…Daha o, yazmayacaq, yozmayacaq, danışmayacaq. Xatırlanacaq, diqqətə gələcək. Yurddan, vətəndən, igidlikdən, məhəbbətdən söz açılanda ondan da danışılacaq, o da dilə gətiriləcək. Şeirləri söylənəcək, insanlığı anılacaq.Vaxtsız ölümün izahını bilmirəm. Ölümün də vaxtsızı, vaxtlısı olurmu ki?! O ki, yaşa, başa baxmır! Baxdığı bircə vaxtdır. Olumun vaxtı kimi, ölümün də vaxtı yaradanın yazısıdır.
Yaxşı ki, yaradan yaratdığını görür, bilir. Və yenə yaxşı ki, o ilahi qüvvəni biz görmürük. Görsək bəlkə də həddimizi aşıb onunla da mübahisə edərdik! Əstəğfürullah!
Yaranan dünyaya gəldiyini bilmədiyitək dünyadan getdiyini də bilə bilməz. Qalanlar isə yada salacaqlar, ya da salacaqlar…
Adamların işi həm də o alın yazılarını yozmaqdır. “Elə olmasa, belə olardı…” kimi.
Çoxmu getdim…
Bəli, bir ünlü sima, məşhur söz adamı Musa Ələkbərli vəfat etdi. O, ədəbiyyata gərək adam idi. Adi sözdən belə şeir yaradan və yaşadan idi. Sözü incitmədən incələyən mahir idi.
Özünü deyil, sözünü güzgü tutardı. Yəqin bunlara görə güzgülərdən uzaq idi. Şeiri boyda salamıydı, amma arada saloveyə də tuş olurdu.
Nə bilirdi yazırdı, nə bilirdi yozurdu. İnsafla desək ilmə kimi düzürdü. Amma həm də dözürdü. Dözümündə də safıydı. Haqsızlıqlara, hədsizliklərə, həm də “döz”lərə arada dözməyib qılıncını qələmləyirdi.
Bu dözüm nə qədər olasıydı. Şeirlərinin birində dediyi kimi “Qəlbim dözməyəcək bu il bahara…” Elə yazdığı kimi də oldu.
Özü gəlməmişdən səsi, sədası
Nələr anızdırır, nələr vəd edir.
Yəqin bir xəbər var mənə çatası,
Elə bil ürəyim üzülüb gedir.
Qəlbim dözməyəcək bu il bahara…
Hər suala şeir cavabı olan Musa Ələkbərlinin cavab verə bilmədiyi sanki bircə ölüm idi. Ona da vəfatıyla, vəfatına söylənən rəhmətlərlə cavab tapıldı.
Söz tutumu, düz tutumu, öz tutumu yüz tituldan yüksəkdədir deyə rəhmətlər də könül dolusudur.
Xalq, əsil şairinə Xalq şairi olmasa da diqqətdardır. O, diqqətləri sağlığında qazanmışdı.
Mənim də əlimdən-dilimdən “Allah rəhmət eləsin!”dən o yana nə gəlir ki?!
Yazıya 8 dəfə baxılıb








