“TANRILAR TÖKÜLDÜ YERƏ”

saday(Saday Şəkərlinin “Lənətlənmiş Cənnət” kitabına…)

 

Çoxdandır yazmaq istəyirdim onun yaradıcılığından. Şeirlərini oxuduğum, daxili aləminə bələd olduğum, üzünü bir dəfə də olsun görmədiyim Saday Şəkərlinin yaradıcılığından. Onu da etiraf edim ki, “Lənətlənmiş Cənnət” kitabını oxumağa başlayana qədər hansısa qüvvə qollarımı tuturdu sanki, yaza bilmirdim…

“Lənətlənmiş Cənnət”i (şeirlər və poema) sətir-sətir, söz-söz oxudum və eyni zamanda kitab məni oxudu. Kitabdan əxz etdiklərimi kitaba qaytardıqca Saday Şəkərlini – Saday Şəkərli poeziyasını tanıdım, bu yazım meydana çıxdı. Bir ömür ağısının, bir insan taleyinin, bir şair həyatının yaşıl xəzanını gördüm. Bəli, yamyaşıl xəzan! Cücərtisi, pöhrəsi, yer üzündə, kökü, rişəsi yer altında ürək göynədən xəzan!

 

Saralan otlarıynan,

Dolan buludlarıynan

Bir payız qaldı mənə atamdan!

…on yaşında bir kişi (Saday! İradə A.)

…Doğmam yaxınım olacaq

Ta atam göyərib gələnə qədər.

 

Bu xəzan Ulu Tanrının bəxşişi idi, sətir-sətir səpələnirdi Saday Şəkərli günlərinə:

 

Allahım, nə cəzadı, nə zülüm etdiklərin,

Hər könülə, hər qəlbə qəm səpdim, şeir bitdi.

Ən uzun sözüm sünbül,

Danışa-danışa uzanır, qalxır,

Üzüm tənəklərindən boylanır salxım-salxım…

 

Və bu bəxşiş – zülüm – cəza şeir oldu. Ürəyimizi qana döndərsə, bizi bizdən alıb sərməst etsə də biz bu şeirləri oxuduq. Şair də şeirlərinin oxunacağına əmindir. Əminliklə deyir:

 

Batırıb şəraba,

Bələyib qana, oxuyun şeirlərimi…

 

Və o, başına gələnlərin Tanrı payından – şeirlərindən gəldiyini bilir:

 

Şair doğulmağım sanki qəzadı,

Başıma nə gəlir sözümdən gəlir.

Mənim mükafatım tanrı əzabı,

Onun da verdiyi gözümdən gəlir.

 

 

O, atasının ölüm səhnəsini necə çılpaq həqiqətlə xatırlayır:

 

Atam ölən axşam

Cibindəki xırda pulların sayını tək mən bilirdim,

Tək mən sevinə bilərdim gizlədə-gizlədə ağrılarımı.

 

Sevincin üzünə baxdınızmı, adamlar?! O sevincə sevinə bildinizmi, adamlar?! Övladın ata ölümünə yanğısının tüstüsü kimi gözlərinizi yaşartdımı bu sevinc?!

 

O axşam ilan vuranlar yatdı, mən yatmadım

Atamın cibindəki qara-quruş qəpikləri

Saydım-saydım, ağladım!

…Qırx ildir ağlayıram atasını öldürmüş qatil kimi.

Ona ölüm məni tamarzı qoyan

qəpik-quruşdan gəlmişdi!

 

Və oxucu da bilir ki, şairin könlü o vaxtdan – atasının əmanət etdiyi payızdan sonra açılmadı:

 

Köhnə tüfəngdi, paslanıb,

Açılmaz könlüm, açılmaz!

…Yiyəsi ölmüş qapıdı,

Açılmaz könlüm, açılmaz!

 

Saday Şəkərli həyatın ağ üzü ilə qara üzünün vəhdətindən yaranan gözəgörünməzliyi – fəlsəfəni başqaları kimi pərdəyə bürüyüb görüntüləmir, o, hər şeyi olduğu kimi şeirləşdirir. Filosof qardaşı Əmrahın xatirinə yazdığı lal üsyanda deyir:

 

Qardaşımın tabutundan sallanmışdı kənd…

…beş ev o tərəfdə mahnılar qucaqlamışdı kəndi.

