Xalq yazıçısı Anara həsr olunur
Çağdaş Turan ədəbiyyatının başbuğu, hörmətli Anar müəllim bu gün dedi ki, Elxan, çöxdandı mətbuatda şeirlərini görmürəm, yoxsa alimliyin şairliyini üstələyibmi? Dedim yox Anar müəllim, istədim ki, bir müddət cəmiyyət çap olunanları oxuyub fəhm eləsin. Azərbaycan mədəniyyətinin müdriklik və mahiyyət məqamını bu qarma-qarışıq süni intellekt zamanında min bir əziyyətlə ilahi ecaz cığırlarında saxlamağa çalışan bu böyük zatın istəyini nəzərə alaraq son dövrdə yaxın gələcəkdə yazıçı və şairləri əvəz edəcək “Kapqan” proqramının köməyi ilə ərsəyə gətirdiyim şeirlərin bir qismini “Ədəbiyyat qəzetinə”, dostum Azər Turana göndərərək dərc etdirdim. Şeirlər Anar müəllimin xoşuna gəldi və o məni yanına çağırıb təşəkkürünü bildirdi, amma mən yalnız Anar müəllim və “Ədəbiyyat qəzetinin” oxucuları üçün yazmadım bu şeirləri, buna görə də təkrar “kultur.az” saytına da göndərdim ki, həm virtual məkanın oxucularıda onları oxuya bilsinlər, həm də onların yaranışında iştirak edən Sünü İntellektin də rəqəmsal könlü xoş olsun. Biz səma kitablarının demək olar hamısını öz içindən keçirmiş çox nadir xalqlardan biriyik, indi, süni intellekt əsrində bizi səma yolçuluğu bəkləyir, yerdəkilərin işini isə “Kapqan” qardaşımız özü görəcək.
mən burda tək, sən orda tək
düşüncə qalxan üstündə,
qapımı döymür qızmələk.
yalnızlığın sonu yoxdur,
mən burda təkəm, sən orda tək.
çöllər kimi gendi dünya,
mən yerin cəzbində sayru.
səndən ötrü yaşasam da,
yaşayışım səndən ayrı.
sən mənə bu canı verdin,
mən sənə dua verirəm.
ulduzların nəğməsinə,
könlümdə yuva verirəm.
can aşı səma köşkündə,
torpağın ruzusu yeryemiş.
ayrılığın sonu yoxdu,
qovuşuq yanğısı nə imiş?
zikrin müqəddəs meracı,
ölməzləşir qram-qram.
mən varamsa sən də varsan,
sən varsansa, mən də varam.
Oyanır Tan Ra, var ol bir Tanrı
Qaranlıqdan sıyrılar ox,
duamızdan dan üzü gülər.
Yaşam eşqi içimizdən
yalnızlığı yavuz qovar.
Namazımız yüz on yükənt,
dan gözündən boylanan kənd,
vəcdimizin qülləsindən
zəng səsini ələyərkən,
görünməzlər ölkəsindən
bayraqlı alplar gələrkən,
mələk xorunun sədaları altında
oyanır Tan Ra – Günəş…
Günəşdən sonra quşlar oyanır,
guşlardan sonra dəniz,
dənizdən sonra balıqçılar oyanır.
Balıqçılar balıq pullarına aludədir.
Balıq pulları saxlanclarda,
balıq pulları uyqularda,
hər yanda balıq pulları.
Insan oğlu pulluları sevir,
pulu Allah sayan da var.
Balıqlara səcdə edin, balıqlara!
Oyanır Tan Ra – Günəş!…
Və dan yerində qan çalası.
Qəssabxanalarda ölümün rəngi qızıl!
Hər dəfə bir inək başı kəsiləndə
Günəş dəfn olunur buynuzlar arasında.
Gecə-gündüz ət üyüdən mədələr
böyük bir inək məzarlığıdır.
Sizə süd verən inəklər ananızdır bəlkə?
İnəklərə səcdə edin, inəklərə!
Quşların şərqisi budaqlarda,
yarpaq sərinində isinir dua.
Ağacların yuxusunda yaşayır torpağın yaddaşı,
və yaşamın yaşılı yuvalanıb ağaclarda.
Ağaclara səcdə edin, ağaclara!
Oyanır Tan Ra-Günəş…
Duamızın yüz min əli qaranlığı aralayır.
Canımızın çobanları naxır qovur Qobustana,
uyqusunu mamır basmış rəmzlər yatır divarlarda,
vəcdimizin qülləsindən altun dinarlar tökülür.
Divarlardan daşlar baxır,
Daşlar diri və susqundu.
Heç nə itmir, heç nə ölmür,
Hər şey daşlara yazılır.
Daşlar İştar məbədidir,
Kəbədə Həcərdi daşlar.
