tir-tir əsən bədənimi,
O dəlicə öpüşünlə
yormaq üçün.
O şeirdə sevim səni əvvəlki tək
O şeirdə sənin olum.Bu misralar İradə Aytelin “Bağışla” (Bakı-2015) kitabındakı “Şeir yazmaq istəyirəm” adlı şeirindən nümunədir.
Məhəbbət mövzusu yazarların həmişə müraciət etdiyi mövzudur. İradənin məhəb-bət mövzusunda yazdığı əsərlər – istər nəsr olsun, istər nəzm tamamilə fərqlənir. İradə cəsarətli qələm sahibidir. Məhəbbət mövzusunda yazanlar – xüsusən də qadın yazarlar evin (mövzunun) qapısının kandarına (qarşısına) kimi gəlirlər, amma cəsarət edib içəri keçə bilmirlər. İradə isə cəsarətlidir, ictimai qınaqdan qorxub çəkinmir və birbaşa qapıdan içəri keçir.
İradə Aytelin hüdudsuz hiss və duyğuları sərhəd tanımır. Sərhəd tanımadığı üçün qınağa və kinayəli baxışlara rast gəlir.
İradə yaradıcılığında həyat həqiqətlərinə daha çox sadiqlik özünü göstərir. Bu həqiqətə, reallığa söykənməklə oxucunun saqqızını məharətlə oğurlayıb, onu labirintinə sala bilir. Oxucu isə uzun müddət duyğuların gözəlliyinin cazibəsindən özünə gəlib labirintdən çıxış yolu barədə düşünmək belə istəmir. Bax, burada poeziya yaranır. Böyük rus tənqidçisi V.Q.Belinski deyir: “Bədii əsərlərdə təqdim edilən həyatın pisliyi də, yaxşılığı da eyni dərəcədə gözəldir, zira o həqiqətdir. Həqiqət harada isə poeziya da oradadır” .Yadındamı,
“Sevirəm” kəlməsini
Gözlərin söyləyərdi,
Dodaqların,Öpüşlərin,
Ehtirasın söyləyərdi.
(“Yadındamı” səh.76)
Həqiqət budur. Bu hisslər hamıya ta¬nışdır. Onda sual olunur: şairi nə üçün qınayırlar? Ən çox da “Ölüm gözümdən düşəcək” şeirinə görə… Bu şeirdə şair bö¬yük bir povestin materialını məharətlə 53 misra və 2 səhifədə verə bilib. Arxasınca sürünən bahalı maşına oturan qadın maşın sahibi ilə tanış olur. Hətta yalanlar da uydurur, “ərim məni atıb”, “anam xəstədir” deyir. Yalan danışdığı üçün həqiqət qadının gözündən düşür.
Hər bir insanın içərisində bir həqiqət var. Həmin həqiqətə söykənən şair oxu-cusunu qadının iç dünyası ilə tanış edir. Oteldə “dolu şərab butulkalarını boşaltdıqca deyən, gülən sevinənin bir azdan faciəsi başlayır. Kişinin kobud əlləri qadının darağa belə qısqandığı tellərinə toxunduqca telləri gözündən düşür. İylənən, qoxuyan nəfəsi yanaqlarına, boğazına, üzünə, gözünə toxunduqca, qadının varlı kişinin varsız bədəninə dəyən əlləri, sevgi üçün çar-çat olan dodaqları gözündən düşür.
Hisslərinə hakim ola bilməyən oxucu qadının ağrılarına göz yaşı tökür. Şərabın təsiri ilə gülüb, sevinən qadın həqiqət duyğusundan yaxa qurtara bilmir. Tədricən özünü itirən qadın bütün intim duyğularını oxucu gözündə soyundurur:
Sonra…
Ayaqlarım
Bahalı maşının
Varlı sahibinin
sol çiynini bir az da əyəcək,
Qışqıracam,
İnləyəcəm,
Hayqıracam.
Sonra…
Bahalı maşının
Varlı sahibinin bahalı
siqaretini yandırıb
Eynən onun kimi çəkəcəm.
Ciyərlərim (elə özüm kimi)
İlk gördüyünü ağuşuna alacaq.
