(hekayə)
1997-ci ilin iyun ayı idi. İki gün idi ki, ot mövsümünü bitirmişdik. Cahdada (yer adı) qalan otu da pres bağlatdıracaqdıq.
Dağ yeri olduğu üçün ildə bir dəfə qış ehtiyatını hazırlayırdıq. Kənddə hər kəsin otlaq sahəsi var idi. Aprelin birindən hamı öz otlaq sahəsini qoruyur, mayın iyirmi beşindən sonra bütün kənd camaatı ot yığınına səfərbər olurdu. Dağ yerində hər şey dəmiyə şəraitində yetişir. Ona görə də fürsəti qaçırmaq qışda ciddi çətinliklə üzləşmək demək idi.
Mal-qaranı yerbəyer etdik, danaları tövlədə inəkləri də tövlənin qabağında yerə bərkidilmiş mıxlara bağladıq. Qoyun-quzunu da ətrafına dəmir tor çəkilmiş (setka) pəyəyə saldıq. Bir-birimizə yardım edərək anamın dəmir vedrədə gətirdiyi su ilə əl-ayağımızı yuyub, evə keçdik.
Evmizin işıqlanması da qəribə idi. Elektirik lampasından saçan işıq şüaları otağın çitlə bəzədilmiş və o qədər də hündür olmayan divarlarında rəqs edirdi. Hamımız bardaş qurub Görki nənəmin öz əlləri ilə toxuduğu, rəngi göz qamaşdıran kilimin üstündə sərilmiş güllü süfrənin ətrafında oturduq.
Bir doğmalıq, bir uym vardı burada. Həndəsi fiqurlara oxşayan naxışlarla bəzədilmiş klimin üstündəki güllü süfrəyə təndir çörəyinin buğda rənginə qarışıb dadlı qoxusu ilə canıma hopurdu.
Bacımın (kəndimizdə anaya bacı deyirik) qazanının səsi sakitliyi pozdu. Bacım hər kasaya bir ədəd kartof , kiçik toyuq əti və bolluca su tökür, dördüncü bacım da bizə paylayırdı. Otaqda qaşıqların kasalara çırpılaraq çıxardığı cingiltidən və anamın “suyuna çörək doğrayıb, doyunca yeyin” kəlməsindən başqa nəsə eşidilmirdi. Bircə qağamın (kəndimizdə ataya qağa deyirlər) kasasında toyuğun sinə hissəsi görünürdü. Bacım toyuğun bud və sinəsini qağama verirdi həmişə.
Qağam kasanı qabağına çəkdi, “döriələmi”ndə becərdiyimiz qaraqılçıq buğdasından dəyirmanda üyütdüyümüz undan anamın kərmə ilə təndirdə bişirdiyi ətirli çörəyi parçalara bölüb, kasaya tökdü. Qağamın bir gözü qaşıqda bir gözü elektirik lampasında idi. O, bu davranışı ilə hamımızın bildiyimiz bir şeyi demək istəyirdi…
Gün ərzində kəndimizə iki saat elektirik enerjisi verilirdi. Səhər saat altıdan yeddiyə qədər, bir də axşam iyirmidən iyirmi birə qədər. Bir qayda olaraq bütün kənd camaatı axşam yeməyi üçün bu vaxt süfrə açırdı.
Bacım kiçik qardaşıma ikinci dəfə yeməyin suyundan töküb, üçüncü bacıma üzünü tutdu: “yemək qutardı, kim doymasa qoyun pendirindən, camış qatığından gətir yesin” dedi. İki dilim pendir götürüb təndir çörəyinin arasına basdım. Tikəni ağzıma qoyub bir neçə dəfə çeynəyəndən sonar uddum. Bir stəkan Daşbulaq suyundan başıma çəkib, divara çöykəndim.
Bacılarım süfrəni yığışdırıb ortalığı açdılar. Qağam qaz tükündən hazırlanmış qırmızı xaralı balışa dirsəklənib çay stəkanını qabağına çəkdi. Bir qurtum çay içib üzünü mənə tutdu: “Bala, şükür olsun ki, otu yığıb qutardıq. Kiçik qardaşların yavaş-yavaş meşədən qış odunumuzu daşıyarlar. Ələsgərə demişəm, paltarlarını hazırla, sabah Maştağaya gedəcək, səni də aparacaq. Get, bir az işlə. Heç olmasa dərs açılana qədər qənd-çay pulumuzu qazanarsan. Buğda əkininə də xeyli vaxt qalıb”.
