Bu gün sözlərinə ən çox nəğmə bəstələnən şair, Baba Vəziroğlu ilə əsasən ədəbi nəsillər arasındakı fərqlərdən danışdıq:
– Baba müəllim, bu gün gənc yazarları ən çox izləyənlərdən biri də sizsiniz. Ümumi götürəndə, onların yazdıqlarında ən çox nə çatışmır?
– Bu çox geniş bir söhbətin, geniş müzakirənin predmetidir. Günlərlə davam edəsi bir polemikadır. Mən bu barədə düşünməmişəm. Bir şey barəsində düşünəndən sonra onun çatışan, ya çatışmayan xüsusiyyətlərini görə bilərsən. Mən o barədə düşünmədiyim üçün sualı cavablamaqda çətinlik çəkirəm. Təbiətin bir əbədi -əzəli qanunu var ki, hər şey yenilənməlidir. Bu Allahın qoyduğu təbi ibir prosesdir. Su da bir an yerində dayananda pis qoxu verər. Bu Allahın qoyduğu bəlli nizamdır. O cümlədən də ədəbiyyat. Mən də cavan vaxtlarında inkarçılardan biri, bəlkə də birincisi olmuşam. Bu çox normal bir şeydir. Ona görə də hərdən gənclər nəyisə, kimisə inkar edəndə mən buna çox təbii baxıram. Amma unutmayaq ki, inkarçılıq yaradıcılıq pillələrində müəyyən bir mərhələdir. Bu mərhələ qədərindən çox davam edərsə artıq pataloji bir xəstəliyə çevrilər. Buna “raxit” xəstəliyi deyirlər. O xəstəliyi olan uşaq böyümür. Uşaq balaca vaxtı gözəl olan cəhətləri böyüyən vaxtı etsə çox gülünc nəticə verər. Bu yazarlarda da belədir. İnkarçılıq mərhələsində deməli olduğu sözləri-filankəs kimdir, yazdıqları qara qəpiyə dəyməz kimi sözləri artıq sonradan deməməlidir. Biz də o mərhələni keçib gəlmişik. Amma görürəm ki, bu mərhələdən qurtula bilməyib “raxit” xəstəliyinə tutulan çoxlu gənclərimiz var. Amma bizim onlarla işimiz yox. Bunlarla paralel olaraq kifayət qədər istedadlı gənclərimiz var ki, onlar artıq həmin xəstəlik mərhələsini geridə qoyublar. Bu gün onların müsahibələrində, yazılarında da bu hiss olunur. Fəza elminə istinad etsək deyə bilərik ki, onlar artıq bütövün tərkib hissəsi olmalarının fərqindədirlər. Vahid Azərbaycan ədəbiyyatının bir parçası olduqlarını anlayırlar.
– Oxuduğunuz gənclərdən nə isə öyrənmək mümkündür?
– Mənim prinsiplərimdən biri də ömrü boyu oxumaq, öyrənməkdir. Ona görə cavanları da bu gün oxuyuram. Klassikləri oxuyanda mənə çox az mətləblər hasil olur. Amma cavanları oxuyanda görürəm ki, yox, bunlardan daha çox şeylər öyrənirəm. Çünki təzə nəfəsdirlər.
– Məsələn, cavan yazarlardan kimləri mütaliə edirsiniz?
– Çoxlarını mütaliə edirəm. Başlayaq elə Şərif Ağayardan. Mən bu gün onu da gənc yazar hesab edirəm. Qan Turalı, Sevinc Çılğın, Emin Piri. Bu dəqiqə yadıma düşmür. Yadıma salasanız yaxşı olar.
– Məsələn, Aqşin Yenisey…
– Aqşin heç də. Mənim dostumdu. Birincilərin sırasına yazılmalıdı. O da, Salam Sarvan da. Amma oxuduqlarım təkcə bunlar deyil. Sadəcə elə bu dəqiqə yadıma düşən müəlliflər bunlar oldu.
– Ədəbiyyatın elektron dünyaya tranformasiyasını necə qəbul edirsiniz? Bu zaman ədəbiyyat nələri itirə bilər?
– Bu təbii bir prosesdir. Artıq köhnə daşıyıcılardan istifadə etmək mümkün deyil. Zorla gözəllik olmaz deyiblər. Hər zamanda, hər dövrdə insanların mənzil başına çatması üçün öz minik vasitələri olub. Ədəbiyyatın da indiki dövr üçün minik vasitəsi də budur. Qabaq yazı ilə, kitab, jurnalla öz məqsədinə çatırdı. A nöqtəsindən B nöqtəsinə gedirdi. Məğz, mahiyyət dəyişməyib. Yenə də yol gedir. Amma bu dəfə başqa vasitələrlə.Yəni, sadəcə forma dəyişimi baş verib. Məsələn, o çağın eşşəyi indi elektron vasitələr olub. Mən ədəbi informasiyanı haradan istəyirsiniz alım, mənim məqsədim budur. Nə fərqi var ki, onu kim satır və harada satır. Bunların hamısı şərtidir. Əsas aldığımız “qida”nın keyfiyyətidir. Sualınızın təxmini cavabı budur ki, məni heç bir vasitə maraqlandırmır. İstəyir elektron vasitə olsun, istər çap vasitəsi olsun, istər lap qədim daş kitabələrdən yazılanlar olsun, istəyir Danagölündə yazılan qədim əlyazmalar olsun. Mahiyyət dəyişmir.
