YAXŞI Kİ VARSAN, EMİN!

eminyaxsiAdam var, fəza kimidir; içində günəş yanır, səyyarələr dövr edir, meteoritlər uçuşur… Bu yazımın qəhrəmanı “fəza adam”dır – “fəza adamı”dır. O, Emin Piridir! Onun içindəki günəşi, səyyarələri, meteoritləti kəşf etmək üçün astronom olub, illərcə tətqiqatlar aparmaq lazım deyil, yazdığı şeirlərlə tanış olmaq kifayətdir. Bu şeirlərlə mən də tanış oldum. Nə yaxşı ki, tanış oldum! Bu şeirlər məni (bir neçə anlıq da olsa) dünyadan uzaqlaşdırıb, qəribə bir aləmə apardı; Tanrısı da, insanı da, yeri də, göyü də SÖZ olan qəribə bir aləmə! SÖZdən yaranmış insanları, SÖZdən qurulmuş şəhərləri gördüm o aləmdə! Yağışında islandım… payızının tərtəmiz ətrini ciyərlərimə çəkdim… qırmızı, sarı, narıncı yarpaqlarının xışıltısını eşitdim… o aləmin!
Emin Piri nədən yazır? Ağıllı-başlı adamı düşündürə biləcək hər şeydən! Həyatdan, ölümdən, sevgidən, Tanrıdan, şeytandan, mələklərdən… yazır Emin Piri. Və insan qəlbinin sarı siminə toxunur, insanı düşündürür, ruhu zərgər kimi naxışlayır Emin Piri. Ruh yolçusudur, ruh səyyahıdır, ruhşünasdır – Emin Piri. Onun yaradıcılıq üslubunda təzəlik, mütərəqqilik var. Yaradıcılıqda yenilikçilik labüddür, vacibdir. Məncə, şair oxunmaq, sevilmək, yadda qalmaq istəyirsə, zəruri şəkildə köhnəlikdən imtina etməli, özünə yeni yol, yeni cığır açmalıdır.
Bütün şair və yazıçılar ədəbiyyatda qalmaq istəyir, amma ədəbiyyat öz “əbədi”lərini özü seçir. Ədəbiyyat duruluğu, diriliyi sevir. Və Emin Pirinin şeirləri kifayət qədər durudur, diridir. Bu şeirlər “əbədi”lərin sırasında dayana biləcək ciddi bir iddiaçının ədəbiyyata gəldiyini sübut edir.
Çağdaş oxucu öz şairindən novatorluq istəyir, uydurma qafiyəçiləri, süni pafosçuları qətiyyətlə rədd edir. Bəzi “şairciklər” – “köhnəliyin sınıq-sökük divarlarını bürümüş kif göbələkləri” hardan bilir novatorluq nədir? Novatorluq – hələ heç kimin demədiyi sözləri deyə bilməkdir, sözə yeni poetik rəng, yeni poetik nəfəs verməkdir!
“…Dayan…
Baxım görüm döyən kimdi,
ürəyim yaman döyünür.
Xoş gəlir
bu gələn
sənsizliyə oxşayır…
Sənə demişdim də…
Sənsizlik
“Sən” “Siz” olanda başlayır…”
(“H2O”)
Və yaxud:
“Kim sənə desə dərdini çəkim
İnanma –
dərd nəm deyil,
ürək duz”
(“Dərdini ağacdan as”)
Bax, budur sözün yeni poetik rəngi, yeni poetik nəfəsi! Nə qədər təzə, nə qədər sadə və nə qədər uğurlu deyimlər!
Emin Pirinin “Leytenantın gündəliyindən” silsiləsini kədərsiz, həyəcansız oxumaq mümkün deyil. Şair müharibənin dəhşətini, insanların acınacaqlı, kədərli taleyini, onların hiss və həyəcanını yaddaqalan, lirik lövhələrlə əks etdirir.
“… danlayır özünü hər səhər-axşam
əlini başına, dizinə çırpır:
o qaldı cəbhədə,
mənsə qayıtdım
ayağım özümdən qeyrətli çıxdı.”
(“Ayağım özümdən qeyrətli çıxdı”)
Və yaxud:
“Görüşəndə
sevgilisinin əlində
gözü axtarardı
ona veriləcək gülləri.
İndi
kitabları arasında qurutduğu
gül ləçəklərində axtarır
sevgilisinin cəbhədə itirdiyi əlləri…”
(“İtirilmiş əllər”)
Və yaxud da:
“Çətin keçib uşaqlığım,
ayaqqabım yırtılardı
böyüyəndə ayağım.
Ayağınız böyüməsin deyə
dua etmisinizmi heç?!
Uşaqlıq illərim asan keçməyib…
Bir az çətin olub uşaq illərim.
Sərhəddin
tikanlı məftilləri kimi görünərdi
kasıb uşaqlarının gözündə
məktəb bufetinin qapısı.
O sərhədi keçə bilmək
bəlkə də həyatımızın
ən böyük inqilabı,
alın yazımıza qarşı
ən böyük üsyan idi.
Anamın erkən ağaran saçlarında
görünürdü
ala bilmədiyi oyuncaqlar.
Taleyin oyuncağına çevrilmişdik.
Bəs hardaydı
Körpələri sevən Tanrı?!
Hindus olmasaq da,
atamızın cibinə görə
bölmüşdülər bizi
sinif otaqlarında
Kastalara.
Dəniz suları okean sularına
qarışmadığı kimi
Bizi qarışdırmazdılar…
Heç də sevgidən udmur
Okean balıqları
Dəniz balıqlarını.
Oynayanda belə varlı uşaqları
Bizi özlərinə yaraşdırmazdılar.
Paltarının yamağını gizlətməkdi
varlıların gözündən
Kasıb uşaqlarının oyunu.
Kişilər ağlamaz deyən anam
yerimə özü ağlardı.
Nağıl söylərdi,
göydən üç alma düşməzdi nağıllarında,
deməzdi bunu anam-
birdən ürəyimiz alma istəyər…”
(“Uşaqlıq illərim asan keçməyib”)
Məncə, əlavə şərhə ehtiyac yoxdur. Gözlərimin qabarmış dalğaları bu şeirlərin ən bariz şərhidir!
Gənc şair bu dünyanın bütün eybəcərliklərini bircə cümlə ilə nə qədər dolğun, nə qədər dərin ifadə edir:
“Şeytan barmağında
ipləri yellənən
beşikdi bu Yer”
(“Oyun”)
Oxuduqca oxumaq istəyirsən bu şeirləri, düşündükcə düşünmək istəyirsən. Doğrudan da, FİKİR və SÖZ – hər şeyin başlanğıcıdır. Fikir adamları, söz adamları müqəddəsdir. Onları sadəcə dərk etmək lazımdır. Dərk etdikcə anlayacaq, anladıqca sevəcəksiniz. Onlar həqiqətən sevilməyə layiqdirlər! Yaxşı ki, onlar varlar! Yaxşı ki, varsan, Emin Piri!!!
CAVİDAN
AYB-nin üzvü, Prezident təqaüdçüsü.

Yazıya 666 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.