Qağamın bu sözü lap ürəyimdən idi. Sinif yoldaşım Mahir keçən il Maştağaya getmişdi. Maştağada qul bazarında olanlardan, fəhlələrin dənizə getməyindən elə danışırdı ki, bir gün də kənddə qalmaq istəmirdim.
Elə bil qağam nə düşündüyümü başa düşdü, “bax sənə ciddi tapşırıram, birdən dənizə gedərsən, sən üzməyi bacarmırsan, boğularsan” dedi. Yox, yox narahat olma mənim dənizdə nə işim var?! Ancaq işimi görəcəm, heç əlavə pul da xərcləməyəcəm – deyib qağamı arxayın etməyə çalışırdım ki, fikrindən daşınmasın.
Bacım qağamla söhbətimi eşidən kimi üzünü qağama tutdu: Ay kişi, o, hələ uşaqdı. Onun ağır işdə işləməli vaxtı deyil. Özü elə daş boydadır, daşa necə gücü çatacaq? Ələsgər də kəmfürsət adamdı, usagı axşama qədər heydən salacaq. Heç olmasa yeddinci sinifi bitirsin sonra göndərərsən. Acımızdan ölmürük ki. Uşağın yeməyi, paltarı, rahatlığı var. Onları kim edəcək?
Qağam başını aşağı salıb göz yaşlarını içinə axıdırmış kimi hıçqırdı: Elə bilirsən mən onun fəhləliyə getməsini istəyirəm? Bəs nə edim? On bir baş ailəni saxlamaq olmur. Görürsən, bütün günü çalışıram, sən də əkinlə, mal-qara ilə məşğul olursan. Amma yenə də çatdıra bilmirik. Bir toyuğu on bir baş ailə üçün iki dəfəyə bişirirsən. Yaxşı, getməsin, uşaq üçün çətin olar.
Qağam başını aşağı salmışdı, İrandan qaçaq yolla gətirdiyimiz qəndi stəkana salıb dodaqlarının arasına qoydu. Ancaq mənə elə gəlirdi ki, o çay içmək istəsə də stəkana gücü çatmayacaq qədər gücsüzdü.
Bacımın baxışları isə qağamın əyilmiş başında vaxtsız ağarmış saçlarında ilişib qalmışdı. Ağ saçlarla ana baxışlarının toqquşduğu yerdə bütün varlığımı titrədəcək nəzərlərə şahid oldum sanki. Ayağa qalxdım, bir az uca səslə: Mən sabah fəhləliyə gedəcəm. İcazə verməsəniz gizlin qaçacam – dedim. Nə deyəcəklərini gözləmədən otaqdan çıxıdım.
Çox halsz idim. Ömrümdə iki dəfə maşına minmişdim. Benzin iyi taqətdən salmışdı. Yol boyu ürəyim qalxmış, başım gicəllənmiş və haldan düşmüşdüm. Yol qutarmaq bilmirdi. İkarusun ləng getməsi də məni hövsələdən çıxardırdı. Ev görən kimi Ələsgər əmidən “Maştağaya çatdıq” soruşurdum. O da, acıqlanır, təhqiredici baxışlarıyla acı-acı baxırdı.
Nəhayət beş saatdan sonra Bakıya çatdıq. Yol yorğunluğumu şəhərin görüntüsü bir anda yox etdi. Nağıllar aləminə düşdüyümü zənn edirdim. Qız Qalasının yanından keçəndə Ələsgər əmi bulvarı və Qız Qalasını mənə göstərdi. O zaman üzünə bir az təbəssüm qondu. Yol bolu Ələsgər əminin üzündəki dəyişkən və acı görünüş məni peşman eləmişdi. Anı təbəssümü fürsət bilib Bakı haqqında suallar soruşmağa başladım. Sullarıma yarı ciddi, yarı zarafat cavab verən Ələsgər əminin mənimlə bağlı qağama verdiyi sözü tutmayacağına əminliyim artırdı.
