(Azad Qaradərəlinin “Kuma-Maniç Çökəkliyi” romanı barədə…)
“Əhməd bəy Ağayev yazırdı: “Gəlin açıq və səmimi danışaq. Əcdadlarımız bizə nəyi miras qoyub gediblər? Onlara nəyə görə hörmət etməliyik? Özlərinin səfehlikləri və ağılsızlıqları ucbatından şəhərləri, qarət olunmuş kəndləri tərk edib getdiklərinə görəmi, öz əcdadlarının əməyi ilə yaradılmış bütöv, nəhəng orqanizmləri viran qoyduqlarına görəmi?… Əcdadlarımıza nəyə görə hörmət etməliyik? Zorakılıq qarşısında qorxub, geri çəkilmək ənənələrinə görəmi, bizim qüvvələrimizi hələ də korşaldan, bizi yaşamaq qabiliyyətindən tamamilə məhrum edən güclülərin qabağında kor-koranə, mənasızcasına baş əymək xasiyyətinin nəsildən-nəslə irsən keçməsinə görəmi? Kaspi qəzeti, 18 yanvar 1905 ci il…”
“Kuma-Maniç Çökəkliyi” romanından…
Müasir dövrümüzün nasirləri sırasında Azad Qaradərəlinin öz yeri var. Söhbət əsl yazar, əsl nasirdən gedir. Onun əsərlərindən məlumatlı oxucu Öz yerinin qədrini bilir, qiymətləndirir.
“Kuma-Maniç Çökəkliyi” romanı (əsər “Yazı” dərgisinin 4 sayında hissə-hissə çap olunub) müəllifin “Dumduru su” -hekayələr-1987, “Ulartı” -hekayələr- 1989, “Dəhrə” (hekayələr və nağıllar”, uşaqlar üçün-2004, “Qar ağlığı” – hekayələr- 2008, “Burda yer fırlanmırdı” – hekayələr, roman- 2011 və “Burada kişi var?” -hekayələr-20013 – nəsr əsərlərindən sonra müəllifin oxucuları ilə yeni görüşüdür. Bundan başqa Azad Qaradərəli çox sayda elmi-publisistik kitabların da müəllifidir.
Əsərin adı niyə məhz “Kuma-Maniç Çökəkliyi”dir? Elə romanın əvvəlində müəllif məlumat verir: “Ural dağları, Ural çayı, Xəzər dənizi, Kuma-Manıç çökəkliyi…” və coğrafiya dərsində öyrəndikləri Kuma-Manıç çökəkliyini Qarabağdakı Kummıca ilə eyniləşdirdiklərinə görə əsərə də belə ad seçib. Amma əslində bu ad həm də rəmzi mahiyyət daşıyır: axı Kuma-Manıç çəkəkliyi Avropanı Asiyadan ayıran çökəklikdir.
Roman epik növdə yazılan, kompozisiya baxımından, tarixi faktlarla zəngin əsər kimi də diqqətəlayiqdir. Lakin “Kuma-Maniç Çökəkliyi”ni biz sırf tarixi əsər kimi də dəyərləndirə bilmərik. Buradakı hadisələr tarixi sənədlərə söykənsə də, bədii boyalarla ətə-qana gəlir (sevimli müəllimim Sədnik Paşayevi xatırladım, “ətə-qana gəlir”onun ən çox işlətdiyi söz idi). Bu sənədlər müəllifin soykökünə söykənən yaddaşının arxivindən boylanır. Bu arxiv sənədlərlə nə qədər zəngin olsa da, təhkiyəçinin bədii təsvirlərindən qanad alır, pərvazlanır.
“Kuma-Maniç Çökəkliyi”nin mövzusu ta Nadir şah Əfşar dövründən bu günə qədər başımıza gələn bəlalardan qaynaqlansa da, ideya və məqsəd ən yeni tariximizdə (1988-95) baş verən hadisələri qabartmaq, bu hadisələrə daha açıq gözlə yanaşmaq, gələcək nəsillərə ötürməkdir. Əslində, əsərdəki qədim tarixə baş vurmaq özü ideyaya xidmət edən yardımçı mövzu kimi də qiymətləndirilə bilər.
Romanda ən çox diqqət cəlb edən isə müəllifin yaratdığı obrazlar, o obrazların fərqli xarakterləridi. Bu obrazlar həyatdan götürülüb, bu obrazlarla müəllif bilavasitə ünsiyyətdə olub. Və həmin obrazların bədii portreti o qədər canlıdır ki, oxucu onları qapı qonşusu kimi tanıyır, sevir, nifrət edir (Hafiz müəllim, Dursun, Haşım bəy, Yetim Eylas, Zəriş, Teyfə xala, Səkinə, Xosrov, Asya, Zirəddin və s).
