İydə ətirli şeirlər – MUSA ƏLƏKBƏRLİ yazır…

Azərbaycan dili və ədəbiyyatına 42 ilini həsr eləmiş Vəsilə Baydar yüzlərlə şagirdin qəlbində söz sevgisi oyatmış bir müəllimdir. Onun sinif otağında yaratdığı mühit sadəcə dərs atmosferi deyildi – bu, həm də ədəbiyyatın, poeziyanın nəfəs aldığı bir məkan idi.

Vəsilə xanımın müəllimlik peşəsi ilə poeziya sevgisi bir-birini tamamlayaraq, illərin təcrübəsi onun qələmində daha da cilalanıb bu gün oxucunun qarşısına şeir kitabı şəklində çıxıb. Bu kitabda hər misra müəllifin həyat yolundan, müşahidələrindən, duyğularından süzülüb gəlir. Burada müəllim səliqəsi ilə seçilən dəqiqlik, şair həssaslığı ilə boylanan emosionallıq və qadın qəlbinin incə duyğuları var.

Onun poeziyasında həyatın ən adi görünən anları belə dərin məna kəsb edir. Şairin misralarında

 

Adi ot deyil

          səngər otları,

Gecə-gündüz keşikçisidir,

                gözətçisidir səngərin.

Dostudur, sirdaşıdır

                      hər bir əsgərin.

 

O da bir əsgərdir!

O da bir qəhrəmandır!

O da vətən torpağını qoruyur!

O da vətən yolunda

                           canını qoyur!

 

– deyə ifadə etdiyi düşüncə onun yaradıcılıq üslubuna açar rolunu oynayır. Bu sətirlər göstərir ki, Vəsilə Baydar çoxumuzun görə bilmədiyi, ən kiçik bir obrazda belə böyük bir vətən sevgisini, fədakarlıq və qəhrəmanlıq ruhunu görür və onu oxucuya poetik dillə çatdırır.

Onu da qeyd edim ki, mənə bu önsözü, məhz, örnək gətirdiyim  “Səngər otları” şeiri yazdırdı. Şeiri mənə yazıçı-jurnalist İradə Aytel təqdim etdi və bu təqdimatdan sonra Vəsilə Baydar yaradıcılığı ilə maraqlandım, tanış oldum. Həqiqətən də, adi ot olmayan səngər otları müəllifin yaradıcılıq dünyasına bir pəncərə açmağı bacardı…

Şairin əsgər haqqında yazdığı sətirlər isə daha da kövrəkdir:

 

Əsgər gedirəm, ana,

                       su at dalımca.

Qəlbindəki şirin laylanı,

                   dodağındakı

                              əziz duanı da

                                 qat atdığın suya,

                                                 at dalımca…

 

– Bu misralar ananın duası ilə əsgərin yolunu birləşdirir, milli yaddaşımızda qorunan müqəddəs bir ənənəni poeziyanın dili ilə yaşadır.

Onun poetik yaddaşında Vətən tariximizin qanlı səhifələri də yer alır. Bəzən

 

Qara Yanvar!

Səndə ölüm var!

Qara yanvar!

Səndə ah-nalə,

    vaxtsız getmiş neçə can,

       nahaq axıdılmış

                    günahsız qan var!

 

– deyə, Qanlı Yanvarı qınayır, dara çəkir, “Ay qara gün, əgər bacarsaydım, səni büsbütün silərdim                                          təqvimdən” misralarıyla o qara günü boğmaq, yox eləmək, istəyir, lakin bircə duyğu onun qollarından tutub, “dur” deyir.

 

Bircə duyğu

                nifrətimə “dur” deyir.

O qanlı bağrından qopan

                               azadlıq duyğusu.

“Nifrətini düşmənlərin kəlləsinə vur!”

                                                           – deyir.

…Sən qana boyandın,

Yarandı azadlığın

                 20 Yanvar zirvəsi!

 

Və 20 Yanvarı azadlığımızın, müstəqüilliyimizin xatirinə bağışlayır, hətta könlünü alır, əzizləyir, 20 Yanvarı ən ali, ən müqəddəs ada – Şəhid anası adına layiq görür:

 

Qanla bəzəndi bilirsən

Qoynunda həlak olanlar.

Sən də Şəhid anasısan,

Qanlı Yanvar!

Qanlı Yanvar!

 

bu faciəni yalnız bir hadisə kimi deyil, millətin qan yaddaşı kimi təqdim edən şair oxucunun qəlbində həm hüzn, həm də qürur oyatmağı bacarır. Və  poeziyasında Vətəni ana ilə eyniləşdirən, səsində qadın nəvazişi, ana laylası eşidilən Vəsilə Baydar Şəhid anası Vətəni, Şəhid anası 20 Yanvarı öz Şəhid balasının dili ilə oxşayır, əzizləyir:

 

Sən də anamızsan, Vətən də ana,

Dönə-dönə sevgi qatdın laylama.

 

– Bu sözlərdə Vətən sevgisi ana məhəbbəti ilə birləşərək ən ülvi bir duyğuya çevrilir. Bu ülvi, eyni zamanda qürur dolu misralarda qəhrəman Şəhidlərimizin  – Polkovnik Vüqar Yusifovun, Birinci Qarabağ döyüşçüsü Qalib Allahverdiyevin, 44 günlük zəfər tariximizin qəhrəmanları Xanoğlan Xəlilovun, Xəyal Süleymanovun… adlarını oxuduqca onlara olan minnətdarlıq duyğularımız bir daha qabarır.