(var-yox, olum-ölüm, ağ-qara, yaxşı-pis…İradə A.)

Alimi ağa büküb haqqa qovuşduracaq,

Nadanı ağa büküb soyunduracaqdılar…

 

Düşündürücüdür: son mənzilə və ilk mənzilə (zifafa) ağa büküb aparırlar insanları.Yeddi rəngin qənimi, yeddi rəngin atası-anası ağa. Bu ağ rəng nə demək istəyir bəşəriyyətə? Bəlkə elə hamınız məndə itəcəksiniz, yox olacaqsınız, ismarışı göndərir… Hər halda, şair də bu ismarışı eşidir, əksəriyyətin görmədiyini görür, lakin gözəgörünməzin sirrini çözə bilmir. Və həyat elə bu sirdən davamına varır…

Ümumiyyətlə, kitabda yer alan şeirlərin heç birinin üzərindən düşünmədən keçmək olmur. Hər bir sətir ayrı-ayrılıqda “məni sinirə bilirsənsə sinir”, “düşün”, “həyatı gör”, deyir:

 

Ahlarımız düşdü şərə,

Günah dağıldı bəşərə,

Tanrılar töküldü Yerə,

Bizdən ibarətdir Allah!

 

Bu bənddə şair nə demək istəyir? Burada qədim yunan mifologiyasının cücərtiləri görünsə də, cəmi dinlər birləşir və yeni bir fəlsəfə göyərir. Adəmi xəlq edən Xaliqdən sonra Adəm xəlq etməyə can atdı – Həvvanı yaratdı. Həvva neynədi, günah işlədi, onların hər ikisi Cənnətdən qovuldu. Və bu asilikdən sonra (yenidən dönür yunan mifologiyasına) Allah(lar) paklıkda qala bilmədilər yerə tökülüb insan oldular – Cənnətin bakirəliyi pozuldu…

Örnək gətirdiyim bu şeirdə şair sufizmi (“səsdən ibarətdir Allah”), hürufizmi (“Sözdən ibarətdir Allah”), hətta hər iki cərəyanı inkar edən satanizmi (Gözdən ibarətdir Allah”. Satanistlər onların inandıqları qüvvənin hər yerdə gözü olduğunu, göz olduğunu iddia edirlər) də bir araya gətirməklə, insanlara “birləşin”, “dinlərə, dillərə bölünməyin, sonda hamımızın Allahı birdir, hamımız – hər şey Allahdan ibarətdir” mesajı göndərir!.

Müasir ədəbiyyat adamları iki yerə ayrılır: folklora  bağlı olub, sələflərin  göstərdiyi cığırla addımlayanlar və o cığırı inkar edərək yeni yol axtaranlar. Əslində bunların hər ikisi haqlıdır. “Dünənə boylan, sabaha addımla”, “Kökündən boy at” və “yarat” iddiaları qarşı-qarşıya durur. Saday Şəkərli hələ sovet dönəmindən bu günə yol gələn bir söz adamı kimi yenə də ən doğru olanı seçir, o, şifahi ədəbiyyatdan qanad alsa da, yazılı ədəbiyyatı yaradır. Onun “Sulduz əmi” adlı gərayılısı bu örnəyə bariz nümunədir:

 

Sən bilirdin mən dəliyəm,

Nə uymuşdun mən dəliyə?

Sığışmırdın bəndəliə,

Bəndə öldün, Sulduz əmi!

 

Və yenə də bəndənin bir trayektoriya üzrə fırlandığını və sonda gəldiyi – yaradıldığı yerə döndüyünü görürük. Kim olursan ol, Tanrının hüzuruna bəndə kimi gedəcəksən!

Kitabda sevgi şeirləri də yer alıb. Amma bu şeirlər yaralıdır, şairin yaralanmış ömrü kimi:

 

Yazına çatmadım, gülüm,

Qışında xoş gördüm səni!

…ürəyimin yaralanmış

Başında xoş gördüm səni.