Kiçik və təmirsiz otaqda dörd köhnə dəmir çarpayı var idi. Otağa girəndə içərinin istisi adamın üzünə buxar kimi dəyirdi. Çarpayıların arasında bir adamın güclə uzana biləcəyi yer qalırdı. Ələsgər əmi oranı göstərib dedi: bir şey atıb, uzanarsan burda, “krovatlar” “zanitdi”.
Hava qaralırdı. Həyətə üç nəfər daxil oldu. Ələsgər əmi onlarla salamlaşıb, görüşüb, öpüşdü. Əlini mənə uzadıb dedi: sizin ev işlərini görməyə adam gətirmişəm.
Onlardan biri əlindəki zənbili mənə uzadıb -apar, sosiskaları qaynat, pomidor, xiyarı da doğra, süfrəni hazırla biz də yuyunub gəlirik. Görək, nə bacarırsan –dedi.
O vaxta qədər sosiskanın nə olduğunu bilmirdim, heç görməmişdim də. Zənbili alıb nə edəcəyimi Ələsgər əmidən soruşdum. Ağzına gələni deyə, deyə nə edəcəyimi başa saldı: Ay küçük, bilmirsənsə, niyə gəlirdin? Bura bağçadı? Bax, öyrən bir dəfə deyirəm. sabahdan nəyisə səhv etsən it balası kimi tapdalayacağam.
Süfrə hazır oldu. Mən əlimi uzadana qədər sosiskalar yoxa çıxdı. Heç zaman görmədiyim bir şüşə arağı boşaltdılar. Sonra hərəsi bir çarpayıya uzanıb xoruldamağa başladılar.
Yerə atıb üstündə uzanmağa heç nə tapmadım. Həm də içəri çox isti idi. Ağcaqanadların səsi ilə xorultu səsi cəhənnəmi xatırladırdı.
Ələsgər əminin təpiyi qıçıma dəyəndə gözlərimi açdım. Qapının girəcəyində oturduğum yerdə yuxu tutmuşdu. Geyinib fəhlə bazarına getdik. Hərənin əlində bir bağlama gəzişirdi. Ələsgər əmi uca səslə dedi: Ay uşaqlar, balaca südəmər qoşublar mənə. Ona uyğun iş olsa deyin, göndərim.
Uca boylu, qara və qalın bığlı bir şəxs bizə yaxınlaşdı. Salam verib, mənə əl uzatdı: istəyirsən gedək mənimlə işlə. Yüngül işdi. Gedib həyətlərdən zibil maşınına zibil yığacağıq.
Axı mən heç yeri tanımıram, necə qayıdaram – deyə dilləndim. Mərhəmət dolu baxışlarını mənə zilləyib bir qədər baxdı. Nəsə fikirləşib, narahat olma hara desən ora aparıb maşınla qoyacam – dedi.
Ələsgər tez söhbətə qarışdı: Əlmərdan , gərək bunu tez gətirəsən, bizə həm də yemək hazırlamalıdır.
Əlmərdan kəskin baxışlarla Ələsgərə üzünü tutdu: Sən nə zaman adam olacaqsan? Oğlun boyda usaga əziyyət vermək kişilik deyil. Həm də onu yəqin sənə əmanət ediblər. İstəsə öz yanımda saxlayacam, sənin kimi oğraşa uşaq etibar etməzlər. Ələsgər haqqında deyilənləri cani-dildən qəbul edirmiş kimi hırıldamağa başladı.
Tez irəli yeridim: Əlmərdan əmi, sizinlə getməyə və sizinlə qalmağa razıyam, dedim.
Maştağanı gəzib bir-bir qapıların ağzında maşını saxlayır, mən də qapının ağzındakı zibilləri maşına yükləyirdim. Maşın doldu. Kabinkada oturdum. Əlmərdan əmi maşını işə salıb zibilxanaya tərəf gedəcəyimizi bildirdi. Bir az getdikdən sonra yaşımı və hardan olduğumu soruşdu.
