu”.

Başqa bir misal:

1987-ci ilin əvvəllərində Azərbaycan KP MK-nin bürosu “Yardımlı rayon partiya-sovet və hüquq-mühafizə orqanlarının işi ilə əlaqədar…” məsələ müzakirə etmiş, bir çox insanlar vəzifədən çıxarılmış və partiya cəzası almışdılar. Həmin müzakirədə MK-nin 1-ci katibinin çıxışında adı mafioz element kimi hallandırılmış Yardımlı Raykoopittifaqının idarə heyətinin sədri Əli Quliyev haqqında material yoxlanılıb hüquqi qiymət verilməsi üçün, xüsusi nəzarət qaydasında, Cəlilabad Rayon Prokurorluğuna göndərilmişdi. Göndəriş məktubunda diqqəti çəkən iki cəhət var idi. Əvvəla, materialın yoxlanması şəxsən mənə həvalə olunur, ikincisi, qərar qəbul olunmazdan əvvəl rəhbərliyə məruzə edilməsi tapşırılırdı.

Müstəntiq Kərimağa Tağıyevi də cəlb etməklə yoxlamaya başladım. Əli Quliyevə isnad olunan əsas ittiham, məruzədə göstərildiyi kimi, evinin ümumi sahəsinin  400 kv.m olması idi. Lakin ev dağ yamacında tikildiyindən yaşayış sahəsinin bir qisminin hündürlüyü 280  sm, digər hissəsi 220, hətta 200 sm idi. Beləliklə, Əli Quliyevə məxsus evin əsas yaşayış sahəsi 74 kv.m, köməkçi sahə 100 kv.m idi. Ümumilikdə, Əli Quliyevin 18 nəfərlik ailəsi var idi. Məhz bu əsasla fakt üzrə cinayət təqibi başlamağı məqsədə müvafiq hesab etmədim. Digər xırda nöqsanların Əli Quliyevin işdən çıxarılması ilə kifayətlənməli olduğu qənaətinə gələrək, rəhbərliyə məruzə etmədən materail üzrə cinayət işi başlanmasını rədd etdim.

Etiraf edirəm ki, rəhbərliyə məruzə etmədən qərar qəbul etmə­yim diqqətsizlikdən irəli gələn məsuliyyətsizlik idi. Hadisələrin sonrakı inkişafı göstərdi ki, mən bu hərəkətimlə Respublika Pro­kurorluğu rəhbərliyini çətin vəziyyətə salmışam.

Təxminən altı aydan sonra axşamüstü Respublika Prokurorluğundan zəng edərək səhər saat 10:00-da İlyas İsmayılovun qəbulunda olmağı tapşırdılar.

Həmin günü Mərkəzi Komitənin bürosunda Yardımlı rayon Xalq Nəzarət Komitəsinin sədri vəzifəsinə təyin olunan şəxsdən 1-ci ka­tib Kamran Bağırov soruşur:

– Sizdə mafioz Əli Quliyev var idi, onun aqibəti necə oldu?

Həmin şəxs cavab verir:

– Əli Quliyevin işi xitam olundu.

Kamran Bağırov dərhal bu məsələ ilə maraqlanır və ona məruzə edilməsini tapşırır.

İlyas müəllim materialı vərəqləyərkən ilk sualı belə oldu:

– Göndəriş məktubunda qərar qəbul etməzdən əvvəl Respubli­ka Prokurorluğu rəhbərliyinə məruzə etməniz tapşırılıb. Nə üçün əməl etməmisiniz?

Bu haqlı irad məni sarsıtmışdı. Həmişə mənə dəstək olub, etimad göstərən rəhbərimin etibarını itirmək təhlükəsi ilə qar­şı­laş­mışdım. Bu zaman söhbətdə iştirak edən Respublika pro­kurorunun I müavini Murad Babayev, necə deyərlər, sinəsini qabağa verərək dedi:

İlyas müəllim, Ələmdar qərar qəbul etməmişdən əvvəl materialı mənə məruzə edib.

Mən materialı Murad müəllimə məruzə etməmişdim. Sadəcə olaraq, arayış göndərmişdim. İlyas müəllim material üzrə bir neçə iradını da bildirərək Murad müəllimə göstəriş verdi:

Qərarı ləğv edin və əlavə yoxlama aparılması üçün başqa rayo­na göndərin!

Düzü, ilk dəfə idi ki, özümə qarşı etimadsızlıq hiss edirdim. Ağır düşüncələrlə prokurorluqdan çıxıb xidməti maşına əyləşmək istəyərkən milis işçisi qaçaraq mənə yaxınlaşdı və:

– Sizi Respublika prokuroru çağırır, – dedi.

