Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında tanınmış nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hacı Qəni Camalzadanın 70 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Yubiley mərasimində tanınmış ziyalılar, ədəbiyyat və mədəniyyət xadimləri, yazıçılar, şairlər, tənqidçilər, oxucular, ictimaiyyət və media nümayəndələri, eləcə də yubilyarın ailə üzvləri və yaxın dostları iştirak ediblər.
Tədbiri Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi açıq elan edərək yubilyarı AYB rəhbərliyi və üzvləri adından təbrik edib. O, Hacı Qəni Camalzadanın çoxillik yaradıcılıq yolundan, onun əsərlərinin bu günkü və gələcək nəsillər üçün əhəmiyyətindən söz açıb. Daha sonra mərasimi aparmaq üçün söz tanınmış tənqidçi Əsəd Cahangirə verilib.
Əsəd Cahangir çıxışında Hacı Qəni Camalzadanın yaradıcılığına geniş nəzər salaraq, yazıçının nəsrində mövzu zənginliyini, bədii düşüncə tərzini və milli-mənəvi dəyərlərə bağlılığını xüsusi vurğulayıb. Ardınca söz yubiley tədbirinin iştirakçılarına verilib.
Tədbirdə Vaqif Yusifli, Elçin Hüseynbəyli, Zemfira Məhərrəmli, Rüstəm Kamal, Güləmail Murad, Sərvaz Hüseynoğlu, Şəfəq Sahibli, Dayandur Sevgin, Vəli Qaraçaylı, Elza Seyidcahan, Elşad Can Şamil, Şərafəddin İlkin, Hacı İlham Qurbanoğlu, Yasəmən Möhübbət qızı, Ənvər Əliyev, Narıngül Nadir, Arzu Nehrəmli və digər çıxışçılar Hacı Qəni Camalzadanın zəngin yaradıcılıq irsini yüksək qiymətləndirərək, onun Azərbaycan ədəbiyyatındakı özünəməxsus yerindən danışıblar. Çıxışlarda yazıçının əsərlərinin oxucu auditoriyasında yaratdığı təsir və ədəbi mühitə verdiyi töhfələr xüsusi qeyd olunub.
Tədbir çərçivəsində Hacı Qəni Camalzadanın yubileyi münasibətilə nəşr olunmuş çoxcildlik “Seçilmiş əsərləri”nin də təqdimatı baş tutub. Toplu yazıçının uzun illər ərzində qələmə aldığı ən dəyərli nümunələri bir araya gətirməsi baxımından ədəbi hadisə kimi dəyərləndirilib.
Tədbirin sonunda yubilyar Hacı Qəni Camalzadə tədbirin təşkilində əməyi keçənlərə və mərasim iştirakçılarına öz dərin təşəkkürünü bildirib.
Yubiley mərasimi səmimi ədəbi müzakirələr, xatirə çıxışları və xoş ovqatla yadda qalıb.
Yazıya 15 dəfə baxılıb