Daşlar Budda baxışlıdı,
Piramida heyrətlidir daşlar.
Daşlara səcdə edin, daşlara!
Oyanır Tan Ra – Günəş,
sonra balıqlar, inəklər,
ağaclar oyanır, daşlar oyanır
və bütün oyanmalarda günəşin nəfəsi.
Günəşə səcdə edin, Günəşə!
…Tan gəldi, Tan gəldi – Tan Ra
Var ol onu yaradan Tanrı!…
Səmadan hər şeyi seyr edib susan,
Günəşi səmadan çıraq tək asan,
Yeri bizə ev qayıran,
Nuru zülmətdən ayıran,
Küllü kainata çıraq,
Alqış sənə bir Allah!
Ayrı məbud yox daha,
Allaha tapının, Allaha!!!
Bir Tenqri
Dan sökülər, nur tökülər
ot gülər, su gülər, yol gülər.
Mələk xoru oxuyur:
(Bir Tenqri… Bir Tenqri… Bir Tenqri…).
Vəcd halında toranlıqlar,
aydınlığın səcdəsi nur,
yaşıl yaşam budağında
topalaşan quşlar ötür.
Mələk xoru oxuyur:
(Bir Tenqri… Bir Tenqri… Bir Tenqri…).
Gecə-gündüz axır irmaq,
irmaq dəryaya sevdalı,
işıq sığalında uyur sular,
sular sübhanın həzzində,
sular həzzdən köpüklənir.
Mələk xoru oxuyur:
(Bir Tenqri… Bir Tenqri… Bir Tenqri…).
Bir ibadət, bir dəstəmaz, ya bir namaz,
göy kəndinin qapısını aralamaz.
Qaranlığın yumağını yığa-yığa,
dan sökülər, nur tökülər aydınlığa.
Mələk xoru oxuyur:
(Bir Tenqri… Bir Tenqri… Bir Tenqri…).
Üfüq boyu xan Günəşin qızıl qanı,
örüşlərə naxır qovur qəlb çobanı.
Inəklər otlara sevdalı,
otlar sulara sevdalı,
sular dəryaya sevdalı,
dərya göylərə sevdalı.
Mələk xoru oxuyur:
(Bir Tenqri… Bir Tenqri… Bir Tenqri…).
sevda qayığı irmaqda,
butamı aldım bardaqda,
doymadım mən ona varmaqdan,
Bir Tenqri… Bir Tenqri… Bir Tenqri…
yaşıl yarpaqlar ütülü,
eşq dəlisi dərməz gülü,
çağır gəlim qıpçaq çölü,
Bir Tenqri… Bir Tenqri… Bir Tenqri…
Ötükən ormanında bir ermiş,
göy bürcündən alma dərmiş,
bu canı kim niyaz vermiş?
Bir Tenqri,.. Bir Tenqri.. Bir Tenqri…
üstümdə var altun dəyə,
bir az dua verdim göyə,
şükür olsun ilahiyə
Bir Tenqri, Bir Tenqri, Bir Tenqri.
Umayın gəlişi
Aybam mənə çaldı layla,
uyqu gördüm bu havayla.
Ay baxır, sular keyiyir,
su üstündə söyüd xoru
Ilahiyə alqış deyir.
Qaranlığı kəsib tökür
yarasalar baleti,
Çiçəklərin baxışında
inci gülüşlər bitir.
Göyün üzü sığallıdır,
gecə sərini pırpız.
Sevdasının ulduzunu
dan gözündə gəzir qız.
Dan ulduzu, dan ulduzu
kuzədə ver butamı.
Yaşıl yarpaq yanğısında
əriyir eşqin tamı.
Torağaylar şərqi deyir,
arx yürüyür üzgülü.
Qızılı üfüq hinindən
bəzəkli xoruz gülür.
Səhərin gəlişi gız gəlir,
duyğulu sinələr hayva.
Günümüzü ruzulu ver
ülyahəzrət Umay ayba.
ilan mürgüsü
mən ilan mürgüsündə mamır gördüm,
cığırlar aradım gil kitablarda,
azanda axtardım rəsulallahı,
məsihin qanını içdim saxsı qablarda.
suvar oldum, cuvar gəzdim,
ölməzliyin suyu nerdə?
bir qobuzun pərdəsində,
qurumuş irmaq buldum,
Yeniseyin sahilində daşlar yatır, yalnızdı,
sarı səhra yuxusunda dik dayanıb ehramlar.
quşların şərqiləri palaz hörür səslərdən,
məbəd uyqularında toz yatır qalaq-qalaq,
mən donmaq istəyirəm ulu sufi rəqsində,
mən budda gülüşündə ərimək istəyirəm.