Mən təzədən İlyas müəllimin qəbuluna getdim. İlyas müəllim gülümsəyərək:

– Biz sənə inanırıq, materialı götür, öz qərarını ləğv et və gös­tərilən iradları aradan qaldır, – dedi.

Mən material üzrə öz qərarımı ləğv edəndən sonra bir neçə yoxlama hərəkəti etdim və yenidən cinayət işi başlanmasını rədd etdim.

Aradan illər ötdü. İlyas müəllim Respublika Prokuroru vəzi­fəsindən çıxmışdı və SSRİ Baş prokurorluğunda şöbə rəisi işləyirdi.  1990-cı ilin axırlarında Əli Quliyev rus millətindən olan bir nəfərlə yanıma gəldi. Həmin şəxs özünü və ezamiyyə vərəqəsini təqdim etdi. “İzvestiya” qəzetinin xüsusi müxbiri Voznesenski Əli Quliyev haqqında baş vermiş “qanunsuzluğu” araşdırmaq üçün gəlmişdi. O, materialla tanış olmaq istəyini bildirdi.

Haşiyə: Bu, sirr deyil ki, partiyanın rəhbər rolunun Konstitusiya müddəası ilə təsbit olunduğu (6-cı maddə) sovet cəmiyyətində hətta rayon səviyyəsində RPK-nin büro qərarını təsdiqləməmək, az qala partiya orqanlarına qarşı çıxmaq kimi qiymətləndirilirdi.  Məsələn, RPK-nin büro iclasında hər hansı bir kolxoz və ya sov­xo­zun fəaliyyəti müzakirə edilir, bir neçə rəhbər işçi ağır partiya cəzası alaraq vəzifədən azad olunur və materiallar tədbir görülməsi üçün prokurorluğa göndərilirdi. Çox az adam tapılardı ki, raykomun əleyhinə gedib, cinayət işi başlamasın. Əks halda, prokuror katibin düşməninə çevrilirdi. Təsadüfi deyil ki, RPK-nin büro qərarı ilə partiya cəzası alaraq vəzifədən, hətta orqandan xaric olunan prokuror və prokurorluq işçiləri olmuşdu. Əli Qu­li­yevin məsələsində isə Respublika partiya təşkilatının rəhbəri onu mafioz element adlandırmış və məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Respublika Prokurorluğuna gön­də­ril­miş­di.

Mən, əlbəttə, nə qiyamçı, nə də Don Kixot deyildim. Sadəcə ola­raq, uca ədaləti rəhbər tutaraq və ədalət yolunda məni dəstəkləyəcək rəhbərimə – Respublika prokuroru İlyas İsmayılova arxa­lanaraq belə cəsarətli qərar qəbul etmişdim. Bu məsələdə, necə de­yərlər, “qanunun şahlığı”  təsbit edilmişdi.

İlyas müəllim Respublika prokuroru vəzifəsindən çıxandan sonra Respublikanın yeni rəhbərliyinin mövqeyinə uyğun hərəkət edənlər bu böyük insana qarşı qarayaxma kompaniyasına başlamışdılar.

 

…Əli Quliyevin İlyas müəllimə qarşı kin-küdurətlə dolu münasibətinin səbəbi o idi ki, Raykoopittifaqın fəaliyyətini Yardımlı rayon prokuroru yoxlamış və bu yoxlama materialı əsasında Mərkəzi Komitəyə arayış yazılmışdı. Dostluq münasibətində olduğum insanın qərəzçilik hissi ilə ölkənin ikinci nüfuzlu qəzetinin xüsusi müxbirini yanına salıb gətirməsi, yazı dərc etdirib, İlyas müəllimdən “qisas almaq istəyi”, ittifaq müqyasında tanınmış məşhur jurnalistin pula satılması mənə çox ağır təsir göstərmişdi. Odur ki, bütün qəzəb və nifrətimi birləşdirərək jurnalistə əsəbi şəkildə bildirdim:

– Əli Quliyev və qardaşı Tofiq mənim dostlarım olduğu üçün, həmin dövrdə onun xeyrinə tərəfkeşlik etmişəm, qərar qanunsuz olduğundan ləğv edib, cinayət işi başlayıb, Əli Quliyevi həbsə alacağam.

Əli müəllim məni yaxşı tanıdığından qonağı götürüb çıxıb getdi. Bir neçə gündən sonra isə görünür səhv etdiyini başa düşərək, yanıma gəlib üzrxahlıq etdi.

