Vəsilə Baydar – Şəhid məzarıyla söhbət

Şəhid məzarıyla söhbət

Salam, məzar!

Bilirsənmi

qoynunda kim var?

Qollarına alıbsan

de kimi?

Əzizləyirsən

hansı bəndəni?

Kimi əmanət ediblər sənə?

Dinib

bircə kəlmə

söyləsənə!

Dinəmmirsənsə əgər,

izn ver

qoynundakını

nişan versin

dilimdəki kəlmələr.

O bir igiddir ki,

ünvanı qeyrət,

Elin

qılınc vuran qoludur.

O bir qəhrəmandır ki,

canı torpağa əmanət,

Yolu

azadlığın yoludur.

Şəhidlik zirvəsi

hədəfiydi, hədəfi,

Könlünün naxışıydı

Allah sevgisi,

Vətən məhəbbəti!

Torpağımız üçün

dönüb torpağa,

Can əmanətini

satdı çox baha,

Söz vermişdi,

and içmişdi

üçrəngli bayrağa.

Məqamı uca,

Mərtəbəsi yüksəkdir.

Cəsarəti,

Dəyanəti

nəsillərə örnəkdir.

Torpaq üstdə

yandırdığı çıraqsan,

ay məzar,

Şöləndən nur umar

görünən sabahlar.

Şəhidin nişanı məzar!

Əbədi məkanı məzar!

Vüqar adlı

qoçaqdır qoynundakı,

Sənə həmdəm

bizlərdən qaçaqdır

qoynundakı.

Şəkli elə çəkilib ki qəlbinə,

Silməyə çatammaz kimsənin gücü.

Əgər bircə dəfə baxa bilsəydi,

Özü vurulardı özünə, düzü.

 

02.11.2016

 

 

 

Hədiyyə

 

Oğlum!

Göz bəbəyim!

Ömür çiçəyim!

Sən ilk göz ağrım!

Aldım hədiyyəni,

ağrın alım.

Dindirdi ruhumu

bağlama üstə düzdüyün

al qırmızı güllər,

Hər ləçəyindən

süzüldü qəlbimə

dərin sevgilər.

Bu qəfil hədiyyə

gül ətri səpələdi

könlümə,

Gül qoxusuna bələndi

ruhum,

Sağ ol, oğlum!

Qanadım, qolum!

Sən bu diqqətinlə,

Sadə bir hərəkətinlə

söylədin öz sözünü,

işıqlandırdın ömrümü.

Bir daha güldü üzümə

“Ana haqqı

Tanrı haqqıdır”,

“Cənnət anaların ayağı altındadır”

aforizmi.

Tanrı qorusun hər zaman səni!

Sən də sevindir səni sevənləri!

08.03.2020

 

Bağlı qapılar

 

Döydüm qapını,

bacım,

açan olmadı.

Səslədim,

çağırdım adını,

Kimsə səs vermədi səsimə.

Qapını itələdim yavaşca,

açıldı öz-özünə,

Açıldı…

Açıqıymış, sən demə,

Səsim yalnız

sənə çatmırmış, sənə.

Qapının arxasında

mən gözlədiyim yoxuymuş,

Nağıllardakı kimi

biri varıymış, biri yoxuymuş…

“Xoş gəlmisən!” kəlməsini

söyləmədi kimsə,

Bir küskünlük

doldu köksümə.

Qapı açılan kimi

sərin bir meh vurdu

üzümə,

Xəzəl olmuş yarpaqlar

yüyürdü üstümə,

Yüyürdülər sənin əvəzinə…

Xəfif xışıltılar sanki

“Xoş gəlibsən, bacı!”

Pıçıldadılar,

Sənin

əvəzinə                                                                 mənimlə  qucaqlaşdılar.

Səsin qulaqlarımda,

Surətin gözümdə,

Sənsizlik hər yerdə

sardı vücudumu.

Nə ağırmış,

Nə acıymış

dünyadan köçən

əzizinin yoxluğu.

Bilirsənmi,

nələr düşdü yadıma?

Uşaqlığımız,

gəncliyimiz,

ata-ana ocağında

keçən günlərimiz.

Bacı-qardaşların

birgə sevinci,

söz-söhbəti,

gülüşü…

Hərdən-birdən

bir-biriylə küsməyi,

bir-biriylə söz güləşdirməyi…

Hər şey çox gözəl idi

güllü-çiçəkli yaz kimi.

Acı nədir bilməzdik,

bu haqda heç düşünməzdik.

Acı –

bizi bir-birimizdən ayıran,

Acı –

gözlərimizi yaşla dolduran,

ürəyimizə od salan

yanğın imiş,

alov imiş…

Yayın ortasında belə

qəlbimizi üşüdən,

donduran ayaz imiş…

Bax, bu ayaz

üşüdür məni,

Qovurub qarsalayır

yanan könlümü.

Nə ağırdır

yanan qəlbin acısı,

Nə ölçüsü var,

nə çəkisi.

Nə ağırdır

həyatdan köçən

əzizinin yoxluğu,

Axtarmağa nə yolu var,

nə izi…

 

2023

Yazıya 132 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.