Səhv etmirəmsə, dünya ədəbiyyatının korifeylərindən olan L.Tolstoy deyib: “İnsan dəniz kimidir, gah qabarır, gah çəkilir”. Bu fikiri hər şeydən əvvəl şairlərə və ümumiyyətlə yaradıcı insanlara şamil etmək daha doğru olardı. Çünki (bu artıq bəlli bir fikirdir) hər bir yaradıcı insan iki ömür yaşayır: biri hisslərinin, düşüncələrinin qabardığı dövrdə ortaya qoyduğu sənət əsəri ilə – sənətkar ömrü ilə, biri isə hisslərin, duyğuların səngidiyi, bəzən də çəkilib getdiyi “adi” insan ömrü. Biz “adi” sözünü məcazi mənada işlətdiyimiz üçün onu dırnaq içərisində yazdıq. Ancaq insan adlanan ali varlıq adi olmadığı kimi, onun yaşam tərzi də ali və bəşəridir…
Bu fikirləri bizi yazmağa sövq edən əsas səbəb, əsas amil ədəbi mühitə kövrək və kövrək olduğu qədər də özünəməxsus bir cəsarətlə gəlməyə başlayan Cavidanın (Orxan Sadəddin oğlu Əfəndiyevin) 2015-ci ildə “Adiloğlu” nəşriyyatından ayaq alan “Dalğalar” kitabıdır.
Deyim ki, Cavidanın ilk şeirlərini ötən ilin “Kredo” qəzetinin nömrələrinin birində oxumuşdum. Etiraf edim ki, şeirləri məzmun və ideya yükünə , üslub və deyim tərzinə görə məndə xoş təəssürat oyatmışdı. Bu gün də, Cavidanın şeirlər kitabı – “Dalğalar”la üz-üzə, göz-gözəyəm.
Niyə məhz “Dalğalar” adlandırılıb bu kitab? Fikrimcə, birinci cümləmdə də nümunə gətirdiyim kimi, hər bir insan (burada şair) bir dənizdirsə, onun şeirləri coşub-çağlayan dalğalar, oyatdığı təəssüratlarsa dalğaların sahilə pıçıldadığı ləpələrdir…
Cavidanın şeirlərini oxuyanda illər öncə yazdığım bir fikir yadıma düşdü: “Hər bir şairin şeirlərindən onun qan qrupunu təyin etmək olar”. Təbii ki, hər bir fikirdə olduğu kimi, bu fikirdə də mübahisə üçün məqamlar yox deyildir. Amma həqiqəti də inkar etmək olmaz…
Xalq şairi, böyük ustadımız Zəlimxan Yaqubun 24 noyabr 1986-cı ildə yazdığı “Orxanım” adlı şeirini “Ön söz əvəzi” kimi təqdim edən müəllif öncə “Allah” rədifli şeiri ilə (daha dəqiq: qəzəli ilə) oxucuyla ünsiyyət qurur:
Bir vəhdət içində qurub aləmləri Allah,
Bir gərdişə nisbət yaradıb cəmləri Allah.
…İnsan günəş altında işıqsız dolanınca
Göndərdi günəş tək yerə Peyğəmbəri Allah.
Kitabdakı digər şeirləri oxumadan təkcə 10 (on) beytlik bu şeiri oxuyandan sonra gənc şairin dünyagörüşünə, elminə, əxlaq və idrakına qiymət vermək olar. Mənən saf, təmiz olmayan insan qəlbinə Allah sevgisi, Allah vəhyi yaddır. Unutmayaq ki, hər bir kamil şeir, qəlblərə yol tapan, insanı insanlığa qayıtmağa çağıran hər bir söz, hər bir kəlmə Allahın vəhyləridir ki, yalnız kamil, təmiz qəlblərə sığışa bilir. Cavidanın bu şeiri onun kimliyini, həyata və cəmiyyətə baxışını göstərən layiqli bir nümunədir.
nə şair, nə də ümumiyyətlə sənətkar olmaz. Cavidanın şeirlərindən hiss olunur ki, o öz Uzun illərin təcrübəsi göstərir ki, içdən azad olmayan, kölə psixologiyası ilə yaşamağa məhkum olan insandan dünyası olan, özünü dərk etməyə, vəsf etməyə çalışan və buna nail olan içindən azad, sərbəst düşümcəyə yiyələnmiş bir insandır. “Dünya – dəyirman daşıdır” şeirində gənc şairin insan və zaman, insan və dünya qovuşmaları, yanaşmaları, bəzən də bu yanaşmalar, qovuşmalar konteksində insanın həqiqət axtarışları ön planda dayanır.
Bu dünya bir sınaq yeri,
Gələnlərin qonaq yeri,
Yaxşılığın dalınca get
Yamanlıqdan uzaq yeri.
Yaxud:
Karvan gedər izi qalar,
Şair ölər sözü qalar.
Haqq aşiqi nə qəm çəkər,
Nə dünyada gözü qalar.
