“Cəbhədən yayınanlar da vətən həsrətli şeirlər yazır…” – Ədəbiyyat söhbəti

10013920_628400963909267_6846977137020497234_nŞair Elşən Əzimlə ədəbiyyat söhbəti
“…Bu gün ənənəvi şeirlə dünyaya çıxmaq mümkün olmayacaq. Bəzən deyirlər ki, biz niyə avropalıların, amerikalıların yazdığı kimi yazmalıyıq? Öz ədəbiyyatımızı dünyaya tanıtmalyıq və s. Bu düşüncə “Bəyin oğurlanması” filmində bir epizodu yadıma salır: ” o əjdəhadan bizdə niyə yoxdur?” Unuduruq ki, bizim oxuduğumuz qərblilərin folkloru deyil, ənənədən tamamilə uzaqlaşdıra bildikləri ədəbiyyatdır. Onlar da bizim folkloru oxumayacaqlar. Çünki yazılı poeziyamız da folklordan fərqlənmir. Aşıq şeirində yeni bir xəttin icad edilməsi bəlkə də, mümkün olar…”
 
– Kəlbəcər obrazı müasir şerimizdə necə ifadə olunur, bir sözlə, şeirimizdə Kəlbəcər özünü necə hiss edir? 
-Kəlbəcərdə yazılan qoşmalar daha çox səs,nəfəs, musiqi idi. Bu qoşmalarda söz, poeziya ikinci planda dayanırdı. Bəlkə də, Kəlbəcər obrazı mövzusundan, məzmunundan asılı olmayaraq, məhz həmin qoşmalar idi. Bir sözlə, Kəlbəcər qoşması fərqliydi və Kəlbəcər qoşması elə Kəlbəcər obrazı idi. Hərdən mənə elə gəlir ki, o qoşmalar ədəbiyyatdan çox incəsənətin janrıdır. Bu gün də Kəlbəcər haqqında çoxlu şeirlər yazılır, ancaq bu şeirlərin heç də hamısı səmimi deyil. Həmyerlilərimin çoxu şeir qoşa bilir. Hətta müharibənin qızğın vaxtı müxtəlif yollarla hərbidən yayınan adamlar da vətən həsrətli, döyüş ruhlu şeirlər yazırlar. İndi mən bunların səmimiyyətinə necə inanım? Çağdaş dövrümüzdə yaradılan Kəlbəcər obrazı 40-50-ci illərdə yazılan sovet romanlarının baş qəhrəmanlarına bənzəyir. İdeal, qüsursuz. Təbii ki, oxucu buna inanmayacaq. Doğrudanmı Kəlbəcərdə xoşagəlməz heç nə yoxuydu? Doğrudanmı o dağlardan çıxan hər misqal su şəfalıydı? Axı elə bulaqlar vardı ki, ciyərimiz yansa da suyundan içmirdik. Doğrudanmı Kəlbəcərdəki lalənin xalı Daşkəsəndə, Gədəbydə açan lalənin xalından fərqliydi? Gəlin dərk edək ki, dövrün oxucusu, xüsusən də gənclik şişirtməyə, pafosa inanmır. Bizim kənddə Altıkövşən deyilən yer vardı. Bəlkə də, dünyanın ən gözəl yerlərindən biriydi. Eyni zamanda bizim kənddə İlan gavı deyilən bir yer də vardı ki, heç gözoxşayan deyildi. Çopur bir qayalıq idi. Ölüm ayağında olan yüz yaşlı qocanın qırış-qırış olmuş sifətinə bənzəyirdi. Kənardan gələn adam baxanda eymənərdi. Ancaq mən o qayanın da obrazını yaratdım:
Evimiz bir yetim uşağa dönüb,
Ahıl qayalara qısılı qaldı.
Demək olmaz ki, bu gün yaranan Kəlbəcər obrazının hamısı sünidir, yaxşıları da var. Ələmdar Cabbarlının bir misrasını örnək gətirim. Ilk baxışdan kiməsə pafoslu görünə bilər, ancaq burda böyük həqiqət var:
Orda elə bir nərə çək,
Burda eşidim, Kəlbəcər.
Aciz, səsini çıxara bilməyən vətəndaş öz soydaşlarından deyil, vətəndən imdad diləyir.
Bir də ki, şeirimizdə Kəlbəcərli obrazı yoxdur. Biz nədənsə insan taleyini, insan xarakterini şeirə gətirməyə tənbəllik edirik. Son zamanlar Kəlbəcrədə çəkilmiş maraqlı bir fotonu gördüm. Mamırlamış bir daşın üzərində daşla bərabər mamırlamış bir tay əsgər çəkməsi. Bəlkə də biz mamrılı daşdan deyil, o daşın üstündə mamır tutmuş əsgər çəkməsindən yazsaq, daha maraqlı obraz yarada bilərik. Bu isə qoşmanın imkanları xaricindədir. Biz isə hələ də qoşma yazmaqda israrlıyıq.