Müəllif hansı hadisəyə toxunursa, bəhs edəcəyi obyektin alt qatına varır, oxucuya dəqiq tanıdır: “Ermənilər 1918 – ci ildə rusların əliylə silahlanıb Qarabağda, Zəngəzurda, Bakıda qırğınlar törədəndə Nuru paşanın Qafqaz İslam ordusu Mosul-Təbriz-Naxçıvan-Qarabağ-Gəncə-Yevlax yoluyla Azərbaycana gəlir” deyən müəllif yeri gəldikcə buradaki yer adlarına açıqlamalar verir. Uzun illər sovetlərin boyunduruğu altında yaşayan biz, bütün bu yer adlarının türk toponimləri olduğunu görür, təəccüblənirik: “Dədəm bura Alçalı deməzdi, Ufçalı deyərdi. Bəziləri də Ofçala, Afçala deyərdi. Gürcüstanda da Ofçala var, mən orda əskərlik çəkmişəm… Əslində bu, “ov – çaladı”, yəni ovun bol olduğu çala yer…” və yaxud “Rəzdərə və Sobu kəndlərinin arasında, göz işlədikcə uzanan qalın meşənin içərisində yerləşən bu kəndin adı Top idi. Əvvəllər ermənilərin davamlı hücumları, sonralarsa Xruşşovun “köçürmə, birləşdirmə” siyasəti bu kəndin adamlarını iki-bir, üç-bir burdan qaçaq saldı. Bir gün ayıldılar ki, kənddə beş-altı kolailişən qoca qalıb.”
Haşım bəyin qoruyub saxıladığı “Qarabağnamə” əsərindən: “…Şuşanın məhəllələri… Yuxarı məhəllə – Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamam qabağı, Təzə məhəllə, Qurdlar, Seyidlər… nə bilim axı daha hansılar və sonda doqquzuncu məhəllə Çöl-qala, yaxud Cuhudlar məhəlləsi…”
Və yaxud kuman türkləri barədə açıqlamaya nəzər salaq: “Kuma-Manıç çökəkliyinin yerləşdiyi ərazilərdə həmişə Kuman türkləri dövran sürüb ki, bu da oradakı kalmıkların, yaxud kumıkların adında qalıb. Elə Kuma-Manıç çökəkliyinin adındakı “kuma” sözü “kuman”lar deməkdir… Bax, üzü belə, bir ucu Balxaş gölü, bir ucu Karpatlar, bir ucu Azərbaycanın şimalı, bir ucu da İtil bulqarları, yəni Kazandan Rastovacan böyük bir ərazidə Kumanların, yaxud Qıbçaqların dövləti olub… Kumanlar, yaxud qıpçaqlar qıyıq, balaca gözlü, sarışın, yaxud qəhvəyi saçlı, bəziləri hündürboylu, bəziləri də gödərək, amma güclü, davakar adamlar olublar…”
Əsər atalar sözü, el məsəlləri ilə də zəngindir. Məsələn: “Bunlar qışqıranda boylu arvadlar uşaq salır”, “Bizdə qızı ailədən saymazdılar – o başqasının ocağını qalayandı axı” və s.
Kitabda Qarabağ danışıq şivəsi obrazların dilindən çox təbii şəkildə verilib: “Dilii farağat saxla dana” və s.
Əsər müəllifin özünün yaratdığı aforizmlərlə də zəngindir: “Sözlər millətin yol xəritəsidir. Hardan-hara gedibsə, sözünü daşlara yazıb, daşlara yaza bilməsə, yerə-yurda, talaya, çalaya, dərəyə-təpəyə veirib, kənd-kəsəyə qoyub”, “Qadın böyük qüvvədir. Gözəl qadınların ağlı bir az gödək olar, amma gözəl qadın kimi sevsə, onun həyatı bir cənnət bağçası kimi olar, onun içi limhalim həyat eşqiynən dolar. Belələrinin düşməni çox olar, ömrü qısa sürər, amma o qısa ömür onlara dünya tamının ləzzətini dadmağa bəs edər.”