 

 

“Tazə ahlar təsəlli” – bir şeirdəki bu misra oxucunu məğribdən məşriqə qədər aparır, yenidən öz nöqtəsinə qaytarır və elə qaytarır ki, bu fırlanmalar yer kürəsinin hərəkətinə bənzəyir: fırlanırıq, fırlanırıq, amma hiss etmirik. Sevirik – yenisi gəlincə! Ayrılırıq – yenisi gəlincə! Aglayırıq – yenisi gəlincə! Ah çəkirik – yenisi gəlincə! Hər şey başlanğıcına dönüncə təsəlli yaradır. Deməli, Ölüm özü də təsəllidir, yenisi gələcək!

Şairin vətənə həsr etdiyi şeirlərdən örnəkləri şərhsiz verirəm:

 

Bu zalım nə gözəl qumar oynayır,

Mən səni qumarda uduzdum, Vətən!

***

Bir oba yurdum olmadı,

Bir qəbir Vətənim olsun!

***

Başıma çəkib yatdım

ulduzlu gecələri,

Qeyrətimi yuxu apardı!

Qız gəlinləri yağı apardı!

***

Zatən işğal olmuş məmləkətimdə,

Gör neçə əsrdi qanun işləmir!

***

Vətəndi dağ kimi çarpaz çapılır,

Təslim yaşamaqdan ölüm gözəldir!

 

Saday Şəkərli yaradıcılığında Allah obrazı çox qabarıqdır. Bəzən oxucuya elə gəlir ki, şair Yaradana üsyan edir, Yaradanı danır, Yaradan kül olur (“Sözün dərdi ağırdı, …papiros oddadığım közün dərdindən betər. Saday Ş.), lakin:

 

Mənim heykəlimi adam kimi düzəldin,

Altından yazın ki, Allaha baxır!

 

– Allahda ucalır!

 

“Lənətlənmiş Cənnət” şeirlər kitabının ikinci hissəsi eyniadlı poemadan ibarətdir. Adından göründüyü kimi, poema şairin Cənnətindən – Vətənindən bəhs edir. O vətənini vəsf etmir, mədh də etmir, qınamır da… o vətəninə ağı deyir! Yetmiş il yağı əsarətində olan və yetmiş ildən sonrakı vətəninə ağı deyir. O ağıda övladın ilk olaraq Vətən deyə tapındığı Ata var, Ana var, ocaq var və Azərbaycan var!

 

İndi mən

Dünyanın bakirəliyinin pozulduğu yerdəyəm…

 

…Gəlinlər zəhərlənmiş ölü körpələr doğur,

 

…döşündə süd qurumuş ana zillət içində!

 

…mənə, sənə Ölüm hökmü!

 

Bir ovuc dənə Ölüm hökmü!

 

Taxta vaqonlu qatar…

 

…bu ölüm insanları ayrı ölümə aparır!

 

…Baxtını Tanrı əymişdi,

Sifətini Müharibə!

 

Gətirdiyim örnəklərdə biz Sovet işğalını, sürgünləri, müharibəni, ölümləri görürük! Axı o illəri geridə qoyduq, yenə də məğrib-məşriq-məgrib. Yenə də “tazə ahlar təsəlli”miz olacaq və:

 

Dumana bürünüb dünya,

Tanklar keçir sevgili şeirlər oxuyan

Körpələrin üstündən!

 

Yanvarı da adladacağıq:

 

Kəsilib də

Süngüyə taxılmış körpə başı deyir ki,

Mən elə bilirdim Sənəm, İlahi!

 

(Yenə o dörd yaşlı suriyalı cocuğu xatırladım. Tüfəng qarşısında dilə gələn cocuğu: “Hər şeyi Allaha deyəcəm, əmilər!”)

 

Sənin əllərinlə çəkilir tətiklər,

Sənin əllərinlə güllələr atılır. (“Bizdən ibarətdir Allah!” Saday Ş.)

Bu qılınc da sənin əllərinlə ayırdı

Başımı bədənimdən!

 

26 Fevralı – Xocalını da adlada biləcəyikmi? Əsla yox! Ona görə yox ki, indi… axı indi azadıq(?!).

Poemanın ardını oxuyaq:

 

Bu gün xəbər fətir kimi yayıldı,

Bir oğraş zorlayırmış cənnətini,

Vətən anamdır deyib!

