Musa Ələkbərlinin əbədi sükutundan doğulan misralar….

Məzahir Hüseynzadə – “Məktub”
“Kəndçi “adın üstündədir
Pozulmayan yarlıq kimi.
Musa Ələkbərli.
.
Gül dərib əl atdın çəmən barına,
Əllərin çiçəklə,güllə görüşdü.
Döşdən sürüşəndə,
Boz şalvarına
Yamyaşıl otların yamağı düşdü.
.
Düşən cığırlardan dağ şırım- şırım,
Bulud çaxnaşanda yer səksənmişdi.
Əlində yorulan dərs kitabların
Çantanda çorəyə dirsəklənmişdi.
.
Daş ürəkli sözlər səni daşladı,
Tərs uşaq dedilər,söz qaytaranda.
Quzu qaytaranda kənddə yaşadın,
Şəhərə yüyürdün qız qaytaranda.
.
Uşaqlar oynayan toyda- düyündə,
Hələ səsin vardır ,sorağın durur.
Şəhərdə əsəbdən yumruq düyəndə,
Qoluna baxırsan,çomağın durur.
.
Cavanlar dağıldı ,hərə bir yerə,
Yığıldı başına kəndinin dərdi.
Boğazı qandallı boz öküzlərə
İnsaflı samılar azadlıq verdi.
.
Bir şey kəsəmmədi ağlın şəhərdə,
Axı enən yollar ençi deyildir.
Kəndlidir,küt deyil oğlun şəhərdə,
Məlik kişi,
Oğlun ” kəndçi” deyildir.
2015.
Axır ki,cənnəti gördün ay Musa!
Aydın Murovdağlı – “ŞAİRLƏR ÖLMƏYƏ DOĞULMAYIBLAR”
.
(Ədəbi və əməli dostümüz,tanınmış şair Musa Ələkbərlinin əbədi sükutuna…)
.
Ərz nurlanır sözün təlatümündə,
Ölüm ölür şair təbəssümündə…
Dünyaya gəliblər “OL” mövsümündə,
Şairlər ölməyə doğulmayıblar!
.
Ruhlardı qaytaran şairi göyə,
Şair yoxluğudu varlığı əyən…
Öləndə Allaha dönürlər deyə,
Şairlər ölməyə doğulmayıblar!
.
Zindandı,sürgündü şairin yeri,
Haqqın məhvəridi sözün məhvəri,
Yer donar şairsiz açsa səhəri,
Şairlər ölməyə doğulmayıblar!
.
Şairdi dənizlər,şairdi dağlar,
Vətənin dərdini şairlər ağlar,
Göylərdən enməyib ölümlü qərar,
Şairlər ölməyə doğulmayıblar!
.
Şair yoxluğuna laldı əhvalım,
Şair azalanda çoxalır zalım,
Şair ölümünün qadasın alım,
Şairlər ölməyə doğulmayıblar!
15.02.2026.
***

Zakir Məmmədov – “Dostum Çingizə”

Mən dostumu itirmişdim,
Sinəmdə dağ bitirmişdim,
Niyə mənlə qoşalaşıb
Bəhsə girdin, ay baba,
Dost itirdin, ay baba!

Yoxsa doydun sən Musadan?
O dürr sözdən, o misradan.
Sinəndəki dost dağından
Dərdmi dərdin, ay baba?
Dost itirdin, ay baba!

Gəl sən məndən, mən də səndən,
Xəbər alaq daha gendən.
Bir olanda alışırıq,
İtkilərlə yarışırıq,
Sən də gördün, ay baba,
Dost itirdin, ay baba.

Yaşadaq dostlar adını,
Unudaq ölüm dadını.
“Elim sağ olsun”, desən də,
Dağdı dərdin, ay baba,
Dost itirdin, ay baba!

***

Maarif Həsənoğlu – “Kimə tapşırdın”
(M.Ələknərliyə ithaf)
Bu gün təbiət də,yas tutur sənə
Bu çölü,bu düzü kimə tapşırdın?
Bağrı qan olubdur lalənin yenə,
O talesiz qızı kimə tapşırdın?

Axı, ağlamasın neynəsin ürək?
İtirib tamını o duz,o çörək…
Adın çəkiləndə kimə söz verək?
Ay Musa,sən bizi kimə tapşırdın?

Sevgi şairi də dedilər sənə
Bir an ayaq saxla, Allah eşqinə
Biz bu ayrılığa dözərik yenə…
Abbasov Cingizi kimə tapşırdın?

Əsrik dərəsi.15-16.02.26.

 

 

Yazıya 38 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.