8-lik ölçüdə, ilk baxışda gəraylı formasında yazılan bu şeir heca fərqinə varmasaq, hər biri ayrılıqda fikir tutumuna malik olan müstəqil bəndlərdir, yəni rübailərdir. Rübailərdə də 1-ci, 2-ci və 4-cü misralar həmqafiyə, 3-cü misra sərbəst olduğu kimi, bu şeirdəki bəndlərin də 1-ci, 2-ci və 4-cü misraları həmqafiyə, 3-cü misrası sərbəstdir və əsas yükü də 3-cü misranın üstündə köklənir. Təbii ki, bu cür üslub poeziyamızda yeni olmasa da, ancaq etiraf edək ki, çox az-az müraciət olunan üslubdur ki, Cavidan da bu üslubda özünü sınamaqla yaxşı bir şeir nümunəsi yarada bilib.
Bu dünya xəncər qaşıdı,
Ölüm-dirim savaşıdı.
Hey fırlanır, hey üyüdür,
Dünya dəyirman daşıdı.
Kitabda şairin sevgi şeirləri kəmiyyət və keyfiyyətcə aparıcı rol oynayuır. Ancaq bir çox sevgi şeirlərindən fərqli olaraq Cavidanın sevgi şeirlərində həqiqi, təmiz, saf məhəbbət duyğularından çox, yalan, saxta, hardasa pərdəli təmənna üzərində dayanmağa səy göstərən sevgilərin ürək ağrıdan puçluğundan, onun sevən aşirin təmiz duyğularında oyatdığı ağır mənəvi sarsıntılar ön plana çəkilir.
Şairin “Yalan”, “Mən niyə səni sevdim”, “Sevgi unudulmur”, “Sənmi günahkarsan, mənmi günahkar” və digər bu səpkili şeirlərində saf məhəbbətə, təmiz duyğulara çağırış hissi aparıcıdır.
Vicdanın heç səni incitmədimi,
Aldadıb üzümə güləndə, söylə?
Hörüb yalanları saçların kimi
Mənim görüşümə gələndə, söylə?
(“Yalan” şeirindən)
Bu bənddəki 3-cü misra, xüsusilə, orijinal təsir bağışlayır. Bu misrada fikrin obrazlı deyim tərzi daha dəqiqdir: “Hörüb yalanları saçların kimi”. Məncə, şərhə ehtiyac yoxdur.
Kitabda şairin İrana, Gürcüstana, Birləşmiş Ərəb Əmirliklərinə, Tailanda, İtaliyaya, Yunanıstana, Türkiyəyə ayrı-ayrı vaxtlarda etdiyi səfərlərin təəssüratı kimi diqqəti cəlb edən “Gətirin mənə”, “Gəlim”, “Sevmişəm”, “Şam işığı, gecən xeyir”, “Ərəb gözəli”, “Pattaya”, “Çiçəkçi qız” şeirlərinin də özünəməxsus dəyəri və yeri var.
Yaradıcılığının əsas mayası həm klassik, həm aşıq, həm də çağdaş poeziyamızdan yoğrulan Cavidanın şeirlərində elə misralara, deyimlərə rast gəlirik ki, onlar ayrıca obrazlılığı fikir tutumuna, fikir yükünə malikdir:
Açıb qollarını yellənir külək,
Söyüdün yelləncək budaqlarında.
xxx
Açıb qollarını qaçdıqca mənə,
Elə bil uçursan bir qağayı tək.
xxx
Mənimçün əllərin qürbətdi daha.
xxx
Eşq – gözəl işgəncədir.
xxx
Məhəbbət bir dərd olur, ayrılıq başqa bir dərd.
xxx
Sənin fotoşəklini balıncımın altında dərdim kimi gizlədim.
xxx
Barmağıma dolaşdı qaranlığın saçları.
xxx
Od – işığın mayəsidir
xxx
Sözün müəllifi böyüksə əgər,
Onun yaratdığı söz də böyükdür.
xxx
Bir şam ki sönəcək, oduna yanma.
Əlbəttə bu nümunələrin sayını artırmaq da olar. Amma dəryadan bir damla dadmaq da ariflər üçün dərya suyunun dadı-tamı haqqında qənaət yaratmaq üçün bəs edər.
Kitabın digər məziyyətləri haqqında geniş danışmaq da olardı. Fikirləşdik ki, qoy oxucu payı da qalsın. Ancaq bununla belə, ”Allah” rədifli şeiri ilə başlanan və Məhəmməd Peyğəmbərin dünyaya gəlişi ərəfəsini əks etdirən “Peyğəmbərin uşaqlığı” adlı epik-dramatik poema ilə tamamlanan “Dalğalar”ın insan ruhunun əzab və sevinclərinin ifadəsinə çevrilən ləpədöyən pıçıltılarının bundan sonrakı şair yaradıcılığında daha aydın, daha gur eşidiləcəyinə inanırıq.
İlk kitabın xoş təəssüratı münasibətiylə qələm dostuma yaradıcılıq uğurları arzulamaqla sözü şairin özünə verirəm:
Neçə ki şeir var, neçə ki söz var
Şerim də, sözüm də yaşayacaqdır…
Xanəli Kərimli
Yazıya 856 dəfə baxılıb