PROESSOR İNTİQAM HİLAL OĞLU CƏBRAYILOV – 65

İnsanı ucaldan, şöhrətləndirən  onun xoş əməlləri, təhsildə, iş yerində, cəmiyyətdə üzərinə düşən vəzifələri cani-dildən yerinə yetirməsi, vətənpərvərliyi, xeyirxahlığıdır. Öz həyat-tərzləri və fəaliyyətləri ilə müsbət mənada fərqlənənlər cəmiyyət tərəfindən bəyənilir, ailə tərəfindən sevilir. Əxlaqı gözəl olanlar, adətən  diqqət mərkəzinə gətirdiyimiz məziyyətlərə sahiblənirlər.

Həzrəti Məhəmməd peyğəmbərin hədislərinin birində deyilir ki,  əxlaqı gözəl olanları fərqləndirin.

Əxlaqı gözəl olanlardan biri də İntiqam Hilal oğlu Cəbrayılovdur.

İntiqam müəllim kimdir? Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi, Turan Elmlər Akademiyasının həqiqi üzvü, akademik.

İ.H. Cəbrayılov Azərbaycanımızın Neftçala rayonunun Xolqaraqaşlı kəndində dünyaya gəlmiş, kənd məktəbində təhsil aldıqdan sonra, sənədlərini Azərbaycan  Dövlət Pedaqoji Universitetinə vermiş,  tarix-hüquq-ictimaiyyat fakültəsinə qəbul edilmişdi. Ali təhsilini başa vurduqdan sonra doğma kəndinə qayıtmış, kənd məktəbində pedaqoji fəaliyyətə başlamışdı. Pedaqoji aləmdəki yeniliklərdən bəhrələnən,  müəllim-şagird münasibətlərini səmərəli quran,  dərslərində nəzəri və metodik hazırlıq nümayiş etdirən, məktəblilərlə Azərbaycan tarixi üzrə sinifdənxaric tədbirləri yüksək səviyyədə təşkil edən İntiqam müəllim təhsilalanlarda həm  təlim prosesinə, həm də təlimdən sonrakı məşğələlərə, tədbirlərə maraq oyadır, onların sevimlisinə çevrilirdi. Rayonda qabaqcıl, təcrübəli və novator müəllimlərdən söz düşəndə İntiqam müəllimin də adı birincilər sırasında çəkilirdi.

İntiqam müəllim yaradıcı şəxs idi, daim axtarışdaydı. “Azərbaycan müəllimi” qəzeti, “Azərbaycan məktəbi” jurnalı əlindən düşməzdi. Azərbaycan tarixinə, ümumi tarixə, xarici ölkələr tarixinə dair materiallar toplayır,  onları sistemləşdirir, öyrənir, zəruri məlumatları dərslərdə, sinifdənxaric tədbirlərdə şagirdlərə çatdırırdı.

İntiqam müəllimdə tədqiqatçılığa maraq və meyl getdikcə güclənirdi.  Bu maraq və meyl onu Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna (hazırda Təhsil İnstitutu) gətirib çıxardı. 13.00.01 – pedaqogika nəzəriyyəsi və tarixi (hazırda 5804.01 – ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi) ixtisası üzrə əyani aspiranturaya qəbul edildi. Yuxusuz gecələri, narahat gündüzləri başladı.

Kənddə müəllim işləyəndə maaşı yaxşı idi, ata evində yaşayırdı. Şəhərin də öz problemləri var. Vaxtilə müxtəlif rayonlardan elmi işlə bağlı Bakıya gələn   biz  professorların bir çoxu bir sıra çətinliklərlə qarşılaşmışıq. İşə girmişiksə maaş az olub, aspiranturaya daxil olmuşuqsa – təqaüd az olub. Üstəgəl kirayədə qalmaq. Yeməyi özünün  hazırlamağın, pal-paltarını özünün yumağın.

İntiqam müəllim də bu çətinliklərlə üzləşib. Bir ara hətta aspiranturanın qiyabi şöbəsinə keçərək kəndə qayıtmaq barədə fikirləşib. Fəqət dözüb, tablaşıb. Çətin olsa da.

Dissertasiya mövzusu “Tarixi abidələr  şagirdlərdə milli mənlik şüuru formalaşdırmağın vasitəsi kimi”  müəyyənləşdirildi. Mən də ona elmi rəhbər təyin edildim.

Mən təxminən 40 nəfərə qədər elmlər doktoru və fəlsəfə doktoru yetişdirmişəm. Elmi məsləhətçiliyim və elmi rəhbərliyimlə onlarla şəxs müdafiə edib elmi dərəcə almışdır. Bu qırx nəfərin içərisində pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar müəllim  İntiqam Cəbrayılov öz dəsti-xətti, çalışqanlığı, elmi-pedaqoji fəaliyyəti ilə seçilir. Özü də bir neçə fəlsəfə doktoru və iki nəfər elmlər doktoru yetişdirmişdir.

