Müəllimlər şagirdlərin gözündə zəif fiqura çevrilir – Brilyant Ramazanqızı yazır…

Təhsil nazirimizin təhsildəki bütün çatışmazlıqları müəllimin səhvi kimi görməsinə qısaca münasibət bildirmək istəyirəm: üç fənni əsas fənn elan edərək “şah-padşah” kimi qələmə verən Təhsil Nazirliyidir – müəllimlər deyil. Qalan fənnlər isə əsas fənn adlandırılmadığı üçün şagirdlər tərəfindən nə ciddiyə alınır, nə də öyrənilir.

Şagirdlərin savadsız qalmasının səbəbkarı müəllim deyil, fənnlər arasında ayrıseçkilik edən sistemdir. İndiki şagird Nizami Gəncəvini belə tanımır, çünki Təhsil Nazirliyinin ciddiyə aldığı yalnız riyaziyyat, Azərbaycan dili və xarici dil fənnləridir.
Aydın məsələdir ki, insan hər hansı bir məqsədə çatmaq üçün əvvəlcə psixoloji cəhətdən hazır olmalıdır. Şagirdlər də psixoloji olaraq yalnız üç fənndən keçid balı toplamağa çalışırlar.
Üç “padşah” fənndən başqa bəzi şagirdlər seçdikləri ixtisasa uyğun iki-üç fənni öyrənir. Geridə qalan fənn müəllimləri isə səsini çıxara bilmir. Şagird konkret müəllimin üzünə: “Bu fənn mənə lazım deyil! Nə üçün öyrənməliyəm?!” – deyir. Şagird davranışındakı xaos da məhz bu səbəbdən qaynaqlanır. Dərsə hazır olmayan şagird 45 dəqiqə nə etməlidir? Təbii ki, səs-küy salmalıdır.
Müəllimə olan mənfi münasibət də əsasən bu səbəbdən yaranır. “Gərəksiz fənn” müəllimi onsuz da əsas fənnlərdən yaxşı oxuyan “əlaçı” şagirdə yaxşı qiymət verməyə məcbur qalır. Nəticədə müəllim şagirdin gözündə “nə etsəm də, onsuz da qiymət yazacaq” – düşüncəsi ilə zəif, hüquqsuz bir fiqura çevrilir.
Fənnlər arasında yaradılan “əsas – ikinci dərəcəli” bölgüsü şagirdin dünyagörüşünü daraldır, müəllimi isə şagirdin qarşısında nüfuzdan salır.
Şagirdə “bu fənn lazım deyil” mesajını verən sistemdirsə, dərsdə maraqsızlıq, intizamsızlıq və hörmətsizlik də həmin sistemin nəticəsidir.
Müəllim motivasiyası, fənnə yanaşma və tərbiyə bir zəncirin halqalarıdır; zəncirin qırıldığı yer müəllim deyil, təhsil siyasətidir.

 

Yazıya 30 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.