Sonra çox ehtiyatla valideyinlərimdən söz saldı. Atamın, anamın yaşadığını, ailəmizin böyük olduğunu və işləyib atama yardım etmək istədiyimi dedim. Əlini başıma çəkib dilləndi: Afərin, sən qoçaq oğlansan. Amma valideynlərin səni gərək Ələsgərə etibar etməməydilər. Nə yaxşı ki mənə rast gəldin. Yoxsa Ələsgər özü kimi alkaşları başına yığıb sənə nələr edəcəkdi, heç ağlına gətirməzsən. İşimiz qurtarandan sonar gedərik mənim yanımda qalarsan. Atana da xəbər göndərərik, narahat olmaz. Mən də sənin kimi çətinliklə böyümüşəm. Mənim atam da yox idi. Güvəndiyim bir nənəm, bir də dayım var idi. Onu da şərləyib həbs elədilər. Bax indi hər şeyim var. Sənin kimi iki oğlum da var.
Zibili boşaldıb yeməkxanaya getdik. Sanki Əlmərdan əmi iki gün ac olduğumu hiss etmişdi. Onun bütün davranışı və səmimiyyəti məndə ümid yaradırdı. O, öz payını da mənə verdi. Sonra cibindən bir şirvan (yüz min manat, o dövürdə manat çox dəyərsiz idi) çıxarıb cibimə basdı.
Artıq on gün idi ki, belə davam edirdi. Əlmərdan əmi qağamla da danışıb, arxayın etmişdi.
Həmin gün işdən sonra harasa getməliydi Əlmərdan əmi. Zibili boşaldıb, avtobus dayanacağına gəldik. İki dondurma aldı, birini mənə verib avtobusla məni yola salacağını bildirdi. Bu zaman avtobus gəldi. Əlmərdan əmi sürücüyə məni tapşırıb, yol pulumu verdi və Xəyalın (Maştağada yer adı) yanında düşəcəyimi, buraları tanımadığımı dedi.
Heç zaman dondurma yeməmişdim. Dondurmaya bir diş vurdum. Çox soyuq olduğu üçün dişlərim dondu. Əlimdə saxlayınb isinməsini gözlədim.
Avtobusda hamı burnunu tutub məndən uzaqlaşırdı. Amma o qədər adam var idi ki, durmağa belə yer yox idi. Bir əlimdə paltar bağlaması, bir əlimdə də dondurma bir təhər ayaqüstə dayanmışdım.
Qulağımın dibinə dəyən sillənin təsirindən başım gicəlləndi. Ardınca yumruq, təpik zərbələrindən səntirləyib yerə yıxıldım.
Camaat sürücüdən tələb edirdi ki, avtobusu saxlasın və məni yerə atsın. Əslində nə baş verdiyini anlamırdım. Camaatın tələbi məni daha çox qorxuya salmışdı. Heç bir yeri tanımadığım üçün azacağımdan qorxurdum. Bir təhər ayağa qalxdım. Nə baş verdiyini indi anladım. Əlimdəki dondurma əriyib kişinin başına düşmüş və bir neçə qadının da üst-başını bulaşdırmışdı.
Üstümdən gələn qoxuya görə qəzəblənən sərnişinlər bu hərəkəti bəhanə edib, məni döyür, söyür sürücüdən düşürməsini tələb edirdilər: it iysi verən bu usagı niyə götürmüsən marşruta? Düşürt rədd elə, biz rahat getmək istəyirik. Yetimliyini başa düşdük, üstündən gələn iyrənc qoxuya, hərəkətlərinə nə deyirsən?
Sürücü də Əlmərdan əmini tanıdığı üçün susmağa üstünlük verirdi. Hər şeydən çox insanların bu qədər qəddar davranışından xoflanmışdım…
Amma bilmirəm nədənsə gözlərimin önünə Görki nənəmin toxuduğu klim gəldi. Birdə Cahadda qalan ot bağlaması. Kəndə qaçmaq, özümü var gücümlə o ot bağlamalarının üstünə atmaq istəyirdim…
Həmin hadisədən düz 15 il keçmişdi. Qağamla, bacımı Bakıda öz maşınımla xeyli gəzdirdikdən sonra evə döndük. Əlmərdan əmi də axşam qonağımız idi…
Yazıya 1184 dəfə baxılıb