İntiqam Cəbrayılov 1994-cü ildə dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, pedaqoji elmlər namizədi (hazırda pedaqogika üzrə fəlsəfə doktoru)  elmi dərəcəsi aldı.

O,  yaxşı tarix müəllimi və səriştəli tədqiqatçı kimi özünü təsdiq edib. İnstitutda çalışa-çalışa ali təhsil müəssisələrində (Bakı Qızlar Universitetində, Azərbaycan Dillər Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində) ümumi tarixdən, Azərbaycan tarixindən mühazirələr oxuyur, seminar məşğələləri keçirir.

İntiqam müəllim mənim müdir olduğum Ali və orta ixtisas təhsilinin nəzəri problemləri şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışmağa başladı (2001-2008-ci illər). Həm də elmlər doktoru proqramı üzrə şöbənin doktorantı oldu. Bu dəfə  dissertasiya mövzusu tarixin tədrisi metodikasına aid idi: “Pedaqoji təmayüllü ali məktəblərdə Azərbaycan tarixi tədrisinin nəzəri və praktik problemləri”.

Doktorluq dissertasiyası yazmaq son dərəcə böyük məsuliyyət tələb edir. Ona görə də  ciddi araşdırmalara başladı. Tədqiq etdiyi problemin həm nəzəri, həm də təcrübi məsələlərini əks etdirməyə çalışdı, çoxsaylı elmi ədəbiyyatı, tarix dərsliklərini, nəzərdən keçirib qeydlər götürdü, tədqiq etdiyi problemlə bağlı ali məktəblərdə mühazirə və seminar məşğələlərini müşahidə etdi, eksperiment qoydu, elmi fərziyyəsinin doğruluğunu yoxlamağa başladı.

Nəhayət, 2007-ci ildə  doktorluq dissertasiyasını müdafiə etdi. Tarixin tədrisi metodikası ixtisası üzrə  elmləri doktoru oldu. Qeyd etmək lazımdır ki, bu ixtisas üzrə respublikamızda cəmi 2 elmlər doktoru var. Biri Mübariz Əmirov, ikincisi İntiqam Cəbrayılov.

İllər ötüb keçdi. İntiqam müəllim xoş xatirələr yaşadaraq, uğurlarının sayını artıraraq!

İntiqam müəllimin tədqiqatları mühüm problemlərin araşdırılımasına həsr olunub. Fikir verək: Heydər  Əliyev irsində Azərbaycan tarixinin tədqiqi və tədrisi məsələləri; təhsilimizin inkişafında Heydər Əliyev mərhələsi; Azərbaycanın dövlətçilik  tarixinin tədrisi problemləri; Azərbaycan tarixi fənni üzrə təhsil standartlarının hazırlanması; milli mənlik şüurunun formalaşdırılması; tarix ixtisası üzrə  müəllim kadrların hazırlığı məsələləri; Azərbaycan tarixinin   tədrisi keyfiyyətini yüksəltməyin şərtləri;  Azərbaycanın yeni və ən yeni dövr tarixinin tədqiqi və tədrisi məsələləri; Azərbaycan tarixşünaslığı və vətən tarixinin tədrisi məsələləri; ali məktəblərdə Azərbaycan tarixi təliminin müasir problemləri; tarixin tədrisində diyarşünaslıq materiallarından faydalanma; tarixin tədrisində islam dəyərlərindən istifadə; tarixi təfəkkürün metodoloji xüsusiyyətləri; tarix fənninin təlim strategiyaları, şəxsiyyətyönlü təhsil və şəxsiyyətin formalaşdırılması   və s.

Professor İntiqam Cəbrayılov Azərbaycan Respublikasının Təhsil İnstitutunda Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiridir. Şöbə əməkdaşlarının elmi-tədqiqat yaradıcılığı yalnız institut üçün deyil,  həm də   təhsil sahəsindən ötrü əhəmiyyətlidir.

İntiqam Cəbrayılov elmi-tədqiqatla məşğuldur,  doktorant və dissertantlara elmi rəhbərlik edir, dissertasiyaların müdafiəsi zamanı tez-tez rəsmi opponent olur.