Ayılacam və…
Özüm gözümdən düşəcəm.
Ah… nə gözəl!
Uraaaa!!!!
Ölüm gözümnən düşəcək!
İradənin duyğularının sərhədsiz olduğunu gördük. Doğrudan intim duyğular çox çılpaqcasına verilibdir. Amma gözəl, çox gözəl bir əsər yaradılıbdır. Etiraf edək ki, bu, İradənin qələminin ecazkarlığıdır.
Uzun saçın qucaqlayıb, töküb qəddi-
büləndindən,
Töküb misli-bənəvşə iyləmək hər bir
kəməndindən.
Yaxasın çak edib, köksün çıxarıb
bağu bəndindən,
Əmib doyunca şirin ağ məmənin
şəhdi-qəndindən,
Qoyub bir ləhzə baş, yatmaq
giribanın bucağında.
Yaxud:
Yaxasının bağü bəndin üzəsən,
Çəngələyib ağ məməsin əzəsən,
Əl uzadıb baş bəzəyin pozasan,
Hər birin bir yana atasan dürüst.
Və yaxud:
Vaqif deyir, yalvar yara, könlün al,
Bir busə diləyib, boynuna qol sal,
Ara xəlvət ikən etmə qeylü-qal,
Tez ol, çıxdı canım, naz vaxtı deyil.
Necə ola bilir ki, XVIII əsrdə M.P.Vaqif bu cür intim şeirləri ilə bir ədəbi məktəb yarada bilir və hamı onu sevə-sevə oxuyur, təbliğ edir, amma İradə Aytelə dodaq büzürlər. Üç əsr bundan öncə Vaqifin şeirləri ilə müqayisədə XXI əsrdə İradə Aytel ismətli deyir. İntibah dövrünün dahi rəssamları Rembrandtın “Danaya”, Velaskesin “Venera güzgüyə baxarkən”, Busenin “Təsəlli verən Venera”, Tintorettonun “Süd yolunun yaranması” rəsm əsərlərində təsvir olunan çılpaq qadın şəkilləri dünyanın əvəzsiz sənət əsərləri hesab oluna bilir və tərbiyəyə mənfi təsir göstərmir, amma İradənin yaradıcılığındakı real təsvirlərdə çoxları qüsur axtarır.
Qayıdaq doğma mövzumuza. İradənin poeziyasında yaradılmış qadın “surətləri” – lirik mənlərin hamısını bir xətt ətrafında birləşdirmək mümkündür. Bu qadınların çoxu “Ölüm gözümdən düşəcək” şeirindəki obraz kimi tanımadığı adamla gedib əylənir, kef çəkir və sonra peşman olur, özü özünə nifrət edir, özü özündən iyrənir. Burada oxucu üçün bir məqam qaranlıq qalır; bu qadını yad kişilərin qoynuna atan ehtirasdır, yoxsa ehtiyacdır? Müəllif bu məsələyə toxunmur. Belə başa düşülür ki, bu qadınlar ehtiraslarının əsiridirlər.
Evli kişini sevmək
İstəyinə kor olmaq,
Onun ağuşundaca
Darıldıqca darılmaq,
Qınaqlardan,
Qorxulardan qaça-qaça
Öz içində itməkdir.
Evli kişini sevmək
Son nəfəsini belə verəmməyən
Xəstənin ölümə pənahı,
Bir qadının ahı,
Bədənini vicdanındakı
Ağrıya satmaq,
Evli kişini sevmək
Diri-diri ölmək,
Ölmək…
Ölməkdir!
(“Evli kişini sevmək”)
Cəmiyyətdə baş alıb gedən bu cür intim duyğuları çoxları görsə də, ya yanından laqeydcəsinə keçir, ya da özündə cəsarət tapıb deyə bilmir. Burada İradə cəsarəti dada yetişir. Özü də necə yeni tapıntılarla, yeni təşbehlərlə…
Özgə ömrünə naxış olaraq
Öz ömründə çürümək…
Nə qədər gözəl deyilib.
“Bir gecəlik ov” şeirində atılmış bir qa¬dının üsyanını – qisasını görürük.
Ay adamlar,
Ay kişilər!
Sevgilim məni atıb!
