Tortu başıma çırpsaydı… Brilyant Ramazanqızı yazır…

Məktəblər açılır. Yeni tədris ilimiz xeyirli və uğurlu olsun!

Dərslər hələ başlamamış, valideynlərin “müəllim rüşvət yığır” deyə paylaşdıqları videolar və statuslar gündəmi zəbt edib. Mən həm müəllim, həm də valideyn kimi bu məsələyə yanaşmaq istəyirəm.

Müəllim kimi baxışım:

Təəssüf ki, bəzi “müəllim”lər xüsusi günlərdə şagirdin əlini güdür, kim az pul və ya hədiyyə verirsə, hətta arxasınca danışır. Müəllimin əmək haqqı az olsa belə, şagirddən rüşvət ummağa haqqı yoxdur. Biz müəllimliyi valideynlərin məsləhəti ilə seçməmişik. Bir manat rüşvət alan müəllim sinifdə şagirdlərin qarşısında gözü kölgəli olur və çox vaxt şagirdlərin qüsurlu davranışlarına da göz yumur. Valideynlər isə belə müəllimi zəif görüb hər xırda məsələ üstündə məktəbə hücum çəkirlər.

Öz təcrübəmdən nümunə: oğlum ibtidai sinifdə oxuyanda müəlliminə 5 AZN məbləğində pul toplamaq istədilər. Müəllim isə “mən ölü yeri pulu yığmıram” deyərək bundan imtina etdi və biz, səhv etmirəmsə, 10 manatdan yığıb verdik. Bir dəfə isə bayramda uşaq əl çəkmədi ki, hamı müəllimə pul verir. Pulum olmadığı üçün tort bişirib apardım. Müəllimin qaş-qabağı yerlə gedir, iynəli sözlər söyləməkdən də çəkinmirdi. Tortu başıma çırpsaydı daha yaxşı çıxardı…. Mən ona hüquq və vəzifəsini xatırlada bilərdim, amma uşağım incidilməsin deyə susdum…

Valideyn kimi baxışım:

Əslində mənim susmağımın səbəbkarı valideynlərin özləri idi. Hamı bir nəfər kimi rüşvət verməsə, valideyn komitəsi yaltaqlıq etməsə, cibidolu valideynlər özünü reklam etməsəydi, mən də haqqımı tələb edərdim. İndi soruşuram: bu məsələdə günahkar kimdir? Valideyn komitəsindən niyə qorxursunuz? Hamı bir nəfər kimi rüşvət verməsə, müəllim nə edə bilər ki? Sizə qarşı məhkəməyə müraciət edəcək?

İyirmi-otuz valideyn birləşib eyni sözü deyə bilmirsə, onda görün müəllim neynəsin. Axı müəllimlər hər növ təfəkkür və xislətə sahib yüzlərlə valideynlə işləmək məcburiyyətindədir…

 

Yazıya 18 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.