O vaxtilə respublikada pedaqoji və psixoloji tədqiqatları əlaqələndirən Pedaqogika  və Psixologiya Problemləri üzrə Elmi Şuranın sədri vəzifəsini daşımış (2014-2019);  bir müddət ARTPİ-də  fəaliyyət göstərən dissertasiya şurasının elmi katibi, sonrakı illərdə  dissertasiya şurasının  nəzdindəki elmi seminarın elmi katibi, eyni zamanda Təhsil Nazirliyinin elmi-metodik şurasının pedaqogika və psixologiya bölməsinin elmi katibi, “Azərbaycan məktəbi” jurnalının məsul katibi (2000); BDU-nun və ADPU-nun  nəzdində müxtəlif vaxtlarda yaradılmış birdəfəlik dissertasiya şuralarının üzvü; Azərbaycan tarixi və ümumi tarix fənləri standartlarını hazırlayarkən milli məsləhətçi və işçi qrupunun sədri olmuşdur.

Bundan başqa,  şagirdlər arasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” respublika müsabiqəsində  münsiflər heyətinin üzvü;  respublika  təhsil işçilərinin  sentyabr konfranslarında Təhsil Nazirliyinin nümayəndəsi kimi iştirak etmiş, bir neçə il tələbələrin respublika konfransında tarix bölməsi üzrə ekspert komissiyasının;  üzvü olmuşdur. O, tarix fənni üzrə respublika fənn olimpiadasında komissiya üzvü, “İlin müəllimi” müsabiqəsində ekspert olmuşdur.

İ.H. Cəbrayılov respublikanın Əməkdar müəllim, Turan Elmlər Akademiyasının həqiqi üzvüdür, “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə  təltif olunmuşdur.

İntiqam müəllimin zəngin elmi yaradıcılığı vardır. 3 dərs vəsaitinin, 10 monoqrafiya və kitabın, 8 metodik vəsaitin, 48 fənn proqramının, 8 metodik tövsiyənin və 119 elmi məqalənin, 80-a yaxın konfrans materialının və topluda məqalənin müəllifidir.

Professor İntiqam Cəbrayılovun son 5 ildə 60-dan çox əsəri (monoqrafiya metodik vəsait, metodik tövsiyə, məqalə, tezis) çap edilib.

“Azərbaycan tarixinin tədrisi metodikası”, “Pedaqoji təmayüllü ali məktəblərdə Azərbaycan tarixi tədrisinin nəzəri və praktik problemləri”, “Şəxsiyyətyönlü təhsil və vətəndaş cəmiyyəti”, “Müasir təhsil: axtarışlar və perspektivlər”, “Təhsilin modernləşdirilməsinin elmi-nəzəri problemləri” (həmmüəlliflərlə), “Müasir təhsilə innovativ yanaşmalar” (həmmüəlliflərlə),  “Müstəqillik dövründə Azərbaycan təhsili: nəzəri və praktik aspektlər” (həmmüəlliflərlə),  “ Təhsilin təşkilinə müasir pedaqoji yanaşmalar” monoqrafiyalarını;   “Azərbaycan tarixi: Ali məktəblər üçün mühazirə mətnləri”,    “Əqli mülkiyyət mədəniyyətinin nəzəri və pedaqoji əsasları: magistrantlar üçün (K.V. Mikayılova ilə), “Azərbaycan tarixi: Abituriyentlər üçün dərs vəsaiti”   (T.M. Məmmədovla)  dərs vəsaitlərini nümunə göstərmək mümkündür.

Son kitabları:  “Ehtiyat dərsliklərin hazırlanmasının ümumpedaqoji məsələləri” (həmmüəlliflə) (2023), “Ümumtəhsil məktəblərində tərbiyə işinin təşkili (həmmüəlliflə) (2023), “Şagird nailiyyətlərinin qiymətləndirilməsinin pedaqoji əsasları” (həmmüəlliflə)  (2023), “Şuşada məktəb və pedaqoji fikir (“həmmüəlliflə) (2024).

İntiqam müəllim yaxşı ailə başçısıdır.  İki övladı, iki nəvəsi vardır. Qız nəvəsinə şeir yazmış, mahnı bəstələtdirmişdir.

Biz professor İntiqam Hilal oğlu Cəbrayılovun həyatının və elmi-pedaqoji fəaliyyətinin bəzi məqamlarına diqqət yetirdik.

Mən elm sahəsində yetirməm olan İntiqam müəllimlə fəxr edirəm. O, mənim ümidlərimi doğrultmuş, pedaqoji  elmin zirvəsinə qalxmışdır.

Mən yetirməm pedaqogika elmləri doktoru, professor, əməkdar müəllim Turan Elmlər Akademiyasının həqiqi üzvü  İntiqam Hilal oğlu Cəbrayılovun 65 illik yubileyini salamlayır və üzümü ona tutaraq deyirəm:  65 yaşın mübarək, İntiqam müəllim!!!

Akif Nurağa oğlu  Abbasov,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi,

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim

Yazıya 11 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.