Gəlin,
Gəlin asın məni ürəyimdən!
Bədənimi nuş eyləyin!
Saçlarımda tumar izi,
Dodağımda hərarət var…
…Nuş eyləyin sevgilimin
ürkək-ürkək
Toxunduğu bədəni də.
Param-parça edin məni
Ac qurd kimi
Gözləriniz parıldasın bir tikəlik,
Bir gecəlik ov üstündə
…Ürəyimə baş qoşmayın!
Qadın üçün ən ağır cəza sevdiyi adam tərəfindən atılmasıdır. Ehtiras alovunda qıvrılan qadın sevgilisinin ürkək-ürkək toxunduğu bədəninin şərab kimi içilməsini istəyir. “Gözləriniz parıldasın bir tikəlik, bir gecəlik ov üstündə” misraları oxucu gözündə savannalarda şirlərin körpə əlikləri parçalayandan sonra dili ilə dodaqlarını yaladıqdan sonra gözlərinin məşəl kimi yanması görünür. Sonda “…Ürəyimə baş qoşmayın!” deməsi ilə peşmançılığını bildirir bir az bundan əvvəl başqalarının qucağına atılmağa hazır qadın. Çünki dili ilə ürəyi ortaq məxrəcə gələ bilmir. Ürək məhəbbətinə sadiqdir. Ona görə deyir ki, ürəyimə baş qoşmayın.
Şeirdə İradənin ehtirası ilə yaradıcı təfəkkürü bir-birini tamamlayır. İradənin şeirlərində atılan qadın dəli bir ehtirasla xəyanəti ilə qisas alır və ayılıb özünə gələndə peşmançılıq hissi keçirir. Maraqlıdır ki, İradənin qadınlarına nifrət etmək olmur. Adam həmin qadınla birgə onun dərdinə şərik çıxır və sonda qadının peşmançılığına göz yaşı tökür.
Axı nə üçün sevən bir qadının taleyi bəxt üzüyünü Gəncə çayına atandan üzünə gül¬mür.
“Gəncə çayı” şeirində taleyindən olan gileyi belə bildirir:
Yollarına kəsək varsın,
Qollarında qaya dursun,
Sinəndə qoy fələk qursun
Toru, toru, Gəncə çayı!
İradənin qadın qəhrəmanları öz duyğularına görə yaşadıqları cəmiyyətin düşüncə tərzindən çox yüksəkdə dayanırlar. “Qadının həyatı duyub yaşamaqdan ibarətdir” (V.Q.Beliski) kəlamının prizmasından yanaşdıqda, İradənin qəhrəmanları gələcəyin qadınlarıdır. Bu qadınlar onları sevən kişilərin titrək kişi əllərinin, alovlu kişi nəfəsinin, ehtiraslı kişi öpüşlərinin, qüvvətli kişi qollarının, “sevirəm” deyən kişi ürəyinin həsrətindədirlər.
“Yuxuna gəldimmi” şeirində deyildiyi kimi:
Bu gecə son kəz ağladım səninçün…
Ürəyimin çatınnan yol alıb
Gözlərimdən damcı-damcı,
Gilə-gilə süzülürdün.
…Göz yaşlarım başqa bir ürəyə sızırdı.
Ürəyimin qanını qannı tutan
hıçqırıqlarım
Hoylatdı sızdığı yeri,
Öldüm diri-diri…
Söylə,
Bu gecə yuxuna gəldimmi barı?
İradənin qadın qəhrəmanları yaranışca mübahisəli qadınlardır.
Dinsizəm!
Yönsüzəm!
Daha səni sevmirəm!
(“Yaman dəyişmişəm”)
Söz verir, daha heç kimi sevməyəcək. Dinsizdir, yönsüzdür, hər nədisə səni sevmir. Qətiyyətlə deyir!
Zəm-zəm içib durulmuşam,
Öz Məkkəmə burulmuşam,
Mən bəndənə yar olmuşam,
Əfv et, Tanrım, əfv et məni!