Vəsilə Baydarın şeirləri yalnız insanın duyğularını deyil, həm də təbiətin gözəlliklərini tərənnüm edir. Onun qələmindən süzülən:

 

Qovuşub yaz eşqinə

Xumarlanır meşələr.

Ağ dumana əl edir

Dərin-dərin dərələr.

 

– misraları təbiətin ruhunu oxucuya sevgi ilə çatdırır. Bu misralarda insan qəlbinin ehtirası ilə təbiətin əzəməti birləşərək bir tamlıq yaradır. Şairin başqa bir şeirində isə təbiətin oyanışı, səhərin təmiz nəfəsi insan duyğuları ilə vəhdət təşkil edir:

 

Quşların səsinə mürgülü səhər

Şəhla gözlərini açır birtəhər.

 

Bu misralarda səhərin təbiət səsi ilə gözəlliyə bürünməsi, günün başlanğıcının bir tablo kimi oxucuya təqdim olunması Vəsilə Baydarın təbiət tərənnümündəki poetik gücünü bir daha nümayiş etdirir.

 

Amma ən gözəl ətir

Bil ki, çörək ətridir,

Bərəkət ətridir,

Zəhmət ətridir.

Olmasa dünyada

Çörəyin ətri

Aclıq bürüyərdi

Bəşəriyyəti!

 

Bu parça sadə, amma dərin fəlsəfi məna daşıyır. Şair ən qiymətli ətrin çörək ətri olduğunu vurğulayır – yəni zəhmət, bərəkət və insan əməyi ilə bağlı olan ətir. “Olmasa dünyada çörəyin ətri, aclıq bürüyərdi bəşəriyyəti” misrası ilə oxucuya zəhmətin və sadə həyatın əhəmiyyətini xatırladır. Mətn həm də bir növ humanist mesaj verir: insanlıq dəyərləri, əmək və birlik hissi sadəlikdə gizlidir. Qısa, amma təsirli obrazlarla dolu olan bu şeir gündəlik həyatın, zəhmətin və çörəyin müqəddəsliyini oxucuya hiss etdirir.

Bu kitabın adı sadə bir həyət ağacından ilham alıb.

 

Atamgilin həyətində

                      bir iydə ağacı

                              kök atıb yerə,

Qol-budağı,

                         boy-buxunu

                                 gülümsəyir göylərə.

Atam əkib bu iydəni,

Hamıya əzizdir

                onu torpağa sancan

                               atamın özü kimi.

 

Bu qol-budağı göylərə uzanan iydə ağacı təkcə təbiətin bir parçası deyil, həm də ailə sevgisinin, zəhmətin və nəsillərin bir-birinə bağlılığının simvoludur:

 

Nənəmin, babamın,

Bibimin, əmilərimin,

Atamın,

neçə əziz adamın

Xoş duyğuları,

istəkləri, arzuları,

diləkləri qoxuyur

iydəmizin çiçəklərində.

 

– deyə, şair bu ağacı bir ailənin kökü, ailə sevgisinin simvolu və həyatın davamlılığı kimi söz tarixinin yaddaşına yazır.

Kitabda yer alan “Xocalı bayatısı”, “Bir kəndin dastanı” və “Xatirə kitabı” poemaları da tarixi və vətən mövzuları ilə diqqət çəkir. “Xocalı bayatısı” poeması oxucunu faciə ilə üz-üzə qoyur: “Didərgin, qaçqın xocalılar, şirin yuxuları qaçqın xocalılar!” misraları ilə xalqın itkisi və həsrəti dərin emosional üslubda çatdırılır. Hər bir məzar və daş bir ağıya çevrilir, oxucu həm faciənin ağırlığını, həm də insanların içindəki həsrəti hiss edir.

“Bir kəndin dastanı” – Şiştəpə kəndini vəsf edən poema isə kəndin təbii gözəlliklərini, həyat dolu məkanlarını və sakinlərinin səmimiyyətini poetik tərzdə təqdim edir.

“Xatirə kitabı” poemasında isə  Böyük Vətən Müharibəsində (1941-45) həlak olanlara və ömür boyu onların yolunu gözləyən ana-bacılara böyük bir ehtiram hissi duyuruq.

Bu kitabda bayatıların olması oxucuya xalq yaradıcılığının hikmətini, həyatın sadə və dərin məqamlarını çatdırır. Hər bir bayatı qısa, lakin təsirli obrazlarla doludur, ailə, təbiət, vətən və insan hisslərini vurğulayır. Beləcə, kitab həm modern, həm klassik, həm də xalq poeziyası elementlərini birləşdirərək oxucuya tam bir poetik səyahət təqdim edir.

Müəllifin təxəllüsü kökümüzə, adət-ənənəmizə, tariximizə bağlılıq rəmzidir. “Baydar” müəllifin doğulduğu Bayramlı kəndinin ruhunu və sevgi dolu xatirələrini əks etdirir.

Əminliklə deyə bilərik ki, Vəsilə xanım ədəbiyyat müəllimi kimi illərlə gənclərə öyrətdiyi şeir sevgisini indi öz kitabı ilə daha da geniş oxucu dairəsinə təqdim edir. Bu kitab müəllim ömrünün davamı, poeziya yolunun başlanğıcıdır.

Ümid edirəm ki, Vəsilə Baydarın bu poetik dünyası oxucularının qəlbində özünə doğma bir yer tapacaq.

 

Musa ƏLƏKBƏRLİ

 

Yazıya 8 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.