Tarixi yaddaşın qorunması milli ləyaqət və ədalət prinsipinə sadiqliyin ifadəsidir
Ədalət Partiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
-Ədalət Partiyası bildirir ki, 26 fevral 1992-ci ildə Xocalı şəhərində yüzlərlə dinc sakinin – qadınların, uşaqların və qocaların xüsusi amansızlıqla qətlə yetirilməsi, insanların əsir və girov götürülməsi, şəhərin yerlə-yeksan edilməsi XX əsrin sonlarında bəşəriyyətin üzləşdiyi ən ağır humanitar faciələrdən biri kimi tarixə həkk olunmuşdur.
Xocalıda törədilənlər yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə beynəlxalq humanitar hüququn, insan hüquq və azadlıqlarının fundamental prinsiplərinə qarşı yönəlmiş ağır cinayətdir. Mülki əhalinin məqsədli şəkildə hədəfə alınması 1949-cu il Cenevrə Konvensiyalarının və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.
Ədalət Partiyası hesab edir ki, Xocalı faciəsinin beynəlxalq səviyyədə tanıdılması və ona hüquqi-siyasi qiymət verilməsi təkcə tarixi ədalətin bərpası məsələsi deyil, eyni zamanda gələcəkdə oxşar cinayətlərin qarşısının alınması üçün mühüm preventiv mexanizmdir. Çünki cəzasızlıq mühiti yeni faciələr üçün zəmin yaradır. Buna görə də təqsirkarların müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması beynəlxalq hüququn aliliyinin təmin olunmasının vacib tərkib hissəsidir.
Ədalət Partiyası Xocalı soyqırımının unudulmaması və dünya ictimaiyyətinə sistemli şəkildə çatdırılması üçün siyasi, diplomatik və informasiya platformalarında aparılan fəaliyyəti təqdir edir və bunun daha da gücləndirilməsini zəruri sayır. Tarixi yaddaşın qorunması milli həmrəyliyin və dövlətçilik şüurunun möhkəmləndirilməsinin əsas şərtlərindən biri olmaqla milli ləyaqət və ədalət prinsipinə sadiqliyimizin ifadəsidir.
Ədalət Partiyası hesab edir ki, Xocalının və ətraf ərazilərimizin işğaldan azad edilməsi Xocalı qurbanlarının əziz xatirəsinə ehtiramın praktik ifadəsi, onların ailələrinə və yaxınlarına ən böyük təskinlikdir.
Yazıya 21 dəfə baxılıb