Qədim adət-ənənələrimizi də müəllif əsərində yaşadıb. Məsələn, barama saxlama və ondan ipək almaya qədər ardıcıllığı çox gözəl şəkildə oxucuya göstərir: “Kimin ki tut bağı vardı, ona məcburən barama qurdu verirdilər. …Baramanı götürər, yarpağını da özləri yığıb gətirib qurdun üstünə səpərdilər. Çətinlik bircə qurdun tənəkələrdən yerə salınması vaxtı olardı. Çünki onda azından üç-dörd mal tövləsi, ya da ev lazımdı ki, qurdu ora töksünlər.
…Yarpağı əllə sivirməzdilər. Eləcənə tut şumallarını dəhrəylə qırıb, gülləyər (yəni qısaldar, yoğun hissəsini atar, uc hissəsini götürərdilər), sonra da bağ bağlayıb gətirib tökərdilər qurt laxtalarının (hissələrinin) üstünə. Bir dəqiqə sonra qurtlar şırhaşır yeyərdilər bu yarpaqları”.
Başqa bir misal. Ölü dəfn etmə mərasiminin özündə bir tarixdən gəlmə ənənə var: “Ölüsü düşən gecələr gec yatar. Qonaq-qaranın ayağı yığışandan sonra qab-qaşığı yuyar, ev-eşiyi, həyət-bacanı təmizləyər, …o yan-bu yandan söhbətləşər, bütün kənddə …cıqqırtı kəsiləndən sonra gedib yıxılıb-yatardılar ki, səhər bütün kənd camaatından tez dura bilsinlər. Bəs nə, düz qırx gün, qırx gücə bu belə sürər.”
Romanın başlanğıcında Eylas (Xosrovun atası) arvadı Zərişin dayısı qızını meşədə “zorlayır”. Bu epizodda bədii dillə verilən hadisə əvvəlki bir neçə qaranlıq məsələyə də aydınlıq gətitirir: “Neçə-neçə illər qabaq bu bağda qanlı olaylar olmuş, bağ qan ucundan bir nəsildən o birinə ötürülmüş, hər dəfə də qan bağlansa da qan durmamış, axdıqca axmışdı. Buranın da adı qalmışdı Kannıca. Çayın o üzündəki kəndin adamları bura Qannıca, bu üzündə isə Kannıça deyirdilər. Köhnə kişilərsə eləcə Kannıca deyirdilər. İndi əsr-əsr bu bağda axan qan təzədən axırdı”. Burada oxucu Eylasa da, evli kişiylə zina törədən Asyaya da nifrət edir. Lakin müəllifin güclü ədəbi priyomları sayəsində əsərin sonunda bu münasibətin əslində keçmişi olan bir sevgidən doğduğunun şahidi oluruq. Və mənfi obraz kimi tanıdığımız surətlər çirkdən təmizlənməyə doğru gedir.
Ümumiyyətlə, “Kuma-Manıç çökəkliyi”ndə tam olaraq mənfi, nifrətə layiq obraza rast gəlmirik. Ən iyrənc, qəddar surət Qarabağ döyüşlərində şəxsi mənafelərini güdən Dursun və onun atası Əbdürrəhmandırsa, onların da müsbət tərəflərini müəllif oxucuya göstərməkdən çəkinmir. Sanki müəllifin içindəki bəşəri sevgi onda insanlara nifrət hisssini boğur.
Əsər boyunca rəngarəng peyzaj yaradan, təbiəti sevgi-sevgi danışdıran müəllif, o təbiətin sakinləri insanlarla birgə ağacları, daşları da oxşayır: “Bizim meşələrdə hər cür ağaca, kol-kosa rast gələrsən. Amma ağaclardan palıd, kollardan qaratikan bizim meşənin ən gərəkli sərvətidir. Başqaları da qiymətlidi, məsələn vən ağacı evlərin damını şiferləmək üçün şiferaltı sallamaya, sırığa çox yarayır. Şəf, zoğal kollarının bərk oduncağından balta sapı, yaba, bel sapı düzəldirlər. Allahın böyürtkəni bizim camaatın çox əlindən tutur: həm özləri mürəbbə bişirirlər, həm də yığıb satırlar. Zoğalın meyvəsi də ki, ələ düşməz. Qışda xəstələnib-eləsən, bircə qaşıq zoğal mürəbbəsiylə çay iç, tərlə, yüngülləş. Hələ zoğal arağı! Bunun heç tayı-bərabəri yoxdu.
