Gürcüstan ədəbi mühitində formalaşan azərbaycandilli ədəbiyyatın Azərbaycan ədəbiyyatına inteqrasiya etməsini, onun tərkib hissəsi olmasını təsdiq edən Gülzar Şərifovanın “”Şeirlər toplusu” adlı şeirlər kitabı işıq üzü görmüşdür. Şeirlər toplusunun müəllifi olan Gülzar Şərifova yaradıcılığa 1960-cı illərdə başlamış, onun şeirləri “Sovet Gürcüstanı” qəzetində, Azərbaycan və Türkiyədə, həmçinin elm.info.az, zim.az, turan.info.az, dergizan.com və s. müxtəlif mətbu orqanlarıında nəşr edilmişdir. Gülzar Şərifova mətbuatda Ş.Gülzar, Gülzar Şərifova, G.Şərifova, Gülzar Nəsrəddin qızı Şərifova, G.N.Şərifova imzaları ilə çap olunmuşdur. Şeirlər toplusunda şeirlər “Vətən və xalq haqqında duyğular”, “Sosial-siyasi lirikanın bədii panoramı”, “Fəlsəfi lirikanın düşüncə qatları”, “Ailə və nəsil yaddaşı”, “Ruhun daraldıqca təbiətə çıx”, “Bayatılar”, “Ağılar və ya edilər” başlıqları altında təqdim edilir.
Bədii yaradıcılığa orta məktəb illərindən başlayan Gülzar Şərifovanın şeirləri ədəbi dairələrin diqqətini cəlb etmişdir. Azərbaycanın Xalq yazıçısı, dramaturq, ictimai xadim, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü Mirzə İbrahimovun Gülzar Şərifovanın bədii yaradıcılığına maraq göstərməsi isə tarixi bir reallıqdır. “Sovet Gürcüstanı” qəzetinin 8 oktyabr 1966-cı il tarixli 121 (4689) saylı qəzetinin səhifələrində Mirzə İbrahimov, Əli Vəliyev, Süleyman Rüstəm, Osman Sarıvəlli və digər Azərbaycanın tanınmış şair və yazıçılarının Tbilisi şəhərində iştirak etdikləri tədbirdə Xalq yazıçısı Mirzə İbrahimovun Gülzar Şərifovanın “İnsana sualım var” şeirinin surətini götürməsi xəbəri qəzetin səhifələrində yer almışdır.
Gülzar Şərifovanın “Şeirlər toplusu” kitabının redaktoru və ön sözünün müəllifi filologiya elmləri doktoru, Rusiya Təbiət Elmlər Akademiyasının həqiqi üzvü Salidə Şərifovadır. Salidə Şərifova Gülzar Şərifovanın bədii yaradıcılığını “Xruşov mülayimləşməsi” dövrünun tərkib hissəsi kimi təqdim edir. Gülzar Şərifovanın poeziyasının Gürcüstanda yaşayan azərbaycanlıların bədii ənənələrini və həmin dövrdə Azərbaycanın bədii mühitində baş verən prosesləri əks etdirməsinə toxunur. Özünəməxsus yaradıcılıq yolu olan Gülzar Şərifovanın janr xüsusiyyəti, bədii dili və problematikası zənginliyi ilə diqqəti cəlb edən poetik nümunələrinin ədəbiyyatşünaslığın diqqətindən kənarda qalmasını təəssüf hissi ilə vurğulayaraq şairin poetik nümunələrini Azərbaycan ədəbiyyatının tərkib hissəsi kimi dəyərləndirməsi reallığı təcəssüm etdirir.
Yazıya 10 dəfə baxılıb