– Bəzən deiyrlər ki, aşıq poeziyası dünya seirinə daxil ola bilmir, bəlkə, aşıq şeirin də elə bir xətt icad eləmək lazımdır ki, dünya onu dörd əlli qəbul etsin. Məsələn Fikrət Əmirov Muğam da etdiyi kimi. 
-Ənənəvi şeir yazanlar ciddi cəhdlə öz mövqelərini müdafiə etmək istəyirlər. Bu, özünümüdafiə şərti refleksindən başqa bir şey deyil. Mən də ənənəvi şeir yazıram, ancaq heç də mövqeyimi müdafiə etmirəm. Az-çox dünya ədəbiyyatını bildiyimə görə anlayıram ki, bu gün ənənəvi şeirlə dünyaya çıxmaq mümkün olmayacaq. Bəzən deyirlər ki, biz niyə avropalıların, amerikalıların yazdığı kimi yazmalıyıq? Öz ədəbiyyatımızı dünyaya tanıtmalyıq və s. Bu düşüncə “Bəyin oğurlanması” filmində bir epizodu yadıma salır: ” o əjdəhadan bizdə niyə yoxdur?” Unuduruq ki, bizim oxuduğumuz qərblilərin folkloru deyil, ənənədən tamamilə uzaqlaşdıra bildikləri ədəbiyyatdır. Onlar da bizim folkloru oxumayacaqlar. Çünki yazılı poeziyamız da folklordan fərqlənmir. Aşıq şeirində yeni bir xəttin icad edilməsi bəlkə də, mümkün olar. Biz bunu görmüşük də. 90-cı illərdə Ramiz Rövşən, Salam Sarvan qoşmalar , gəraylılar yazdılar. Məgər həmin qoşma və gəraylılar aşıq şeiri olaraq qaldımı? Hansı aşığın o şeirləri qavramağa, əzbərləməyə səviyyəsi çatdı? Deməli yeni nəsə icad etsək belə, o aşıq şeiri olmayacaq. Bir də o şeir ki, birbaşa dil hadisəsidir, onunla dünyaya çıxmaq mümkün deyil. Qafiyəli şeir ən yaxşı tərcüməyə də sığmır, məna itir. Ona göörə də mən bunu Fikrət Əmirovun muğamdakı improvizələri ilə müqayisə etmirəm. Çünki musiqinin dili yoxdur. Nizami ona görə dünyaya çıxa bildi ki, onun yaradıcılığında böyük ideyalar vardı, mükəmməl süjet vardı, dil estetikası arxa planda qalırdı. Nəinki aşıq şeiriylə, heç Füzuli ilə də dünyaya çıxa bilmədik. Füzulinin ruscaya tərcümələrindən bir örnək gətirim:
Qopardı mərdümi-çeşmim könül binasın kim,
Hübabi-əşk həva nəqdinə xəzanə yetər.
Rusacaya tərcüməsində isə bəbəklər ürəyi yıxmır, əksinə ürək bəbəkləri qoparıb atır:
Глаз моих зрачков нещадно вырвав, сердце в сторону бросает их…
Слез монеты- за любовь оплата. Думаю ее сполна довольно!
Sevimli müəllimim Sabir Əliyev günahı tərcüməçidə görürdü, ancaq tərcüməçi nə illah etsə də bu eqzotik şeirləri olduğu kimi rusdilli oxucuya çatdırmaq mümkün olmayacaq. Ümumiyyətlə, biz şeirimzilə deyil, nəsrimizlə dünyaya çıxa bilərik. Ədəbiyyatımızda kifayət qədər sanballı nəsr əsərləri var. Problem ondadır ki, dilimiz dünyada öyrənilmir.
-Şeirinizdə nə qədər Kəlbəcər “gətirmisiniz”? 
Mən hətta özümlə nə qədər Kəlbəcər gətirdiyim haqda danışmaq istəyirəm. Ancaq cavab veməmişdən əvvəl, həmişə məni düşündürən bir sualı dilə gətirim: Niyə Kəlbəcərdən olan şairlə söhbət edərkən, onun yaradıcılığından yazarkən daha çox mənsub olduğu rayonun adı hallanır? Bəlkə bizim şeirimiz öz el-obamızın zövqündən kənara çıxa bilmir ona görə? Bütün həmyerlilərim kimi mən də bizim el şairlərinin yaradıcılığını əzbər bilirəm və sevirəm. Bəlkə də, kəlbəcərli el şairlərindən qat-qat zəif yazıram, ancaq bir həqiqət var ki, mən onlardan fərqlənirəm. indi isə nə qədər Kəlbəcər gətirdiyim barədə…
Mənə getmə dedi vətən torpağı
Yalvarıb yapışdı ayaqlarımdan
Yapışdı altına ayaqqabımın
Gəldi bu şəhərə.
