Kultur.az Cavidanın şeirlərini təqdim edir.
Tanış olaq, bu mənəm!
Hisslərimdən… utanmıram!..
Eşq…
nifrət…
ehtiras… –
Bu mənəm!
Gizlətmirəm heç nəyimi!
Birdir üzüm, astarım!
“Nəsənsə, o cür də ol!” –
budur mənim şüarım…
Mən yalanı sevmirəm!
Qəşəng, şirin yalandan
yüz min dəfə yaxşıdır
çirkin, acı həqiqət!
Məni qəzəbləndirir üzəvari ibadət,
üzəvari itaət!
Gizlətmirəm tərzi-həyatımı,
fikrimi,
sözümü…
Barama qozasında gizlənmiş tırtıl kimi
gizlətmirəm özümü!
Mən su kimi şırıl-şırıl axıram,
cığırıma düşmən daşı dolsa da!
Mən günəşin düz üznə baxıram
parıltısı gözlərimi yolsa da!
Külək kimi əsirəm,
yarpaq kimi əsmirəm!
Mən təklikdən qorxmuram, –
taleyimdən küsmürəm!..
Döyüşkəndir,
dəyişkəndir
içimdəki duyğular! –
Dörd fəsiləm:
baharım var…
yayım var…
payızım var…
qışım var…
Aşinamdır poeziya və şərab…
Məhəbbətdir fəlsəfəm! –
Bu mənəm!!!
Dalğalar
Sevgilim, küləklə çarpışır dəniz,
dalğalar qıvrılır saçların kimi.
Gəzirəm sahili fikirli, sənsiz,
sevgimin bu küskün, bu məlul dəmi.
Sevgilim, yadıma düşürsən yenə:
havada oynadır saçını külək
Açıb qollarını qaçdıqca mənə,
Elə bil, uçursan bir qağayıtək.
Səni qucaqlayıb, sıxıb sinəmə,
Saçını doyunca qoxlayıram mən.
Sarmaşıq qollarım sarılıb sənə,
Buraxmaq istəmir səni sinəmdən.
Sonra ayaqyalın, verib əl-ələ,
Dəniz sahilini gəzirik qoşa.
Dəniz dalğalanır, xəyallar ilə
Onu seyr edirik verib baş-başa…
İndi sənsiz-sənsiz xəyala dalır,
Könlüm bu sahildə axtarır səni…
Elə bil, dalğalar yadıma salır
Sularda qərq olan gülüşlərini.
Sənin yoxluğunun səssizliyində
Necə qərib gəlir mənə dalğalar,
Dəniz sahilinin sənsizliyində
İndi bir mən varam, bir də külək var.
Bu eşqdən yadigar nə qoyduq ki biz?
Bu eşqin quruca nəfəsi vardı.
Qalmışdı sahildə qoşa izimiz,
Onu da dalğalar yuyub apardı.
Mərhəmət!
Mərhəməti öldürməyək, adamlar!
Qarlı qüzeylərdə üşüyüb…
xəstələnib mərhəmət!..
Sağaldaq!
Üst-başında ayaq izi, tapdaq izi, –
tapdalanıb mərhəmət!!!
Yuyunduraq,
saçlarını sığallayaq, darayaq.
Sinəsində dırnaq izi,
caynaq izi,
güllə izi,
bıçaq izi… –
yaralanıb mərhəmət!
Yarasını sarıyaq!
Mərhəməti öldürməyək, adamlar!
Mərhəmətsiz axırımız nə olar?!
Balıqçı qızı
Bonjur, bonjur… Paris qızı –
şlyapalı madmazel!
Yosma qız,
ədalı qız!
Atan əsil-nəcabətli aristokrat,
əntiqfüruş,
Anan moda həvəskarı,
süslü-püslü bir qadın.
Onlar səni bəsləyiblər
çiçək kimi,
ipək kimi…
yağ içində böyrək kimi…
Bixəbərsən ehtiyacdan,
kasıbdan,
fəqirdən,
Gördüklərin:
ipək yataqlar…
çilçıraqlı salonlar,
tənbəki qoxulu məxmər pərdələr…
tanqo, vals…
səliqəli kavalerlər…
lüks avtomobillər…
əntiqə geyim-kecim…
cazibəli ətirlər…
dikdaban ayaqqabılar…
pudralı üzlər…
sürməli gözlər…
boyalı dodaqlar…
kremli əllər,
şirmayı barmaqlar…
Oxay… dolçe vita!..
…Osa balıqçı qızıdır.
Gümüş pullu balıqlardır onun dövləti, varı.
Bəzək-düzək görməyib saçlarının qızıl qıvırcıqları.
Bət-bənizi azca soluq,
fəqət gözləri atəş kimi parlaq!
Təmiz hava yanağını qızardıb,
sahil qumu paltarının ətəyini bozardıb.
Nə tanqo bilir, nə vals.
Nə kremi var, nə duxusu,
üst-başından gəlir dəniz qoxusu.
Aralı dur,
iyrənərsən,
çiyrənərsən.
Varlı qızı, –
inteligent mühitinin ağ zanbağı!
O – azadə, vəhşi gözəl!
Dili sadə, ütüsüz,
yalan-palansız,
fəlsəfəsiz-filansız.
Ürəyi tərtəmiz!..
Zinətidir, incisidir
alın təri, əllərinin qabarı!
O, balıqçı qızıdır, –
yosun qoxulu dəniz,
havada uçuşan martılar,
köhnə balıqçı qayığı,
ağımsov balıqçı toru
və gümüş pullu balıqlardır onun dövləti, varı!
Yazıya 1731 dəfə baxılıb