ötələr gedilməyib, düşüncə salım salır,
hərə öz omuzunda sürüyür suç xaçını.
bəlkə ilkin ocaqlar saxsı qab bişirməyib,
bəlkə mixi yazılar hələ yazılmayıbdı.
dualar divar hörür göylə yer arasında,
toranlarda torlanır bütlərin baxışları.
toplanıb tör başına Tanrıdağ ölməzləri,
Olimpin allahları köçüb ayrı yerlərə.
ilan mürgülərinin qabığı mamırlayıb,
qədim sirli yazılar beynimi dolaşdırır.
duamın toranında şam yandır, Mehri Banu,
and verirəm mən sənə bir Allahın adına.
Haqqın dərgahına bir ayrı yol var,
Inamsız olanlar keçməz qapıdan.
Məni Tanrıdağda məclis gözləyir,
Tanrıya tanıq dur ilahə anam.
Düşüncəm uçanda mən quş kimiyəm,
Bu bədən, bu yaşam Yerə bağlanıb.
Cığırlar uzanır dağ zirvəsinə,
Səma odaları qonaq gözləyir.
Ora tanrı yurdu, doğmaca bir kənd,
Yatanı uyqudan həzz oyandırır.
Atamı, anamı görürəm orda,
Qarşıma çıxanlar qardaşlarımdır.
Dünya cəng meydanı, mən savaş əri,
Əlimdə qılınc var, dilimdə dua.
Mən qonaq yaşadım Yer kürəsində,
Indi sakiniyəm əbədiyyətin.
İsa Məsih
Tanrım, tanrım, nə üçün
Sən məni tərk elədin?
Boyanıb al qanına
Əzab çəkir vələdin.
Solumda və sağımda
Quldurlar qətl olundu.
Belə müdhiş aqibət
Bəxtimə yar bulundu.
Mən xəlq oldum, bəşərə
Yol göstərim bağçaya.
Əvəzində həvvarim
Satdı otuz ağçaya.
Həqiqəti söylədim
Üstümə saldırdılar.
Ruhlardan düyün açdım
Xaç üstə qaldırdılar.
Bu dağ, dağdan ağırdır,
Mıx girir, tən ağrıyır
Insanlar diş ağardır,
Qara daşlar ağlayır.
Bunlar suç işlətdilər,
Əzabı kimə verdin?
Tamu təndən soyuqdu,
Uçmaq atəşli yerdi.
Israilin xanı mən,
Bu xalq məndən yan durur.
Baxışları soyuqdu,
Gülüşləri yandırır.
Mıx girir, tən ağtıyır,
Ruhum uçunur göyə.
Rəbbim, aç qapıları
Oğul qayıdır öyə.
Altun düyə*
Səhər-səhər ballı kökə,
Günortaya çəyirtgə.
Təpərli ol ibn İsaq
Qatırını səyirt gəl.
Əl-ələ ver, rəqs elə xalq,
Torpağa döy dabanı.
Qoy rəqslərin dövrəsində,
Partlamasın çibanın.
Haray salıb timpan səsi,
Ortada altun düyə.
Arzu, niyyət hopub yerə,
Kudurət uçur göyə.
Qara gözlər atəş saçır,
Erkək-gəlin hayıl-mayıl.
Haqqın yolu sərhədsizdi,
Kef et, bəni-İsrayıl.
*Musa peyğəmbər Tanrıdan törə almaq üçün Tur dağına yollanan kimi bəni-İsrail altundan düyə bütü düzəldub ətrafında rəqs etməyə başladılar.
Məriyəm
Göz yaşı axıdır ana Məriyəm,
Qəlbini yandırır oğul itkisi.
Ana sinəsindən qopan mərsiyə,
Cırdı pərdələri, açdı tikişi.
Məsih qeybə qetdi, – dedi bir oğlan,
O məşhər günündə zühur edəcək.
Ana göz yaşını sil yanağından,
O bir gün gəlcəkək, hökmən gələcək.
Fəqət ana qəlbi hiss eləyirdi,
Ölənin bir daha yoxdu dönəri.
Acı göz yaşları lənətləyirdi,
Cəsədi gizlədən həvvariləri.
firiştəli şərqi
ruhlar divar ardında,
ərmələklər girişdə.
o dünyada kənd varmı,
ey, Anakut, firişdə?
sorğu günü yaxındı,
dünya fani, yaşam puç,
göydən günəş baxırsa,
alovda yanmazmı suç?
gəlmişik qayıtmağa,
kodla açılır divar.
hər möminin Məzdası,
hər suçlunun devi var.
ocağımız yeddi dil,
duamız xoruzsayaq.
qurbanlar at olmasa,
haqqa gedərik yayaq.
bəşərin göz yaşını,
səmaya çəkir bulud.
bəndənə bir qapı aç,
ana mələk, ana qut.
Yazıya 36 dəfə baxılıb