ZAKİR HƏSƏNOV – VƏFALIM MƏNİM

zakir ( Xatirə – esse )

            Bu gün səni gördüm… Həmişəki kimi yaydan-yaya kəndimizə qayıdırsan… Elə ayaqüstü hal-əhval tutduq… Çox istərdim ki, saatlarla oturub uşaqlığımızı xatırlayaq… Heyif uşaqlığımızdan… Şən, qayğısız günlər… Bir- birimizə xoş gələn hərəkətlər edirdik… Mən çox kitab oxuyurdum deyə sən də özünü kitabsevər kimi göstərməyə çalışırdın… Sən gülləri sevirdin… Mən də gülləri sevirdim… ( Mən, həqiqətən də, gülləri sevirdim )

Eh… Aylar, illər nə tez keçdi… Bu gün sənə düz iyirmi il gizli saxladığım bir sirri açmalı olacağam… Düz iyirmi ildir ki, MƏN SƏNİ SEVİRƏM. Bugünkü görüşümüzdə bütün keçmişim kino lenti kimi gözümün önündən keçdi. Gözdən iraq olan könüldən də iraq olurmuş… Sən hələ də gözəlləşirsən… Bir anlıq qara gözlərinə baxdım… Gözlərin yalan danışmır ki danışmır… Yenə tez- tez gözlərin üzümdə ilişib qalır… Hər görüşümüzdə zarafata salıb ” Qocalırsan ha ” deyirsən… Yəqin bunu sən heç vaxt istəməzsən…

Mən elə bilirdim əvvəl- axır səni unudacağam. Yox… Görünür, istəsəm də səni unuda bilməyəcəyəm… Səni unutmaqmı olar?! Axı sən mənim vəfalımsan! Hə! VƏFALIM MƏNİM!

Üst- başım səliqəli olmaqla yanaşı, dərslərimi də yaxşı oxuyardım. Sən mənə “Müəllim olacaqsan ” deyərdin. ( Bu,  mənim ən böyük arzum idi. ) Ən çox da əllərimə həsəd aparardın. Əllərimə baxıb  “Görən, hansı bəxtəvəri sığallayacaq” deyərdin. Deyərdin ki ” Mən ya müəllimə ərə gedəcəyəm, ya da, ümumiyyətlə, ərə getməyəcəyəm. ” Mən əsl mətləbi anlayırdım. Amma… Uşaq idik ki uşaq… Mən böyüyəndə müəllim olacağımı qət etmişdim.

İllər keçdi… Məktəbi bitirdik. Müəllimlik arzum baş tutmadı. Hərbi xidmətə yollandım. On səkkiz aydan sonra kəndimizə qayıtdım. İlk soruşduğum sən oldun. Dedilər “köçdü” . Hə… Köçdü… Mənim sözünün üstündə duran ilk məhəbbətim müəllimə ərə getmişdi… Mən də sözümü tutmalı oldum: 22 yaşımda texnikuma sənəd verdim…

Biz sözümüzə sadiq qaldıq… Mən müəllim oldum, sən də müəllim yoldaşı… VƏFALIM MƏNİM

Yazıya 999 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.