Dedim axı, bunların hamısının yanında palıdla qaratikan əvəzsizdir. Başlayaq palıddan. Bu ağacın qırmızı palıd deyilən növü var ki, o, qiymətli mebel materialıdır. Onu Qorxmaz kişi gözü kimi qoruyardı. Bir dəfə Bakıdan gələn alim yaxşıca vurandan sonra meşədə tək-tük rast gəlinən bu ağacı qucaqlayıb ağlamış, demişdi ki, bunun kökü kəsilir, qırmızı kitaba düşəcək…
Qaldı ki, əsl palıda, o əvəzsiz yanacaq idi. İstər odun kimi, istərsə də kömür kimi. Həm də ev tikəndə qabaqlar mil əvəzinə, tir əvəzinə kəsib işlədərdilər palıdı.
Qaratikan isə… bu kənd-kəsəyin əsl abır yeriydi. Adamlar bu tikanlı kolu dəhrəylə qırar, ata-ulağa, sonralarsa yük maşınına yükləyər, gətirib həyət-bacalarını çəpərləyərdilər. Son vaxtlaracan kəndlərdə evlərin həyət-bacasını da qaratikanla tutardılar. Bu bir qədər yaraşıqsız, kor-kobud görsənsə də, hər halda ailələrin abır-həyalarının qorunmasında əvəzi yoxdu.”
Bu hissəni olduğu kimi yazmaqda məqsədim, Qarabağla bərabər hansı zənginliklikləri itirdiyimizi oxuculara xatırlatmaqdır. Əslində, bu açıqlamayla müəllif də bunu demək istəyib.
Əsərin qəhrəmanı Xosrov 1988-1989 cu illərdə artıq ağlı kəsən yetkin bir gəncdir. O hadisələri görüb, analiz edib nəticə çıxarmağı bacarır. Bu gənc oğlan Qarabağın məşhur Baharlılarla Cavanşirlər nəslinin törəməsidir. Babası dövrünün ən tanınmış adamı Haşım bəy (Hətta Haşım bəyin Qromıkoyla da dostluğu olur), atası isə Eylas kişidir. Eylasın səhvindən və qətlindən sonra Xosrovun anası Zəriş bircə balasına pənahlanaraq ailə qurmur.
Eylas yuxarıda dediyim kimi günahkardır, lakin Eylasın cəzalandırma mərasimini görüncə oxucu bu nifrət etdiyi obraza acıyır və tam əksinə olaraq o, zamanın qan davasını lənətləyir. Bütün bunlar müəllifin oxucu hissini rəngdən-rəngə salmaq ustalığından irəli gəlir.
Əsərdə 1989-90 cı illər o qədər səlistliklə verilmişdir ki, oxucu o dövrü yaşayır, mitinqlərə gedir, gecələri meydanda yatır, 20 Yanvarı görür, müstəqilliyin sevincini yaşayır, bir-bir qurban gedən torpaqları ürək ağrısı ilə yad edir…
Haşım kişi Zəngəzurda Məhəmməd bəy Aşiq Zəngilani, Bəhlul Behcət, Sarıca Nəbi (Sarı Aşıq), Qarabağda Balım Ağa, Seyid Nigari kimi ustadların əlyazmalarını, Qarabağnamə müəlliflərinin qiymətli sənədlərini, Şah İsmayıldan Sarı Aşığa, Balım Ağaya və digərlərinə verilmiş bəlgələri, çoxlu …tarixi sənədləri qoruyub saxlayır. Sovetlərin at oynatdığı, represiyaların, güllələnmələrin baş aldığı bir zamanda müharibədən sonra əsir düşən və Almaniyadan kəndlərinə – qohumlarına məktub yazan Baba kişiyə Haşımın cavabı çox məntiqlidir: “…Kəndimiz o qədər böyüyüb ki, bir ucu burdadı, bir ucu da Sibirdə. Orda da bir kənd salmışıq. İşdi-şayəd gəlsən, göndərəcəklər ordakı kəndçilərimizə baş çəkməyə…”…
Müəllif əsərdə kənd psixologiyasını o qədər dəqiqliklə göstərib ki, hətta əksər kəndlərdə sakinlərə verilən ləqəbqoyma adətini də unutmayıb. Məsələn, “Ağzıyarıq Ələsgər”, “Qancıq Zirəddin”, “Dabanıyanıq Süleyman”, “Erkək Yetər”, “Qırış”, “Q.Qərənfil” və s.