 

Və bu gün yenidən işğalda olan Vətən öz oğlunun əlləriylə zorlandı! Elə buradaca mən “Lənətlənmiş Cənnət” adından imtina etdim! Bağışlasın müəllif. Bu Cənnət Tanrının yaratdığı cənnət idi. Axı Tanrını biz yerə endirdik (“Bizdən ibarətdir Allah!” Saday Ş.)! Tanrının Cənnəti Tanrı qarğışı olmadan necə lənətlənə bilər?!  Demək ki, “Vətən öz oğlunun əlləriylə zorlandı”! Cənnət zorlandı!

 

Sənə süd verən adamı

necə atıb qaçdıq,

arvadını, anasını, qızını atıb qaçan,

namusunu, qeyrətini itirmiş bir oğraş kimi

Kəlbəcəri, Laçını, Şuşamızı, Ağdamı…

 

… Qoy girsin yuxusuna Bəxtiyarın, Ulutürkün!

 

…İşğaldadır qara gözlü, qara qanlı Vətənim!

Namusumuz, qeyrətimiz işğaldadır!

Avarlar da, ləzgilər də, talışlar da, udinlər də,

Heyrətamiz işğaldadır,

Hələ kürdlər, hələ tatlar….

 

Poemanın bu yerində şairə yüz kərə “Əhsən!” dedim! Bu dərd, bu işğal Azərbaycan xalqının dərdi, işğalıdır. Bəzi millətşüvənlər kimi Saday Şəkərli də millət adından şüvən salsaydı, bu kitabın şərəfinə əlimə qələm almazdım. Şair tolerant bir ölkədən bəhs edir, şair Azərbaycanın hər birimizin vətəni olduğunu deyir. Sovet işğalından tutmuş bu günə qədər bu ölkədə şəhid verən avarları, ləzgiləri, talışları, udinləri, kürdləri, tatları və s. bir olmağa, Vətən üçün Pir olmağa çağırır və deyir:

 

Adəmnən də o yana yol var deyirlər,

Havadı, sudu, bir də torpaqdı.

Allahdı əzəlimiz, sonumuz,

Allahdı!

Allahdı!

Allahdı!

 

 

Onu da qeyd edim ki, şairin bundan əvvəl 12 kitabı işıq üzü görüb. Azərbaycanlılarla yanaşı, Saday Şəkərli şeirlərini ruslar, başqırlar, ingilislər, Anadolu türkləri öz dillərində oxuyur. Ərəb-fars qrafikasında yazıb-oxumağa məhkum edilən həmvətənlərimiz isə elə həmin qrafikada oxuya bilirlər. “Lənətlənmiş cənnət” şairin sayca on üçüncü kitabıdır. On dördüncü kitab da işıq üzü görüb. Lakin doğuşu ilə anasının qətlinə (iraq ölümdən) səbəb olan körpələrə bənzədi yeni kitab. Bu kitabdan sonra şair azadlıqdan məhrum edildi:

 

Dünən Nəsiminin hüzurundaydım,

Bu gün azadlığın türməsindəyəm!

 

Yox, yox, düşünməyin ki, azadlığın türməsindədir, xeyr! O:

 

…Hər yerdə polisin güc zopası var,

Cəhd elə, sən də bir şairi qoru!

Ramiz Mehdiyə məktub

 

Həqiqətən də polis zopası ilə tutulub və türmədədir.

 

Anam da yuxuma girib, deyirdi –

“Nə yerdən baxıram, tüstülənirsən!”

 

Şair aşağıdaki misraları bu gün üçün yazıb sankı… Bu günündə şairin “dost” dedikləri susur…

Arıtək başıma yığışan, dostlar,

Bəlkə bir günahım var, qaçırsınız???

 

Bir həqiqət də var: şairi zindan güclü, əzmli edir, zindan yaradıcılığın cilasıdır.

O, daha cilalı şeirləri ilə geri dönəcək!

 

 

İradə Aytel

 

“Cümhuriyyet” qəzeti 26 yanvar 2016

Yazıya 1296 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.