İllah da xəyallar çiləyə düşdü,
İllah da umudlar çiləli qaldı.
içimdə soyuqlar silələməydi,
soyuqlar getmədi, siləli qaldı.
İllah da doqqazlar ağzı günəydi,
kimi çağırdımsa, çıxan olmadı.
nə evin üstündən, nə pəncərədən,
boylanan olmadı, baxan olmadı.
bir kənd ağlayırdı qollarım üstə,
qırıq xatirələr inildəyirdi.
pişiklər ayağımı cırmaqlayırdı,
itlər zəncirlərdə zingildəyirdi.
sular soğulmuşdu su dəyirmanında,
arxlar axarını dəyişmişdilər.
çiçəklər ətrini, otlar rəngini,
rənglər baharını dəyişmişdilər.
İllah da adamlar yox olmuşdular,
İllah da uşaqlar gözə dəymirdi.
dirəklər yollara yıxılmışdılar,
salbalar bir meçən qıza dəymirdi.
İllah da məktublar geriyə döndü,
mürgülü gözləri oyatmadılar.
o sütül oğlanlar davaya getdi,
oğlanlar davadan qayıtmadılar.
bir kənd yetim oldu, yiyəsiz oldu,
öldü durnaları, öldü yazları.
qarıya-qarıya sozalıb, solub,
axırda bayquşa döndü qızları.
hardasa bayquşlar ulayır indi,
durub daş atmağa əlim gəlmir heç.
bircə Hürü qalıb bu boyda yurdda,
deyir ki, oğlumla, ərim gəlmir heç
İllah da ağaca çıxan olmadı,
meyvələr ağacın başında qaldı.
o əli çubuqlu qaz otaran qız,
kənddə, elə on üç yaşında qaldı.
İllah da…xəyallar çiləyə düşdü.
***
bu gün yenə də bazar…
mən hamıdan gözəl.
kəndimizin bazarı yox getməyə
həzər
həzər
həzər.
kəndimizin bazarı varıydı deyə,
şənbədən sonra bazar gələrdi.
ahh…necə gözəl gələrdi.
bu gün yenə də bazar…
nənəm yox əlindən tutmağa,
bazar yox getməyə.
bəs mən hara gedim?
bizim bazar yoxdusa,
şənbədən sonra
niyə gəlir bu bazar,
niyə gəlir bu azar…?
bu gün yenə də…bazar deyil.
Yazıya 845 dəfə baxılıb