Sildim ayağımı beşmərtəbə binanın
Dəhlizindəki pillələrə…
 Bəli, o torpağı sonuncu dəfə bu şəhərdə itirdim. Mənim “qıfıl” adlı şeirim vardı, yazıldığı zaman xeyli təhlil olundu Qarabağ mövzusunda yazılmış ən yaxşı şeirlərdən hesab edilirdi. Bax o şeirdə Kəlbəcər obrazı da vardı, hətta bu günkü Suriya obrazı da. Kəlbəcər qədim Oğuz yurdudur, əcdadlarımızın yaylaq yeri  olub, ancaq babalarımızın orada daimi məskunlaşması 300 ildən o yana keçmir. Kəlbəcərin kəndlərinin yaranması bir növ Markesin “Yüz ilin tənhalığı” əsərindəki kəndin yaranmasına bənzəyir. Kimsə hardasa adam öldürüb məsuliyyətdən yaxa qurtarmaq üçün nəslini də götürüb özünü verib dağlara. Orda da kənd salıb yaşayıb. Bu adamlar hərəsi bir yandan gəlib. Ona görə də Kəlbəcərin hər kəndinin ayrıca dialekt və şivəsi vardı. Bizim kəndi salan babalarımız Gəncədən köçüblər. Bəlkə, elə buna görə də Zülfüqarlı həmişə özünün xüsusi mədəniyyəti və ədası ilə seçilib. Bizdə şəhər adamının genetik yaddaşı var. Elə Zülfüqarlıda Sovet dövründə qurulmuş infrasturktur da nəinki Kəlbəcərin, hətta Azərbaycanın da heç bir kəndində yox idi. Beləliklə, mən özümlə mədəni şəhər adamıyla kobud dağ adamının xüsusiyyətlərini birləşdirən ziddiyyətli bir xarakter gətirmişəm.
-Heca şeirində qafiyə sistemi lap köhnəlib: çöyür tatı, vur tatı. Necə etmək lazımdır ki, qafiyələr təzələnsin. Sizcə qafiyələri təzələyən nədir? 
-Bunu 70-ci illərdə Məmməd Araz etmişdi. Onun qafiyələri xeyli təzədir. Bəxtiyar Vahabzadə isə daha çox mənaların qafiyəli olmasını istəyirdi. Məncə mürəkkəb qafiyələr yaratmaq olar, yəni bir neçə sözün bir sözlə qafiyələnməsi və s. Ən yaxşı yol isə qafiyədən bir dəfəlik imtina etməkdir.
-Mənə elə gəlir sizin yaradıcılığınız tənqidin diqqətindən kənarda qalıb, qalıbsa, səbəb nədir?
-Son kitabım haqqında bir neçə yazı yazıldı. Hörmətli tənqidçimiz Vaqif Yusilinin də maraqlı resenziyası vardı. Önəmlisi odur ki, Vaqif müəllim bu yazını məni şəxsən tanımadan yazmışdı. Kitabımı necə əldə etmişdi, onu da bilmirəm. Bəli, gündəmdə deyiləm, bunun da səbələri var. Birincisi, əyalətdə yaşayıram, ikincisi, o qədər də ünsiyyətcil adam deyiləm. Dostluqda möhkəm olsam da ilk dəfə tanış olduğum adamla həmin an can bir qəlb ola bilmirəm. Başqalarının adi etika norması hesab etdiyi hərəkətləri mən yaltaqlıq sayıram və bu da məndə müəyyən kompleks yaradır. Sirr deyil ki, ədəbi tənqiddə şəxsi tanışlıq amili də var. Bəlkə də yazdıqlarım ədəbi tənqidin diqqətində olmağa layiq deyil.
 – İndi nə üzərində işləyirsiniz, müəllimlik, xüsusən məsul vəzifədə işləmək yaradıcılığınıza mane olmur ki?
Hal-hazırda bir poema üzərində işləyirəm. Bir neçə yerində heca vəzni var, əsasən sərbəst şeirlə yazıram. Yaxınlarda tamamlayacam.
Hansı işlə məşğul olursan ol, mühitdən kənarda qalırsansa, deməli yaradıcılığın cilalanması, inkişafı ləng gedəcək. Məsul vəzifə dediyiniz ədəbi mühitlə sıx əlaqə saxlamağıma mane olur.
 
Söhbətləşdi: Qəşəm Nəcəfzadə
Bakuinfo.Az 

Yazıya 1543 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.