(“Əfv et”)
– deyib, Ulu Yaradandan günahlarının bağışlanmasını xahiş edir. Şeirin son bəndində içindəki həqiqəti boğa bilmir şair və sevgisiz yaşaya bilməyəcəyini anlayır. Yuxarıda tövbə edən şair sonda etiraf edir:
Özün yazdın böylə yolu,
Sevdam Ali, sevdam Ulu,
Mən sevdamın dönməz qulu,
Əfv et, Tanrım, əfv et məni!
(Yenə orada)
“Mən sevdamın dönməz qulu” sözündə İradə özünü tapmaqla bərabər, yaradıcı-lığının düsturunu izah edir. Bununla ruhunda yaranmış gərginliyi məhəbbətdə yanmaqda görməklə, yaşadığı cəmiyyətdən, hətta özü-özündən belə daha yüksəklərə qalxır. Bu ülviyyətə yüksəlməkdə “Mənim Tanrım gözəllikdir, qadındır” deyən Cavidlə yanaşı dayanır.
Kitabda “Мən bir kənd qızıydıм” şeiri öz təbiiliyi və sözlərin də rəng çalarlarının dürlü-dürlü tapılıb yerinə qoyulması baxımından S.Bəhlulzadənin təbiət mənzərələrini xatırladır:
Мən bir kənd qızıydıм,
Çəмənin şеhi əlləriмdə,
Tеlləriмdə,
Çəмənlə böyüyürdüм мən də.
Günəşlə оyаnаr,
Səhərə bоyаnаrdıм.
Günəş bоydа
Ürəyiм vаrıydı sinəмdə.
Bulağın gözündə təmizliyi ilə özünü tapan bu kənd qızı necə də gözəldir. Bu qız qulağında qulaqcıq küçələrdə musiqiyə qulaq asıb, internetlə oynamır. Bu kənd qızı çəməndə çiçəklərlə, kəpənəklərlə oynayır. Çox təəssüf ki, bu kənd qızının kənddə gözlədiyi üç alma şəhərə düşür. Qız almanın arzusu ilə şəhərə getsə də, təəssüf ki, o almalar ondan ötüşür. Getdikcə təmizliyi ilə öyündüyümüz o kənd qızının yerini “Xəyanətim” tutur:
Əvvəl baxışlarımla
Xəyanət etdim sənə,
Bir yaşıl gözlüyə baxdım.
Sonra saçlarımla xəyanət etdim,
Kəsdirdim
Bir zamanlar sinənə
dağıldıqca
Xumar olan telləri.
Və nəhayət…
Sonra bədənimlə xəyanət etdim,
Sənin toxunmaqdan qorxduğun,
Zərif, sevgi dolu bədənimlə.
Cismim ölmədi,
Ruhum göynədi.
Beləcə, xəyanətkar oldum,
Hər şey göz önündə. Buyur bax!
Misralar daxili rabitə ilə elə bağlanıb ki, bir-birindən ayırmaq mümkün deyil. Fikrini bildirmək üçün məcbursan şeirin çox hissəsini qeyd edəsən. Biz kitabda bir neçə şeirin əsasında fikrimizi bildirməyə çalışdıq.
İradə Aytel yolu heç kəsin getmədiyi yoldur. Yol artıq müəyyənləşib. Qalır bu yolun sonuna çatmaq. İnanırıq ki, o, istedadının və cəsarətinin hesabına yolun sonuna kimi gedəcəkdir.
Bu xanımın yazılarına dodaq büzənləri görəndə Allahverdi Eminovun “Payıza qədər” əsərinin çapdan çıxdığını və oxucuların saysız-hesabsız tənqid dolu məktublarının çap olunması yada düşür.
İradə xanım da məhəbbət mövzusuna başqa bucaqdan yanaşması ilə özünəməxsus bir yol müəyyənləşdirib. Bu yolda qurbanlar da ola bilər. V.Q.Belinskinin dediyi kimi: “Ruhən şikəst hadisələr aləmində bəzən həqiqətən çox böyük müstəsna şəxslər olur ki, bu müstəsnalıq onlara həmişə çox baha oturur və onlar öz üstünlüklərinin qurbanı olurlar.”
Biz də İradənin üstünlüyünü görürük və ona inanırıq.
Fazil Sənan,
“Yeni Sözçü” qəzeti
Yazıya 1169 dəfə baxılıb