Fevral 14-də Ədalət Partiyasının qərargahında görkəmli hüquqşünas, ictimai-siyasi və dövlət xadimi, hüquq elmləri doktoru, sabiq millət vəkili və Ədalət Partiyasının qurucusu İlyas Abbas oğlu İsmayılovun xatirəsinə həsr olunmuş “İlyas İsmayılov və Ədalət” adlı konfrans keçirildi.
Tədbirdə hüquq ictimaiyyətinin nümayəndələri, sabiq prokurorluq və ədliyyə işçiləri, alimlər, ziyalılar, jurnalistlər, şair və yazıçılar, həmçinin Ədalət Partiyasının rəhbərliyi və üzvləri iştirak edirdilər.
Konfransı Ədalət Partiyasının sədri Mütəllim Rəhimli açıq elan edərək qonaqları salamladı. O, çıxışında İlyas İsmayılovun Azərbaycan hüquq sisteminin formalaşmasında, müstəqillik dövrü dövlət quruculuğunda və siyasi düşüncənin inkişafında mühüm rol oynadığını vurğuladı. Daha sonra mərhumun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir çərçivəsində İlyas İsmayılovun həyat və fəaliyyətindən bəhs edən foto və video təqdimat nümayiş olundu. Arxiv materialları, ailə fotoları, dövlət və partiya fəaliyyətinə aid kadrlar onun çoxşaxəli fəaliyyətini əks etdirərək iştirakçılarda dərin təəssürat yaratdı. Daha sonra M.Rəhimli tədbirin aparılması üçün sözü təqaüddə olan baş ədliyyə müşaviri, İ.İsmayılovun həyat və yaradıcılığına həsr olunmuş “Mən bu zamana sığmazam” kitabının müəllifi Ələmdar Məmmədova verdi. Ə.Məmmədov İlyas İsmayılovun peşəkar fəaliyyəti, prinsipial xarakteri və insanlara münasibətindəki yüksək mənəvi keyfiyyətlərindən danışdı.
Ardınca xatirə çıxışları dinlənildi. Çıxış edənlər sırasında Bakı şəhərinin keçmiş prokuroru Nizami Əliyev, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, prokurorluğun keçmiş əməkdaşı Sərdar Əliyev, baş ədliyyə müşavirləri Adil Əsgərov və Əmirulla Şirvanov, Ali Məhkəmənin üzvü Müzəffər Ağazadə, İ.İsmayılovun tələbə yoldaşı və sabiq prokuror Hüseyn Hüseynov, həmçinin sabiq prokuror Əlabbas Quliyev və digər hüquqşünaslar yer aldılar. Natiqlər İlyas İsmayılovun peşəkarlığını, qanunun aliliyinə sadiqliyini və prinsipial mövqeyini xüsusi vurğuladılar, həmçinin onu gənc hüquqşünaslar üçün məktəb, müəllim və mənəvi dayaq kimi təqdim etdilər.
Konfransda həmçinin ictimaiyyət nümayəndələri və ziyalılar – Beynəlxalq Əlillər Cəmiyyətinin sədri Tahir Xudiyev, Tovuz Xeyriyyə Cəmiyyətinin üzvü Vidadi Əhmədov, şair Rəfail İncəyurd çıxış edərək İ.İsmayılovun ictimai nüfuzu, etik davranışı və insanlıq keyfiyyətlərindən danışdılar. Ədalət Partiyası Ali Məclisinin sədri Rahim Nuriyev isə çıxışında İlyas İsmayılovun ideyalarının partiyanın gələcək fəaliyyətində əsas istiqamət olaraq qalacağını bildirdi.
Konfrans açıq müzakirələrlə davam etdi. İştirakçılar səmimi xatirələrini bölüşərək İ.İsmayılovun sadəliyindən, təvazökarlığından, prinsipiallığından və dövlətə sədaqətindən danışdılar.
Sonda çıxış edən partiya sədri Mütəllim Rəhimli İlyas İsmayılovun ideyalarının bundan sonra da yaşadılacağını, hüququn aliliyi, şəffaflıq və insan ləyaqətinə hörmət prinsiplərinin Ədalət Partiyasının fəaliyyətində əsas xətt olaraq davam etdiriləcəyini bildirdi və iştirakçılara təşəkkür etdi.
Konfransdan sonra iştirakçılar İlyas İsmayılovun məzarını ziyarət etdilər. Onlar mərhumun məzarı önünə əklil və gül dəstələri qoyaraq İ.İsmayılova ehtiramlarını bildirdilər. Ailə üzvləri adından Gündüz İsmayılov çıxış edərək göstərilən ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını ifadə etdi.
Tədbir çay süfrəsi ətrafında səmimi söhbətlərlə davam etdirildi. Konfrans iştirakçıları yekdilliklə qeyd etdilər ki, İlyas İsmayılovun həyatı Azərbaycan dövlətçilik tarixində ədalətə və qanuna sədaqətin parlaq nümunəsi kimi yaşayacaq.
Yazıya 50 dəfə baxılıb