Qəhrəmanın ismi Zəngəzurun məşhur bəyi Əbdüssəməd bəyin oğlunun adından götürülüb. Gəlin Əbdüsəməd bəyin oğlu Xosrovu tanıyaq: “Onun atası Məhəmməd bəy Cavanşir idi ki, çar hökuməti onu Zəngilandan əvvəl Çaritsına, sonra isə Ordubada sürgün eləmişdi. (Bu yerdəyişmə rəhmətlik Mirzə Fətəli Axundovun və Qasım bəy Zakirin köməyi ilə baş tutmuşdu) Elə ömrünün sonunacan, yəni 1861-ci ilə kimi orda yaşadı. Onun da atası Behbud bəy olub. Behbud bəy Cavanşir Qarabağ xanı İbrahim xanın qardaşı Əbdüssəməd bəyin qardaşı oğlu idi. Ağa Məhəmməd şah Qacar 1791-ci ildə Şuşaya hücum edəndə İbrahim xandan üç şəxsi girov qismində istəmişdi: Batmanqılınc Məhəmməd bəy, Əbdüssəməd bəy və Mirzə Vəli Baharlı. Batmanqılınc bunu eşidən kimi adamlarıyla dağlara qaçdı – heç İbrahim xan da bunun bərkin tutmadı, onun ordu başçısıydı axı. Əbdüssəməd bəylə Mirzə Vəlini isə şaha girov qismində verdilər.”
Arxaik sözlər də (və yaxud ləhcə) əsərdə geniş yer alıb. Məsələn, “Bozalaşma” (mübahisə), “ləj düşmək” (öc olmaq), “tap” (hündür yer), “hənd” (hündür, qəlbi), “deşdə” (çöldə, eşikdə), “azaylana-azaylana” (təəssüflənə-təəssüflənə), “ray” (rey, razılıq), “gülləmək” (yəni qısaltmaq (budağın), yoğun hissəsini atıb, uc hissəsini götürmək (barama alma prosesində) və s.
Qaçaq İsrafilin qəhrəmanlığından sevə-sevə danışan müəllif onun erməni qızı Marqoya olan məhəbbətindən və Marqonun İsrafilə sədaqətindən də söz açır.
Burada oxucuda əslində düşmən kimi tanıdığımız millətin nümayəndəsinə rəğbət oyanır. Bu rəğbəti yaradan isə bəşəri hisslərə malik, sevgiyə-sədaqətə dəyər verən müəllifdir.
Marqonu qəlblərdə yaşadan ən təsirli səhnə Qaçaq İsrafili axtaran zaman Marqonun evinə soxulan çinovnikə – Ağasıya verdiyi cavabdır: “Adını da tork qoymusan, öz millətinin igid oğluna tələ qurursan… Mən İsrafili ona görə sevirəm ki, o mərd adamdır! Sizin kimi padles deyil!”.
(İsrafili sovet çinniləri qətlə yetirdikdən sonra Ağasi kişi Marqo ilə evlənəcək, Marqonun İsrafildən olan oğlu Hüseyni doğulacaq övladlarından seçməyəcək. Hüseyn polisdə işləyəcək və onun oğlu döyüşdə Şəhid olacaq.)
Burada Ağası kişinin sözləri ilə müəllifin tolerantlığının bir daha sübutunu görürük: “İndi ay oğul, erməni də, musurman da allahın altında bir adamdı. Gərək bir-biriynən yola gedələr. Biz Marqoynan əlli il bir yerdə yaşadıq. Mən ona Maral deyirdim. Elə maral kimi gözəldi axı… Dinimizi qəbul elədi, başına şal örtdü, mənə düz beş uşaq doğdu. Hüseyni də qatdıq öz uşaqlarımıza böyütdük. Vallah, düşmənçilik bir şey deyil…”
Və yaxud, bizimkilər tərəfindən əsir götürülən erməninin onun qaçacağını zənn edən azərbaycanlıya cavabı: “Ara, hara qaçıram? Oğlumu qoyaram qaçaram?” Burada yenə də müəllifin humanistliyinə, insani hisslərə verdiyi dəyərə heyran qalırıq. Ata yalvara-yalvara deyir: Kirvə, başa dönum, onun qolu açma, əlimi qabaxdan bağlamısan onsuz”, O, balasının cavanlıq edib, qaçacağından və gülləyə tuş gələcəyindən qorxur. Buna görə də oğlunun qolunun açılmasını istəmir. Və eyni zamanda, erməni-musəlman davasının sadə kəndliyə heç bir aidiyyatı olmadığını, bütün bunlarda iyrənc siyasətin əlinin olduğunu müəllif yenə də əsir erməninin dili ilə çatdırır: “Ara mannan düşman olar? Man na biliram Qarabax haradı? Man yetim ermaniyam. Özü də o allah haqqı, man siz turkları hamışa çox istamişam. Siz zor millətsiz… Ara, man neyniram Qarabaxı?”