– Amma kitab əfsanəsi də nə zamansa ölənə oxşamır…
– Təbii ki, mən bir konservator kimi kitabın tərəfdarıyam. Amma hər şey dəyişir axı. Yer kürəsi yerində qalmır, fırlanır. Bu gün kitabın bədii informasiya çatdırma dairəsi artıq tükənib. Yavaş-yavaş ümumiyyətlə aradan çıxacaq. Texnologiyanın son nailliyyətləri bütün bazarı əlinə alıb. İstədik-istəmədik razılaşmalıyıq. Razılaşmasaq özümüz uduzacayıq.
– Baba müəllim, bizdə fəaliyyət göstərən yaradıcı təşkilatlar, həmçinin elmi qurum olan Elmlər Akademiyası bu gün hələ də kompüterlərə alışa bilmir. Zamanın gedişi ilə ayaqlaşa bilməmələrinin səbəbi nədir?
– Yuxarıdakı sualda buna da toxundum. Şəxsən mənə -bir az köhnədən qalan insana seçim hüququ versələr, kitabı seçərəm. Amma kitabın da qocalıb ədən düşdüyünü görürəm axı. Praqmatik insan zamanın gedişatı ilə barışmağı bacarmalıdır. Həm də mən yaradıcı təşkilatlarla Elmlər Akademiyasını burada bir yerdə götürmək istəməzdim. Onlar ayrı-ayrı anlayışlardı. Biri sırf alimlərin yığışdığı elmi qurum, o birilər isə yaradıcı insanlardan ibarət birliklərdi.
– Onların kompüterə olan oxşar münasibətinə əsasən bir arada götürdük…
– Başa düşürəm. Ona görə deyirəm ki, bu ola bilsin yaradıcı təşkilatlar üçün o qədər də böyük nöqsan deyil. Amma Elmlər Akademiyası üçün bu hətta cinayət səviyyəsində bir nöqsandı. Çünki bütün elmi kəşflər oradan gəlməlidir. Onlar da bu cür keçmiş həsrəti ilə yaşayanda elmin inkişafından danışmaq olmaz. Təəssüflər olsun ki, Elmlər Akademiyası bu günlər elmdən başqa nə ilə desən məşğul olur.
– Baba müəllim, məhsuldar yazsanız da kitabınız mağazalarda, kitabxanalarda tapılmır. Bir neçə dəfə oxucuların bu barədə şikayətlərinin də şahidi olmuşam. Mən də bir oxucu kimi bu barədə sizdən cavab almaq istərdim…
– Məhrəm hissiyatınızı hiss etdim. Yəni ki, həqiqətən də kitabların olmasını çox istərdiniz. Buna görə də sirrimi açım – bu mənada çox tənbəl insanam. Belə klassik tənbələm. İnanın ki, əldə etdiyim nailiyyətlər, şan şöhrətlərin özüləri gəlib məni tapıb.
Bəzən öz xalqımız haqqında deyirəm ki, Allah nə qədər məzlum xalq olduğumuzu görüb. Görüb ki, nə qədər yazıq, fağır, “başından vur əlindən çörəyini al” olan bir xalqıq. Ona görə də Allahın bizə yazığı gəlib. Görüb ki, bu xalq ümumiyyətlə bir gün xalqların siyahısından silinəcək, itib batacaq, ona görə də bizə hər şey verib. Xüsusi talisman göndərib ki, bizi bəlalardan qorusun, yerin altını da, üstünü də qızıl edib. O qədər torpaq verib ki… Deyib ki, əsrlər boyu itirə -itirə gəlsəniz də yenə də sizin üçün nəsə qalsın. Görürsünüz hardan- hara qədər gəlib çıxmışıq?! Bizə də Yunanıstan, Malta kimi balaca torpaq verilsəydi və onları da itirsə idik, indi harada yaşayacağdıq?! Allah bir az da öz fağır yaratdıqlarını çox sevir. Valideyin şikəst uşağını çox sevir.
İndi özümə keçirəm, təsəvvür edin ki, nəşriyyat, mətbəə əlimizin altındadır. Amma mən o kitabı yığıb nəşriyyata verə bilmirəm. Nəsə belə həvəsim yoxdu e. Bir birinci səbəb-klassik tənbəllik.
İkinci səbəb odur ki, son illər nə yazmışamsa mürəkkəbi qurumamış nəğməyə çevrilib və böyük auditoriyaya tqdim edilib. Təbii ki, o auditoriya ilə müqayisədə kitabın meydanı daha məhduddur. Böyük auditoriyanın sözlərimi sevdiyini, əzbərlədiyini görnədən sonra kitab çığarmağa etiyac görməmişəm.
Moderator.az
Yazıya 628 dəfə baxılıb