Yaxud, başqa bir fakt. 1989-cu ilin payız ayları idi. Bir nəfər avtoqəza törətmişdi. Qəza nəticəsində atası ölmüş, öz oğlu və qardaşı oğlu ağır xəsarət almışdı. Həmin şəxs Xabarovsk şəhərində hərbi qulluqçu olmuş, bir il əvvəl qardaşı vəfat etdiyinə görə atasının təkidi ilə hərbi qulluqdan tərxis olunmuş və Cəlilabada qayıtmışdı.

Mən İlyas müəllimə telefon açaraq, zərərçəkmiş özü olduğuna görə (qanunda bu nəzərdə tutulmamışdır), cinayət işini xitam etmək istədiyimi bildirdim. İlyas müəllim dərhal razılaşdı. Bir saat keçməmiş mənə zəng etdi və dedi:

– Ələmdar, mövqeyin düzgündür, amma bir ildən sonra mən harada olacam, sən harada olacaqsan, bilmirik. Başqaları gəlib onu incidərlər. Ən yaxşısı budur ki, işi məhkəməyə göndər, dövlət ittihamını özün müdafiə et və şərti cəza istə. Məhkəmə ilə əlaqədar çətinlik yaranarsa, mənə bildir.

Dediyi kimi də etdim. Həmin şəxsin cəzası məhkəmədə şərti hesab edildi. Bu, həmin dövrdə görünməmiş hadisə idi.

 

Bu gün hamı yekdil fikirdədir ki, SSRİ adlı nəhəng dövləti M.Qorbaçov dağıtdı. Mən hüquqşünas kimi hesab edirəm ki, M.Qorbaçovun  dağıdıcılıq planlarından biri “Sosialist qanunçuluğunun  və  hüquq qaydalarının daha da möhkəmlən­di­ril­məsi, vətəndaşların hüquq və qanuni mənafelərinin qo­run- masını gücləndirmək tədbirləri haqqında” Sov.İKP MK-nın  1986-cı il tarixli qərarı idi. Belə bir qərarın olacağı hələ Y.Andropov6 vaxtında gözlənilirdi. Söz-söhbət gəzirdi ki, istintaq bir əldə cəmləşəcək, prokurorluğun hüquqları və cəmiyyətdəki yeri bir qədər də artırılacaqdır. Əvəzində, həmin qərarda prokurorluq və istintaq işçilərinin vəzifə xətasına görə  ikiqat tənbeh edilməsi nəzərdə tutulurdu. Başqa sözlə, xətaya yol vermiş istintaq və prokurorluq işçiləri nəinki intizam tənbehinə, həmçinin partiya tənbehinə məruz qalırdılar. Məsələn, Qəbələ rayonunda  bir qrup şəxs (ikisi erməni olmaqla)  qabaqcadan əlbir olub xüsusilə külli miqdarda dövlət əmlakını taladıqlarına görə Ali Məhkəmənin hökmü ilə məhkum olunmuşdular. Sonradan SSRİ  Ali Məhkəməsi Plenumunun  qərarı ilə hökm ləğv olunduğuna görə, həmin işdə iştirakı olmuş prokurorluq və istintaq işçilərinin demək olar ki,  hamısı – başda Respublika prokurorunun birinci müavini  Ə.Sultanov olmaqla ağır partiya cəzası alaraq, SSRİ  Baş Prokurorunun əmri ilə prokurorluq orqanlarından xaric edilmişdilər.

Bu qərar  hüquq mühafizə orqanlarını partiya  orqanlarından asılı vəziyyətə salırdı. Prokurorluq və istintaq işçiləri səhvsiz işləməyə məhkum edilmişdilər. Heç kim risqə getmək istəmirdi. Bunun nəticəsidir ki, tezliklə bütün ölkə üzrə  cinayətkarlıqla mübarizə zəiflədi. Bağlı cinayətlərin sayı sürətlə artmağa başladı (statistik göstəricilər bunu təsdiq edir).

Belə bir şəraitdə İlyas İsmayılov şəxsiyyəti prokurorluq orqanlarının nisbi müstəqilliyini saxlaya bildi.

İlyas müəllim təkcə Respublika prokuroru deyil, həm də geniş miqyasda dövlət xadimi idi. Bir misal gətirəcəyəm. Prokurorluğun binasını təmir etmək üçün vəsait ayrılması barədə ona müraciət etdim. Mənə dedi ki, Cəlilabad rayon Prokurorluğunun binası pis deyil. Sizin rayonda onsuz da çoxlu tikinti işləri aparılır. Mən Prokurorluğa ayrılan vəsaiti tikintisi az olan rayonlara yönəldirəm.

O zamanlar Yardımlı Rayon Prokurorluğunun binası yox idi.  Sonralar Yardımlıda gözəl bir prokurorluq binasının inşa edildiyini eşitdik. Bu xəbər hamı kimi məni də çox sevindirdi…

 

davamı var…

 

Yazıya 8 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.