Sadə əhalinin davaya münasibətini azərbaycanlı əsirin də dilindən eşidirik. Əsirlikdən dönən Zirəddin dostlarına söhbət edir: “Çöndü maa təyəf, dedi Qayabağ kimindi? Mən də o dili-ağzı quyumuş qəhbə ayvaddı Hafiz məllimin dilincən dedim ki, bizimdi. Biləm, deyəm sizindi, kül mənim başıma! Onda göydüm, pıçağı siviyib qulağımı dibinnən kəsdi… Üüüüü-ühüüüü….”
Əsərdə ən çox diqqətimi cəlb edən məqamlardan biri də müəllifin sevgiyə verdiyi dəyərdir. O sevgiyə ki, əski zamanlardan ta bu günə kimi dastanlarda yaşayan “Yusif Züleyxa”, “Vamiq və Gülşa”, “Əsli-Kərəm” və s. sevgisidir. Burada “Zəriş-Əbdürrəhman” (nəsil arasındakı qan davasına görə evlənmirlər), “Eylas-Asya”, “Xosrov-Səkinə”, “İsrafil-Marqo”, “Fatma-Fərhad” (yenə də nəsillər arasındakı dava evliliklərinə imkan vermir və baş götürüb uzaqlara gedirlər. Fatma-Fəhrad sevgisi və onların ömür yolları bir dastana sığacaq qədər zəngindir), “Mədinə-Haşım” münasibətlərinin saflığına, əsil sevginin varlığına müəllif oxucunu inandıra bilir.
Roman boyunca müəllif mötərizələr açaraq “nağılçı” adı ilə müxtəlif açıqlamalar verir. Bu məqamı qəbul edə bilmədim. Onsuz da təhkiyəçi oxucunu o qədər inandırır ki, burada mötərizədə nəyi isə qeyd eləməyə lüzum qalmır. Hətta bu məqamlarda bədii əsər publisistikaya meyl edir sanki…
Vulqarizm də kitabda özünə yer alıb. Bu isə müəllifin yaratdığı əsərin çox təbii və həyat hadisələrini çılpaqlığı ilə göstərmək üslubundan irəli gəlir.
Əsərin epiloqu dəhşətli dərəcədə ağrılıdır. Müəllifin sinəsindən çıxaraq gözlərindən daman qan mürəkkəb əvəzi səhifələrə səpilir…
Mən də sözümü bitirirəm.
Sözün bitdiyi yer məhz bu yerdir: “Əvvəl Ermənistan dövləti Xocalı dövlətiynən döyüşdü, əliyalın camaatı qırdı. Hayına yetən olmadı… Sohra ermənilər Şuşa dövlətiynən ağır müharibə elədi, şuşalılar qalanı qoyub qaşdılar. Laçın dövləti Ermənistanla döyüşdə böyük itki verib qaşdı… He-he-heheeee… heş Laçın adlı yer olmuyub e… Hafiz məllim deyirdi ki, bu dövlətə Laçın adını Süleyman Sani Axundov qoyub, ha-ha-ha-haaaa! Kəlbəcər dövləti döyüşəndə Füzuli, Ağdam dövlətlərinnən kömək istədi, verən olmadı… Həəə, sohra Fizuli dövlətini məğlub elədilər… he-he… bı da Qarabulaxdı dana, əvvəl rus dəyişib eliyib Karyagin, sohra da özümüz dəyişib Füzuli qayırmışıx… Həəə, sohra Ağdam dövlətini… Ağdam dövləti yaman dövlət idi haaa! Sovetin guruldayan vaxtında tapança satırmışlar bazarlarında… Ama bu dövlət də fıs çıxdı… Gəbrayıl, Qubadlı dövlətləri də bir-birinə kömək eləmədi… axıra biz qaldıq, Zəngilan dövləti… Yaman güclü dövlət idik e! Ermənistan ordusu əlimizdə aciz qalmışdı…”
P.S. Bu il Azad Qaradərəlinin yubiley ilidir- martda 60 yaşı tamam olur. Elə bu yazımla bəri başdan onun ad gününü və həmin günlərdə ayrıca kitab şəklində çıxacaq “Kuma-Maniç Çökəkliyi” romanını təbrik edir, əziz yazarımız, var olun, deyirəm!
İradə Aytel
Yazıya 1356 dəfə baxılıb